Aprel, 1983.
191
HÖNKÜRTÜ
Olub keçənləri bir-bir çəkərsən
Sakit yaddaşının məhkəməsinə...
Şekspir, 30-cu sonetdən.
Çinarın gözü görünmür, çinarın gözü şəffafdır, çünki əslində çinar bütün
gövdəsiylə, budaqlarıyla, yarpaqlarıyla görür və çinarın gözlərinin təbəssümü də
yarpaqlarına, budaqlarına, gövdəsinə yayılır və mən o təbəssümü bircə yarpaqda da,
nazik uzun budaqlarda da, o hündür gövdədə eyni cür görürdüm, o təbəssümdə eyni
hərarət, eyni gizli istehza və eyni gizli tənə (bəlkə nifrət?) hiss edirdim, amma həmin
tənə (ya nifrət) gizlindən çıxanda, açıq-aşkar bilinəndə yarpaqlardan da, budaqlardan
da çox gövdədə duyulurdu, çünki yarpaqlar incə idi, budaqlar zərif idi, gövdə isə
bərk idi, cod idi, illər dalınca illər yola salmışdı və tənənin (ya da nifrətin) ağırlığı,
tənənin çəkisi o bərklikdə, codluqda, qocalıqda adamı boğurdu, adamı sıxıb qolunu,
qabırğasını sındırırdı.
Indi qışdı və indi yəqin o çinar tamam çılpaqdır, üşüyür və çinar beləcə çılpaq
olanda, saç kimi nazik və uzun barmaqları soyuq qış axşamında üşüyəndə, uzaqdan
Məcnuna oxşayır.
Onda yaz təzəcə qurtarmışdı, yay idi və onda uzaqdan baxanda hündür, şumal
çinar Don Kixota oxşayırdı.
Onda yay idi və biz sübh tezdən Bakıdan çıxıb, sonra Şamaxıdan keçib, Ağsu
dolaylarını enə-enə Tbilisiyə tərəf üz tutmuşduq, bir-iki gün Tbilisidə qalacaqdıq,
sonra mehmanxanalarda qala-qala Qara dənizin sahilindən ötüb Şimali Qafqaza
gedəcəkdik, sonra da Rostov – Bakı magistralı ilə evə qayıdacaqdıq; həmişəki kimi
bir aylıq yay səyahətinə çıxmışdıq, mənim məzuniyyətim idi, uşaqların da kefinin
kök çağları və bütün bu səyahətdə mənə ən çox ləzzət eləyən Vüqarın, Sevilin və
Solmazın sevinməsi idi, qayğısızlığı idi və əslində elə Gülərə ən çox ləzzət eləyən
bu idi.
Gülər mənim arvadım idi, Vüqar oğlumuz, Sevillə Solmaz da qızlarımız və
dördüncü il idi ki, beləcə səyahətə çıxırdıq, Ağsu dolaylarından beləcə ötüb-
gedirdik.
Onda yay idi və mən həmin isti yay səhəri «QAZ 24»ü sürə-sürə növbəti dolayı
burulan kimi çinarı gördüm və özümü saxlaya bilməyib qışqırdım:
– Ode, həmin çinar!...
Vüqar soruşdu:
– Hansı çinar?
Sevil soruşdu:
– Nə çinar?
Solmaz dedi:
– Nə olsun, çinar?..
Gülər təəccüblə maşının güzgüsündən mənə baxdı və mən nə həmin yay səhəri,
nə də indi, bu qədər vaxtdan sonra başa düşmədim və başa düşə bilmirəm ki, niyə
qıpqırmızı qızardım; elə bil ki, uşaqlar məni lüt gördü və yaxud elə bil ki, camaatın
gözü qabağında axmaq bir iş görürəm və xəbərim yoxdu ki, camaat mənə baxır,
birdən xəbər tuturam.
192
Hansı çinar? nə çinar? nə olsun, çinar? və doğrudan da, hə, nə olsun, çinar?
Bakının həyətləri doludu beləcə çinarla və bu çinarın başqa çinarlardan fərqi nədir
ki, mən beləcə həyəcanlanıram, beləcə qışqırıram?
Ona görə ki, həmin çinar mənim çinarımdır.
Yox, o çinarı mən əkməmişəm, cəmi dördüncü dəfə idi o çinarı görürdüm,
amma o çinar mənim çinarım idi.
Istəklilər yalnız adamlar arasında olmur, hərənin təbiətdə də bir istəklisi var və
bəlkə bundan adamların özünün də xəbəri yoxdu: biri dumanı sevir, o biri yağışı, bir
başqası meşəni, ya qıpqırmızı çiçəkləmiş nar ağacını, yaxud da ki, qıjıldaya-
qıjıldaya yarğanın dibi ilə axan dağ çayını, mən dedim ki, bəlkə heç adamın özünün
də bundan xəbəri olmur, yəni onu demək istəyirəm ki, misal üçün, qar yağır və sən
heç özün də bilmirsən ki, bu qar sənin təbiətdə istəklindir. Amma hər tərəf ağappaq
ağarır və sən özün də o ağlıq içində tərtəmiz təmizlənirsən, qar yağır və sən qarın
altında dayanıb hər tərəfi bürümüş həmin ağlığa, ləkəsizliyə baxırsan və o qar yağan
müddətdə dünyada səndən təmiz, səndən pak adam olmur, amma qardan əvvəl belə
deyildi və qardan sonra da belə olmayacaqdı.
Atamla, anamla, bacılarımla birlikdə o balaca həyətdən köçüb Bakıya gələndə
müharibə qurtarmışdı və mən lap balaca idim. Sonra illər keçdi, mənim balacalığım,
uşaqlığım məni qəhərləndirən bir uzaqlıqda, həm də əbədi uzaqlıqda qaldı və mən o
balaca həyətdə qoyub gəldiyimiz evimizi də, o balaca həyətin quruluşunu da, yan-
yörəsini də tamam yadımdan çıxardım, təkcə boy-buxunu ilə o balaca həyətimiz və
ümumiyyətlə, bütün dünyaya meydan oxuyan çinar ağacını yadımdan çıxarmadım
və həmin çinar ağacı həmişəlik mənimlə qaldı.
Bütün adamların ağzı var, əlləri-ayaqları var, bütün çinarların da gövdəsi,
budaqları, yarpaqları var. Amma çinarlar da bir-birinin eyni deyil, çinarlar da
adamlar kimidir. Bir-birindən fərqlənir və onların da arasında həmişəlik keçmişdə
qalmış tanışına, dostuna, əzizinə oxşayanını görəndə həyəcanlanır, hisslər səni
götürüb aparır, nə qədər edirsən də özünü ələ ala bilmirsən.
Bəlkə özünü ələ almaq istəmirsən?
Dolaylar bir-birini əvəz edirdi, amma mənə elə gəlirdi ki, biz çinara yox, çinar
bizə yaxınlaşır və o çinar bizə yaxınlaşdıqca həmin Don Kixot uzunluğu daha da
böyüyürdü, budaqlar, sonra da yarpaqlar tək-tək seçilməyə başlayırdı və mən keçən
il olduğu kimi, ondan əvvəlki illər olduğu kimi yenə o çinarın yarpaqlarının səsini
eşidirdim; əlbəttə, mən başa düşürdüm ki, bu ola bilməz, bu uzaqlıqda, yayın bu
küləksizliyində maşının içində, özü də maşın gedə-gedə, özü də Vüqarın səsinə güc
verdiyi maqnitofonda Demis Russos, ya da bir başqası oxuya-oxuya çinarın
yarpaqlarının səsini eşitmək mümkün deyil, amma bunu başa düşsəm də, çinarın
səsini eşidirdim və hətta hiss edirdim ki, o adi yarpaq səsi deyil, bu çinar səsində
adam kimi danışmaq vəhyi var və bu hiss yenə də məni qorxudurdu, ürküdürdü və
mən yenə də geri dönmək istəyirdim, uzaqbaşı, maşını saxlayıb buralardan qaçıb
getmək istəyirdim, amma dolaylar bir-birini əvəz edirdi, Demis Russos, ya bir
başqası oxuyurdu, o çinar sürətlə bizə tərəf gəlirdi və mən daha çinar yarpaqlarının
adicə səsini yox, dediyi sözləri eşidirdim.
193
Həmin qorxu, ürkü mənim bütün içimi bürüdü və hətta bir göz qırpımlıq çaxan
şimşək kimi, belə bir ehtiras beynimi yedi ki, qabaqdan gələn döngəni dönməyim,
maşın düz getsin, maşın uçuruma getsin və ürəyimdə də belə bir dəli ümid oyandı ki,
qorxma, uşaqlara heç nə olmaz, nə olacaqsa, təkcə sənə olacaq, qorxma, dönmə bu
döngəni, amma döngəni döndüm, çünki o qorxu ilə, ürkü ilə bir yerdə mənim
ürəyimdə gizli bir əmin-amanlıq duyğusu da var idi və əmin-amanlıq duyğusu
deyirdi ki, o çinardan qorxma, o çinarın xislətində yumşaqlıq var, mülayimlik var,
çünki mərhəmətlidir və o çinar adamın ətini yesə də, sümüyünü tullamaz və elə bil
ki, o mülayimlik, o yumşaqlıq mənim bədənimə toxundu və o mülayimlikdən,
yumşaqlıqdan bir həzinlik də hiss etdim – mənim bütün bədənim, ürəyim, beynim
bir mərhəmət həsrətində idi.
Mən bilirdim ki, çinar bizə çatan kimi maşına minəcək, amma o hündürlükdə, o
cür qollu-budaqlı ağac bu «QAZ-24»ə necə sığışacaqdı?
Mənim ürəyimdə gizli, ağlasığmaz bir istək də var idi və mən bunu bilirdim:
mən istəyirdim ki, o çinar maşına minsin, amma bu dəm mənim ürəyimdə aşkar bir
ümid yarandı: mən ümid edirdim ki, o çinar maşına sığışmayacaq, minə bilməyəcək
maşına və mənim yanımda oturub mənə baxmayacaq.
Doğrudan da, o, maşına necə sığışacaqdı, axı, illər keçirdi və çinar daha da
böyüyürdü, daha da qollu-budaqlı olurdu, amma o maşını saxlayanda və yaşıl
yarpaqlı budaqları ilə qabaq qapını açıb mənim yanımda oturanda tamam matım
qurudu: o boyda ağac yenə də maşının içinə rahat sığışdı, düzdü, yarpaqlar, budaqlar
maşının bütün içini tutdu, amma, hər halda, sınmadı, qırılmadı, qopmadı və özü ilə
həmin yay səhəri maşının içinə bir sərinlik gətirdi, maşının içində yüngülcə bir meh
əsməyə başladı və yaxşı ki, bu meh əsməyə başladı, yoxsa mən bu dəfə
boğulacaqdım.
«Bu nə musiqidi belə?» – onun səsi həm cavan idi, həm qoca idi və mən deyə
bilməzdim ki, o qışqırırdı, yoxsa pıçıldayırdı.
«Nə bilim?.. Vüqarın xoşuna gəlir.»
«Nədən qorxacağam?» və həmin an mən onun şəffaf gözlərindəki (yaxud
gözündəki) təbəssümü gördüm və həmin təbəssüm get-gedə onun cod gövdəsinə,
bütün yarpaqlarına, budaqlarına yayıldı və mən gözümü yoldan çəkib diqqətlə ona
baxdıqca, əvvəlcə ən çox həmin istehzanı hiss etdim, sonra yavaş-yavaş bir neçə qat
altından sezilən tənəni (ya nifrəti) gördüm və həmin istehzadan da, mülayimlikdən
də fərqli olaraq o tənə (ya da nifrət) şəffaf bir şirə kimi idi və həmin şəffaf şirə elə
bil ki, hərdənbir mənə yapışırdı, əlimə batırdı, sifətimə batırdı.
«Axı, nə üçün, niyə?»
O bütün yarpaqları ilə, budaqları ilə, gövdəsi ilə gülümsədi.
194
«Başqaları məndən yaxşıdır guya?» – və düzdü, bu sözləri dedim, amma o saat
burasını da başa düşdüm ki, mənasız sözlər dedim, çünki bu dəm bizim bu
söhbətlərimizin dünyada heç kimə dəxli yox idi, çünki bu dəm dünyada,
ümumiyyətlə, heç kim yox idi, təkcə mən idim, bir də ki, o idi və bir də ki, onun
şəffaf təbəssümü idi; düzdü, mən indicə dediyim sözlərin mənasızlığını başa
düşdüm, amma həmin anda da içimdən bir ehtiras baş qaldırdı, onun yarpaqları ilə,
budaqları ilə, gövdəsiylə beləcə gülümsəməyi məndə dəli bir intiqam hissi oyatdı və
mən istədim düz onun gözünün (ya gözlərinin) içinə baxa-baxa qışqırım ki, hə,
rüşvət alıram mən, hə, imzasız məktub yazıram mən, hə, məşuqələr saxlayıram mən,
hə, hə, hər şey eləyirəm mən, amma heç nədən də qorxmuram, bax, bu saat düz
gedəcəyəm, bax, bu döngəni dönməyəcəyəm və sən də mənimlə birgə o uçuruma
yuvarlanacaqsan, amma mən qışqıra bilmədim, heç nə deyə bilmədim, çünki birdən-
birə özümü uçurumdan yuvarlanan maşının içində hiss etdim və mənim bütün
bədənimi soyuq tər bürüdü.
O yenə də bütün yarpaqları ilə, budaqları ilə, gövdəsilə gülümsədi.
Ağsu dolayları daha qurtardı və düz magistral yol həmin yay səhəri uzandıqca
uzanırdı.
«Mən səni çox istəyirəm, yarpaqlarını da, budaqlarını da, qartımış gövdəni də
çox istəyirəm. Istəyirsən öldür məni... Dola budaqlarını boynuma, qabırğalarıma,
sıx, öldür məni, kim biləcək ki, sənin işindi bu, kimin ağlına gələcək?..»
«Bədbəxt adamsan...»
«Hə...»
«Amma keçən il belə demirdin, soruşurdun ki, niyə?»
«Keçən ildən on iki ay ötüb. On iki ay üç yüz altmış beş gündü. Üç yüz altmış
beş günün üç yüz altmış beş də gecəsi var...»
«Hesabı yaxşı bilirsən, pul saymaqdandı. Nə qədərin var indi?»
«Nə bilim? Day saymıram. Atıram bir tərəfə, elə-eləcə qalır...» Və mən özümlə
heç nə eləyə bilmədim, mənim ürəyim çırpınmağa başladı, uşaqlıqda dərsi
bilməyəndə və gözləyəndə ki, müəllim indicə məndən soruşacaq – belə çırpınardı
ürəyim; mənim ürəyim çırpınmağa başladı ki, o bütün yarpaqları, budaqları, qoca,
cod gövdəsi ilə soruşacaq: neçəsi halaldı, neçəsi haram? – və bu söhbət də qarşıdakı
bu magistral yol kimi uzanacaq, mən özüm ucundan tutub ucuzluğuna gedəcəyəm və
mən qorxdum ki, birdən onun özü ilə birlikdə maşının içinə gətirdiyi bu yüngül meh
dayanar və mən ölməkdən yox, həmin havasızlıqdan dəhşətə gəldim, amma o başqa
söz soruşdu:
«Gülər də saymır?».
« O da bezib, saymır daha...» – və bu dəfə yəqin ki, mənim də sifətimdə bir
istehza var idi, amma mənim bu istehzam da mənim özümə aid idi və düzdü, mən
güzgüyə baxa bilmirdim, amma bilirdim ki, belədir ki, var.
«Ver uşaqlar saysın.»
«Onlarda işin olmasın.»
«Niyə?»
«Sən belə şeyləri başa düşməzsən. Insan deyilsən, axı. Bəlkə heç insan olsaydın
da başa düşməzdin, çünki insanların da arasında insanı başa düşən, ancaq həmin
insanın özüdü, başqası deyil...»
195
Bu dəfə onun yarpaqlarında da, budaqlarında da, qoca, cod gövdəsində də açıq-
aşkar bir nifrət var idi və mən onu sancmaq istədim, istədim soruşum ki, bu qədər
nifrətin ünvanı tək mənəm, yoxsa Yer üzünün bütün insanlarıdı? – amma
soruşmadım, çünki bu nifrət mənim ürəyimin cızdağını çıxarırdı, çünki o çinarı,
həqiqətən, sevirdim, onun yarpaqlarını, budaqlarını, qoca və cod gövdəsini
ürəyimdən gələn bir məhəbbətlə sevirdim.
«Mən ki, səni bu qədər istəyirəm, deməli, mən tamam pis adam ola bilmərəm.
Deməli, mənim içimdə də nəsə yaxşı bir şey var. Bilirəm, sənin məndən zəhlən
gedir, sən məndən iyrənirsən, yenə də öz həmişəki yerinə qayıtmaq istəyirsən,
darıxırsan bu maşının içində, azad olmursan burda, sığışmırsan bu maşına, amma
niyə başa düşmürsən ki, mən də sığışmıram bu maşına, mənim də hisslərim var,
mənim də duyğularım var, qanmaz deyiləm mən və ümumiyyətlə, qanmaz insan
yoxdur. Sənin məndən zəhlən gedir, amma Vüqar məni istəyir, Sevil məni istəyir,
Solmaz məni istəyir, mən onlara lazımam, gərəyəm və əgər onlar məni istəyirlərsə,
mən onlara lazımam, gərəyəmsə, deməli, məndə də nəsə var...»
«Onda, bəs, nə istəyirsən? Bir halda ki, hər şey belə gözəldir, onda məndən niyə
əl çəkmirsən? Mən insan deyiləm, bəlkə ona görə bir şey başa düşmürəm?..»
«Ya da ki, heç nə yoxdu məndə?»
«Üç yüz altmış beş günün üç yüz altmış beş gecəsi var, düz deyirsən, bəs, o üç
yüz altmış beş gecənin neçəsini rahat yata bilirsən?»
«Heç birini... Gündüz adamın başını qatır, gündüz adam hər şeyi yadından
çıxarır, yaxşılıq eləyir, pislik eləyir, dərd gecənin dərdidi. Heç nədən qorxmuram
mən, nə tutulmaqdan qorxuram, nə biabırçılıqdan qorxuram, təkcə gecədən
qorxuram... Qurtar məni gecədən, qurtar məni gecələr özüm özümlə tək qalmaqdan,
qurtar... Axı, mən bu qədər səni istəyirəmsə, deməli, nəsə yaxşı bir şey var məndə,
qurtar məni gecələrdən, bir yol göstər mənə...»
«Yol? Budey, yol. Birbaş Tiflisə aparacaq səni. Dostlar gözləyir orda, əla
keçəcək orda sizinçün. Sonra Qara dəniz, sonra ...»
«Axı, sən gərək belə cəllad olmayasan...» və bilmirəm nə üçün birdən-birə uşaq
vaxtı eşitdiyim bir rəvayət (bəlkə rəvayət deyildi, doğrudan da, olmuşdu?) mənim
yadıma düşdü: o vaxt ki, Yer üzünü su basdı və o vaxt ki, Nuhun gəmisi üzməyə
başladı, bir nəfər suda çapalaya-çapalaya qışqırdı: « – Ya peyğəmbər, kəndir at,
məni də gəminə qaldır. Yadına gəlirmi, bir zaman sənin çörək bişirmək üçün unun
yox idi, ac qalmışdın, mən sənə çuval-çuval un verdim». Nuh özünü eşitməməzliyə
vurdu, dünyanı su basmış o məqamda belə fikirləşdi ki, bu adamı sudan çıxararam,
xilas edərəm, sonra mənə verdiyi unu geri istəyər...
Bu rəvayət hardan gəlib mənim yadıma düşdü?
Bu yol, yox, Bakı – Tbilisi yolu deyildi, bu yol əslində mənim həyatımın yolu
idi və mən anadan olduğum gündən bu yolun yolçusu idim, gedirdim, gedirdim və
gedirdim; hamının əvvəli ilə axırı birdir, amma əvvəldən axıra aparan bu yollar bir-
birinin eyni deyil, daha doğrusu, hamı bir yolla, bir magistralla gedir, amma o yol, o
magistral hərənin öz yoludur, öz magistralıdır, hərənin öz gecəsinin, öz
təkbətəkliyinin yoludur.
Suda çapalayan o adam gərək peyğəmbəri aldadaydı, gərək Nuha deyəydi ki,
mən sənə yox, sən mənə çuval-çuval un vermişdin, onda yəqin Nuh həmin adamı
dartıb sudan çıxarardı, çünki yəqin Nuh fikirləşərdi ki, qoy bu adamı xilas edim,
mənim çörək borcumu qaytarsın.
196
Amma bu yaşıl yarpaqlar, bu budaqlar, bu qoca və cod gövdə Nuh peyğəmbər
deyildi, çinar ağacı idi və çinar ağacları uzaqdan Don Kixota oxşayırdı.
«Bəlkə sən mənə inanmırsan? Bəlkə elə bilirsən ki, mən sənə də yalan deyirəm?
Inan, inan mənə... Mən səni çox istəyirəm, sənin yarpaqlarını da çox istəyirəm,
budaqlarını da, qartımış gövdəni də. Düz deyirsən, mən Güləri də aldadıram, düz
deyirsən, dostları da aldadıram, özümü də aldadıram, amma sənə düz deyirəm, çox
istəyirəm səni, inan mənə, inan...»
– A-a-a! .. Nolub sənə! Noldu belə?! Niyə ağlayırsan?
Gülərin səsi idi və Gülər qorxu və heyrətlə maşının güzgüsündən mənə baxırdı.
Vüqar da, Sevil də, Solmaz da təəccüblə mənə baxırdı.
Mən də maşının güzgüsündən özümə baxdım və qızarmış yaş gözlərimi tələsik
sildim, burnumu çəkdim və bir balaca toxtadım.
Sonra uşaqların üzünə gülümsədim.
Demis Russos, ya da kimsə başqası – mən onları bir-birindən seçmirdim –
oxuyurdu və Vüqar da gözlərini məndən çəkib maqnitofonuna qapandı.
Gülər əvvəlcə çox narahat idi, sonra yavaş-yavaş sakitləşdi və mürgüləməyə
başladı.
Qızlar o yay səhəri o yol boyu ötüb-gedən gül-çiçəyə, dağlara, yamaclara
baxırdı.
O yaşıl çinar çoxdan arxada qalmışdı və görünmürdü.
Məni qəhərləndirən uzaqlıqda, həm də əbədi uzaqlıqda qalmış – çinar isə yenə
də mənim ürəyimdə idi...
Dostları ilə paylaş: |