Sahib Mehdizadə Azərbaycan Dövlət İqtisad Universiteti Beynəlxalq Magistratura və Doktorantura Mərləzi



Yüklə 30,92 Kb.
tarix08.02.2020
ölçüsü30,92 Kb.
#30411
növüXülasə
məqalə

Sığorta bazarında tibbi sığortanın yeri və onun təkmilləşdirilməsi istiqaməri

Sahib Mehdizadə

Azərbaycan Dövlət İqtisad Universiteti

Beynəlxalq Magistratura və Doktorantura Mərləzi

Magistrant

sahibmehdizade1997@gmail.com

XÜLASƏ

Müasir dövrdə iqtisadi inkişafın son məqsədi əhalinin sosial müdafiəsinin gücləndirilməsidir. Sosial müdafiənin əsas tərkib hissələrindən biri isə əhalinin sağlamlığının qorunmasıdır. İnsan Hüquqları Bəyannaməsinin 25-ci maddəsində də hər bir insanın sağlamlığının qorunması xüsusi qeyd olunmuşdur. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Əsasnaməsində də qeyd olunduğu kimi, irqindən, dinindən, siyasi baxışlarından, sosial iqtisadi mövqeyindən asılı olmayaraq, hər bir insanın sağlamlığı ilə əlaqədar ən yüksək standartlardan faydalanmaq hüququ vardır. Dünya təcrübəsi göstərir ki, əhalinin sağlamlığının qorunmasında tibbi sığorta sistemi mühüm rol oynayır. Belə ki, tibbi sığortanın (xüsusilə də icbari) yüksək səviyyədə təşkil olunduğu ölkələrdə əhalinin sağlamlığı daha etibarlı şəkildə qorunur, müalicə-profilaktika işlərinin əhatə dairəsinin genişləndirilməsi imkanı yaranır. Son illərdə respublikamızda səhiyyə sistemində ciddi islahatlar aparılır. Aparılan islahatlar əhalinin sağlamlığını xarakterizə edən göstəricilərin yaxşılaşmasına, tibbi xidmətlərin keyfiyyətinin yüksəlməsinə, əhalinin sosial müdafiəsinin gücləndirilməsinə öz müsbət təsirini göstərmişdir. Lakin respublikamızda icbari tibbi sığortanın tətbiq olunmaması səhiyyə sistemində bir sıra problemlərin həllində çətinlik yaradır. Məqalədə dünyanın inkişaf etmiş ölkələrində əhalinin sosial müdafiəsinin gücləndirilməsində mühüm rol oynayan tibbi sığorta sistemi, onun maliyyələşdirilməsi modelləri ətraflı təhlil olunur. Açar sözlər: tibbi sığorta, icbari tibbi sığorta, könüllü tibbi sığorta, sığorta haqqı



