Rəsmi-işgüzar yazılı dilə aid sənədlər, onların leksik, morfoloji, sintaktik xüsusiyyətləri. Rəsmi işgüzar yazılı dil aşağıdakı sənədləri əhatə edir: konstitusiya; qanunlar; Prezidentin fərmanları və sərəncamları; Nazirlər Kabinetnin qərarları; diplomatik sənədlər; rəsmi yazışmalar; müvafiq məcəllələr; təhsilə və tibbə aid sənədlər; məhkəmə sənədləri; ticarət müqavilələri; rabitə sənədləri; hərbi sənədlər; sahə nizamnamələri və əsasnamələri; qaydalar; göstəriş və təlimatlar; müxtəlif idarə və nazirliklərin yazışmaları; tövsiyələr; məktublar; ərizələr; əmr və protokollar; aktlar; tərcümeyi-hal; etibarnamələr; arayışlar; təqdimatlar; iltizamnamələr; müqavilələr və s. Qeyd olunan bu sənədlərin hər biri müxtəlifliyi, dilinin leksik və qrammatik xüsusiyyətləri baxımından bir-birindən fərqlənir. Beləliklə, müəyyən yarımüslublara – qollara ayrılırlar: diplomatiya, hüquq, təhsil, rabitə, ticarət və s. Bunların hər birinin özünəməxsus xüsusiyyətləri olsa da, ümumi cəhətləri odur ki, işgüzar yazılı üslubun tələblərinə cavab verirlər.
İşgüzar yazılı dilin özünəməxsus leksik, morfoloji və sintaksis xüsusiyyətləri vardır. Bu üslubun leksik xüsusiyyətləri aşağıdakılardır:
Bu üslubun leksikasında bir sıra ifadələrdən, qəliblərdən istifadə olunur: qərara almaq, elan etmək, sərəncam vermək, təklif vermək, müzakirə etmək və s. Ancaq metaforalar, məcazlar, epitetlər, frazeoloji birləşmələr işlədilmir.
Bu üslubun leksikasında ümumxalq danışıq dilində işlənən sözlərin əvvəlinə “rəsmi” sifəti əlavə olunur: rəsmi görüş, rəsmi söhbət, rəsmi danışıq və s.
Bu üslubun özünəməxsus terminləri var: bəyannamə, bəyanat, diplomatik, konsul, müqavilə, nota, əmr, arayış və s.
Bu üslubda rəsmi sənədlərin təsirini, gücünü artırmaq üçün cənab, zati aliləri kimi xitablardan, şah, kral, əlahəzrət, şahzadə, ser kimi titul bildirən sözlərdən istifadə olunur.
İşgüzar yazılı üslubun morfoloji xüsusiyyətləri aşağıdakılardır:
Nazirliklərin, idarə və müəssisələrin, vəzifəli şəxslərin adlarının dəqiq və düzgün yazılış qaydaları. Bu üslubda sifətlər az işlənir. Saylardan daha çox istifadə olunur. Ona görə ki rəsmi sənədlərdə tarix, gün, rəsmi sənədin nömrəsi dəqiqlik tələb etdiyi üçün işlənir.
Bu üslubda rəsmi sənədlərin hazırlanmasında feillər də isimlər qədər mühüm rol oynayır. Əmrlərin, aktların, protokolların, təlimatların və s. hazırlanmasında feillərdən geniş istifadə olunur. Hadisələrin, proseslərin vaxtından, zamanından asılı olaraq, eyni zamanda təzahür forma və üsullarından asılı olaraq feilin təsriflənən formaları (əmr, vacib, xəbər, lazım, arzu və s.) və zamanları işlənir. Məsələn: “Zərurət yarandığı hallarda Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasında təlim keçmək üçün xarici ölkələrin mütəxəssisləri dəvət oluna bilərlər”.
Yaxud “Azərbaycan Respublikasının dövlət ümumtəhsil məktəblərində yaradılan məktəbəhazırlıq qruplarında təhsil prosesinin təşkili və tənzimlənməsini təmin etmək məqsədi ilə “Azərbaycan Respublikası Təhsil Nazirliyi haqqında əsasnamə”nin 8.10-1-ci və 13.5-cü bəndlərini rəhbər tutaraq ƏMR EDİRƏM:
Azərbaycan Respublikasının dövlət ümumtəhsil məktəblərində yaradılan məktəbəhazırlıq qruplarının 2020-2021-ci dərs ilinə aid tədris (məşğələ) planı və tədris (məşğələ) planına dair “Qeydlər” təsdiq edilsin (1 və 2 nömrəli əlavələr).
Ümumi və məktəbəqədər təhsil şöbəsi (A.Əhmədov) həmin tədris (məşğələ) planının vaxtında yerlərə çatdırılmasını, İnformasiya şöbəsi (E.Əliyev) əmrin əlavələrlə birlikdə “Azərbaycan müəllimi” qəzetində dərc olunmasını və Nazirliyin internet saytında yerləşdirilməsini təmin etsin.
Əmrin icrasına nəzarət nazir müavini Firidun Qurbanova həvalə olunsun”.
Bu üsluba aid sənədlərin tərtibi zamanı qeyri-müəyyən əvəzliklərdən istifadə olunmasına yol vermək olmaz. Ona görə ki qeyri-müəyyən əvəzliklər əşya, fakt, hadisə, proses haqqında dəqiq məlumat, anlayış bildirmir. Eyni zamanda qeyri-müəyyən əvəzliklər sənədlərin dilinin konkretliyini, dəqiqliyini, müəyyənliyini şübhə altına alır.
Yazılı işgüzar üslubda olan sənədlərin hazırlanmasında aşağıdakı sintaktik xüsusiyyətlərə diqqət yetirmək lazımdır:
Sənədlərin tərtibində mübtəda ilə xəbərin uzlaşması diqqət mərkəzində saxlanılmalıdır. Bu üslubda mübtəda, bir qayda olaraq, idarə, müəssisə və təşkilat adları ilə ifadə olunur.
Sənədlərin tərtibi zamanı həmcins üzvlü cümlələrə daha çox yer verilir. Belə cümlələrdə adətən bir mübtəda, bir neçə xəbər və yaxud bir neçə xəbər, bir neçə mübtəda olur.
Sənədlərin tərtibi zamanı onun sintaktik quruluşu (dilinin sintaktik quruluşu) inandırıcılıq, ardıcıllıq, dəqiqlik, aydınlıq, sadəlik, məntiqilik prinsipini qoruyub saxlamalıdır.
Qeyd: Rəsmi-işgüzar yazılı üslub iki yerə ayrılır: a) rəsmi sənədlərin dili; b) işgüzar sənədlərin dili.