“Kredo” qəzetinin baş redaktoru, tənqidçi-ədəbiyyatşünas,
yazıçı-publisist, mühərrir Əli Xələfliyə
Ədəbi məktub
97
Əli Rza müəllim! Iki kitabınızı birnəfəsə oxudum: “Meyar” və “Həsrət körpüsü”.
Milli bədii təfəkkür tariximizin kökü qədimdir. Yaşı minillikləri
keçən bədii
təfəkkürümüz əsrlər boyu müxtəlif təmayüllərə xidmət eləmiş, müxtəlif cərəyanlar
çərçivəsində formalaşıb və inkişaf etmişdir. Bədii təfəkkürümüzü zənginləşdirən və
təkamülünə təkan verən qələm adamlarımız, söz ustadlarımızın ruhu qarşısında baş əyir,
tarixi mərhələlər boyu ədəbi bədii araşdırmalarda onlara yazılı şükranlarımızı bildiririk.
Tibb elmində olduğu kimi ədəbiyyatımızda da həyati və estetik mövqelərini
gücləndirməklə ixtisaslaşma olub və olur. Taleyini yalnız bədii yaradıcılığa, ya nəsr, ya
poeziya, yaxud ədəbiyyatşünaslığa və ya tənqidə həsr edənlərlə yanaşı, bu sahələrin
ikisini, üçünü və ya dördünü də birləşdirən və bu “bu yollarda da böyük nailiyyətlər
əldə edən nadir simalar olmuşdur; A.A.Bakıxanov, M.F.Axundzadə, M.Ə. Rəsulzadə,
S.Vurğun, M.İbrahimov, X.Rza, Anar və b.
Mübaliğədən uzaq cəsarətlə deyərdim ki, Əli Rza müəllim, mən sizin də adınızı
bu siyahıya əlavə etmək istərdim. Düzdür, bunu tarix göstərir və göstərəjək, ancaq bir
oxucu, bir qələm adamı, bir ədəbiyyatşünas kimi ədəbi zəmanətimi ürəyimdə pünhan
saxlamayıb özünüzə və oxuculara bəyan edirəm. Əli Rza, qardaşım, inanın bu sözlərim
səmimidir. Bizim münasibətimiz göründüyü kimi bitəmənnadır və mən heç vaxt
“Kredo”da çap olunmamışam və gələcəkdə də silsilə yazılarla “zəhlənizi” tökmək
niyyətində deyiləm.
Görkəmli ədəbiyatşünas, professor Nizaməddin Şəmsizadənin redaktorluğu ilə
768 səhifəlik, qalın cilddə, yüksək poliqrafik bədii tərtibatla nəşr olunmuş “Meyar”
kitabını iki günün içərisində oxudum. Annotasiyada şair-publisist kimi qeyd olunan Əli
Rza Xələflinin ədəbi titullarına bundan sonra “tənqidçi-ədəbiyyatşünas” kəlmələrinin
artırılması məqsədəuyğun və vacibdir.
Və yazıçı... Əli Rza müəllim. Sizin şirin təhkiyəniz ancaq bədii nəsr
nümunələrində olur. Publisistikanız bədii publisistikadır. Amma “Meyar” ədəbi
leytmotivi olan ədəbi-tənqidi bir əsərdir. Akademik Bəkir Nəbiyevdən, xalq şairi
Bəxtiyar Vahabzadədən 130 yaşlı “Əkinçi”dən, dahi Üzeyir bəydən, xalq yazıçısı İlyas
98
Əfəndiyevdən, akademik Yusif Məmmədəliyevdən, məhəbbət şairi Nüsrət
Kəsəmənlidən, böyük Hüseyn Caviddən, ulu Şəhriyardan, xalq şairi Cabir Novruzdan,
əruzşünas professor Əkrəm Cəfərdən, xalq şairi Söhrab Tahirdən, əfsanəvi yazıçı
Əlibala Hacızadədən, görkəmli dilçi-professor Qəzənfər Kazımovdan, dahi Səməd
Vurğundan, müəllimlər iftixarı S.M.Qənizadədən, ”nəhəng” S.Rüstəmdən, böyük dilçi
Tofiq Hacıyevdən,əziz müəllimimiz, xalq yazıçısı İsmayıl Şıxlıdan, profesor Teymur
əmidən (Əhmədov), üzeyirşünas Mirabbas Aslanovdan, Aşıq Ələsgərdən, böyük türk
yazarı Çingiz Aytmatovdan, qəzəlxan Ənvər Nəzərlidən, xalq şairi Zəlimxan Yaqubdan
tutmuş xalq artisti Arif Babayevəcən, cənubşünas Sabir Nəbioğluya qədər Əli Rza
Xələfli qələmi “ədəbi məktub”larla onlarla məktublaşıb, yaradıcılıqları barədə “ədəbi
qeyd”lərini eləyib, portret esselərlə onların bədii dünyasına “ekskursiya”lar edib.