GİRİŞ

Tibbi sığorta əhalinin sosial müdafiəsinin əsas prinsiplərindən olub, tibbi və dərman preparatları ilə təmin edilməsidir. Uzun illər ölkədə aparılan tibbi islahatların təməl prinisiplərini özündə şərtləndirəm tibbi sığorta sisteminin əsas məqsədi respublikada mövcud aztəminatlı əhalinin sosial və səhiyyəvi problemlərinin həlli istiqamətində müəyyən xidmətlərin göstərilməsidir. 1999-cu ildə qüvvəyə minən tibbi sığorta sistemi haqqında qanun ölkədə sığorta sisteminin əsas fundamentini təşkil edib. Amma qüvvəyə minən qanunun yenidən islahata və dəyişmələrə ehtiyac yaratdığından 2008-ci ildə bu qanun daha da təkmilləşərək təməl prinsipləri müəyyənləşdirmişdir. 1999-cu ildə imzalan qanun bu sahədə aparılan islahatların həllinə istiqamətlənmiş, yalnız səhiyyə deyil digər sektorlarında, xüsusilə əhalinin xərclər strukturuna da müsbət mənada təsiri proqnozlaşdırılmışdır. Bundan əlavə, sığorta şirkətlərinin də Azərbaycanda formalaşmasına təsir edən qanunlar, respublikada beynəlxalq təcrübəyə əsaslanan sığorta sisteminə mütərəqqi təkan verdi. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin hakimiyyəti dönəmində, 2007-ci il 27 Dekabr tarixində imzalanmış Azərbaycan Respublikası Nazirlər Kabineti yanında icbari tibbi sığorta üzrə dövlət agentliyin yaradılması haqqında sərəncam imzalanamışdır. Sərəncam mahiyyət etibarı ilə 1999-cu ildə imzalanmış sərəncamın daha da təkmilləşdirilmiş və praktiki baxımdan həyata keçirilməsi üçün vacib addım idi. Xüsusilə Azərbaycan Respublikasında səhiyyə sisteminin təkmil və formalaşdırılması, idarəetmə mexanizimində islahatlar, əhaliyə göstərilməli olan tibbi yardım mexanizminin müasir standarlara uyğunlaşdırılması və keyfiyyətinin artırılması, icbari tibbi sığorta sistemində beynəlxalq təcrübənin öyrənilməsi, daha açıq desək Qərbi və Mərkəzi Avropa ölkələrinin təcrübəsinin mənimsənilməsi dayanır. 2007-ci ildə Səhiyyə Nazirliyi ilə Dünya Bankı arasında səhiyyə sistemində ilkin konsepsiya icbari tibbi sığorta sistemindəki uzun müddəti prespektivlərini müzakirə edilməsi baxımdan əhəmiyyətli rol oynamışdır. Ümumi olaraq qeyd etmək olar ki, 2016-cı ilə qədər tibbi sığorta sistemində müzakirə olunan əsas məsələlər sistemin tətbiqi nəticəsində səhiyyənin maliyyələşməsi bazasını dəyişməklə bu sahədəki neqativ halların azaldılması, sığorta şirkətlərində könüllü sığorta sisteminin tətbiqi, vətəndaşların səhiyyə xərclərinin azaldılması, aztəminatlı, təqaüdçü, işsiz statusu almış insanların səhiyyə xidmətindən yararlanmasına şərait yaratmaq. Qısaca olaraq, demək olar ki, icbari tibbi sığorta vətəndaşların məcburi olaraq sığorta olunması və işsiz statusu və ya ünvanlı sosial yardım alan ailələr üçün sığorta haqqlarının dövlət tərəfindən ödənilməsidir. Daha aydın desək, hər hansı bir vətəndaşın səhhətində yaranmış problemlərlə bağlı sığorta sənədi vasitəsilə pulsuz və ya ödənişsiz müalicə olunmasıdır.

Tibbi Sığorta sisteminin əsas özəlliyi beynəlxalq yanaşma cəhətdən iki hissəli olmasıdır. Könüllü və icbari xarakter daşıyan tibbi sığorta. Ümumiyyətcə, tibbi sığorta müalicə və müayinəyə ehtiyacı olan şəxsin tibb müəssisələrində göstərilən xidmətlərə uyğun, habelə dərman vasitələrinin alınması ilə əlaqədar yaranan xərclərin əvəzinin tam və ya qismən ödənilməsi nəzərdə tutulur. Ödəmənin mahiyyəti maliyyə təzminatı prosedurunu əhatə etmir, yəni insanin bədən üzvü xarici və ya daxili olsun, hər hansı vəsaitlə ölçülmür. Tibbi sığortada şəxsin çəkdiyi xərclər maliyyə cəhətdən ölçülə biləndir. Yuxarıda qeyd etdiyimiz kimi tibbi sığorta könüllü və icbari tibbi sığortaya bölünür ki, hər birinin özünəməxsus uyğunluqları və fərqli cəhətləri var. İcbari tibbi sığorta o şəxslərə hesablanır ki, onların maddi təminat səviyyəsi aşağıdır, xüsusilə təqaüdçülər, uşaqlar, tələbələr, çoxuşaqlı analar aiddir. Bu tip insanların maliyyələşmə mənbələri dövlət, xeyriyyə fondları və himayədarlardır. Digər qruplar ki, həmin şəxslərin gəlirliyi çoxdur və ya sahibkardırlar onların sığortası könüllü qaydada öz şəxsi hesabında formalaşır.

