AĞABƏYIM AĞA
Axır vaxtlar tez-tez Ağabəyim ağanın iki yüz il bundan əvvəl söylədiyi o iki
misra yadıma düşür:
Əfsus ki, yarım gecə gəldi, gecə getdi,
Heç bilmədim ömrüm necə gəldi, necə getdi...
Niyə tez-tez yadıma düşür bu iki misra?
Yəni yalnız ona görə ki, haçansa bir vaxt ayılırıq və görürük ki, heç bilməmişik
ömür necə gəlib, necə gedib?
Buradakı həsrətə görə?
Ağabəyim ağa Qarabağ xanı Ibrahimxəlil xanın qızı idi, Şuşada anadan
olmuşdu, Irana, Fətəli şaha ərə verilmişdi, amma həmişə də qəribçilik içində
olmuşdu.
Düzdü, qəribçilik səni yalnız qürbətdə basmır, bəzən öz evinin içində də qərib
olursan, amma Ağabəyim ağanın ürəyi Qarabağda, Şuşada qalmışdı və Ağabəyim
ağa dərdli bir «ah» çəkmişdi:
Mən aşığam, qara bağ,
Qara salxım, qara bağ,
Tehran cənnətə dönsə,
Yaddan çıxmır Qarabağ...
Əslində hər bir adamın içində öz Şuşası var, bəzən heç bundan özünün də xəbəri
olmur, amma ürəyi o şüşənin içindədi, öz Şuşasındadı. O Şuşa kiminçünsə bir
həyətdi, kiminçünsə bir tut ağacıdı, bir böyürtkən koludu, kiminçünsə bir məhəllədi,
amma o həyət də, o tut ağacı, böyürtkən kolu da, əlbəttə, öz-özlüyündə Şuşa deyil,
oradakı təbəssümdü, hissdi, oranın həmişəlik keçmişdə qalmağından doğan
təəssüfdü, həsrətdi; hər birimizin bir-birinə bənzəməyən, amma elə bil ki, əbədi olan
bir həzinlik içində eyni təəssüflə, eyni həsrət, eyni yanğı ilə illər keçdikcə rəngini
itirən, cizgiləri əriyən öz Şuşası.
Bu nə müdriklik dərsidi belə, mən verirəm?
Bu nə nəsihətdi belə?
Ağabəyim ağa iki misra da demişdi:
Ey naseh, nəsihətin mənə əbəsdir, əbəs,
Ətəkləyər sözlərin atəşimi – söndürməz.
3 dekabr 1987.
Mərdəkan.
Dostları ilə paylaş: |