Seçilmiş əsərləri



Yüklə 2,94 Mb.
Pdf görüntüsü
səhifə28/147
tarix30.12.2021
ölçüsü2,94 Mb.
#22211
1   ...   24   25   26   27   28   29   30   31   ...   147
 Aprel, 1983.  

 

 



 

 

 




 

191


HÖNKÜRTÜ  

  



Olub keçənləri bir-bir çəkərsən 

Sakit yaddaşının məhkəməsinə... 

  

 Şekspir, 30-cu sonetdən

 

Çinarın gözü görünmür, çinarın gözü şəffafdır, çünki əslində çinar bütün 



gövdəsiylə, budaqlarıyla, yarpaqlarıyla görür və çinarın gözlərinin təbəssümü də 

yarpaqlarına, budaqlarına, gövdəsinə yayılır və mən o təbəssümü bircə yarpaqda da, 

nazik uzun budaqlarda da, o hündür gövdədə eyni cür görürdüm, o təbəssümdə eyni 

hərarət, eyni gizli istehza və eyni gizli tənə (bəlkə nifrət?) hiss edirdim, amma həmin 

tənə (ya nifrət) gizlindən çıxanda, açıq-aşkar bilinəndə yarpaqlardan da, budaqlardan 

da çox gövdədə duyulurdu, çünki yarpaqlar incə idi, budaqlar zərif idi, gövdə isə 

bərk idi, cod idi, illər dalınca illər yola salmışdı və tənənin (ya da nifrətin) ağırlığı, 

tənənin çəkisi o bərklikdə, codluqda, qocalıqda adamı boğurdu, adamı sıxıb qolunu, 

qabırğasını sındırırdı. 

Indi qışdı və indi yəqin o çinar tamam çılpaqdır, üşüyür və çinar beləcə çılpaq 

olanda, saç kimi nazik və uzun barmaqları soyuq qış axşamında üşüyəndə, uzaqdan 

Məcnuna oxşayır. 

Onda yaz təzəcə qurtarmışdı, yay idi və onda uzaqdan baxanda hündür, şumal 

çinar Don Kixota oxşayırdı. 

Onda yay idi və biz sübh tezdən Bakıdan çıxıb, sonra Şamaxıdan keçib, Ağsu 

dolaylarını enə-enə Tbilisiyə  tərəf üz tutmuşduq, bir-iki gün Tbilisidə qalacaqdıq, 

sonra mehmanxanalarda qala-qala Qara dənizin sahilindən ötüb Şimali Qafqaza 

gedəcəkdik, sonra da Rostov – Bakı magistralı ilə evə qayıdacaqdıq; həmişəki kimi 

bir aylıq yay səyahətinə  çıxmışdıq, mənim məzuniyyətim idi, uşaqların da kefinin 

kök çağları  və bütün bu səyahətdə  mənə  ən çox ləzzət eləyən Vüqarın, Sevilin və 

Solmazın sevinməsi idi, qayğısızlığı idi və əslində elə Gülərə ən çox ləzzət eləyən 

bu idi. 


Gülər mənim arvadım idi, Vüqar oğlumuz, Sevillə Solmaz da qızlarımız və 

dördüncü il idi ki, beləcə  səyahətə  çıxırdıq, Ağsu dolaylarından beləcə ötüb-

gedirdik. 

Onda yay idi və mən həmin isti yay səhəri «QAZ 24»ü sürə-sürə növbəti dolayı 

burulan kimi çinarı gördüm və özümü saxlaya bilməyib qışqırdım: 

 – Ode, həmin çinar!... 

Vüqar soruşdu: 

 – Hansı çinar? 

Sevil soruşdu: 

 – Nə çinar? 

Solmaz dedi: 

 – Nə olsun, çinar?.. 

Gülər təəccüblə maşının güzgüsündən mənə baxdı və mən nə həmin yay səhəri, 

nə də indi, bu qədər vaxtdan sonra başa düşmədim və başa düşə bilmirəm ki, niyə 

qıpqırmızı qızardım; elə bil ki, uşaqlar məni lüt gördü və yaxud elə bil ki, camaatın 

gözü qabağında axmaq bir iş görürəm və  xəbərim yoxdu ki, camaat mənə baxır, 

birdən xəbər tuturam. 



 

192


Hansı çinar? nə çinar? nə olsun, çinar? və doğrudan da, hə, nə olsun, çinar? 

Bakının həyətləri doludu beləcə çinarla və bu çinarın başqa çinarlardan fərqi nədir 

ki, mən beləcə həyəcanlanıram, beləcə qışqırıram? 

Ona görə ki, həmin çinar mənim çinarımdır. 

Yox, o çinarı  mən  əkməmişəm, cəmi dördüncü dəfə idi o çinarı görürdüm, 

amma o çinar mənim çinarım idi. 

Istəklilər yalnız adamlar arasında olmur, hərənin təbiətdə də bir istəklisi var və 

bəlkə bundan adamların özünün də xəbəri yoxdu: biri dumanı sevir, o biri yağışı, bir 

başqası meşəni, ya qıpqırmızı çiçəkləmiş nar ağacını, yaxud da ki, qıjıldaya-

qıjıldaya yarğanın dibi ilə axan dağ çayını, mən dedim ki, bəlkə heç adamın özünün 

də bundan xəbəri olmur, yəni onu demək istəyirəm ki, misal üçün, qar yağır və sən 

heç özün də bilmirsən ki, bu qar sənin təbiətdə istəklindir. Amma hər tərəf ağappaq 

ağarır və sən özün də o ağlıq içində tərtəmiz təmizlənirsən, qar yağır və sən qarın 

altında dayanıb hər tərəfi bürümüş həmin ağlığa, ləkəsizliyə baxırsan və o qar yağan 

müddətdə dünyada səndən təmiz, səndən pak adam olmur, amma qardan əvvəl belə 

deyildi və qardan sonra da belə olmayacaqdı. 

Atamla, anamla, bacılarımla birlikdə o balaca həyətdən köçüb Bakıya gələndə 

müharibə qurtarmışdı və mən lap balaca idim. Sonra illər keçdi, mənim balacalığım, 

uşaqlığım məni qəhərləndirən bir uzaqlıqda, həm də əbədi uzaqlıqda qaldı və mən o 

balaca həyətdə qoyub gəldiyimiz evimizi də, o balaca həyətin quruluşunu da, yan-

yörəsini də tamam yadımdan çıxardım, təkcə boy-buxunu ilə o balaca həyətimiz və 

ümumiyyətlə, bütün dünyaya meydan oxuyan çinar ağacını yadımdan çıxarmadım 

və həmin çinar ağacı həmişəlik mənimlə qaldı. 

Bütün adamların ağzı var, əlləri-ayaqları var, bütün çinarların da gövdəsi, 

budaqları, yarpaqları var. Amma çinarlar da bir-birinin eyni deyil, çinarlar da 

adamlar kimidir. Bir-birindən fərqlənir və onların da arasında həmişəlik keçmişdə 

qalmış tanışına, dostuna, əzizinə oxşayanını görəndə  həyəcanlanır, hisslər səni 

götürüb aparır, nə qədər edirsən də özünü ələ ala bilmirsən. 

Bəlkə özünü ələ almaq istəmirsən? 

Dolaylar bir-birini əvəz edirdi, amma mənə elə gəlirdi ki, biz çinara yox, çinar 

bizə yaxınlaşır və o çinar bizə yaxınlaşdıqca həmin Don Kixot uzunluğu daha da 

böyüyürdü, budaqlar, sonra da yarpaqlar tək-tək seçilməyə başlayırdı və mən keçən 

il olduğu kimi, ondan əvvəlki illər olduğu kimi yenə o çinarın yarpaqlarının səsini 

eşidirdim;  əlbəttə, mən başa düşürdüm ki, bu ola bilməz, bu uzaqlıqda, yayın bu 

küləksizliyində maşının içində, özü də maşın gedə-gedə, özü də Vüqarın səsinə güc 

verdiyi maqnitofonda Demis Russos, ya da bir başqası oxuya-oxuya çinarın 

yarpaqlarının səsini eşitmək mümkün deyil, amma bunu başa düşsəm də, çinarın 

səsini eşidirdim və  hətta hiss edirdim ki, o adi yarpaq səsi deyil, bu çinar səsində 

adam kimi danışmaq vəhyi var və bu hiss yenə də məni qorxudurdu, ürküdürdü və 

mən yenə  də geri dönmək istəyirdim, uzaqbaşı, maşını saxlayıb buralardan qaçıb 

getmək istəyirdim, amma dolaylar bir-birini əvəz edirdi, Demis Russos, ya bir 

başqası oxuyurdu, o çinar sürətlə bizə tərəf gəlirdi və mən daha çinar yarpaqlarının 

adicə səsini yox, dediyi sözləri eşidirdim. 



 

193


Həmin qorxu, ürkü mənim bütün içimi bürüdü və hətta bir göz qırpımlıq çaxan 

şimşək kimi, belə bir ehtiras beynimi yedi ki, qabaqdan gələn döngəni dönməyim, 

maşın düz getsin, maşın uçuruma getsin və ürəyimdə də belə bir dəli ümid oyandı ki, 

qorxma, uşaqlara heç nə olmaz, nə olacaqsa, təkcə sənə olacaq, qorxma, dönmə bu 

döngəni, amma döngəni döndüm, çünki o qorxu ilə, ürkü ilə bir yerdə  mənim 

ürəyimdə gizli bir əmin-amanlıq duyğusu da var idi və  əmin-amanlıq duyğusu 

deyirdi ki, o çinardan qorxma, o çinarın xislətində yumşaqlıq var, mülayimlik var, 

çünki mərhəmətlidir və o çinar adamın ətini yesə də, sümüyünü tullamaz və elə bil 

ki, o mülayimlik, o yumşaqlıq mənim bədənimə toxundu və o mülayimlikdən, 

yumşaqlıqdan bir həzinlik də hiss etdim – mənim bütün bədənim, ürəyim, beynim 

bir mərhəmət həsrətində idi. 

Mən bilirdim ki, çinar bizə çatan kimi maşına minəcək, amma o hündürlükdə, o 

cür qollu-budaqlı ağac bu «QAZ-24»ə necə sığışacaqdı? 

Mənim ürəyimdə gizli, ağlasığmaz bir istək də var idi və  mən bunu bilirdim: 

mən istəyirdim ki, o çinar maşına minsin, amma bu dəm mənim ürəyimdə aşkar bir 

ümid yarandı: mən ümid edirdim ki, o çinar maşına sığışmayacaq, minə bilməyəcək 

maşına və mənim yanımda oturub mənə baxmayacaq. 

Doğrudan da, o, maşına necə  sığışacaqdı, axı, illər keçirdi və çinar daha da 

böyüyürdü, daha da qollu-budaqlı olurdu, amma o maşını saxlayanda və yaşıl 

yarpaqlı budaqları ilə qabaq qapını açıb mənim yanımda oturanda tamam matım 

qurudu: o boyda ağac yenə də maşının içinə rahat sığışdı, düzdü, yarpaqlar, budaqlar 

maşının bütün içini tutdu, amma, hər halda, sınmadı, qırılmadı, qopmadı və özü ilə 

həmin yay səhəri maşının içinə bir sərinlik gətirdi, maşının içində yüngülcə bir meh 

əsməyə başladı  və yaxşı ki, bu meh əsməyə başladı, yoxsa mən bu dəfə 

boğulacaqdım. 

«Bu nə musiqidi belə?» – onun səsi həm cavan idi, həm qoca idi və mən deyə 

bilməzdim ki, o qışqırırdı, yoxsa pıçıldayırdı.  

«Nə bilim?.. Vüqarın xoşuna gəlir.» 