Hökümətlər və özəl sığorta müəsisələri tərəfindən ölkədə tibbi sığorta sistemi formalaşır və müəyyən siyasət həyata keçirilir. Xüsusilə aşağıdakı punktları biz formalaşdıra bilərik:

1. Bazar modeli – Özəl tibbi sığorta qaydaları çərçivəsində bazar münasibətlərini formalaşdıran səhiyyə modeli

2. Dövlət modeli – Büdcə maliyyələşdirilməsi sisteminə əsaslanan dövlət səhiyyə modeli

3. Sosial-sığorta modeli – Cox kanallı maliyyə sistemi ilə tənzimlənən səhiyyə sistemi

Bazar modeli dünyada ən çox yayılmış modellərdən sayılır. Dünyanın əsas inkişaf etmiş ölkələrindən sayılan Amerika Birləşmiş Ştatlarında tamamlanan dövlət proqramları əsasında ölkənin əsas hissəini özəl səhiyyə sistemi təşkil edir ki, əsasını özəl təbii xidmətlər təşkil edir. Təbii ki, burada tədqiq olan məsələ sırf təminatlı əhalinin payına düşür ki, hər hansı şirkətdə işləyən şəxs, şirkətin digər sığorta şirkəti ilə arada bağlanan müqaviləyə əsasən tənzimlənir. Sığorta şirkətlərinə köçürülən maddi vəsait hesabına şirkətin işçisi rüb və ya il ərzində xüsusi narahatçılığı olan zaman istifadə eddə bilər. ABŞ təcrübəsində bir sıra tədqiqatlara əsasən deyə biləriki ki, yanaşma iki cürdür. Birinci yanaşma limitsiz istifadə, ikinci yanaşma limitli yanaşma. Limitsiz yanaşmanın başlıca prinsipi budur ki, könüllü sığorta prinsiplərinə əsasən şirkətin hər işçiyə görə ayırdığı müəyyən miqdar vəsaiti sığorta şirkətinin büdcəsinə köçürdür və ay, rüb və il ərzində limitsiz sayda tibbi xidmətdən istifadə etmək hüququ var. Yalnız burada bir məqam var, limitsiz istifadə, sənədləşmələrdə göstərilən tibbi xidmətlərin göstəricilərinə uyğun müəyyən edilir.Digər limitli tibbi sığorta xidməti ay, rüb və il ərzində müəyyən edilməsi nəzərdə tutulur. Limitsiz xidmətdən fərqli olaraq, limitli tibbi sığorta sistemində illik müalicə xidməti təcrübəsi yoxdur. Burada əsas məqam ay ərzində 3,5 və 10 dəfə hər hansı bir şirkətin nümayəndəsinin şirkət hesabına müalicə xidməti göstərilməsidir. Təbii ki, burada limitsizlə eyni qayda daşıyan sənədləşmədə göstərilən xidmətlər üzrə müəyyən olunur.

Böyük Britaniya tibbi sidmət sektorunda Milli Sağlamlıq xidməti İngiltərə dövləti tərəfindən maliyyələşir. Burada digər bir məqam vardır ki, dövlət müəsisələri ilə bərabər əhalinin aztəminatlı hissəsidə, dövlətin onlar üçün ayırdığı vəsait üzrə normal tibbi xidmət ala bilərlər.

Dünyada tanınmış tibb və tibbi sığorta modelinin əsas inkişaf etmiş bölgələrindən biridə Avstraliadır. Avstrailanin milli tibbi xidməti ölkə daxilində yaşayan vətəndaş və miqrantların, o cümlədən digər ölkədən müalicə üçün gəlmək istəyən şəxslərə müvəqqəti viza asandlaşdırılması tədbirləri həyata keçirir. Burada tələbələr və veteranlar üçün xüsusi tibbi ocaqlarda fəaliyyət göstərir. Tələbələr üçün “Xarici Tələbələrin sağlamlığı” və Veteranlar üçün yaradılan xüsusi dövlət qurumu vasitəsilə həm dövlət, həm də özəl klinikaların şəraitindən istifadə edə bilərlər. Avstralia höküməti həmçinin sığınacağa ehtiyacı olan şəxslərə də xidmət göstərir ki, sənədsiz olanlar istisnadır. Könüllü tibbi xidmətdə burada xüsusi, başqa sözlə tamamlayıcı və dəstəkləyici rol oynayır. Özəl tibbi sığorta fiziki şəxslər və ya ailələr arasından seçilir və onlara vergi güzəştləri ilə həvəsləndirici tədbirlərdə görülür. 2014-cü ilin statistikasına əsasən Avstraliada əhalinin 47% özəl tibbi sığortadan istifadə edir.

Avstraliyada dövlət stansionar xidmət pulsuz olmasına baxmayaraq əhalinin əksər hissə özəl tibbi xidmətdən (özəl klinkalardan) istifadə edirlər. Adı çəkilən ölkədə öz tibbi xidmət üzrə kadr potensialının da artırılması nəzərə çarpır. Avstralia statistika agentliyinin informasiyasına görə 2013-cü ildə 25 mindən çox təcrübəçi, 27 mindən çox mütəxəsis sektora cəlb edilmişdir. Son on illikdə Avstralida tibbi xidmətin idarə etmə sxemidə kifayət qədər ciddi şəkildə inkişaf etmişdir. Parlamentə məxsus 3 qurum bir birilə sıx əməkdaşlıq edir ki, bura dövlət hospitallar və yerli hospital şəbəkələridir. Digər qurum isə xəzinədarlıqdır ki, iki qurumun fəaliyyətinin aparılması, istiqamətləndirilməsi və fəaliyyəti üçün vəsait ayırır.

Kanadanın tibbi xidmət sektoru digər ölkələr bir sıra özəllik və xüsusiyyətləri ilə fərqlənir. Kanada Sağlamlıq aktına əsasən vilayətlər və regionlar səviyyəsində əhaliyyə tibbi xidmət göstərilir ki, burda tibbi sığortanın xüsusi yeri vardır. Regionlar və vilayətlər xüsusi tibbi-səhiyyəvi proqram əsasında fəaliyyət göstərir. Tərkibindəki vətəndaşlar, miqrantlar və digər qaçqın statusu almış şəxslər pulsuz formada dövlətin ayırdığı vəsait əsasında pulsuz tibbi xidmətdən yararlana bilər. Akta əsasən yalnız qaçqınlar xaricində kimlər ki, qeyri leqal ölkədə yaşayır, onlar bütün bu tibbi xidmətlərdən məhrum edilirlər. Kanada könüllü tibbi sığortadan istifadə edənlərin əsas hissəsi 65%-dən yuxarıdır ki, buda əhalinin sağlamlığına diqqət yetirməsindən irəli gəlir.



METOD

Tədqiqat metodunda analiz, qruplaşdırma, müşahidə, müqayisəli təhlil metodlarından istifadə edilmişdir. Tədqiqat obyekti tibbi sığorta bazarı seçilmişdir.



ANALİZ

Azərbaycan da sığorta sistemi digər xarici ölkələrlə müqayisədə zəif inkişaf etsədə, öz inkişaf dövrünü yaşayır. Ölkədə səhiyyə xərclərinin həcmi aşağıdır. Təbii ki, buda bir başa olaraq tibbi sığortanın səviyyəsinə ciddi təsirlərini göstərir. 2019-ci ilin yanvar-oktyabr ayı üzrə statistikaya baxsaq, icbari sığorta haqqları 183464,9 min, könüllü sığorta üzrə isə 387055,1 min manat təşkil edir. Könüllü sığorta haqqları üzrə yığımın 20,9%-ni tibbi sığortanın payına düşməklə 80998,6 min manatdır.Ümumi sığorta ödənişləri isə 225473,0 min AZN məbləğindədir. Ümumilikdə könüllü sığorta ödənişləri ümumi ödənişlərin 70%-ni təşkil edir. Könüllü tibbi sığorta ödənişləri isə 49598,2 min AZN təşkil edir ki, ümumi sığorta ödənişlərinin 21.9%-ni, könüllü əsaslarla sığorta ödənişlərinin 31%-ni təşkil edir. İcbari tibbi sığortanın tədbiqi 2020-ci ildə tədbiqi nəzərdə tutulduğundan, bu sığorta növü üzrə sığorta sığorta haqqları toplanmamışdır.



Maliyyə nazirliyinin sığorta sektoru üzrə statistikasının analizi zamanı könüllü tibbi sığorta haqqı və ödənişlərinin ölkə üzrə insanlar tərəfindən hansı səviyyədə istifadə olunduğunu müşahidə edə bilərik. Könüllü sığorta sistemi tərkibində bir Azərbaycan bazarında əsas aktual sığorta məhsulları var ki, sığorta şirkətləri tərəfindən əhaliyə təklif edilir. Könüllü əsaslarla bunlar əsasən həyat sığortası, qeyri-həyat sığortası, şəxsi sığorta, əmlak sığortası, mülki məsuliyyətin sığortası və kredit sığortası daxildir. Nəzərə alsaq ki, tibbi sığorta burada şəxsi sığorta paketinə daxildir, demək ölkədə tibbi daxildir. Nəzərə alsaq ki, tibbi sığorta burada şəxsi sığorta paketinə daxildir, demək ölkədə tibbi sığorta edənlər kəmiyyətcə azlıq təşkil edir.

Diaqram 1: 2019-cu ilin sığorta potfeli.

Qrafikdən göründüyü kimi göstərilən portfeldə şəxsi sığorta cəmi 17% təşkil edir. Nəzəri və praktiki cəhətdən məlum olur ki, tibbi sığorta edənlər həm sığorta haqqları cəhətdən, həm də sığorta ödənişləri cəhətdən azlıq təşkil edir. Lakin şəxsi sığorta paketinə baxsaq tibbi sığorta payı daha çoxdur.



Diaqram 2: şəxsi sığorta paketinə daxil olan məhsulların faiz göstəricisi

Qrafikdən məlum olur ki, ümumi könüllü sığorta porfetlində tibbi sığortanın payı az olsada, şəxsi sığorta paketində daha çoxdur

Statistik göstəricilərə nəzər yetirsək sığorta şirkətlərinin gəlirliyi qənaətbəxş olmuşdur. Burada əsas formula sığorta gəliri(zərəri) = sığorta haqqları – sığorta ödənişləri kimi hesablanır. Azərbaycan Respublikası Maliyyə nazirliyinin statistik göstəricilərinə əsasən 2015-ci il üçün sığorta haqqları 72.9 milyon AZN, sığorta ödənişləri 51.3 milyon AZN, 2016-ci il üçün sığorta haqqları 84.7 milyon, ödənişləri 61.2 milyon AZN, 2017-ci il üçün sığorta haqqları 83.2 milyon AZN, ödənişlər 53.0 milyon AZN, 2018-ci il üçün sığorta haqqları 87.0 milyon AZN, ödənişləri 59,5 milyon AZN, 2019-ci ilin 10 ayında üçün sığorta haqqları 80.9 milyon AZN, sığorta ödənişləri isə 49.5 milyon AZN təşkil edir.

Cədvəl 1: 2011-2015-ci illər ərzində sığorta şirkətlərinin könüllü tibbi sığorta üzrə gəlirliyi



İllər üzrə



Sığorta şirkətlərinin könüllü tibbi sığorta üzrə gəlirliyi

2015

21.6 mln

2016

23.5 mln

2017

30.2 mln

2018

27.5 mln

2019 sentyabr-oktyabr

31.4 mln


Cədvəldən də göründüyü kimi, tibbi sığorta dövriyyəsini illər üzrə genişlənməsi sığorta şirkətlərinin ödədiyi sığorta ödənişlərinin artımı tempini üstələyib ki, nəticədə şirkətlərinin bu istiqamətdə mənfəətində 2015-ci illə müqayisədə 2019-cu ildə təxminən 1.4 dəfə artım baş verib.

Ümumilikdə isə tibbi sığorta bazarının genişlənməsi tempi qənaətbəxş hesab edilmir. Bunun əsas səbəbi isə sığorta şirkətlərinə vətəndaş inamının azlığı, əhalinin gəlirlərinin dünya standartlarından geri qalması, zəif marifləndirmə, səhiyyə sisteminin müasir maliyyələşdirmə mexanizmlərinə uyğunlaşdırılmaması kimi amillər hesab edilir.

