www.vivo-book.com
215
Doğrudanmı, bütün dünya ondan ötrü bu fransızdan
ibarətdi? Bəs mister Astley? Amma burda artıq məsələ
tamamilə anlaşılmaz olurdu, bununla belə, ilahi, mən necə
əzab çəkirdim?
Evə gəlib dəlisov hərəkətlə qələmi qapdım, ona
yazdım: “Polina Aleksandrovna, mən aydın görürəm ki,
düyünün açılmaq vaxtı çatdı, bu, əlbəttə, sizə də toxunacaq.
Axırıncı dəfə təkrar eləyirəm: sizə mənim başım lazımdı, ya
yox? Əgər heç olmazsa, nədən ötrüsə lazım gələcəksə, –
göstəriş verin, mənsə hələlik öz otağımda otururam, hər
halda, çox vaxt burdayam, heç yerə getməyəcəyəm. Lazım
gəlsə, – onda məktub yazın, yaxud çağırın”. Saat yeddidə
məni generalın yanına çağırdılar.
O öz kabinetindəydi elə bil harasa getmək üçün
geyinmişdi. Şlyapası və əl ağacı divanın üstündəydi. İçəri
girəndə mənə elə gəldi ki, o, ayaqlarını aralı qoyub, başını
aşağı salıb, otağın ortasında oturmuşdu, ucadan öz-özüylə
nəsə danışırdı. Amma məni görən kimi, az qala qışqıra-
qışqıra elə atıldı ki, istər-istəməz səndələdim, az qaldı qaçıb
www.vivo-book.com
216
gedim; ancaq o, hər iki əlimdən yapışıb məni divana doğru
dartdı.Özü divanda oturdu, məni düz qarşısındakı kresloda
əyləşdirdi, əllərimi buraxmadan, dodaqları titrəyə-titrəyə,
qəfildən kirpiklərindən parıldayan gözyaşlarıyla, yalvarıcı
səslə dilləndi:
– Aleksey İvanoviç, xilas eləyin, xilas eləyin, rəhminiz
gəlsin!
Mən uzun müddət heç nə başa düşə bilmədim; o elə hey
danışır, danışır, danışır və təkrar eləyirdi: “Rəhminiz gəlsin,
rəhminiz gəlsin!”
Nəhayət, başa düşdüm ki, o məndən məsləhətə bənzər
bir şey gözləyir; yaxud daha dəqiq desəm, hamının atdığı,
qüssə və həyəcan içində olan general məni xatırlayıb, yalnız
danışmaq, danışmaq, danışmaq üçün çağırıb. O çaşmışdı, ən
azı, özünü əməlli-başlı itirmişdi. Əli-qolu yanına düşmüşdü,
qabağımda diz üstə çökməyə hazır idi ki (siz necə
fikirləşirsiniz?), elə indicə m-lle Blanche-nin yanına gedim,
ondan geri qayıtmağı, ona ərə getməyi xahiş eləyim, insafa
gətirim.
|