c)Torpaqların çirklənməsi-Sumqayıtda ekoloji gərginliyi yaradan əsas səbəblərdən biri də əksər istehsalatların köhnə texnologiya işləməsi nəticəsində alınan bir sıra toksiki xassəli tullantıların utilizasiyası olunmaması və onların ərazilərində qeyri-mütəşəkkil yığılması olmuşdur. Qeyd edilməlidir ki, əvvəllər müəssisələrin normal istehsal fəaliyyəti şəraitində il ərzində təqribən 60 adda 300 min ton bərk (sülb) istehsalat tullantısı alınırdı ki, bunun da təqribən 170 min tonu utilizasiya olunaraq təkrar istifadəyə qaytarılır və ya kənara satılaraq şəhərdən çıxarılırdı. Qalan 130 min ton əksəriyyəti I-IV toksiki sinfində məxsus tullantı isə istifadə olunmurdu. Həmin tullantıları qeyri-mütəşəkkil şəkildə ya müəssisədaxili və müəssisəətrafı əraziyə, ya qeyri-qanuni olaraq şəhər zibilxanasına daşınır, ya yandırılır və ya da kanalizasiyaya axıdılırdı. Lakin son illər ərzində məlum səbəblərə görə əksər müəssisələrin işləməməsi ilə əlaqədar əmələ gələn bərk (sülb) tullantıların həcmi əhəmiyyətli dərəcədə azalmışdır. Statistiki məlumata görə 2005-ci ildə müəssisələrin istehsal fəaliyyətindən 6 adda 3,68 min ton bərk tullantı alınmışdır ki, bunun da 1,6 min tonundan istifadə olunmuşdur. Qalan 2,08 tonu isə istifadə olunmayaraq müəssisə ərazisində yığılıb qalmışdır. Gərginliyi yaradan səbəblərdən biri də tullantıların istər müəssisələr daxilində, istərsə də ümumşəhər üzrə qeyri-mütəşəkkil qaydada saxlanılması və anbarlaşdırılmasının faktiki həllini tapmamasıdır.
3)Ətraf mühitin çirklənməsinin əsas mənbəyi olan Sumqayıt zavodları
Şəhər üzrə istehsal olunan sənaye məhsulunun 60 faizdən çoxu kimya və neft-kimya sənayesi müəssisələrinin payına düşür. Ölkənin iri kimya və neft-kimya müəssisələrindən "Etilen-polietilen", "Səthi aktiv maddələr", "Sintezkauçuk" və "Üzvi sintez" zavodları, "Sumqayıt Superfosfat" ASC və «Azərbaycan məişət malları» ASC və "Sumqayıt aşqarlar" ASC Sumqayıt şəhərində yerləşir və fəaliyyət göstərir.
2008-ci ilin yanvar və fevral ayları ərzində Sumqayıt şəhərindəki sənaye müəssisələrinin axıntı sularından və stasionar çirkləndirmə mənbələrindən 176 nümunə götürülərək analiz olunub. Açıq su hövzəsini çirkləndirən mənbələrin “Sintez Kauçuk”, “Səthi Aktiv Maddələr”, “Etilen Polietilen” zavodları, “Üzvi Sintez” zavodunun 65 saylı təmizləyici qurğular sexi və “Su Kanal” ASC olduğu müəyyənləşdirilib.
Sumqayıt inzibati rayonunun “Yaşıl dərə” sahəsində aparılmış araşdırma nəticəsində müəyyən olunub ki, aidiyyatı qurumlar tərəfindən əməli tədbirlər görülmədiyindən
çoxsaylı torpaq sahələrinin tutulması, yaşıllıqların məhv edilməsi faktlarına yol verilmişdir.
«Azərikimya» Dövlət Şirkətinin Sumqayıt «Etilen-polietilen» zavodu
1987-ci ildə «Sintezkauçuk» zavodunda «EP-300» kompleksi işə buraxılmışdır. Kimya sənayesinin baza müəssisəsi olan «Etilen-polietilen» zavodu 1999-cu ildən «EP-300» və «Polimir-120» istehsalatları əsasında dövlət müəssisəsi kimi fəaliyyət göstərir.
1994-cü ilin oktyabrında «Polimer-120» tipli yüksəktəzyiqli polietilen istehsalı qurğusu, 09 saylı polietilen sexi, 10 saylı divinilin ayrılması sexləri, SDS-5 qurğusu, «Üzvi-Sintez» zavodunun tərkibindən, «EP-300» istehsalatı isə «Sintezkauçuk» zavodunun tərkibindən çıxarılaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 24.08.94-cü il tarixli 313 saylı qərarı ilə və «Azərikimya» Dövlət Şirkətinin 31.08.1994-cü il tarixli 128 №-li əmrinə əsasən yeni təşkil edilmiş «Etilen-Polietilen» zavodunun tərkibinə daxil edilmişdir. Müəssisənin tərkibində olan Buxar Generator kompleksi (BGK) 2001-ci ildə istismara verilmişdir. Qurğu «Etilen-polietilen» zavodunu, eləcə də «Azərikimya» Dövlət Şirkətinin müəssisələrini 110 və 16 atmosferlik buxarla və elektrik enerjisi ilə təmin edir. Hazırda müəssisədə etilen, propilen, polietilen istehsal olunur.
«Azərikimya» Dövlət Şirkətinin Sumqayıt "Üzvi sintez" zavodu
«Üzvi sintez» zavodunun tikintisinə 28 iyul 1958-ci ildə Sov.İKP MK-nın və SSRİ Nazirlər Sovetinin qərarı əsasında icazə verilmişdir. Zavodun tikintisinə 1960-cı ildə başlanılmış və Sumqayıt kimya kombinatı SSRİ Kimya Sənayesi Nazirliyinin tərkibinə daxil edilmişdir. Zavodda ilk işə buraxılan obyekt qazayırma qurğusu 1964-cü ildə istismara verilmişdir. 1963-cü ildə ilk texnoloji obyekt – qazı fraksiyalara ayıran qurğu, sonrakı illərdə digər sexləri işə düşmüşdür. 1965-ci ildə neft-kimya kombinatı adlandırılmışdır. Sonralar adı bir neçə dəfə dəyişdirilmiş, müxtəlif idarə və nazirliklərin, o cümlədən 1971-ci ildən 1979-cu ilədək «Sumqayıtkimyasənaye» Istehsalat Birliyinin tabeliyində olmuşdur. 31 dekabr 1992-ci ildən «Azərikimya» Dövlət Şirkətinin tərkibində Sumqayıt «Üzvi sintez» zavodu kimi fəaliyyət göstərir.
«Azərikimya» Dövlət Şirkətinin Sumqayıt «Səthi aktiv maddələr» zavodu
M.Əzizbəyov adına Sumqayıt «Kimya zavodu»–SSRİ kimya sənayesinin iri müəssisələrindən biri, Sumqayıt kimyasının ilki, "Soyuzxlor" ümumittifaq sənaye birliyinə daxil idi. 1979-cu ildə yaradılmışdır. Birliyin əsasını təşkil edən Sumqayıt «Kimya zavodu»nun tikintisinə 1943-cü ildə başlanılmış, 1945-ci ildə ilk məhsul-kaustik soda alınmışdır. 1950-1956-cı illər - SSRİ kimya sənayesinin nəzdində «Ozero» zavodu, 1956 -1962-ci illər - SSRİ kimya sənayesinin nəzdində məxfi 240 №-li poçt yeşiyi müəssisəsi, 1962-1971-ci illər SSRİ kimya sənayesinin M.Əzizbəyov adına Sumqayıt «Kimya zavodu», 02.01.1971-ci ildən SSRİ kimya sənayesinin M.Əzizbəyov adına Sumqayıt «Xlor üzvi məhsullar zavodu», 25.11.1971-ci ildən SSRİ kimya sənayesinin «Sumqayıt kimyasənaye» zavodu, 01.04.1979-cu ildən SSRİ kimya sənayesinin M.Əzizbəyov adına Sumqayıt «Kimyasənaye» Istehsalat birliyi, 11.05.1992-ci ildən «Azərikimya» Dövlət Şirkətinin tərkibində Səthi aktiv maddələr Sumqayıt Elm-istehsalat kommersiya firması, 31.12.1992-ci ildən «Azərikimya» Dövlət Şirkətinin tərkibində Sumqayıt «Səthi aktiv maddələr» İstehsalat birliyi, 24.08.1994-cü ildən «Azərikimya» Dövlət Şirkətinin tərkibində Sumqayıt «Səthi aktiv maddələr» zavodu kimi fəaliyyət göstərir. Hazırda müəssisədə maye xlor, maye və quru soda, xlorid və sulfat turşusu, dixloretan, «Bəyaz» ağardıcı maddəsi kimi məhsullar istehsal olunur.
«Azərikimya» Dövlət Şirkətinin Sumqayıt «Sintezkauçuk» zavodu
Sovet Azərbaycanının 40 illiyi adına Sintezkauçuk təcrübə zavodu – Azərbaycan SSR neft kimyası sənayesi müəssisəsi idi. 1935-ci ildə yaradılmışdır. 1941-ci ildə sintetik spirt və kauçuk sexlərinin tikintisinə başlanılmış, lakin Böyük vətən müharibəsi ilə əlaqədar dayandırılmışdır. 1945-ci ildə yenidən tikintiyə başlanılmış və 1952-ci ilin avqustunda etil spirti sexləri kompleksi istifadəyə verilmişdir. Həmin ildə SSRİ-də ilk dəfə olaraq zavodda neft qazlarının emalı əsasında sintetik etil spirti alınmağa başlandı. 1957-ci ildə monomer və butadien-stirol kauçuku istehsal edən sexlər işə salındı. 1992-ci ildən «Azərikimya» Dövlət Şirkətinin tərkibində Sumqayıt «Sintezkauçuk» İstehsalat birliyi, 1994-cü ilin avqust ayından «Azərikimya» Dövlət Şirkətinin tərkibində Sumqayıt «Sintezkauçuk» zavodu kimi fəaliyyət göstərir. Hazırda müəssisədə texniki və mütləqləşdirilmiş izopropil spirti, texniki efir, butadien və butil-izobutilen fraksiyaları istehsal olunur.
«Sumqayıt superfosfat» ASC
SSRİ Nazirlər Sovetinin 09 fevral 1956-cı il tarixli 185-192 saylı qərarına əsasən SSRİ Kimya Nazirliyi «Superfosfat» zavodunun Sumqayıt şəhərində tikilməsini 25 fevral 1956-cı ildə 118/24 saylı əmri ilə təsdiqləmişdir. Zavodun təməli 1958-ci ilin noyabr ayında Sumqayıt şəhərindən 3 km cənubi qərbdə və Bakı şəhərinin 35 km şimalında Sumqayıt sənaye rayonunda qoyulmuşdur. Sumqayıt «Superfosfat» zavodu 1961-ci ildə istismara verilmiş, zavodun öz istehsalı olan sulfat turşusu bazasında sadə superfosfat gübrəsinin istehsalında ixtisaslaşmışdır.
Ilk sulfat turşusu sexi 1962-ci ilin yanvarında, ən böyük sadə superfosfat sexi 1963-ci ildə, dənəvər superfosfat sexi 1964-cü ildə, ftorlu alüminium sexi 1966-ci ildə, ikipilləli kontaktlaşma üsulu ilə işləyən sulfat turşusu sexi (SK-25) 1975-ci ildə işə salınmışdır.
1971-ci ildən 1979-cu ilədək «Sumqayıtkimyasənaye» Istehsalat Birliyinin tərkibində olmuş, SSRİ Kimya Sənayesi Nazirliyi 1979-cu ildə birliyə daxil olan müəssisələri ayırıb müstəqil müəssisə – Sumqayıt «Superfosfat» zavodu yaradılmışdır. 2001-ci ilin noyabr ayından müəssisə «Sumqayıt superfosfat» ASC-yə çevrilmişdir. Hazırda müəssisə sulfat turşusu istehsal edir.
«Azərbaycan məişət malları» ASC
Sintetik yuyucu maddalər istehsalı layihə tapşırığına uyğun Azərbaycan Respublikası Nazirlər Sovetinin 12.04.1962-ci il tarixli 343 №-li Qərarına əsasən yaradılmışdır. 1 saylı istehsal 1966-cı ildə 30 min t/il məhsuldarlıqla istismara verilmişdir. 2 saylı istehsalat məhsuldarlığı 60 tn/il ittifaq Dövlət Layihə Institutu tərəfindən layihələndirilmiş, 1978-ci ildə istismara verilmişdir. 1966-cı ildə məhsuldarlığı 30 tn/il olan 14 saylı sex Sumqayıt «Kimya zavodu»nun tərkibində yaradılmışdır. 1971-ci ildə 14 saylı Sumqayıt «Kimya zavodu»nun sexi Sumqayıt «Sintetik yuyucu vasitələr» zavodu adlandırılmışdır. 04.01.1971-ci ildə Sumqayıt «Sintetik yuyucu vasitələr» zavodu Kimya Sənayesi Nazirliyinin tərkibinə verilmişdir. 01.11.1983-cü ildən Sumqayıt «Məişət kimyası» istehsalat birliyi adlandırılmışdır. 24.08.1994-cü ildən «Azərikimya» Dövlət Şirkətinin 313 saylı 24.08.1994-cü il tarixli əmrinə əsasən Sumqayıt «Məişət kimyası» zavodu adlandırılmışdır. Azərbaycan Respublikası Iqtisadi Inkişaf Nazirliyinin Dövlət Əmlakının özəlləşdirilməsi departamentinin 310 saylı 27.12.2001-ci il tarixli Sərəncamı ilə Sumqayıt «Məişət kimyası» ASC elan edilmişdir. Sumqayıt «Məişət kimyası» ASC səhmdarlarının 22.04.2006-cı il tarixli 1 saylı Protokolunun qərarına və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Hüquqi Şəxslərin Dövlət qeydiyyatı üzrə Sumqayıt Bölgə şöbəsinin 22.05.2006-ci il tarixli 02.06-S-25-3235 saylı şəhadətnaməsinə əsasən tam rəsmi adı dəyişilərək «Azərbaycan məişət malları» ASC-yə çevrilmişdir. Hazırda müəssisədə kalsium karbonat, perlit, kərpic, maye şüşə istehsal olunur.
«Sumqayıt aşqarları» ASC
Azərbaycan SSR neft emalı və neft kimyası sənayesi müəssisəsi olmuş, SSRİ-də aşqar istehsalına görə ən böyük zavod olmuşdur. BFK və IXP-101 markalı aşqarlar, sulfidalkilfenol və formalin istehsal edirdi. 1957-ci ildə Sov.IKP-nin XXII qurultayı adına Bakı neftayırma zavodunun tərkibində Sumqayıtda aşqar istehsal edən AZNII-7 qurğusunun təməli qoyulmuş, 1960-cı ildə ilk məhsul vermişdir. 1966-cı ildə həmin qurğu əsasında müstəqil Sumqayıt Aşqarlar zavodu yaradılmış, BFK-1 aşqarı istehsal edən sex işə salınmışdır. 1968-ci ildə formalin, 1970-ci ildə yeni yüksək effektli BFK aşqarı istehsalına başlanmışdır. 1975-ci ildə BFK-1 aşraqı istehsalı əsasında daha təkmil IXP-101 aşqarı buraxılışı təşkil olunmuşdur. IXP-101 aşrarı respublikada buraxılan dizel sürtgü yağlarına əlavə etmək üçündür.
2003-cü ilin noyabr ayından «Sumqayıt aşqarları» ASC-yə çevrilmiş, «Titan-Neftexim» şirkətinin tərkibində fəaliyyət göstərir. Hazırda həlledicilər, boyalar istehsalı ilə məşğuldur.
Dostları ilə paylaş: |