Beləliklə qeyd edə bilərik ki, Azərbaycanda tibbi sığorta səhəsinin böyümə tempi sığorta bazarında ümumi inkişaf dinamikasından geri qalır. Tibbi sığortanın zəif inkişafında təbii ki, sosial sığortanın tətbiqi problemləri mühüm rol oynyır. İcbari tibbi sığortanın inkişaf etdirilməsində əsas maneə isə faktiki olaraq ölkədə dövlət səhiyyə sektorunun olması və bu müəsisələrdə ödənişsiz xidmətlərin göstərilməsidir. Başqa sözlə ödənişsiz əsaslarla xidmət göstərən səhiyyə müəssələri ilə sığorta şirkətləri hansı formada əməkdaşılıq edəcək sualı hələlik açıq qalır. Əgər müəssisələrə dövlət büdcəsindən vəsait ayrılırsa və xidmətlərin maddi qarşılığı yoxdursa sığorta şirkəti öz müştərisini qanuni formada necə müdafiə edəcək. Əslində isə müştəri bu səhiyyə xidmətləri qarşılığında qeyri-rəsmi ödənişləri etmək məcburiyyətində qalır. Qeyri-rəsmi xərclərin maliyyələşdirilməsi isə sığortaçı tərəfindən qəbuledilməz haldır.

İcbari tibbi sığortanın tətbiqi ilə bağlı digər ziddiyyətli məqam isə müəyyən sosial qrupların sığorta haqqının dövlət tərəfindən subsidiyalaşdırılmasındadır. Çünki, həm beynəlxalq təcrübə və həm də Azərbaycan hökumətinin mövqeyi həssas sosial qrupların icbati tibbi sığorta ödənişlərinin dövlət büdcəsi hesabına yerinə yetirilməsini nəzərdə tutur. Lakin, səhiyyənin dövlət tərəfindən maliyyələşdirilməsi ilə tibbi sığortanın subsidiyyalaşdırılması arasında fərqləndirici kriteriyaların müəyyənləşdirilməsi kifayət qədər mürəkkəb prosesdir. Bu baxımdan da sosial sığortanın Azərbaycanda tətbiqi faktiki olaraq mümkün olmayıb.


NƏTİCƏ

Beləliklə, aparılan tədqiqatdan da aydın olur ki, bütün dünyada səhiyyənin maliyyələşməsində əsas rol oynayan icbari tibbi sığortanın fəaliyyətini ölkəmizdə də reallaşdırılması zəruridir. Bunun üçün dövlət və əhali həmrəy şəkildə öz iradəsini nümayiş etdirməlidir. Səhiyyə sistemində islahatlar aparılmalı, dərman alışı zamanı ƏDV ləğv edilməli, bu sistemə nəzarət gücləndirilməlidir. Aztəminatlı əhali qrpuplarının tibbi sığortası dövlət tərəfindən həyata keçirilməlidir. Bunlardan başqa, əhali icbari tibbi sığortanın maliyyələşməsində və ona nəzarət olunmasında fəal iştirak etməlidir. Hər bir şəxs qəbul etməlidir ki, icbari tibbi sığorta təminatına alınmaqla, özünün və ailəsinin sağlamlığı ilə əlaqədar ortaya çıxan problemləri aradan qaldırmaq üçün artıq xərclərdən sığortalanmış və daha etibarlı tibbi xidmətlər almaq imkanı əldə etmiş olur. Beləliklə də, əhalinin bütün təbəqələri səhiyyə xidmətlərindən lazımı səviyyədə istifadə etmək imkanı qazanır.


ƏDƏBİYYAT

1. Məqalə: Mahmudov, S.Məmmədov, (2015) Əhalinin sosial müdafiəsinin gücləndirilməsində icbari tibbi sığortanın rolu,



AMEA iqtisadi xəbərlər jurnalı, sayı 6 ss. 153-161

2. Məqalə: Abdullayeva R. (2019) İcbari tibbi sığorta sağlamlığın qarantıdır,

Azərbaycan qəzeti, sayı 266

3. Məqalə: Şahbazlı, V. (2016). Tibbi sığortanın dünya təcrübəsi,



AMEA iqtisadi xəbərlər jurnalı, sayı 1, ss. 106-111.

4. Kitab: Ataşov, B, Ələkbərov, Ə, Xudiyev N,. (2018). Sığorta işi, Bakı, Koorporasiya nəşriyyatı.



5. Kitab: Xudiyev, N. (2015). Sığortanın fəaliyyətinin əsasları, Bakı, İqtisad Universiteti nəşriyyatı.

6. İnternet resursu: https://www.fimsa.az/menu/sigortacilar-uzre/117
Yüklə 30,92 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin