* * *
Firuzə təzəcə dəmlədiyi çayı, yağı, pendiri, çörəyi gətirib Fətullanın qabağında
mizin üstünə qoyanda, Fətulla hiss elədi ki, Firuzə, nəsə, gözlənilməz bir şey
deyəcək və soruşanda ki:
– Deyirdün sözün var mənə?
Firuzə də:
– Çayuvu iç, sonra deyərəm... – deyəndə, Fətulla lap yüz faiz bildi ki, Firuzənin
sözü nəsə təzə bir söz olacaq, amma o təzəlik necə olacaq? yaxşı olacaq? pis olacaq?
– bunu bilmirdi.
Firuzə o sözü deməyə tələsirdi, amma, eyni zamanda, elə bil ki, ürək eləmirdi və
Fətulla fikirləşdi ki, bəlkə qızlarla bağlı nəsə bir xəbər var? amma nə olacaqdı? əgər
təzə nəvə xəbəriydisə, burda ehtiyat eləməli təzə bir şey yox idi – altıncı nəvə
olacaqdı – başqa bir səbəb isə, Fətullanın ağlına gəlmirdi.
Və elə ki, həmişəki pendir-çörəyi yedi, şirin çayı içdi:
– Hı?– dedi.– Nə olub?
Firuzə:
– Heç nə...– dedi.– Nə olacaq ki, Allaha şükür, hər şey yerindədi...
– Deyirdün axı sözün var...
Firuzə ona yaxınlaşdı və biləyindən tutub:
– Bir bura gəl...– dedi və Fətullanı ardıyca, otağın həyət qapısına tərəf çəkdi.
Düz otuz altı il idi ki, evli idilər və bu otuz altı ildə hər dəfə Firuzənin əli onun
əlinə dəyəndə, Fətullanın bədənindən bir cərəyan keçirdi, elə bil...
elə bil...
elə həmin qalın qoşa hörüklü qızın əli idi, o əlin hərarəti, o əlin gətirdiyi
hissiyyat idi...
Fətullagilin həyət qapılarının qarşısında, gövdəsi yoğunlayıb qocalmış bir sarı
şanı üzüm ağacı var idi və bu ağacın yaşı Fətullanın yaşından çox idi, ağacın
budaqlarını Fətullagilin birmərtəbəli binalarının damına qaldırmışdılar və damda o
budaqlardan talvar düzəltmişdilər və elə ki, yaz gəlirdi, o budaqlar yarpaqlamağa
başlayırdı, bir azdan damdakı o talvar məhəllənin cənnət guşələrindən biri olurdu,
yay günortasının cırhacır istisində də yarpaqların sıxlığından o talvara gün şığıya
bilmirdi, ən gözəli isə bu idi ki, o qoca üzüm ağacının elə təzə-tər yarpaqları olurdu,
elə bil, yetmişinci, səksəninci dəfə deyildi açmağı, birinci dəfə açılıb dünyaya gəlirdi
və o qədər də sapsarı şanısı olurdu ki, Firuzə bütün ilin abqorasını, sirkəsini
düzəldirdi, doşabını bişirirdi, bal kimi şanıdan vedrə-vedrə qızlara göndərirdi,
yarpaqlarını duza qoyurdu və qışda da, payızda da o yarpaq dolmasını bişirirdi ki,
Fətullanın aləmində, dünyada heç kim o dadda yarpaq dolması bişirmirdi və bişirə
də bilməzdi.
Firuzə Fətullanı ardıyca çəkib həyətə çıxartdı və yamyaşıl yarpaqları, az qala,
ovuc içi boyda böyümüş üzüm salxımlarını göstərib:
– Görürsən, Fətulla?.. – dedi.
Fətulla, hər halda, sənətkar idi və bu yaz səhəri Firuzənin onu həyətə çıxarıb
yamyaşıl bir gülüşlə adamın üzünə gülən bu üzüm budaqlarını göstərməsi, doğrusu,
Fətullanı əməlli-başlı həyəcana gətirdi və Fətulla lap o cavanlıq çağlarındakı kimi,
həyətin ortasında Firuzəni qucaqlayıb sinəsinə sıxmaq istədi, amma bu vaxt Firuzə
deyəndə ki:
332
– Bilirsən, Fətulla, bir söz deyəcəyəm, ancaq... hirslənmə...
Fətullanın ürəyi, elə bil, bir boşluq içində uçunan kimi oldu və Fətulla yüz faiz
başa düşdü ki, nəsə, çox pis bir söz eşidəcək.
Firuzə dedi:
– Fətulla... bilirsən... istəyirəm... istəyirəm bu yarpaqları yığım... aparım bazarda
satım...
Əvvəlcə Fətulla elə bildi ki, Firuzənin dediklərini düz başa düşmədi, amma elə
ki, bu sözlər şapalaq kimi onun beyninə çırpıldı, Fətullanın sifəti nə günə düşdüsə,
Firuzənin rəngi ağappaq ağardı və Fətulla:
– Nə?– deyə xırıldayanda, Firuzə:
– Hirslənmə, Fətulla, sən Allah, hirslənmə!..– dedi.
Fətulla eyni xırıltıyla:
– Mənim arvadım gedib bazarda yarpaq satacaq? – soruşdu və elə bil, o, bu
sualı, Firuzəyə yox, özünə verdi, əslində heç özünə də yox, Fətulla bu sualı
naməlum bir varlığa verdi...
bəlkə taleyə verdi?..
Allaha verdi?..
kimə verdi?..
bilmirdi, amma orasını tamam aşkar bilirdi ki, həyatının bu məqamına gəlib
çatmaqdansa, o qoşa hörüklü qızı otuz altı ildən sonra, belə bir ehtiyaca ürcah
etməkdənsə, o, yəni, Fətulla, ölsəydi, bundan min qat yaxşı idi.
Firuzə, Fətullanın bircə anın içində bərəlmiş gözlərinə, qıpqırmızı qızarmış
sifətinə baxa-baxa əməlli-başlı qorxuya düşdü, axır vaxtlar, onsuz da, Fətullanın qan
təzyiqi yuxarı idi (hərdən 110 – 170-ə olurdu) və Firuzə sidq-ürəkdən gələn bir
yalvarışla:
– Fətulla, qurban olum sənə, sözdü də, dedim... qurban olum, Fətulla... fikir
vermə, deməmiş olum, Fətulla... vallah, day bir də belə söz demərəm... – Firuzə
yenə Fətullanın biləyindən tutdu və bu otuz altı ildə birinci dəfə Fətulla sərt bir
hərəkətlə qolunu dartıb:
– Əlüvü çək mənnən!.. – dedi.
Dostları ilə paylaş: |