Hələ neçə-neçə söz adamı haqqında “Meyar”da dəyərli yazılar var. Qeyd etdiyim
kimi ayrı-ayrı ədəbi şəxsiyyətlər haqqında olan bu yazıları bir leytmotiv birləşdirir:
onların sənətdəki xidmətlərini qiymətləndirmək, ədəbi portretlərini, obrazlarını
yaratmaqla müəllifin orijinal üslubu, bədii təfəkkürünün təzahürü olan tədqiqatçılığının
ümumiləşməsindən doğan ədəbiyyata, sənətə, Vətənə olan məhəbbət.
Əli Rza müəllim, siz əsl vətəndaşsız. Türk dünyasının əsarətdə olan gözünüzü
açdığınız Qarabağdan tutmuş iç dünyamız, Bakının heykəli “İçərişəhər” sizin üçün
müqəddəsdir. “Meyar”da tədqiqat obyektiniz olan ədəbi şəxsiyyət və onların
yaradıcılığına münasibət göstərdiyiniz, belə bir samballı toplunu ərsəyə gətirmək asan
deyildir.
Bu 768 səhifəlik əsəri yazmaqdan ötrü elə deyərdim ki, ömrünüzün bu qədər ili
gedib. “Meyar” yaşana-yaşana, duyula-duyula, yana-yana yazılıb, bir ədəbi-bədii
meyarla yazılıb. Sözə həssas münasibət və sözə məhəbbətlə qələmə alınıb.
“Ədəbiyyatşünaslığa aid mənbələrdə epik növün janrları sırasında memuar
ədəbiyyatının müəyyən yer tutduğu qeyd olunur. Memuar ədəbiyyatı müəyyən şəxsin
gördüyü, yazdığı, şahidi olduğu faktik hadisələrlə, tərcümeyi halla sıx bağlı əsərlərdir”
(Mir Cəlal).
99
Memuar ədəbiyyatının gündəlikləri, yol qeydləri, səyahətnamələr kimi növlərinin
özünəməxsus cəhətləri var: ”Gündəliklərdə hər gün görünən, yaşanan fakt və hadisələr
qələmə alınır. Çox zaman bu qeydlərə aid heç bir şərh verilmir. Yol qeydləri və
səyahətnamələrdə isə yerlər, insanlar, hadisələr haqqında qeydlər verilir, onlar barədə
mülahizələr qələmə alınır”(Əziz Mirəhmədov).
Gündəliklər, yol qeydlıəri , məktublar şəklində olan memuar ədəbiyyatının ən
maraqlı nümunələri sırasında M,Qutqaşınlının “Səfərnamə”si, “Səyahətnamə” poeması
kimi Zeynalabdin Marağalının “İbrahim bəyin səyahətnaməsi”, İsmayıl Şıxlının “Cəbhə
gündəliyi” və s. diqqəti cəlb edir.
Əli Rza Xələfli “Meyar”a daxil olan əsərlərin janrlarını bölgülər əsasnda “portret-
esse”, “ədəbi qeydlər” və “ədəbi məktublar” kimi uyğunlaşdırıb. Sadaladığımız siyahıya
Əli Rza bəy, sizin də adınızı əlavə etmək istərdim. Sizin bu “Meyar”ınız uzun illərdir
(40 il -V.Ə) ədəbiyyata gəldiyiniz yolda , fiololoji təhsil almağınızdan üzü bu yana bədii
yaddaşınıza, səs yaddaşınıza hopan , gördüyünüz, mütaliə etdiyiniz ədəbi hadisələrin,
bədii prosesin “beyin” adlı bilgisayara daxil olan bədii təəssüratınızın təzahürüdür. Ona
görə də “Meyar”dakı şirin təhkiyəli, ədəbi-bədii, tənqid-ədəbiyyatşünaslıq yuklü
məqalələr, ədəbi qeyd və məktublar. Eyni zamanda memuarlar xüsusilə epistolyar
ədəbiyyat nümumələridir.
Həmçinin çox təəssüfləndim. Niyə Əli Rza Xələfli bu günə qədər qələmini bədii
nəsrdə sınamayıb. İnanın nəsrimizin sizə ehtiyacı var.
Azərbaycan romançılığını yeni bir adla zənginləşdirə bilərsiniz. Daniel Defo
“Robinzon Kruzo”nu səhv etmirəmsə 55 yaşında yazmışdır, əsər dünya şöhrəti qazanıb
və bu gün də dünya ədəbiyyatının nadir incilərindəndir.
Mənə belə gəlir ki, Əli Rza qardaşım, mənim bu ədəbi məktubumda yer alan bu
arzum sonra mövzu seçməkdə tələsmədən proza sahəsində qələminizi sınayacaqsınız.
Indi Əli Rza müəllim, istərdim şeirlər kitabınız barədə qısaca təəssüratlarımı bildirim.
Öncə kitabı əlimə götürüb ilk səhifələrini vərəqləyəndə çox sevindim. Bildim ki,
istedadlı şair Ə.R.Xələflinin bu əsəri dəyərlidir.Çünki görkəmli tənqidçimiz, sevdiyimiz
100
alim Vaqif Yusifli şeirlərinizi təhlil süzgəcindən keçirərək kitaba “Ön söz” yazıb. “Əli
Rza Xələfli bu dünyanın nə birinci, nə də axırıncı dərdçəkən şairidir... Əli Rza Xələfli
dərddən yazan, Dərdin də sevimli şairidir”. (səh7)
Əli Rza bəy, sizin dərdinizin mayası Vətən dərdidir,Qarabağ dərdidir, bu hamının
dərdidir. Bir də ki, dərdi şair çəkər də, Şairi ən yüksək, ən mötəbər vəzifə kürsüsünə
əyləşdirsən də o, dərdçəkəndir. Şübhəsiz, məddah şairləri nəzərdə tutmuram. Əli Rza
qələmində “düz düzdür, əyri əyridir”. Şeirləri mövzu baxım-dan rəngarəngdir, ənənəyə
sadiq olaraq poeziyamızın əbədi,əzəli mövzularına müraciət edirsiniz. Bu dərdin, qəmin
içində Vətənin dərdləri ilə bərabər Vətənə böyük məhəbbət var poeziyanızda. Anaya
məhəbbət var şeirlərinizdə. Ana mövzusunda orijinal şeir yazmaq çox çətindir.
Təvazökarlıqdan uzaq olsa da mənim də “Anam mənim” şeirim və eyni adlı nəğməm
şöhrət qazanıb. Hər şair Anasına poetik sözlə məhəbbətini bildirə bilir. Amma sizin
“Anama məktub” şeiriniz orijinaldır, təsirlidir, yüksək bədii-poetik dəyərə malikdir:
Özgə qızlarına oğul böyütdün,
Hərəsi birini çalıb apardı.
Yollarda qəlbini yağın əritdin,
Ömür gəncliyini alıb apardı.
Bir qədər də poemalar üzərində dayanmaq istərdim.”Həsrət körpüsü” adlı
kitabınıza üç poema daxil edilib. “Bir Xələfli var imiş”, “İçərişəhər: Daşlar və insanlar”
və “İnsan, tarix və zaman”.
Azərbaycan ədəbiyyatında poemanın təşəkkülü çox qədimdir. XII əsrdə
Əfzələddin Xəqaninin “Töhfətül-İraqeyn” mənzuməsi ilə ədəbiyyatımızda poema
janrının əsası qoyulub. Sonra çoxəsirlik ədəbiyyatımızda yaranan poemalar istər mövzu,
istərsə də ideyaca bir-birindən fərqlənir.
Müasir şairlərimiz də poemalar yaradırlar. Əli Rza Xələflinin poemalarından biri
doğmaca kəndləri,əsir düşmüş Xələfliyə həsr olunub. Ürəkağrıdan odur ki, müəlliuf
poemanın adında da artıq keçmiş zamanda danışır: “Bir Xələfli var imiş”. Nağıl dilinə
101
məxsus “var imiş” kəlməsi Xələflinin “yoxluğu” haqqında artıq öncədən təəssürat
yaradır.
Şəhriyarın “Heydərbaba”sı ruhunda yazılan əsər mövzu, ideya, deyim, üslub,
poetika baxımdan elə deyərdik ki, “Heydərbaba”ya nəzirədir. Əsərin epiqrafında
“Şəhriyara salam” deyən müəllif ədəbi təsiri halallıqla poetik sətirlərdə çözələyir:
Şəhriyarın məktəbində oxudum,
Ondan əvvəl elə bil ki, yoxudum.
Ürəyimi ürəyinə toxudum,
Aydınlığa doğan aya bələndim,
Bulud idim, yağış olub ələndim.
Məlum olduğu kimi Heydərbaba dağ adıdır. Ulu Şəhriyar üzünü Heydərbaba
dağına tutaraq bütün arzu və istəklərini türkdilli oxucularla bölüşməklə bu dağdan bir
ədəbi üsul,ədəbi kürsü kimi istifadə etməklə özü də bir dağ “dəryada duran bir dağ
“(Sabir) yaratmışdır. Ə.R.Xələfli də ustadın yolu ilə gedərək üzünü “balaca kənd”inə
(M.Araz) tutaraq dərd-sərini dayısı oğlu ilə bölüşür, işğalda olan bölgələrin, Qarabağın
dərdinə yanır, şəhidlər üçün göz yaşı tökür, dərdli Arazla “həmsöhbət” olur və sonda
yenə də Şəhriyardan bəhrələndiyini bir daha oxuculara bildirir:
Şəhriyarı işıq bildim yazımda,
Qəm pərdəsi sızıldayır sazımda.
Həsrət, hicran payızımda, yazımda,
Deyən olar bir Xələfli var imiş,
Onun yolu boran imiş, qar imiş.
Göründüyü kimi, sadə formada yazılan poema mövzu, ideya,məna tutumu,
qloballığı, dəyəri baxımından nə qədər mürəkkəb zəmində olan müəllifin böyük poetik
qədəmlərini xəbər verir.
Ə.R.Xələflinin poemalarında diqqəti çəkən xüsusiyyətlərdən biri də toponimlərin,
şəxsiyyətlərin, eləcə də digər məlumatların izahatıdır. “Xələfli” və “İçərişəhər”
poemalarının hər ikisində adı çəkilən insanların, tarixi şəxsiyyətlərin, toponimlərin izahı
102
dəqiq verilərək oxucunun əsər boyu heç bir çətinlik yaranmasın deyə
məlumatlandırılması çox yaxşı haldır.
Xələflinin poemaları, o cümlədən İçərişəhərə həsr etdiyi mənzuməsi istər ideya-
məzmun, istərsə də sənətkarlıq cəhətdən diqqəti cəlb edir. Bu poema bədii əsərlər kimi
müəllifin intim duyğularının tərənnümüdən yox, bəşəri hisslər, Vətən məhəbbəti,
vətəndaş qeyrətini təcəssüm etdirən duyğuların ifadəsidir:
Bura gələnləri tarix salamlar,
Hər hücrə özü də dönər sirdaşa.
Içərişəhərdə bir möcüzə var,-
“Daş gül olmuş, yoxsa dönmüş gül daşa”.
Ə.R.Xələfli, əziz qardaşım! Siz əsl azərbaycanlı,həqiqi azərbaycançı, əsl Vətən
oğlusunuz. Əvvəldə qeyd etdiyim kimi sizin üçün türk ellərinin, möhtəşəm türk
dünyasının hər daşı, hər obası, hər güşəsi, hər yazarı doğmadır. Adətən yerlipərəstlik
kimi cılız hisslərlə cuğlanmış Azərbaycanın bir çox “alim” və “yazar”ları ancaq öz oba
və kəndlərini cənnət sayır, öz yerlilərini dahi hesab edirlər. Sizin üçün bunların fərqi
yoxdur. Coğrafi fərq milli sevgiyə, Vətən namusuna xələl gətirə bilər.
Şübhəsiz, insan göz açdığı bölgəni, guşəni sevməlidir. Sevməsə böyük Vətənə
məhəbbəti də ola bilməz. Özünü sevməyən, hörmət qoymayan şəxs nə Anasını, nə də
Vətənini sevə bilər, ay mənim, “Müşfiq bənizli” qələmdaşım.
Çox sevinirəm ki, yaradıcılığınızla “qiyabi” tanışlığım əyaniyə, burada rusca
deməsəm, anlaşılmaz olar, əyaniyə “perevod” aldı.
Şübhəsiz, Vaqif Yusiflinin təbirincə desək, “şəxsən məni bu poema da razı
salmayan bəzi məqamlar var, ancaq ümumilikdə Ə.Xələfli ustad şairlərin
(B.Vahabzadənin, M.Arazın, Ə.Kürçaylının) fəlsəfi lirikasından çox şey öyrənmişdir”.
Əli Rza bəy! O məqamlar siz özünüzdən bilirsiniz ki, hansılardır. Əsərin ikinci
hissəsində yəqin belə gileylər nəzərə alınacaq. Gələcəkdə poema üzərində müstəqil
şəkildə işlərkən birinci hissəyə əl gəzdirmək olar. İç dünyamız, daş yaddaşımız
haqqında olan bu poemada müasir texniki terminlər, muzey işçilərinin adları qətiyyən
103
yerinə düşmür. Bir qədər də süjeti təkminləşdirmək lazımdır. Epik-lirik poemada şairin
romantikası səyahət etsə də kompazisiya, süjet unudulmamalıdır.
Əli Rza bəy, iradlarımı səmimi qəbul edin. Sizi çox istəməsəydim bunları qeyd
eləməzdim. Heç bir baş redaktor öz qəzetində özünə ünvanlanan iradları çapa verməz.
Amma bayaqdan sizin şəxsiyyətiniz və yaradıcılığınız haqqında dediyim sözlərdən
məlumdur ki, belə cılız hisslər sizdən uzaqdır.
Onu da qeyd edim ki, qan, gen, yaddaş ilə gələn, gözünüzü açıb dərin nəfəs
alanda Güney havası udmusunuz. O taya yaradıcılığınızda böyük məhəbbət var, nisgil
var, həsrət var. Güney həsrəti, Qarabağ həsrəti ilə bərabər sizin qəlbinizdəki dərdin
“banilərindəndir”.
Əziz, hörmətli, sevimli Əli Rza Xələfli. Məktubumu sona yetirirəm. Mən sağ və
salamatam, hələlik. Sizin də sağ və salamat olmağınızı o uca Allahdan arzu edirəm.
Şöhrətiniz uca olsun, qələminiz kütlənməsin, təbiniz, ilhamınız coşsun, çağlasın. Əbədi
olmayan bu dünyada “Kredo”nuz tarix səhifələrində əbədiləşsin. Siz heç vaxt ədəbiyyat
tariximizdə “və b.”, “və s.” olmayasınız və inşaallah olmayacaqsınız da. O gün olsun
“Həsrət körpüsü” yox, “Vüsal körpüsü” yaransın. Xudafərinin üstü ilə addımlaya-
addımlaya Təbrizə, oradan da İçərişəhərə, oradan da Şuşaya gedəsiniz və nəhayət,
doğma Xələflini ziyarət edəsiniz.
Dostları ilə paylaş: |