Sasanilər dövrü
Sasani hökmdarı Ərdəşir (224-291) Atropatenanı Sasanilər imperiyasının tərkibinə qatmışdı. Bu ərazilər o zamandan şimal-qərbi Azərbaycan adlanmışdı. Sasanilər imperiyasının hakimiyyətində Azərbaycan ərazilərinə Ərdəbil, Mərənd, Cabirvon (Təbriz yaxınlığında), Varsan (Araz çayı sahilində) daxil idi. Paytaxt Partava (Bərdə) idi. I Qubadın hakimiyyəti illərində paytaxt Bərdədən Qəbələyə köçürüldü və şəhər onun oğlunun şərəfinə Firuz Qubad adlandırıldı. Rəsmi din Zərdüştlük idi. Qeyd etmək lazımdır ki, Sasanilərin dövlət ideologiyasının əsasında zərdüştlük ideyaları və şahların ilahi kökü dururdu, yəni şahlara hakimiyyət guya Allah tərəfindən verilirdi. Sasanilər dövləti yarandıqları vaxtdan yalnız onlara məxsus pullar zərb etməyə başlamışlar. Erkən Sasani sikkələri 16 qr. çəkisində olan mis tetradraxmalar idi. III əsrdən eyni çəkidə bürünc pullar zərb edirlər. Lakin bu pullar geniş yayılmır. Sasanilərin pul işinin təşəkkül tapması gümüş draxmalarla bağlıdır. Bu cür gümüş draxmalar yüksək bədii zövqlə, ikonoqrafik cəhətdən mükəmməl olaraq, beynəlxalq ticarət əlaqələrində əsas yer tutmuşlar. Sasanilər iri gümüş draxmalarla yanaşı «danak» - adlanan 0,6 qr. xırda gümüş pullar da zərb edirdilər. Draxmalarda:
Aversdə - hakimiyyətdə olan Şahənşahın büstü tam dəqiqliklə realistcəsinə uyğun göstərilirdi, Reversdə - hökmdarın hakimiyyət səhnəsinin əsas atributları zərb edilirdi.
Adətən, hər bir hökmdarın öz tac növü vardır. Bu tac nümunələri Sasanilərin sonuna qədər təkrar olunmaz olaraq, sikkələrin mütləq elementi idi. Sasani pullarının dəqiq təyin edilməsində ikinci əsas göstərici monoqramlardır
- yəni ayrı-ayrı məna daşıyan simvollardır. Bu monoqramlar tərcümədə şahənşahların rəsmi titulları, sonuncu Sasani hökmdarlarının pullarında isə ayrı-ayrı məna daşıyan söz və söz birləşmələridir.
Hakimiyyət simvolları birbaşa zərdüştlüklə əlaqədardır. Bu qəbildən I Şapurun hakimiyyətindən etibarən atəşdan – yəni üzərində müqəddəs odun saxlanıldığı yer, sütunlar, sütunaltı və bir neçə düzbucaqlı formalı kapitellərlə birlikdə, atəşdanın ətrafında Şahənşah və Zərdüştlüyün 2 Allahından (Ahurəmazda, Mitra və ya Anaxita) birinin obrazları, tacların bəzədilməsi formasına əsasən bu gün numizmatlar çətinlik çəkmədən I Ərdəşirin, I və II Şapurun (Ahurəməzdanın simvolları ilə birlikdə), I Varaxranın (Mitranın simvolları ilə), Narsanın, III Şapurun, Hörmüzd-Ərdəşirin (Anaxitanın), II Varaxranın, II Hörmüzdün (Aretraqnanın simvolları ilə) pullarını təyin edə bilirlər.
Beləliklə, III əsrin ortalarından Azərbaycanda Sasani pulları bütün əvvəlki nominalları sıxışdırıb çıxararaq dövriyyəyə tam hüquqlu sikkə nominalı kimi daxil olurlar.
Bunu hər il ölkəmizin ayrı-ayrı ərazilərindən aşkar edilmiş çoxsaylı dəfinələr pul və nominalları sübut edir. Məsələn, 1963-cü ildə Qəbələ yaxınlığında aşkar edilmiş dəfinədə 158 sikkədən yalnız 3-ü Roma zərbinə, 1-i Qotarza, qalanı isə II Varaxranın adından zərb edilmişdi. Dəfinədəki pulların əksəriyyəti 293-cü ildə məhz II Varaxranın adından zərb edilmişdi. Erkən Sasani dövrünə aid yalnız Çuxur-Qəbələdən tapılan bir dəfinə aiddir.
Sasanilərin pul zərbinin daha kütləvi və geniş ərazilərə yayılması VI-VII əsrlərə aiddir. Bu zaman Azərbaycanın öz zərbxanaları fəaliyyət göstərirdi. Bunlardan Atropatena - mərkəzi Ərdəbildə olmaqla Naxçıvan, Partava (Bərdə), Gəncə, Dəbil, Gilan şəhərlərini göstərmək olar. Bu zərbxanaların məhsulları nəinki Azərbaycanda, həm də onun sərhədlərindən çox uzaqlarda və bütövlükdə Sasani imperiyasının bütün ərazilərində əmtəə-pul münasibətlərində iştirak etmişlər. Bunu məşhur «Şah yolu» deyilən əsasən I əsrdən formalaşan ticarət yolunun üstündəki ərazilərdən – Heratdan şimala, oradan Səmərqəndə və oradan da Böyük İpək yolu ilə birləşərək Şərqi Türküstandan Çinə qədərki yerlərdən sikkələrin tapılması faktları sübut edir.
Artıq VI əsrin 30-cu illərindən imperiyada iqtisadi tənəzzül başlamışdı. Buna baxmayaraq, II Xosrovun adından zərb edilən külli miqdarda pul kütləsi hələ ki, dövlətdə kifayət qədərdir.
Beləliklə, Sasanilərin çəki-pul sistemi Parfiyanın eyni sistemindən o qədər də fərqlənmirdi. Tipoloji cəhətdən Sasanilər özünəməxsus, ikonoqrafik cəhətdən daha mükəmməl ştempelə malik sikkələr zərb edirdilər. Gümüşə əsaslanan Sasani pul dövriyyəsində əsas nominal draxmaların çəkisi 4,3 qramdır. Keçən əsrdə yalnız indiki Şimali Azərbaycandan 100 dən artıq irili-xırdalı dəfinələr aşkar edilmişdi. Xüsusi qeyd etmək lazımdır ki, bu dəfinələrin hamısı V-VII əsrlərə aid edilir. Yalnız Qəbələdən, Çuxur-Qəbələ kəndindən aşkar edilən dəfinə istisna təşkil edərək, III əsrə aiddir. Bu da öz növbəsində III əsrin sonu – V əsrin əvvəllərinə qədər ictimai- iqtisadi münasbətlərdə baş verən ciddi dəyişikliklərlə əlaqədar olaraq, əsasən torpaq mülkiyyətinə əsaslanan feodalizmin təşəkkülü ilə bağlı ola bilərdi. Digər tərəfdən siyasi hakimiyyətdə Qafqaz ərazisində Sasanilərin möhkəmlənməsi məhz V əsrə aiddir. Artıq VI əsrin əvvəllərində Sasanilərin dövlət kimi çox güclü olmasını sübuta yetirən faktlardan biri də zərbxanaların sayının 100-dən artıq olmasıdır. Yəni intensiv fəaliyyət göstərən zərbxanalar yalnız güclü ticarətə, o cümlədən iqtisadi əlaqələrə qoşula bilən şəhərlərdə yaranırdı. Bu şəhərlərin digər bir üstünlüyü bunların həm də hərbi-siyasi və mədəni mərkəz rolunu daşımalarıydı. Bu cür statusa malik olan zərbxanaların bir qismi Azərbaycanda fəaliyyət göstərirdi. Bunlardan Naxç - Naxçıvan, Boqvan monoqrammı ilə Bakı, Partav monoqrammı ilə Bərdə, Aturbayqan - Atropaten, Ariran-Aran adı dünya numizmat alimləri tərəfindən qəti olaraq Azərbaycana aid edilmişdi.
VII əsrin sonlarına qədər Azərbaycan ərazisində az miqdarda da olsa, Bizans sikkələri pul-əmtəə münasibətlərində iştirak etmişlər. Bu pullar əsasən I Böyük Konstantin (305-337) tərəfindən zərb etdirilən qızıl
«solid» adlı nominal olaraq, 4.55 qr. çəkiyə malik olmuş və bütün imperiyada tam hüquqlu pul vahidi kimi istifadə edilirdi. Sasanilər imperiyasında qızıl pullardan dövriyyədə istifadə olunmağı üçün, görünür, dövlətlərarası iqtisadi münasibətlərdə bunlardan istifadə olunmuşdu. Belə qızıl solid nominalları təkcə Azərbaycan bazarlarında deyil, həmçinin bütün Ön Asiya ölkələrində dövriyyədə olmuşlar. Azərbaycanda belə sikkə nümunələri əsasən qərb və cənub-qərb bölgələrində az miqdarda aşkar edilir. Axırıncı dəfə belə pullar VII əsrin əvvəllərinə aid edilən Gəncə dəfinəsində aşkar edilmişdi. Belə pullar həmçinin imperator İrakliy (610-641) tərəfindən gümüşdən olaraq, 6,5 qr çəkidə zərb edilərək Sasani sikkələri ilə bir dəfinələrdə aşkar edilir.
Sasani şahənşahı I Xosrov Ənuşirəvanın (531-579) gümüş draxması.
AV – Dairədə I Xosrovun təsviri, ətrafında: “Şahənşah Xosrov”. Dairənin xaricində üç tərəfdə ay, yuxarıda alov təsviri var.
RV – Atəşdan və iki gözətçi təsvir edilib.
Sasani şahənşahı I Xosrov Ənuşirəvanın (531-579) gümüş draxması.
AV – Dairədə I Xosrovun təsviri, ətrafında şahənşahın adı və epiteti. Dairənin xaricində ay-ulduz, şahın başının üzərində alov təsviri.
RV – Atəşdan və iki gözətçi təsvir edilib. Ətrafda "Naxçıvan" kəlməsi zərb edilib.
Ədəbiyyat siyahısı
Rəcəbli.Ə. Azərbaycan sikkələri. Bakı, 2012
Seyidov A., Quliyev A., Rzayev R. Azərbaycan tarixi numizmatika materiallar əsasında. Bakı, 2017
Pirquliyeva Q.Ə. Numizmatikanın əsasları. Bakı – 2009, səh. 58-61.
Dostları ilə paylaş: |