329
Həmin gözəl yaz günü klarnetçalan
Fətulla həmişəki kimi, sübh tezdən
yatağından qalxıb əl-üzünü yumağa gedəndə, arvadı – Firuzə – elə bil, elə onun
durmağını gözləyirdi, mətbəxdən başını uzadıb:
– Fətulla, durdun?– soruşdu, sonra da: – Sözüm var e, sənə... Get, yuyun,
sonra... – dedi və bu sözləri elə dedi ki, Fətullanın ürəyindən tarın sarı simi kimi çox
nazik, amma çox da sərt bir sızıltı keçdi: Firuzənin bu səsində bir yazıqlıq var idi,
acizlik var idi və Fətulla boyda kişi əl-üzünü yuya-yuya özünü güclə saxladı ki,
əməllicə kövrəlməsin və ürəyində bu dünyanın qarasına yağlı bir küçə söyüşü söydü,
çünki son vaxtlar,– səbəbi nə idi? heç özü də bilmirdi!– arvadının cavanlıq çağları
tez-tez gəlib gözlərinin qabağında dururdu, o çağları ki, indi xınadan qıpqırmızı
qızarmış ağ saçların heç izi-tozu da yox idi, bilək yoğunluğunda qapqara iki hörüyü,
az qala, topuğunacan uzanırdı, qəddi-qamətli bir ceyran balası idi və günə deyirdi,
sən çıxma, mən çıxacağam, aya deyirdi, yox, sən çıxma, mən çıxacağam və bütün
məhəllə cavanlarının gözü o hörüklü qızda idi, o hörüklü qız isə o qədər cavanın
arasından onu, yəni, indi ürəyindəki o sızıltı ilə əl-üzünü yuyan Fətullanı seçdi.
Fətullanı seçdi, amma ona görə seçmədi ki, otuz ildən sonra, aya, günə meydan
oxuyan o qızın səsi indi belə yazıqlaşsın, ona görə seçmədi ki, Firuzə bu yaz
məhəllədəki dalbadal beş toyun beşinə də eyni paltarda getsin, ona görə seçmədi ki...
və Fətulla az qaldı əlindəki sabunu güzgüdəki əksinə çırpsın...
yaxşı...
bəsdi...
başqaları səndən də pis gündədi...
və o vaxtlar Fətulla da qara, qıvrımsaçlı, qabağındanyeməyən, həyət qapıları ilə
üzbəüz qoşa tut ağacının kölgəsində oturub küçədən ötən, pəncərələrdən boylanan
məhəllə qızlarının xəlvəti baxışları altında şəstlə nərd oynayan və məhəllə
cavanlarının hamısını udan bir oğlan idi və o hörüklü qızın bu qədər cavanın içində
Fətullanı seçməyi də, yayın cırhacır istisində məhəllə kişilərinin bu qoşa tut ağacının
kölgəsində oturması kimi bir şey idi, yəni, təbii idi, burada təəccüblü heç nə yox idi,
Fətulla görkəmiylə də, ədasıyla da o hörüklü qıza layiq bir cavan idi, amma elə o
vaxtlar papaqçı Cəfər – hörüklü qızın atası – iki ayağını bir başmağa dirədi ki, mən
zurnaçalana qız verməyəcəyəm.
Məsələ burasında idi ki, Fətullagil nəsillikcə musiqiçi idilər, ulu babası da,
babası da, atası da Bakının məşhur balaban çalanları olmuşdular və Fətulla özü də
lap uşaqlıqdan balaban çalmağa başlamışdı və balaban hava kimi, su kimi bir şey idi
və Fətulla üçün bizim bu gözəl dünyamızda balabansız yaşamaq mümkün olan bir iş
deyildi, amma papaqçı Cəfər ki, iki ayağını bir başmağa dirədi, Fətulla o hörüklü
qızdan ötrü bütün həyatının mənası hesab elədiyi balabandan əl çəkdi, klarnetə
keçdi.
Klarnet, görünür, papaqçı Cəfər üçün balabandan xeyli hörmətli imiş və papaqçı
Cəfər axır ki, o hörüklü qızın razılığını verdi.
O vaxtdan düz otuz altı il keçib.
Bu otuz altı ildə Fətullanın klarneti çox məclislər yola salmışdı, çox toylar
çalmışdı, böyük bir ailəni – özləri və beş qız – dolandırmışdı, o klarnet qızları
böyütmüşdü, oxutmuşdu, onları ərə vermişdi.
330
Sovet vaxtında indiki qədər çalğıçı yox idi, amma elə ki, Sovet Ittifaqı dağıldı, o
qədər oxuyan, çalan peyda oldu ki, məəttəl qalmalı iş idi – bunlar əvvəllər harda idi?
müstəqillik bunlara necə hamilə olmuşdu ki, birdən-birə bu qədər doğdu bunları? və
hamısı da çalğı çalandan çox, yaxşıca mantyor idi, bu mənada ki, bütün çalğı
alətlərini elektrikə calayırdılar, bir hay-küy salırdılar, bir oyun çıxarırdılar, bir geyim
geyinirdilər ki, Fətullanın klarneti axırda balaca bir kababxanalıq oldu və bir vaxtlar
eləcə pul gətirən o klarnet indi ancaq həmin kababxanaya gələn üç nəfərin, beş
nəfərin cibinə baxmağa məcbur oldu.
Və Fətulla əl-üzünün sabununu yuya-yuya gözlərini qaldırıb güzgüyə baxmırdı,
bu çalbaş, bığları ağappaq ağarmış kök kişiyə baxmaq istəmirdi, amma, o məqamda,
elə bil, güzgü maqnitə dönmüşdü, Fətullanın gözləri də dəmirə – güzgü o gözləri
özünə çəkirdi...
mənə baxmalısan!..
mənə baxmalısan!..
Dostları ilə paylaş: