Elektron poçt ən geniş yayılmış telekommunikasiya texnologiyası xidmətlərindən biridir. Kompüter şəbəkələrində olan müvafiq serverlər, informasiyanın şəbəkələr vasitəsi ilə ötürülməsi və qəbulu imkanı insanlar arasında səmərəli ünsiyyət olan elektron poçt xidmətinə imkan verir. Elektron poçt vasitəsi ilə İnternetə əlyetərliliyi olan insanlar dünyanın müxtəlif nöqtələrindən operativ məktublaşa bilərlər. Elektron poçt vasitəsi ilə, kompüter şəbəkələri vasitəsi ilə istənilən təyinatlı informasiyanı, mətnləri, təsvirləri, rəqəmsal verilənləri, səs yazımını göndərmək mümkündür. Elektron poçt xidmətinin bir sıra imkanları vardır. Sənədlər göndərilməmişdən əvvəl onu redaktə, yəni yoxlayıb üzərində müəyyən dəyişikliklər edə bilər, göndərilmiş məktubları yadda saxlaya bilər, məktubun ünvana çatması haqqında məlumat ala bilər, gəlmiş bütün məktublara baxa bilərik. Elektron poçtun digər üstünlüyü mətni eyni zamanda çoxlu sayda insanlara göndərmək imkanıdır. Belə ki, elektron poçt xidmətindən istifadə edərək müəllim tədris materiallarını, müxtəlif dərs vəsaitlərini bütün şagird və tələbələrə eyni zamanda göndərə bilmək imkanına malik olur. Bundan başqa təhsil müəssisəsinin bütün əməkdaşlarının müəyyən mətnləri, audio-video yazıları, və s. materialları bir birinə ötürülməsində elektron poçtdan geniş istifadə edirlər.
İnternet şəbəkəsində müstəqil elektron poçt sistemləri ilə yanaşı hal-hazırda hər bir dövlət, eləcə də özəl müəssisələrin bir çoxunun daxili elektron poçt sistemləri də mövcuddur. Belə ki, artıq təhsil müəssisələrində də idarəçi, inzibati və müəllim heyətinin fəaliyyət göstərdiyi təhsil müəssisəsinə aid elektron poçt ünvanları vardır. Bu elektron poçtlar həmin müəssisənin əməkdaşlarının bir biri ilə sürətli informasiya mübadiləsinə imkan verməklə yanaşı onların xidməti işlərinə də nəzarəti təmin edir.
Təlim prosesində istifadə olunan yeni texnologiyalardan biri də elektron lövhələrdir. Elektron lövhə, tədris prosesinin müəllim və şagirdin aktivliyi şəraitində aparılmasını təmin edən bir qurğudur. Onu bəzən "Ağıllı lövhə” də adlandırırlar. Elektron lövhə vasitəsilə dərs prosesini maraqlı, məzmunlu, rəngarəng, daha dolğun şəkildə qurmaq mümkündür. Elektron lövhə vasitəsilə qurulmuş dərslər şagirdi işləməyə, düşünməyə, tədqiqatçılığa, yaradıcılığa, tənqidi və yaradıcı təfəkkürün inkişafına şövq edir. Bu lövhədə bütün əməliyyatları elektron lövhənin sensorlu, yəni hissiyyatlı səthinə xüsusi qələmlə və ya barmaqla yavaşca toxunmaqla interaktiv rejimdə aparmaq olar. "Ağıllı” lövhənin üzərində aparılan bütün əməliyyatları, dərsin gedişini, hazırlanmış şablonları, modelləri kompüterin daimi yaddaşında saxlamaq və dəfələrlə istifadə etmək rahatdır. Belə imkanlar müxtəlif səbəbdən dərsləri buraxan şagirdlər və ya təlimdən geri qalan uşaqlar üçün xüsusi əhəmiyyətə malikdir. Yəni, şagird iştirak edə bilmədiyi dərsin elektron variantı ilə sonradan tanış olur və ya təlimdən geri qalanlar həmin materialı tam qavrayana kimi təkrar-təkrar kompüterdə izləyir.
Elektron lövhənin üstün cəhətlərindən biri də onda animasiya effektinin yaradılmasıdır; dərs nümunələri hərəkətli şəkillərlə, obyektlərlə zənginləşdirilir. Dərsdə “elektron lövhə”nin tətbiqi müəllimlə şagird arasında informasiya mübadiləsinin səmərəliliyinin yüksəldilməsinə geniş imkan yaradır. “Elektron lövhə” adi lövhə, hətta proyektor qoşulmuş kömpüterlə müqayisədə bir sıra üstünlüklərə malikdir. “Elektron lövhə” müəllimlərə bir çox illüstrativ vasitələrdən geniş (şəkil, xəritə, video və s.) istifadə imkanı verir. Bu da şagirdlərin tədris materiallarını daha yaxşı mənimsəmələrinə kömək edir. Çoxlu sayda funksiyalar malik olan interaktiv “elektron lövhə” həm müəllimlərin, həm də şagirdlərin yaradıcılıq potensialının daha da artırılmasına şərait yaradır. “Elektron lövhə” ilə aparılan dərslər uşaqlar üçün çox cəlbedici və yaddaqalan olur. Multimedia vasitələri, avtomatlaşdırılmış öyrədici sistemlər, kompüter tədris proqramları, animasiya qrafikası, rəngarəng illüstrasiyalar uşaqların idrak aktivliyinə müsbət təsir göstərir və şagirdlərin nəticələrinin yüksəlməsinə və təhsilin keyfiyyətinin artmasına imkan yaradır.
Müasir oxucular ən operativ informasiyanı əldə etmək üçün internetdən istifadəni əvəzsiz sayırlar. Belə oxucuların marağını elektron kitabxanalar daha çox təmin edir. İnkişaf etmiş ölkələrdə kitabxanaların avtomatlaşdırılmış sistemlə işləməsi təcrübəsinin uğurları respublikanın rayon kitabxanaları üçün də nümunəyə çevrilməlidir.
Elektron kitabxanalar informasiyalaşdırılmış cəmiyyət quruculuğunun sosial sifarişidir. Elektron kitabxanalar oxuculara informasiya xidmətinin kompüterləşdirilməsinin nəticəsi olub, ənənəvi kitabxanalara alternativ bir qurum deyil, yalnız bir xidmət növüdür. Elektron kitabxana ümumi istifadə üçün açıq olan lokal və uzaq məsafədə yerləşən paylanmış informasiya resurslarına malik olur. Elektron kitabxana müasir web texnologiyası əsasında fəaliyyət göstərir. Müasir dövrdə oxucular elektron kitabxanalar sayəsində kitabxanaların informasiya ehtiyatlarından istifadə edir. Elektron kitabxanalar uzaq məsafədən oxuculara daha dolğun informasiya xidməti göstərərək, bu xidmətin zaman və məkandan asılılığına son qoyur. Ənənəvi kitabxanalarda informasiya xidməti yalnız kitabxananın iş saatı müddətində və məhdud sayda oxuculara göstərildiyi halda, elektron kitabxanalar 24 saat müddətində fəaliyyət göstərir və dünyanın istənilən nöqtəsində yerləşən qeyri-məhdud sayda oxuculara eyni zamanda xidmət edir. Elektron kitabxanalar rahat və sərfəli xidmət növüdür.
Elektron kitabxanadan istifadə çox sadədir, ondan istifadə üçün oxucudan İnternetə qoşulmuş kompüter və internetdən istifadə vərdişi tələb olunur.
Təhsil sistemində informasiya texnologiyalarından geniş istifadə olunması təhsildə elektron dərsliklərin hazırlanması üçün imkan yaradır. Elektron dərsliklər hər şagirdə təhsil prosesində fəal iştirak etmək, onların öyrənmə prosesini fərdiləşdirmək üçün şərait yaradır. Onlara passiv müşahidəçi yox, yeni bilik əldə etmək istəyən və öz imkanlarını qiymətləndirə bilən şagird olmaq üçün imkan verir. Elektron dərslik böyük həcmdə tədris və təlim materiallarını əhatə edərək və yeni tədris metodlarının inkişafına yardım edərək ənənəvi öyrənmə formalarını zənginləşdirir.
Elektron dərsliklərin bir sıra üstünlükləri vardır. Belə ki, elektron dərsliklər həm onlayn, həm də oflayn rejimdə istifadə oluna bilər. Zaman və məkan baxımından heç bir məhdudiyyət yoxdur. İstənilən şagird kompüter, planşet, mobil telefon vasitəsilə elektron dərsliklərdən istifadə imkanına malikdir. Bundan başqa qrafika, animasiya, multimedia xüsusiyyətlərinin mövcudluğu interaktiv dərslər baxımından çox əlverişlidir.
Elektron dərsliklərlə yanaşı təhsil sistemində elektron jurnallar da mövcuddur. Bildiyimiz kimi bir çox elmi konfransların, seminarların, məruzələrin materialları toplanılıb kitab halında iştirakçılara təqdim olunur. Tədqiqatçılar araşdırma zamanı lazım olan məlumatları bu jurnallardan istifadə edərək toplaya bilirlər. Belə jurnallar artıq elektron halda internet səhifələrində də mövcud olur.
Nəticə olaraq deyə bilərik ki, texnologiyanın inkişafı təhsil sisteminə və onun idarə olunmasına böyük töhfələr vermişdir, təhsili hər bir şəxs üçün əlçatan etmişdir. Təhsilin idarə olunmasında elektron vasitələrdən istifadə etməklə, prosesləri sürətləndirmək və şəffaf şəkildə həyata keçirmək mümkün olmuşdur.
Dostları ilə paylaş: |