«Nədən qorxacağam?» və  həmin an mən onun şəffaf gözlərindəki (yaxud 

gözündəki) təbəssümü gördüm və  həmin təbəssüm get-gedə onun cod gövdəsinə, 

bütün yarpaqlarına, budaqlarına yayıldı və mən gözümü yoldan çəkib diqqətlə ona 

baxdıqca, əvvəlcə ən çox həmin istehzanı hiss etdim, sonra yavaş-yavaş bir neçə qat 

altından sezilən tənəni (ya nifrəti) gördüm və həmin istehzadan da, mülayimlikdən 

də fərqli olaraq o tənə (ya da nifrət) şəffaf bir şirə kimi idi və həmin şəffaf şirə elə 

bil ki, hərdənbir mənə yapışırdı, əlimə batırdı, sifətimə batırdı. 

«Axı, nə üçün, niyə?» 

O bütün yarpaqları ilə, budaqları ilə, gövdəsi ilə gülümsədi. 



 

194


«Başqaları məndən yaxşıdır guya?» – və düzdü, bu sözləri dedim, amma o saat 

burasını da başa düşdüm ki, mənasız sözlər dedim, çünki bu dəm bizim bu 

söhbətlərimizin dünyada heç kimə  dəxli yox idi, çünki bu dəm dünyada, 

ümumiyyətlə, heç kim yox idi, təkcə mən idim, bir də ki, o idi və bir də ki, onun 

şəffaf təbəssümü idi; düzdü, mən indicə dediyim sözlərin mənasızlığını başa 

düşdüm, amma həmin anda da içimdən bir ehtiras baş qaldırdı, onun yarpaqları ilə, 

budaqları ilə, gövdəsiylə beləcə gülümsəməyi məndə dəli bir intiqam hissi oyatdı və 

mən istədim düz onun gözünün (ya gözlərinin) içinə baxa-baxa qışqırım ki, hə, 

rüşvət alıram mən, hə, imzasız məktub yazıram mən, hə, məşuqələr saxlayıram mən, 

hə, hə, hər  şey eləyirəm mən, amma heç nədən də qorxmuram, bax, bu saat düz 

gedəcəyəm, bax, bu döngəni dönməyəcəyəm və  sən də  mənimlə birgə o uçuruma 

yuvarlanacaqsan, amma mən qışqıra bilmədim, heç nə deyə bilmədim, çünki birdən-

birə özümü uçurumdan yuvarlanan maşının içində hiss etdim və  mənim bütün 

bədənimi soyuq tər bürüdü.  

O yenə də bütün yarpaqları ilə, budaqları ilə, gövdəsilə gülümsədi. 

Ağsu dolayları daha qurtardı və düz magistral yol həmin yay səhəri uzandıqca 

uzanırdı. 

«Mən səni çox istəyirəm, yarpaqlarını da, budaqlarını da, qartımış gövdəni də 

çox istəyirəm. Istəyirsən öldür məni... Dola budaqlarını boynuma, qabırğalarıma, 

sıx, öldür məni, kim biləcək ki, sənin işindi bu, kimin ağlına gələcək?..» 

«Bədbəxt adamsan...» 

«Hə...» 


«Amma keçən il belə demirdin, soruşurdun ki, niyə?» 

«Keçən ildən on iki ay ötüb. On iki ay üç yüz altmış beş gündü. Üç yüz altmış 

beş günün üç yüz altmış beş də gecəsi var...» 

«Hesabı yaxşı bilirsən, pul saymaqdandı. Nə qədərin var indi?»  

«Nə bilim? Day saymıram. Atıram bir tərəfə, elə-eləcə qalır...» Və mən özümlə 

heç nə eləyə bilmədim, mənim ürəyim çırpınmağa başladı, uşaqlıqda dərsi 

bilməyəndə  və gözləyəndə ki, müəllim indicə  məndən soruşacaq – belə  çırpınardı 

ürəyim; mənim ürəyim çırpınmağa başladı ki, o bütün yarpaqları, budaqları, qoca, 

cod gövdəsi ilə soruşacaq: neçəsi halaldı, neçəsi haram? – və bu söhbət də qarşıdakı 

bu magistral yol kimi uzanacaq, mən özüm ucundan tutub ucuzluğuna gedəcəyəm və 

mən qorxdum ki, birdən onun özü ilə birlikdə maşının içinə gətirdiyi bu yüngül meh 

dayanar və mən ölməkdən yox, həmin havasızlıqdan dəhşətə gəldim, amma o başqa 

söz soruşdu: 

«Gülər də saymır?». 

« O da bezib, saymır daha...» – və bu dəfə  yəqin ki, mənim də sifətimdə bir 

istehza var idi, amma mənim bu istehzam da mənim özümə aid idi və düzdü, mən 

güzgüyə baxa bilmirdim, amma bilirdim ki, belədir ki, var. 

«Ver uşaqlar saysın.» 

«Onlarda işin olmasın.» 

«Niyə?» 


«Sən belə şeyləri başa düşməzsən. Insan deyilsən, axı. Bəlkə heç insan olsaydın 

da başa düşməzdin, çünki insanların da arasında insanı başa düşən, ancaq həmin 

insanın özüdü, başqası deyil...» 



 

195


Bu dəfə onun yarpaqlarında da, budaqlarında da, qoca, cod gövdəsində də açıq-

aşkar bir nifrət var idi və mən onu sancmaq istədim, istədim soruşum ki, bu qədər 

nifrətin ünvanı  tək mənəm, yoxsa Yer üzünün bütün insanlarıdı? – amma 

soruşmadım, çünki bu nifrət mənim ürəyimin cızdağını  çıxarırdı, çünki o çinarı, 

həqiqətən, sevirdim, onun yarpaqlarını, budaqlarını, qoca və cod gövdəsini 

ürəyimdən gələn bir məhəbbətlə sevirdim. 

«Mən ki, səni bu qədər istəyirəm, deməli, mən tamam pis adam ola bilmərəm. 

Deməli, mənim içimdə  də  nəsə yaxşı bir şey var. Bilirəm, sənin məndən zəhlən 

gedir, sən məndən iyrənirsən, yenə  də öz həmişəki yerinə qayıtmaq istəyirsən

darıxırsan bu maşının içində, azad olmursan burda, sığışmırsan bu maşına, amma 

niyə başa düşmürsən ki, mən də  sığışmıram bu maşına, mənim də hisslərim var, 

mənim də duyğularım var, qanmaz deyiləm mən və ümumiyyətlə, qanmaz insan 

yoxdur. Sənin məndən zəhlən gedir, amma Vüqar məni istəyir, Sevil məni istəyir, 

Solmaz məni istəyir, mən onlara lazımam, gərəyəm və əgər onlar məni istəyirlərsə, 

mən onlara lazımam, gərəyəmsə, deməli, məndə də nəsə var...» 

«Onda, bəs, nə istəyirsən? Bir halda ki, hər şey belə gözəldir, onda məndən niyə 

əl çəkmirsən? Mən insan deyiləm, bəlkə ona görə bir şey başa düşmürəm?..» 

«Ya da ki, heç nə yoxdu məndə?» 

«Üç yüz altmış beş günün üç yüz altmış beş gecəsi var, düz deyirsən, bəs, o üç 

yüz altmış beş gecənin neçəsini rahat yata bilirsən?» 

«Heç birini... Gündüz adamın başını qatır, gündüz adam hər  şeyi yadından 

çıxarır, yaxşılıq eləyir, pislik eləyir, dərd gecənin dərdidi. Heç nədən qorxmuram 

mən, nə tutulmaqdan qorxuram, nə biabırçılıqdan qorxuram, təkcə gecədən 

qorxuram... Qurtar məni gecədən, qurtar məni gecələr özüm özümlə tək qalmaqdan, 

qurtar... Axı, mən bu qədər səni istəyirəmsə, deməli, nəsə yaxşı bir şey var məndə, 

qurtar məni gecələrdən, bir yol göstər mənə...» 

«Yol? Budey, yol. Birbaş Tiflisə aparacaq səni. Dostlar gözləyir orda, əla 

keçəcək orda sizinçün. Sonra Qara dəniz, sonra ...» 

«Axı, sən gərək belə cəllad olmayasan...» və bilmirəm nə üçün birdən-birə uşaq 

vaxtı  eşitdiyim bir rəvayət (bəlkə  rəvayət deyildi, doğrudan da, olmuşdu?) mənim 

yadıma düşdü: o vaxt ki, Yer üzünü su basdı  və o vaxt ki, Nuhun gəmisi üzməyə 

başladı, bir nəfər suda çapalaya-çapalaya qışqırdı: « – Ya peyğəmbər, kəndir at, 

məni də gəminə qaldır. Yadına gəlirmi, bir zaman sənin çörək bişirmək üçün unun 

yox idi, ac qalmışdın, mən sənə çuval-çuval un verdim». Nuh özünü eşitməməzliyə 

vurdu, dünyanı su basmış o məqamda belə fikirləşdi ki, bu adamı sudan çıxararam, 

xilas edərəm, sonra mənə verdiyi unu geri istəyər...  

Bu rəvayət hardan gəlib mənim yadıma düşdü? 

Bu yol, yox, Bakı – Tbilisi yolu deyildi, bu yol əslində mənim həyatımın yolu 

idi və mən anadan olduğum gündən bu yolun yolçusu idim, gedirdim, gedirdim və 

gedirdim; hamının əvvəli ilə axırı birdir, amma əvvəldən axıra aparan bu yollar bir-

birinin eyni deyil, daha doğrusu, hamı bir yolla, bir magistralla gedir, amma o yol, o 

magistral hərənin öz yoludur, öz magistralıdır, hərənin öz gecəsinin, öz 

təkbətəkliyinin yoludur. 

Suda çapalayan o adam gərək peyğəmbəri aldadaydı, gərək Nuha deyəydi ki, 

mən sənə yox, sən mənə çuval-çuval un vermişdin, onda yəqin Nuh həmin adamı 

dartıb sudan çıxarardı, çünki yəqin Nuh fikirləşərdi ki, qoy bu adamı xilas edim, 

mənim çörək borcumu qaytarsın. 



 

196


Amma bu yaşıl yarpaqlar, bu budaqlar, bu qoca və cod gövdə Nuh peyğəmbər 

deyildi, çinar ağacı idi və çinar ağacları uzaqdan Don Kixota oxşayırdı. 

«Bəlkə sən mənə inanmırsan? Bəlkə elə bilirsən ki, mən sənə də yalan deyirəm? 

Inan, inan mənə... Mən səni çox istəyirəm, sənin yarpaqlarını da çox istəyirəm, 

budaqlarını da, qartımış gövdəni də. Düz deyirsən, mən Güləri də aldadıram, düz 

deyirsən, dostları da aldadıram, özümü də aldadıram, amma sənə düz deyirəm, çox 

istəyirəm səni, inan mənə, inan...» 

 – A-a-a! .. Nolub sənə! Noldu belə?! Niyə ağlayırsan?  

Gülərin səsi idi və Gülər qorxu və heyrətlə maşının güzgüsündən mənə baxırdı. 

Vüqar da, Sevil də, Solmaz da təəccüblə mənə baxırdı.  

Mən də maşının güzgüsündən özümə baxdım və qızarmış yaş gözlərimi tələsik 

sildim, burnumu çəkdim və bir balaca toxtadım. 

Sonra uşaqların üzünə gülümsədim. 

Demis Russos, ya da kimsə başqası – mən onları bir-birindən seçmirdim – 

oxuyurdu və Vüqar da gözlərini məndən çəkib maqnitofonuna qapandı.  

Gülər  əvvəlcə çox narahat idi, sonra yavaş-yavaş sakitləşdi və mürgüləməyə 

başladı. 

Qızlar o yay səhəri o yol boyu ötüb-gedən gül-çiçəyə, dağlara, yamaclara 

baxırdı. 

O yaşıl çinar çoxdan arxada qalmışdı və görünmürdü. 

Məni qəhərləndirən uzaqlıqda, həm də əbədi uzaqlıqda qalmış – çinar isə yenə 

də mənim ürəyimdə idi... 

 


Yüklə 2,94 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin