Seçilmiş əsərləri



Yüklə 2,94 Mb.
Pdf görüntüsü
səhifə26/147
tarix30.12.2021
ölçüsü2,94 Mb.
#22211
1   ...   22   23   24   25   26   27   28   29   ...   147
 Noyabr, 1980. 

 

 



 

 



 

166


AYAQQABI 

 

Dəli könül, nə divanə gəzirsən?.. 



 

 Xəstə Qasım 

 

Çilçırağın işığı güzgüyə düşüb adamın gözünü qamaşdırırdı, çəngəl-bıçağın, 



qab-qacağın parıltısı da güzgüdən gülürdü, elə bil yayın cırhacır çağında gözünü 

qıyıb günə baxırdın – güzgü az qala eləcə günəş olub yanırdı, amma indi nə yay idi, 

nə də günəşin çıxan vaxtıydı və əslində Bəbirin gözünü qamaşdıran da, bir məlhəm 

kimi içini güldürən də çilçırağın güzgüdə  əks edən işığı deyildi və  Bəbir özü də 

bunu çox gözəl bilirdi; məsələ, şəstlə özünü güzgüdən Bəbirə göstərən bu təptəzə, 

qapqara gözəl kostyumda idi, bu ağappaq, tərtəmiz köynəkdə idi, boynuna taxdığı 

bu ağappaq, iri qanadlı kəpənəkcikdə («baboçka») idi və Bəbir açıq-aşkar görürdü 

ki, SSRI xalq artisti Mürsəl Məhəmmədovun özü bu dəm bu qalın güzgüdən baxan 

cavan oğlanın, yəni Bəbirin yanında yalan idi və sidq-ürəkdən özünə verdiyi bu 

qiymət Bəbirin kefini daha da qaldırdı və Bəbir başa düşdü ki, bugünkü günü, daha 

doğrusu, bugünkü gecəni yüngül keçirəcək, yorulmayacaq və bayırın küləyi də 

nahaq yerə elə tüğyan eləyir, bu gün, bax, bu gecə Bəbiri məqsədinə bir addım da 

yaxınlaşdıracaq: yataqxanada çarpayısının altındakı çamadanın içindəkilərin üstünə 

bir az da pul gələcək, kooperativ evin hazır olmağı bir gün də yaxınlaşacaq və kim 

bilir, daha nə olacaq, amma, hər halda, nə olsa da, yaxşı şey olacaq və bu yaxşının 

zərifliyini, incəliyini, mülayimliyini elə bil ki, Bəbirin ürəyi əvvəlcədən hiss edirdi, 

ürəyində sevincqabağı xoş bir nigarançılıq var idi və ümumiyyətlə, hər şey əla idi, 

təkcə bir şey pis idi ki, çəkməsi bir ölçü kiçik idi və ayağını sıxırdı. 

Bəbir gözünü güzgüdən çəkib üç gün bundan qabaq dükandan tanışlıqla aldığı 

par-par parıldayan qara Yuqoslaviya çəkmələrinə baxdı  və gülümsədi: təki elə 

dünyanın bütün pislikləri bu cür gözəl Yuqoslaviya ayaqqabılarının adamın ayağını 

bir balaca sıxmağı olsun; bir-iki gündən sonra açılacaq, genişlənəcək və sıxmayacaq. 




 

167


Gecə növbəsi təzəcə  işə başlamışdı  və yavaş-yavaş restorana adamlar gəlirdi, 

Ziba cidd-cəhdlə mizlərə düzdüyü boşqabları, çəngəl-bıçağı, külqabıları bir daha 

səliqəyə salırdı, Poqosov sərrast gözləri ilə içəri girən müştərilərə baxırdı, həmin 

müştərilərin ciblərinin tutumunu gözlərindən oxuyurdu, lazım bildiyi müştərini, 

guya ki, təsadüfən özü qapıda qarşılayıb mizlərdən birində oturdurdu, Əbülfət, 

həmişəki kimi, burnunu çəkə-çəkə, gözlərini qırpa-qırpa boş mizlərin başına 

fırlanırdı, metrdotel Pakizə xanım hələlik öz kiçik iş mizinin arxasında oturub 

mizüstü lampanı yandırmışdı  və çeşmək taxıb qarşısındakı kağız-kuğuza baxırdı, 

Əlifağa estradaya qalxmışdı  və klarnetini qururdu, Aşot çoxdan gəlib öz yerində 

oturmuşdu və  zərb alətlərini məxmərlə silib təmizləyirdi, bir azdan trubaçalan 

Gülməmməd, tarzən Məlik, qaboyçalan Əlimuxtar, kontrabas çalmağı bacaran 

Fətulla gələcəkdi, müğənni Nora gələcəkdi,  Əlifağa ilə  Əlimuxtar yavaş-yavaş  və 

gizlin-gizlin araq vurmağa başlayacaqdı  və estradada ara qarışıb məzhəb itəcəkdi, 

Nora Azərbaycan, hind, fransız, erməni mahnılarını oxumağa başlayacaqdı, 

Əlimuxtarın qaboyunun müşayiəti ilə bir-iki muğamat deyəcəkdi, amma, həmişə 

olduğu kimi, yenə  də söylədiyi qəzəlin mənasını azərbaycanca, hind dilində, 

fransızca oxuduğu mahnıların sözləri kimi heç kim başa düşməyəcəkdi, bir azdan 

restoran tamam dolacaqdı. Ziba dolu məcməyiləri mizlərə daşıyacaqdı, yalandan 

müştərilərin üzünə güləcəkdi, müştərilərə  mənalı baxışlar atacaqdı, hərdənbir 

ikibaşlı söz deyəcəkdi və  əlbəttə, bütün bunlardan sonra müştərilər daha əliaçıq 

olacaqdı, Poqosovun müştəriləri isə, həmişəki kimi, hamıdan çox olacaqdı  və 

sifarişləri də başqa sifarişlərdən sanballı olacaqdı, Əbülfətin də müştəriləri həmişəki 

kimi  ən ucuz sifarişçilər olacaqdı,  əgər restoranda on beş yer qalacaqdısa, bunun 

səkkizi,  şübhəsiz ki, bəxtiqara  Əbülfətin mizlərinin payına düşəcəkdi və  Əbülfət 

burnunu çəkə-çəkə, gözlərini qırpa-qırpa, dodaqaltı öz bəxtinin qarasına deyinə-

deyinə restoranın  ən pulsuz müştərilərinə qulluq eləyəcəkdi, Pakizə xanım daha 

oturmayacaqdı, çeşməyini də gizlədəcəkdi, bütün gecəni restoran bağlanana qədər 

ayaq üstə keçirəcəkdi, gözündən heç nə yayınmayacaqdı, hətta Poqosovun özü də 

Pakizə xanımdan ehtiyat edirdi, çünki hamı bilirdi ki, iti gözündən və sərt sözündən 

başqa Pakizə xanımın restoranın müdirinin yanında, hətta, mehmanxananın müdiri 

yoldaş Qardaşxanlının özünün yanında hörməti var və xörəkpaylayanlar haqqında 

Pakizə xanımın çatdırdığı xəbərlərdən çox şey asılıdır.  




 

168


 Bütün bunlar belə idi, amma bütün bunlarin Bəbirə heç bir dəxli yox idi, çünki 

Bəbir bilirdi, inanırdı,  əmin idi ki, bura onun üçün müvəqqəti iş yeridir, Bəbir, 

Poqosov kimi ömrünün qırx ilini ofisiantlıqda keçirməyəcəkdi, bu bədbəxt Əbülfət 

kimi il on iki ay qayğıların içində itib-batmayacaqdı, bir il işləyəcəkdi burda, iki il 

işləyəcəkdi, lap beş il işləyəcəkdi, amma sonra bir pillə də qalxacaqdı, heç olmasa, 

metrdotel olacaqdı, mütləq olacaqdı və ofisiantlıq da onun həyatında arxada qalmış 

bir pilləyə çevriləcəkdi, sonra həmin metrdotelliyin özü də arxada qalacaqdı 

(deyirdilər ki, yoldaş Qardaşxanlı özü də metrdotellikdən başlayıb), sonra restoran 

müdirliyi də arxada qalacaqdı və bir gün gələcəkdi ki, bir mehmanxananın direktoru, 

kim bilir, bəlkə də lap böyük bir idarənin direktoru olacaqdı və o zaman saçına da 

bir balaca dən düşmüş Bəbir yaxınlarına, əzizlərinə öz həyatından danışacaqdı, bax, 

bu restoranı da xatırlayacaqdı və hamıya da deyəcəkdi ki, həyatda nail olduqlarına 

görə, ancaq özünə borcludu, onun atası da, anası da, dayısı da, adamı da ancaq özü 

olub, Poylu stansiyasında bir qarnı ac, bir qarnı tox yetimçiliklə böyüyüb Bakıya 

gəlib və indi, on beş ildən sonra, yəni bütün bunları danışacağı vaxt yox, indinin 

özündə, iyirmi doqquz yaşında, Bakının mədəni restoranlarından birində işləyir, pul 

verib kooperativ mənzilə yazılıb, ayda da anasına iyirmi beş manat pul göndərir. 

Əlbəttə, Bəbir istəsəydi daha artıq pul qazana bilərdi və o vaxt anasına da ayda 

iyirmi beş manat yox, lap qırx manat göndərərdi (hərçənd anası öz xərcini özü 

çıxarır), bu asan iş idi, Bakının kənarlarındakı, ya da Abşeron kəndlərindəki 

kababxanalardan birində  işləyirdi, indikindən on dəfə artıq pul qazanırdı, amma 

məsələ burasında idi ki, bu mehmanxanadakı  mədəniyyət oralarda olmayacaqdı, 

Bəbir isə, mədəniyyəti sevirdi və əslində bütün çalışmaları da, manat-manat yığdığı 

pul da mədəniyyət naminə idi, daha doğrusu, gələcəyin mədəni həyatı naminə; Bəbir 

istəmirdi ki, sifətindən kababın yağı damsın, bədəninə kababın iyi hopsun, gecələr 

köstəbək kimi burnunu sallayıb pul saysın – Bəbir o cür həyatın qeyri-mədəniliyini 

və mənasızlığını başa düşürdü və o cür həyat Bəbirə lazım deyildi. 

Bəbir bu mehmanxanada yük daşımaqdan başlamışdı, sonra yoldaş Qardaşxanlı 

onu liftçi vəzifəsinə götürmüşdü, sonra restoranda aşpazın köməkçisi oldu, sonra 

dördüncü mərtəbədə çayçı  işlədi, işləyə-işləyə  də ofisiantlıq kursunu qurtardı  və 

ikinci il idi ki, bu gözəl restoranda xörəkpaylayan idi, həm də Bəbiri təkcə restoranın 

yox, bütün mehmanxananın yerli komitə sədrinin müavini seçmişdilər. 




 

169


Bəbir məişət xidməti işçilərinin yataqxanasında qalırdı  və o yataqxana ilə bu 

restoranın arası  əlli dəqiqəlik yol idi, yeddi dayanacaq trolleybusda, sonra da on 

dayanacaq tramvayda, amma Bəbir istəsəydi, yaxın yerlərdən birində ev kirayə 

eləyərdi, pulu var idi, manat-manat yığıb xeyli pul düzəltmişdi, amma Bəbir 

fikirləşib gördü ki, yataqxananı  bəyənməyib kirayədə yaşamaqdansa, həmin pulu 

yığıb kooperativ mənzil tikdirmək lazımdı və belə də elədi, yoldaş Qardaşxanlı sağ 

olsun, lazımi sənədlərə qol çəkdi, uzaqbaşı iki ilə ikiotaqlı mənzil hazır olacaqdı və 

o zaman Bəbir evlənəcəkdi, subaylıq da yataqxana kimi Bəbirin həyatının keçilmiş 

bir mərhələsi olacaqdı  və  Bəbir çalışacaqdı ki, arvadı Bakının mədəni ailələrindən 

olsun, təhsilli olsun, heç olmasa, texnikum bitirmiş olsun; əlbəttə, bu çətin iş idi, 

amma, hər halda, Bəbir  əlindən gələni edəcəkdi və  Bəbirin ürəyinin dərinində bir 

inam vardı ki, elə belə də olacaq; Bəbir özü də oxumağa başlayacaqdı, bu il yayda 

texnikuma girəcəkdi, lazım olan adamlarla danışmışdı, daha doğrusu, Poqosov 

Bəbiri lazım olan adamlarla görüşdürmüşdü, texnikumdan sonra instituta girəcəkdi 

və o zaman uşaqları da olacaqdı  və  Bəbir uşaqlarına atasıyla anasının adını 

qoyacaqdı; düzdü, anası indi hələ sağ idi, amma yaşı yetmişi haqlamışdı və o vaxta 

yəqin ki, qalmayacaqdı, öləcəkdi, atası isə, Allahın rəhmətinə getmişdi, onda 

Bəbirin iki-üç yaşı var imiş və anası ağlayanda Bəbir atasını yamsılayıb deyirmiş: « 

– Səni döyərəm!». 

Nora üzünə o qədər qırmızı sürtmüşdü ki, adam həmin qırmızı ilə köynəyini 

boyaya bilərdi və yekə mikrofonu ağzına dirəyib Azərbaycan xalq mahnısı 

oxuyurdu, amma bu mahnının sözlərini, təbii ki, heç kim başa düşmürdü, çünki Nora 

adicə azərbaycanca danışanda da adam başa düşmürdü ki, bu, boyu həddən artıq 

uzun, özü də arıq qadın nə deyir, amma Əlifağanın rəhbərliyi ilə çalan bu orkestrin 

ifaçıları hər biri öz alətində elə qiyamət eləyirdi ki, Noranın sözlərinin mənasını başa 

düşməyə ehtiyac qalmırdı, sifarişlərlə birlikdə üçlük gəlirdi, beşlik gəlirdi, hətta 

Poqosovun müştərilərindən onluq da gəlirdi və indi də pəncərə tərəfdə oturmuş üç 

cavan oğlandan biri yerindən: 

 – Ay can! – qışqırdı  və oxuyub qurtaran Noraya əl çaldı, sonra da gözləri ilə 

Noranı göstərə-göstərə yanında dayanmış Zibanın qulağına nəsə dedi və Ziba da 

gülümsəyə-gülümsəyə başını tərpədib oğlanın dediyini təsdiq etdi. 

Külək daha da bərkimişdi və  həmin mart gecəsi Bakı  pəncərələrinin 

əksəriyyətindən işıq gəlirdi və bu da o demək idi ki, camaat küləyin əlindən küçəyə 

çıxa bilmir; çıxan da, imkanı varsa, özünü verir restorana. 

Bu mehmanxana Bakının dağlıq hissəsində idi və bu yeri elə bil ki, Allah elə 

mehmanxanadan ötrü, xüsusən də restorandan ötrü yaratmışdı  və  Bəbir də  hərdən 

macal eləyib restoranın pəncərəsindən Bakının işığı yanan pəncərələrinə baxmağı 

xoşlayırdı – bu pəncərələrin işığı Bəbirin ürəyinə bir ilıqlıq gətirirdi, o işıqlarda bir 

məhrəmlik var idi və  Bəbirə elə  gəlirdi ki, işığı yanan həmin pəncərə  şüşələrinin 

arxasında yaşayan bütün adamlar xoşbəxtlik içindədi; hərə öz xudmani guşəsində 

oturub ömrünün gözəl günlərini yaşayır və hərdən Bəbir iki ildən sonra tikilib hazır 

olacaq kooperativ mənzilinin də pəncərəsindən gələn işığı görürdü, hətta o pəncərə 

şüşəsindən o tərəfdə özünü də görürdü və az qala, cismani surətdə hiss edirdi ki, 

aşağıda, həmin kooperativ binanın qapısı ağzında indi yoldaş Qardaşxanlını gəzdirən 

furqonlu «Moskviç» kimi bir maşın sürücü ilə birlikdə dayanıb onu gözləyir, yəni 

Bəbiri gözləyir, hər gün Bəbiri işə aparır, işdən gətirir, bir sözlə, həmin maşın da, 

sürücü də camaatın gözü qabağında həmişə əmrə müntəzirdir. 



 

170


Yoldaş Qardaşxanlının Bəbirdən açıq-aşkar xoşu gəlirdi və istehsalat 

müşavirələri çağıranda vaxt olub ki, o qədər camaatın arasında tərbiyədə, işə 

məsuliyyətlə yanaşmaqda, sözə baxmaqda, məsləhətə qulaq asmaqda Bəbiri misal 

gətirib və bu, əlbəttə, bir tərəfdən Bəbirin xidmətiydisə, o biri tərfdən də yoldaş 

Qardaşxanlının qabiliyyətindən xəbər verirdi, çünki o biri mehmanxanaların 

direktorları restoranlarındakı xörəkpaylayanları heç tanımırdılar da və Bəbir burasını 

da dəqiq bilirdi ki, yoldaş Qardaşxanlı onu mütləq irəli çəkəcək, çünki indiyəcən 

bircə dəfə də olmamışdı ki, Bəbir nəinki yoldaş Qardaşxanlının, heç metrdotelin də 

bir sözünü iki eləsin, nə demişdilərsə, etmişdi və xımır-xımır da öz işini görmüşdü, 

hər gün on beş-iyirmi manat qazancı olurdu – camaat mədəni xidməti xoşlayırdı və 

Bəbir də  əlindən gələni  əsirgəmirdi, iki manat, üç manat, beş manat, hətta səkkiz 

manat artıq verən olurdu, başqa xırda-xuruş gəlirləri də olurdu və Bəbir də bu pulları 

gələcək üçün dəstəçin yığırdı  və  Bəbirin beləcə pul yığmağı, özünə  qıymamağı 

xəsislikdən deyildi, gözəl gələcək xətrinə idi; nə isə, hər  şey yaxşı idi və  hər  şey 

necə lazım idisə, eləcə də öz qaydası ilə gedirdi, təkcə bu ayaqqabı zəhrimar ayağını 

sıxırdı. 

Əlifağanın da kefi kök idi, amma Bəbirdən fərqli olaraq, Əlifağanın kefini araq 

qaldırmışdı – hərdənbir estradadan enib mətbəxə tərəf gedirdi və hamı başa düşürdü 

ki,  Əlifağa niyə  mətbəxə gedir, qayıdandan sonra Əlimuxtara göz eləyirdi və 

Əlimuxtar da Noranın əlindən güclə imkan tapıb özünü verirdi mətbəxə və bu gün, 

deyəsən, bu cür gediş-gəlişləri lap çox olmuşdu,  Əlifağanın burnu, yanaqları 

qıpqırmızı qızarmışdı – «Içki mənə düşür, o saat qızarıram!» – və bir də bu artıqlıq 

ondan bilindi ki, Əlifağa həmişə belə vaxtlarda olduğu kimi, birdən yekə mikrofonu 

Noradan aldı və rus dilində belə bir elan verdi: 

 – Pesnya iz kinofilma «Brodyaqa». Posvyaşayetsya Z. Solo na klarnete 

ispolnyayet Alifaqa Ustadlı – Sonra klarnetin ağzını göyə qaldırıb bir çalmaq çaldı 

ki, bütün restoran əhli birağızdan əhsən dedi. 

Bu,  Əlifağanın dəm vaxtlarında elədiyi zarafatlardan biri idi: Z. – yəni, Ziba; 

məsələ burasında idi ki, Ziba uzun illərdi ki, Rac Kapura aşiq olmuşdu və bunu 

restoranda bilməyən yox idi, çünki Ziba bu böyük məhəbbətini heç kimdən 

gizlətmirdi də; haçansa ərə gedib boşanmışdı, hərdənbir fürsət düşürdü, amma Ziba 

daha  ərə getmək istəmirdi, çünki Ziba deyirdi ki, mənim həyatda öz idealım var, 

mən öz qəhrəmanımı arzulayıram və Ziba sidq-ürəkdən öz idealını, qəhrəmanını 

uzun-uzun illər idi ki, Rac Kapurun simasında sevirdi. 

Bəbir bunların hamısını ona görə beləcə yaxşı bilirdi ki, üç-dörd dəfə Zibanı 

evlərinə ötürməyə  cəhd eləmişdi, bir dəfə, az qala, lap girmişdi də Zibanın evinə, 

amma hər dəfə  də Ziba öz idealı  və  qəhrəmanı barədəki söhbətlərlə  Bəbiri kor-

peşman geri qaytarmışdı. 




 

171


Əlifağanın klarneti qan eləyirdi və Bəbir fürsət tapıb zarafatla Zibaya göz vurdu, 

Ziba da narahatlıqla restoranın qapısına tərəf baxdı – bu gün gecə hansı iclasdansa 

sonra mehmanxananın banket zalında qonaqlıq olacaqdı, deyirdilər, guya, yuxarıdan 

da adam gələcəkdi və buna görə də yoldaş Qardaşxanlı şəxsən özü banket zalında 

bəzənmiş mizə baxacaqdı, banket zalı isə restoranla üzbəüz idi və Ziba qorxurdu ki, 

birdən yoldaş Qardaşxanlı girər içəri; Bəbir başını buladı, bu Ziba yazıq da, deyəsən, 

lap çaşıb daha, içəri girər girər də, nə olsun? Görəcək ki, həmişəki  Əlifağadı, 

klarnetdə qan eləyir, nə biləcək ki, Əlifağa Zibaya sataşır? Bir də ki, nə  qədər ki, 

Brilyant Ağacəfər bu restoranın şef-aşpazı idi, heç kim Əlifağaya gözün üstə qaşın 

var deməyəcəkdi, çünki Brilyant Ağacəfərlə  Əlifağa haçansa bir sinifdə 

oxumuşdular və Brilyant Ağacəfər hər dəfə Əlifağanı görəndə ürəyinin sarı simi dilə 

gəlirdi, uşaqlıq çağlarını yadına salıb kövrəlirdi, həmişə dırnağının kənarları və içi 

quruyub qaralmış  ət qalığı ilə dolu olan əlini yavaşdan bir-iki dəfə  Əlifağanın 

kürəyinə vururdu və hamı da bilirdi ki, Əlifağa yaxşı çalsa da, pis çalsa da, tez-tez 

mətbəxə baş çəksə də, çəkməsə də, Brilyant Ağacəfərin adamıdı və dərd burasında 

idi ki, Əlifağanın özü də bunu yaxşı bilirdi və bunu yaxşı bildiyinə görə də kimdən 

xoşu gəlirdi, kimə yazığı  gəlirdi, nə çalmağından asılı olmayaraq, götürürdü 

orkestrinə  və ondan soruşanda ki, ay Əlifağa, ay sənin başına dönək, klarnetdən, 

qaboydan, trubadan, tardan, zərb alətindən və kontrabasdan da bir yerdə orkestr 

olar?; deyirdi ki, hərgah varsa, demək olar – bu bir, ikincisi də, mən musiqimdə 

Şərqlə  Qərbin  əlaqəsini yaradıram, çünki musiqi bəşəri  şeydir, Yer üzünün bütün 

adamları üçündür, təkcə azərbaycanlının Məmmədi, ya da erməninin Vartanı üçün 

deyil, buna görə  də tar olan yerdə  gərək truba da olsun və  gərək  əsl musiqi 

adamların hamısının qəlbini oxşasın və ələlxüsus da restoranda, çünki əslində insan 

musiqini elə yeyib-içməkçün kəşf eləyib, yəni müasir dildə desək, restoran üçün 

kəşf eləyib. 

Qaboyçalan  Əlimuxtar həmişəki kimi Əlifağanın ağzından çıxan hər bir sözü 

başının hərəkəti ilə təsdiq edirdi; qaboyçalan Əlimuxtar təqaüdçü idi və Əlifağanın 

köhnə dostu idi, buna görə də orkestrdə pianoçu yeri boşalan kimi, Əlimuxtarı işə 

götürdü – arada Brilyant Ağacəfərin adı var idi və pianino ilə qaboyun fərqindən 

ötrü Əlifağanın sözünü yerə salmaq yaxşı deyildi. 

Brilyant Ağacəfərin iki «QAZ-24»ü var idi, biri qayınanasının haradasa fəhlə 

işləyən xalası oğlunun adına idi, o biri Ağacəfərin özünün bibisi nəvəsinin gülçülük 

sovxozunda işləyən baldızının adına idi, biri həmişə mehmanxananın qabağında 

dayanıb Ağacəfəri gözləyirdi, o birisini isə, oğlu sürərdi və çox zaman da 

mehmanxananın həyətində, mətbəxin qapısı ağzında olardı; mətbəxin həmin qapısı 

əvvəllər pəncərə idi, sonradan bu pəncərəni Brilyant Ağacəfər öz xərciylə sökdürüb 

rahat qapı elətdirmişdi. 

Nə isə, bütün bunların da Bəbirə dəxli yox idi, çünki Bəbirin heç kimlə işi yox 

idi və Bəbirlə də heç kimin işi yox idi, çünki başıaşağı, üzüyola adam idi. 




 

172


Nora indi də erməni dilində Sayat Novadan oxuyurdu və bilənlər deyirdi ki, 

guya, Nora erməni dilində oxuyanda dediyi sözlərin mənasını başa düşmək olur; hər 

halda bu, restoranda oturub başı yeməyə-içməyə qatışanlardan çox, yəqin Sayat 

Novanın xoşbəxtliyi idi, bir də ki, hərdən kefi kök olanda Poqosova ləzzət verirdi, 

çünki belini əyib müştərilərə xidmət edə-edə mizlərin arasıyla adicə addımlamırdı, 

Noranın mahnısının ahəngi ilə gedirdi; bəxtiqara Əbülfət isə bir qoca kişi ilə qoca 

arvadın yanında dayanıb burnunu çəkirdi və gözləyirdi ki, ikisi də – eynəyini taxıb 

diqqətlə menyünü oxuyan bu müştərilər nə vaxt bir şey seçib sifariş verəcəklər; Ziba 

yalandan gülümsəyirdi, hərdənbir müştərini aldadan baxışlarından atırdı, tez-tez də 

bir küncə çəkilib və yaxalığının cibindən balaca sayğacını çıxarıb haqq-hesab edirdi, 

qazandıqlarını sayırdı; danışıq, qədəh cingiltisi, boşqab, çəngəl-bıçaq səsi Əlifağanın 

orkestri ilə birlikdə Noranı müşayiət edirdi və hərdənbir də Əlifağa insafa gələndə, 

sakitlik çökəndə bayırın küləyinin səsi gəlirdi.  

Külək isə get-gedə bərkiyirdi. 

Və həmin küləkli mart gecəsinin də əsas əhvalatı bundan sonra başladı.  

Restoranın qapısı açıldı və üç nəfər cavan kişi içəri girdi və Poqosovun sərrast 

gözləri o saat bu oğlanların kimliyinin fotosunu çəkdi: rayondan gəlmişdilər, Bakıda 

yaşayana oxşamırdılar, tələbə də deyildilər, ticarət işçilərinə də oxşamırdılar, amma, 

hər halda, pulları var idi və belələri özlərini sındırmamaq üçün ciblərindəki qara 

qəpiyəcən Bakı restoranlarında geninə-boluna xərcləyirdilər ki, ofisiant elə bilməsin 

ki, restorandan başları çıxmır.   

Təbii ki, Poqosov tez özünü bu oğlanların yanına verdi: düzdü, hələlik boş yeri 

yoxdu, amma bir az gözləsinlər, ode, orkestrin yanındakı miz indicə boşalacaq, nə 

hörmət lazımdısa eləyər onlar üçün, amma ortada dayanmış sarışın kişi ağzını 

açanda Poqosov təəccüb etdi, çünki bu sarışın kişi Bəbiri xəbər aldı  və doğrusu, 

Bəbir özü də bu müştərilərin onu soruşduqlarını eşidib təəccübləndi, çünki Bəbir özü 

üçün xüsusi müştəri yığmırdı, çünki Bəbir acgöz deyildi, çünki, onsuz da, Allah 

Bəbirin gündəlik ruzisini yetirirdi və  hər gecə yataqxanada çarpayının altındakı 

çamadanda saxladığı pulların üstünə pul gəlirdi – on manat, on beş manat, iyirmi 

manat, hər halda, ayda iki-üç ali təhsilli mühəndisin qazancı yığılırdı. 

Bəbir sarışın kişini əvvəlcə tanımadı, amma sarışın kişi yeriyib camaatın içində 

Bəbiri qucaqlayanda, Bəbirlə öpüşəndə başa düşdü ki, bu, Sarı Zakirdi, uşaq vaxtı 

Poylu stansiyasında bir yerdə peyin eşirdilər və Bəbir əməlli-başlı dilxor oldu, çünki 

bu uzun illər boyu Poylu stansiyası ilə bu restoran arasında elə bir məsafə  əmələ 

gəlmişdi ki, həmin məsafəyə daha nə qatarın gücü çatırdı, nə də maşının və Bəbir 

gözünün ucuyla burasını da gördü ki, Sarı Zakirin onu restoranın ortasında beləcə 

qucaqlayıb öpməyi Pakizə xanımın xoşuna gəlmədi və metrdotelin bir az qıyqacı 

baxan göy gözləri məzəmmətlə  Bəbiri süzüb, o biri restoran işçilərinə baxdı ki, 

görsün onlar bu hadisəni necə qiymətləndirirlər. 

Əlbəttə, Bəbir təxminən on-on iki il görmədiyi Sarı Zakiri restorandan qova 

bilməzdi, restoran Bəbirin restoranı deyildi, hökumətin restoranı idi və  Bəbir 

qaşqabağını da nə  qədər turşutsaydı, gönüqalın Sarı Zakir, onsuz da, heç nə başa 

düşməyəcəkdi və buna görə  də  Bəbirin  əl verib Sarı Zakirin dostları ilə  də tanış 

olmaqdan başqa əlacı qalmadı. 

Sarı Zakirin dostları Bəbirlə xüsusi hörmətlə görüşdülər və burası da açıq-aşkar 

hiss olunurdu ki, Sarı Zakir Bəbirlə tanışlığı ilə fəxr edir, Bakı kimi yerdə, bu cür 

mədəni restoranda Bəbir kimi geyimli-kecimli uşaqlıq dostu olmaq, əlbəttə, zarafat 

deyildi. 




 

173


Sarı Zakir dedi: 

– Sənin canın üçün, Bəbir, eşikdə bir külək var, götür başını bu dünyadan qaç. 

Dedim, ə, bəri gəlin, Bəbir kimi əjdahamız var bu şəhərdə, haqq-say var aramızda! 

Yox, nəmxuda, lap yaxşısan! Mən də sağlığına pis dolanmıram!.. 

Bəbir onları restoranın ortasında, öz mizlərindən birinin arxasında əyləşdirdi və 

Sarı Zakirdən də soruşmadı ki, nə münasibətlə Bakıya gəliblər, nə bilib ki, Bəbir bu 

restoranda işləyir. Poyluda nə var, nə yox? Əvvəla ona görə ki, üz vermək istəmirdi, 

çünki çöl adamına ki, üz verdin, sonra dalında dayana bilməyəcəksən, ikincisi, 

onsuz da Sarı Zakir ağzını yummurdu, özü sual verib, özü də cavab verirdi, 

üçüncüsü də ona görə ki, bu saat Poylu stansiyasında nə varıydı, nə yoxuydu, bunun 

Bəbirə  dəxli yoxuydu, bir anasıydı Poyluda, ona da ayda iyirmi beş manat pul 

göndərirdi, vəssalam, daha Poylu stansiyası ilə Bəbiri bağlayan başqa bir şey yox idi 

və Bəbir burasını da yaxşı bilirdi ki, o zaman ki, Bəbir özünü əməlli-başlı tutacaqdı, 

onda çox qohumu, çox ürəyi yananı peyda olacaqdı  və bunların ayağını indidən 

kəsmək lazım idi; Bəbir qələmlə sifariş dəftərçəsini əlində hazır tutub: 

 – Nə yeyəcəksiniz? – soruşdu. 

 –  Nə lazım bilirsən, özün gətir. Belə  əntiqə  şey nə varsa, hamısından gətir, a 

Bəbir. – Bunu da, təbii, Sarı Zakir dedi. 

Bəbirin ürəyinə gəldi ki, Poylu stansiyasının camaatından nə desən çıxar, birdən 

bunlar Bəbirin hesabına müftə yeməyə gəlmiş olarlar və ona görə də dedi: 

 – Qiymətləri cürbəcürdü axı. Ucuzu var, bahası var, lap bahası var... 

 – Lap bahasından da bahalısı var, a Bəbir? – Sarı Zakir güldü. – Bax, onnan 

gətir. Pulumuz kefin istəyəndi! – Sonra Sarı Zakir yoldaşlarına baxdı ki, yəni necə 

dedim?  Əla dedim, yoxsa yox? Və yoldaşları da razılıqla gülümsəyib başlarını 

tərpətdilər, yəni ki, lap yaxşı dedin. 

Düzdü, Bəbir acgöz deyildi, amma, hər halda, o ofisiant deyildi ki, pullu müştəri 

ürəyincən olmasın və Bəbir də bir balaca toxtadı, əvvəlki gözəl ovqatı yavaş-yavaş 

özünə qayıtmağa başladı  və  mətbəxdə  vəzndə  ağır, çəkidə yüngül nə vardısa Sarı 

Zakirin adından sifariş dəftərçəsinə yazmağa başladı. 

Noranın fasiləsi qurtarmışdı, yenə  də estradaya qalxmışdı  və bu dəfə hind 

dilində «Baycu Bavra» filmindən bir mahnı oxumağa başladı  və Noranın həm 

görünüşü, həm səsi, həm də hərəkətləri Zakirgilə o dərəcədə təsir etdi ki, bir müddət 

susub bilmədilər ki, nə eləsinlər, Noranı  və onun oxumağını  tərif eləsinlər, tənqid 

eləsinlər, ya da zarafata salsınlar, axırda Sarı Zakir təkcə elə bunu dedi: 

 – Bu nədi ə, a Bəbir? 

Bəbir Sarı Zakirin heyrət dolu bu sualına heç bir cavab vermədi və mətbəxdən 

daşıyıb gətirdiyini həmişəki qayda ilə mizə düzdü və Pakizə xanım da daha 

məzəmmətlə Bəbirə tərəf baxmırdı, çünki Bəbir yenə də həmişəki Bəbir idi və pullu 

müştərilərinə qulluq edirdi. 

Zakirgil də daha Noraya fikir vermirdilər, çünki Bəbirin gətirib qabaqlarına 

düzdüyü bu yeməklər onlara Noradan da artıq təsir etmişdi və Sarı Zakir əlini atıb 

araq şüşəsinin ağzını açmaq istəyəndə Bəbir ona macal vermədi, özü araq şüşəsini 

götürüb ağzını açdı, sonra da şüşəni ağ dəsmalla tutub Sarı Zakirin də, dostlarının da 

qədəhini bir-bir doldurdu və Bəbirin bu hərəkəti Zakirgilə o qədər təsir etdi ki, Nora 

da, mizin üstündəki bər-bəzəkli yeməklər də yalan oldu və Sarı Zakir boğazını 

haqlamış qəhəri güclə boğub dedi: 

 – Mən ölüm, a Bəbir, tez-tez elə, özünə də süz görək. 

Bu cür təklifləri çox eşitmiş Bəbir, təbii ki: 




 

174


 –  Mənə olmaz, – dedi və Zakirgildən uzaqlaşıb o biri müştərilərinə baş 

çəkməyə başladı.  

O biri müştərilər yenə də üç kişidən (ikisi, deyəsən, Moskvadan gəlmişdi, biri də 

azərbaycanlı idi, sifarişi də o verirdi, yeməkləri də  tərifləyirdi və  təbii ki, haqq-

hesabı da o verəcəkdi), bir kişi ilə bir qadından (hiss olunurdu ki, ər-arvad deyillər 

və hələ ki, aralarında bir şey olmayıb və kişinin bütün ümidi bu gecəyədir), iki cavan 

oğlandan (bunlar atalarının hesabına vuranlardan idi və  Bəbir belələrini yaxşı 

tanıyırdı  və ürəyində onlardan zəhləsi gedirdi, amma müştəri müştəri idi və 

müştərinin kimin hesabına vurmasının ofisianta dəxli yox idi), üç cavan qadınla üç 

cavan kişidən (bunlar bir-birinə yaxın adamlar idi, ya da bir yerdə işləyirdilər, ya da 

qohum, yaxın dost idilər və Bəbirin belə xudmani məclislərdən xoşu gəlirdi, çünki 

ev qadınları olduğu üçün belə  məclislər, adətən, dedi-qodusuz, dava-dalaşsız, 

mədəni keçirdi, kişilər də arvadlarının etirazına baxmayaraq yaxşıca içirdilər və 

hesabı da yaxşıca, artıqlaması ilə ödəyirdilər) ibarət idi və  Bəbir bu müştərilərə 

xidmət etdikcə bayaqkı ovqatı tamam-kamal gəlib öz yerini tuturdu; hər  şey öz 

qaydası ilə gedirdi və hər şey yenə də gözəl idi. 

Bu Sarı Zakirin səsi restoranı başına götürdü: 

 – Bəbir, a Bəbir! Bəbir, mən ölüm, bir bura gəl! 

Tərs kimi, Əlifağanın orkestri də  əldən düşüb susmuşdu və  əlbəttə, Pakizə 

xanımın qaşları çatıldı, məzəmmətlə dolu göy gözlərinin qıyqacı baxışı  Bəbirin 

alışıb-yanmağa başlayan sifətinə sancıldı. 

 – Bəbir, a Bəbir! 

Bəbir iti və sərt addımlarla Zakirgilin mizinə yaxınlaşdı ki, Sarı Zakir dana kimi 

böyürməyini kəssin və ümumiyyətlə, bir də  Bəbirin adını  çəkməsin, amma Sarı 

Zakir də Sarı Zakir idi, Bəbirə ağzını açmağa macal vermədi: 

 – A Bəbir, sən  Əbdülkərim müəllimin qəbri, yüz qram vur bizimlə, a qansız, 

yüzcə qram, vəssalam! 

Bəbirin ilk başa düşdüyü bu oldu ki, bircə anın içində halı xarablaşdı, ürəyi 

ağrıdı, ya mədəsi ağrıdı, ya nə oldusa, halı tamam xarablaşdı, elə bil, həmin bircə 

anda qulaqları kar oldu, niyə belə oldu? – özü də bilmədi, sonra narın bir tər gəldi 

bədəninə  və o narın tərin soyuğunu Bəbir kürəklərinin arasında hiss etdi, niyə axı 

belə oldu? Yəni bu dərəcədə çox istəyirmiş  Əbdülkərim müəllimi? Və  hərgah 

Əbdülkərim müəllimi beləcə çox istəyirmişsə, niyə, ancaq indi, bu zırrama Sarı 

Zakir adını çəkəndə yadına düşdü? Amma di gəl ki, bu tər də əsl soyuq tər idi, bu 

döyüntü də Bəbirin ürəyinin döyüntüsü idi, başqasının deyildi və Bəbir təkcə bunu 

soruşdu: 

 – Əbdülkərim müəllim ölüb bəyəm? 

 –  Bay...  Əbdülkərim müəllim, Allah ona rəhmət eləsin, – və Sarı Zakir 

Əbdülkərim müəllimin xatirəsindən daha çox mizin üstündə boşalmış araq 

şüşələrinin təsirindən ağlamsındı. – Yeddi-səkkiz ildi ömrünü tapşırıb bizə, gedib, a 

Bəbir!.. 

Bəbir daha heç bir şey deməyib Zakirgilin mizindən aralandı və gedib restoranın 

pəncərəsinin qabağında dayandı: bu dəm Bakının bütün işıqlı  pəncərələri gözünü 

dikmişdi Bəbirin sifətinə  və  Bəbir fikirləşdi ki, o uzaq pəncərələrin arxasında nə 

qədər müxtəlif talelər var, nə  qədər qayğılar, iztirablar, faciələr var və  Bəbir öz-

özünə təəccüb etdi ki, gecə vaxtı Bakının işıqlı pəncərələrinə baxıb ömründə birinci 

dəfə belə şeylər fikirləşir. 



 

175


Əbdülkərim müəllim məktəbdə Bəbirə dərs demişdi, fizikadan, ya da kimyadan? 

Deyəsən, fizikadan və indi bir möcüzə baş versəydi və Bəbirlə Əbdülkərim müəllim 

üzbəüz gəlsəydi, Bəbir bəlkə heç Əbdülkərim müəllimi tanımazdı da, Bəbirin 

Əbdülkərim müəllimlə bağlı elə bir xüsusi xatirəsi də yox idi, başqa müəllimlər 

necə, Əbdülkərim müəllim də o cür, amma olsun ki, Əbdülkərim müəllimin ürəyi bir 

balaca daha yumşaq idi, bir az daha mehriban idi. Bəbirə qarşı, nədənsə, bir az daha 

artıq istiqanlı idi və Bəbirin yaxşı yadına gəlirdi ki, o uzaq uşaqlıq çağlarında Poylu 

stansiyasının aşağı başındakı arxın qırağı ilə qamışlığa tərəf gedəndə (stansiyanın 

uşaqları  və o cümlədən, bu Sarı Zakir də qamışlıq tərəfdə  yığışıb oynayardı  və o 

uşaqların hamısının atası var idi) hərdən sir-sifətini yadında saxlamadığı atası barədə 

fikirləşirdi və atasının sifətini  Əbdülkərim müəllimin sifətində, atasının 

təbəssümünü  Əbdülkərim müəllimin təbəssümündə görərdi, atasını başqa simada 

təsəvvür etmək istəyirdi, evlərində anasının saxladığı bir-iki şəkli gözlərinin 

qabağına gətirirdi, amma atasını yenə  də  Əbdülkərim müəllimin sifətində görürdi; 

Əbdülkərim müəllim barədə başqa nə edə bilərdi? Heç nə; iki-üç qızı var idi 

deyəsən, onlar da böyük idi, ərə getmişdi, sonra nə? Bəbir daha başqa bir şey 

fikirləşib tapa bilmədi, amma bu köpək oğlu Sarı Zakir yaman zərif yerdən 

tutmuşdu, hardan ağlına gəlmişdi ki, Əbdülkərim müəllimin qəbrinə and versin? 

Niyə belə təsir etdi bu and Bəbirə? Sehr idi bu, nə idi? Və burası tamam yəqin idi ki, 

Sarı Zakir Bəbirin anası  Əfiqə arvadın canına and versəydi, Bəbir heç bir vicdan 

əzabı  çəkmədən öz işi ilə  məşğul olardı;  Əfiqə arvad neçə illər idi ki, Poylu 

stansiyasında siroplu su sata-sata özünü dolandırırdı  və  Bəbir də  hər ay anasına 

iyirmi beş manat pul göndərirdi. Bəbir pəncərənin qabağından çəkilə bilmirdi, gedib 

öz işi ilə məşğul ola bilmirdi, Bəbirə nə olmuşdu? Nəyin əzabını çəkirdi? Yəqin ki, 

bundan sonra bir də heç kim Əbdülkərim müəllimin qəbri naminə Bəbirdən heç nə 

xahiş etməyəcəkdi və doğrusu, həmin küləkli mart gecəsi restoranın pəncərəsi 

qabağında dayanmış  Bəbir  Əbdülkərim müəllimin qəbri naminə bu birinci və 

axırıncı xahişi yerinə yetirmədiyi üçün əməlli-başlı iztirab çəkirdi və Bəbir Bakının 

işıqlı  pəncərələrinə baxa-baxa başa düşdü ki, indicə geriyə qayıdıb, Allahın bəlası 

olan bu Sarı Zakirin oturduğu mizə yaxınlaşacaq və Əbdülkərim müəllimin qəbrinin 

naminə onlarla bir qədəh araq vuracaq.  

Sarı Zakir əlini şarappaşarap öz sinəsinə vururdu: 

 – Dedim də sizə, dedim, yoxsa demədim?! Ə, ürəyimin bir parçasıdı e, mənim 

bu Bəbir! Dedim vuracaq bizlə, yoxsa demədim?!  Ə, necə olsa, biz qonağıq ey 

burda. Bəbir ev yiyəsidi. Nətər olar ə, bu bizi adam hesab eləməsin, bizimnən yüz 

qram araq vurmasın? Dedim sizə, yoxsa, demədim? – Sonra Sarı Zakir qalxıb Bəbiri 

öpmək istədi, amma bu lap ağ olardı və Bəbir bu dəfə sərt bir hərəkətlə Sarı Zakiri 

yerində oturtdu. 

Bəbir  Əbdülkərim müəllimin qəbrinin naminə Zakirgilə yaxınlaşıb bir qədəh 

arağı elə içdi ki, bunu nə Pakizə xanım, nə  də restoranın başqa bir işçisi gördü, 

təkcə, deyəsən, Poqosov gördü, amma bunun eybi yox idi, çünki altmış üç illik ömrü 

ərzində dünyada Poqosovun görmədiyi çox az şey var idi.  




 

176


Bəbir restoranda işlədiyi vaxtdan bəri birinci dəfə idi ki, iş vaxtı araq içirdi və 

qəribə idi, bu araq da elə bil həmişəki araq deyildi, elə bil birdən-birə Bəbirin qanına 

keçmişdi, Bəbiri almışdı və elə bil ki, Bəbirin ürəyində o qapıları açmağa başlamışdı 

ki, o qapılardan heç Bəbirin özünün xəbəri yox idi: yox, Bəbir Əbdülkərim müəllim 

barədə fikirləşirdi, amma birdən-birə  uşaq vaxtı  nədən ötrüsə için-için ağlamağı 

yadına düşmüşdü və indi müştərilərin qulluğunda dura-dura hiss edirdi ki, az qalır 

ağlasın, daha doğrusu, bütün bədəni, bütün varlığı  ağlamaq istəyir; niyə belə 

dolmuşdu? Niyə bu günə düşmüşdü? Yəni o bir qədəh araqda bu boyda qüvvə var 

idi? Və  Bəbir özü özünü, ürəyinin narahatlığını, hisslərinin nigarançılığını 

qabaqlamaq üçün daha cəld işləməyə başladı, Pakizə xanımın yan-yörəsində 

hərləndi ki, metrdotelin zabitəsindən bir az özünə gəlsin, özünü ələ alsın, amma ürək 

başqa bir şey deyirdi, ürək deyirdi ki, çıx bu saat bu restoranın adamın bədəninə, 

bütün vücuduna qızarmış yağ iyini, dağılmış çaxır, yanmış papiros iyini, Noranın 

ətriyyatının iyini yapışdıran yapışqan havasından bayırın küləkli halvasına, ver 

özünü küləyə, qoy külək götürüb aparsın səni, hara aparır aparsın, dünya geniş, 

külək də güclü, qoy burda qalsın bu restoran, o yataqxanadakı çarpayının altındakı 

çamadan da qoy elə orada qalsın, kooperativ mənzil də qoy başqasının olsun, qaç, 

qaç, ver özünü küləyə, qaç, qoçağım, qaç... 

Birdən-birə kooperativ mənzilin hazır olacağı iki il, yəni yeddi yüz iyirmi gün 

Bəbirə heç vaxt sonu gəlib çıxmayacaq, heç vaxt bitib qurtarmayacaq bir əsr kimi 

gəldi və bu yeddi yüz iyirmi günlük məsafənin qaranlığı, ümidsizliyi Bəbirin içinə 

elə bir hönkürtü doldurdu ki, az qala, qaça-qaça Zakirgilin yanına gəldi və: 

 – Birini də tök! – dedi. 

Doğrusu, Bəbirin bu hərəkətindən Sarı Zakir sidq-ürəkdən vəcdə  gəldi və 

qədəhə araq doldura-doldura: 

 – Bütün dünyanın araqları qurbandı sənə, a Bəbir! – dedi. – Mən ölüm, qoy bir 

səni öpüm! Qoy ey, qoy, yoxsa dədəm Kələntərin göruna and olsun, ürəyim partdar! 

– Və bu dəfə Sarı Zakir ayağa qalxıb camaatın gözü qabağında Bəbiri qucaqlayıb 

öpdü. 



 

177


Bəbir yaxşı bilirdi ki, bu dəm Pakizə xanımın göy gözləri ondadı, bu dəm o biri 

ofisiantlar da yəqin dayanıb Bəbirə baxırdı, amma Bəbir  əlindəki qədəhi yerə 

qoymadı, əksinə Sarı Zakirin və dostlarının qədəhləri ilə toqquşdurub başına çəkdi, 

çünki aşıq düz demişdi, dəli könül, məndən sənə  əmanət, demə bu dünyada qalım 

yaxşıdı və Sarı Zakir tələm-tələsik qədəhləri bir də doldurub Bəbirin sinəbir sağlıq 

deməsini xahiş edəndə, elə bil ki, Bəbirin sinəsi bulaq kimi pıqqıldayıb aşığın 

sözləriylə axdı, axdı və Sarı Zakiri də, dostlarını da həmin küləkli mart gecəsində, 

Bakıdakı o restoranda, bir elə camaatın içində arvad kimi zır-zır ağlatdı: neçə 

qəhrəmanlar gəldi dünyaya, köç vaxtı yetişdi, tez oldu, getdi; Rüstəmin zərbindən 

titrədi dağlar, düşdü dastanlara söz oldu, getdi; hakimlik elədi çox uzun vaxtı, bütün 

kainata Süleyman baxtı, tərsinə döndü şah Cəmşidin taxtı, Firudinin dərdi yüz oldu, 

getdi; necə oldu Keykavus, hanı Keyqubad? Hansı bu dünyadan almışdı murad? 

Allahlıq elədi Fironla Şəddad, Nəmrudun qalası düz oldu, getdi; Isgəndər Daranı 

taxtından saldı, cahana şah gəldi, sonu nə oldu? yarı yolda öldü, Misirdə qaldı, Bəbir 

kimi yandı, köz oldu, getdi və Bəbir də söylədiyi bu sözlərdən sonra, aşığın adını öz 

adıyla  əvəz eləyəndən sonra, özünü saxlaya bilmədi, Zakirgildən ayrılıb yenə 

restoranın pəncərəsinin qabağına gəldi və yenə  də adamın ürəyini sıxan ağır boz 

pərdəni kənara eləyib şəhərin işıq gələn pəncərələrinə baxdı və bu pəncərə işıqları 

bu dəm, elə bil, buz laylarının o biri tərəfindən gəlirdi, heç bir istisi, hərarəti yox idi, 

elə bil ki, o pəncərə  işıqlarının özü də donub buz bağlamışdı, kərpic-kərpic buz 

işıqlar idi. 

Bəbir bilirdi ki, indi hamı ona baxır – camaatın, xüsusən də Pakizə xanımın 

qıyqacı baxışları kürəyini yandırırdı, amma bu baxışlar daha Bəbirə təsir etmirdi və 

Bəbir başa düşürdü ki, bunun səbəbi təkcə araq deyil, amma Bəbir heç cürə ağlına 

sığışdıra bilmirdi ki, nə vaxtdan beləcə dolubmuş və ümumiyyətlə, axı, nə istəyirdi 

Bəbirin ürəyi? Niyə beləcə  ağlayıb sızıldayırdı? Bu aşıq sözləri haradandı belə? 

Necə olmuşdu yadında qalmışdı bunlar və  aşığın adını niyə öz adıyla  əvəz elədi? 

Yəni, doğrudan, aşığın bu sözlərinin hamısı Bəbirin ürəyinin sözləri idi? Və hərgah 

doğrudan da, beləydisə, onda niyə bu sözlər indiyə qədər üzə çıxmırdı? 

Nora fransız mahnısı oxuyurdu və fransızca oxuyanda hər dəfə «R» hərfini elə 

«r-r-r-r-r» deyib uzadırdı ki, qara qarğa qələt eləyərdi, amma Əlifağa hamıya deyirdi 

ki, Nora düz oxuyur, çünki ən məşhur fransız oxuyanları «r»nı beləcə uzadırlar, bu 

da, bir növ, fransız muğamıdır.  

Bayırda külək elə  bərkimişdi ki, hərdənbir qıy vurub Əlifağanın orkestrinin 

gurultusu arasından da eşidilirdi və o səsi eşidəndə indi Bəbirə elə gəlirdi ki, bayırın 

küləyi  əslində  Bəbirin adını  çəkir, Bəbiri çağırır, amma daha Bəbiri qucağına alıb 

aparmağa yox, Bəbiri döyməyə çağırır, ağzını-burnunu  əməlli-başlı  əzişdirməyə 

çağırır və ən qəribəsi də bu idi ki, bu dəm Bəbirin bütün varlığı beləcə döyülməyin 

həsrətində idi. 

Bəbir çalışırdı ki, Pakizə xanımla, o biri ofisiantlarla göz-gözə  gəlməsin və 

tələm-tələsik o biri müştərilərinə qulluq edirdi, amma əlləri titrəyirdi, qılçı sözünə 

baxmırdı  və müştərilər də  təəccüblə  Bəbirin qızarmış  nəm gözlərinə, titrəyən 

əllərinə baxırdı. 



 

178


Bəbir  əvvəlcə  hər  şeyi atıb restorandan qaçmaq, bayırda bir taksiyə oturub 

yataqxanaya getmək, üzü üstə çarpayıya düşüb doyunca ağlamaq, sonra da yatmaq 

istədi və Bəbir bilirdi ki, indicə belə eləsə, bayıra qaçıb taksiyə minsə, sabah yenə də 

hər şey qaydasına düşəcəkdi, bu gecə Zibayla Poqosov Pakizə xanımın rəhbərliyi ilə 

birtəhər Bəbirin müştərilərinin haqq-hesabını çəkəcəkdilər, onları yola verəcəkdilər, 

sonra iclasda Bəbiri bir az danlayacaqdılar, uzaqbaşı bir töhmət verəcəkdilər, 

vəssalam. Bəbir də yalandan bir əhvalat uydurub danışacaqdı, nə bilim, anamdan pis 

xəbər gətirmişdilər, yaxud restorana gələn o sarı pişik rəhmətlik bacımın sevdiyi 

oğlan idi və s. Sonra da üzr istəyəcəkdi və  hər  şey də düzələcəkdi, amma bütün 

bunların hamısını  ağıl deyirdi, beyin deyirdi, görək ürək də bunu deyirdimi? Ürək 

başqa söz deyirdi, ürəyin nə dediyi düzdü, tamam məlum deyildi, amma Bəbir hiss 

edirdi ki, ürək başqa söz deyir, ürək başqa yerə çəkir, elə bir yerə ki, bol işığı olsun 

və o bol işıq beləcə kərpic-kərpic buz bağlamasın. 

Zakirgilin süfrəsi yarımçıq və tamam boşalmış araq, çaxır şüşələri ilə dolmuşdu 

və Zakirgil Bəbirin aşığın sözüylə söylədiyi sağlıqdan sonra ağlayıb özlərinə 

gəlmişdilər və Sarı Zakir ayağa qalxdı, yanından ötən Bəbirin qolundan tutub 

saxladı, dostlarına: 

 – Tökün! – dedi. – Siz tökün, mənim sözüm var! Bunu qaldıraq, bax, bizim bu 

Bəbirin sağlığına.» A Bəbir, a qadan alım sənin, sən ki, beləcə geyinib-kecinməyinə 

baxmayaraq, belə bir hörmətli restoranın gözü olmağına baxmayaraq, bizi belə 

ürəkdolusu qarşıladın, bizimlə oturub yüz qram araq içməyi özünə ayıb bilmədin, 

sən ki, bizim ürəyimizdən söz deyib bizi... – Sarı Zakir yenə kövrəldi, – bizi... bizi 

ağlatdın, səni min yaşa! 

Zakirgil araq içdilər, amma Bəbir çaxır içdi, çünki, əslində, Bəbirin ürəyi içmək 

istəmirdi, amma Bəbir baxıb gördü ki, Pakizə xanımın rəngi-rufu tamam ağarıb və 

Pakizə xanım qəzəblə düz Bəbirin gözlərinin içinə baxır, onda Bəbir bircə anın 

içində özündən çıxdı və bu ilan gözlü Pakizə xanımın acığına Zakirgilin yanındakı 

boş kürsüdə oturub dedi: 

 – Birin də tök! 

 –  Ə, tez eləyin, birin də süzün! – Sarı Zakir Bəbirin qabağına öz boşqabını, 

çəngəl-bıçağını qoydu, elə bil ki, səhərdən bəri Bəbirin onlara qulluq eləməyinin 

əvəzini çıxmaq istəyirdi. 

 –  Qarğa köpək qızı, qarıldayıb qurtarmır! – Bəbir nifrətlə Noraya baxdı  və 

Noranın təbii ki, Bəbirin sözlərindən xəbəri yox idi, «r»ları uzada-uzada yenə  də 

fransız mahnısı oxuyurdu. 

Sarı Zakir bilmədi ki, Bəbirin bu oxuyan arvadı söyməyinə  nə desin, özü də 

Bəbirə qoşulub söysün, ya neyləsin? 

Pakizə xanım qəzəbdən alışıb-yanan gözləriylə, hirsdən-hikkədən ağappaq 

ağarmış sifətiylə  Bəbirə  nəsə him-cim eləyirdi və  Bəbir başa düşürdü ki, Pakizə 

xanım him-cimiylə Bəbiri mizin arxasından qaldırmaq istəyir, amma bu him-cimlər 

daha Bəbirin vecinə deyildi, çünki aşıq yaxşı demişdi, könül həris deyil dünya 

malına... və bu dünyada ki, kərpic kimi buz işıqlar var idi və bu kərpic kimi buz 

işıqlar ki, adamın ürəyini beləcə  üşüdürdü, onda o çarpayının altındakı çamadana 

adamın yazığı gəlirdi, o çamadan çamadanların ən havasızı idi, ən yöndəmsizi idi, 

köməksizi idi və o çamadan sahibinə də adamın yazığı gəlirdi. 



 

179


Sarı Zakirin dostlarından birinin başı pırpızaqlı, sifəti sızanaqlı idi, əyninə bir az 

böyük olan göy kostyum və  qırmızı neylon köynək geymişdi, boynuna da yaşıl 

qalstuk bağlamışdı  və  Bəbirin gözü bu qalstuka sataşanda birdən-birə  həmin 

qalstukun yaşılı  Bəbirin gözlərində  əriyib yayılmağa başladı  və bu yaşıl çoxdan 

unudulub getmiş o dağın yaşılına çevrildi; onda Bəbir lap balaca uşaq idi və Bəbir 

bilməzdi ki, indiyə  qədər o yaşılı beynində saxlayıb, ürəyində saxlayıb; Poylu 

stansiyası bomboz aran idi və bataqlıq qamışından başqa bir yaşıllığı yox idi, amma 

o uzaq uşaqlıq çağında bir dəfə anası Bəbiri də maşına mindirib harasa apardı, xeyli 

yol getdilər, maşın dolama yollarla dağa qalxdı və o dağda, o yolların kənarında, o 

evlərin arasında Bəbirin heç vaxt görmədiyi və təsəvvürünə gətirmədiyi bir yaşıllıq 

var idi və  həmin yaşıl otlar, yaşıl ağaclar, yaşıl kollar, bu yaşıllıq içində adama 

gülümsəyən qırmızı, bənövşəyi, narıncı, mavi, ağ, qəhvəyi gül-çiçək o balaca Bəbiri 

elə bir heyrət və sevinc aləminə salmışdı ki, Poylu stansiyasına qayıdandan sonra da 

bir neçə ay o gözəl aləmdən çıxmadı, gecələr yuxuya getməzdən  əvvəl gözlərini 

yumub həmin yaşılı, həmin yaşıl içindəki qırmızını, bənövşəyini, narıncını, mavini, 

ağı, qəhvəyini gördü və Bəbirin yetimliyi o görümün qabağından gedirdi. 

Əriyib hər tərəfə yayılmış o yaşıl yenə qurudu, sıxıldı  və qalstuk olub başı 

pırpızaqlı, sifəti sızanaqlı bu oğlanın boynundan asıldı və Bəbir ürəyinin giziltisi ilə 

fikirləşdi ki, uşaq vaxtındakı o səfərdən sonra heç vaxt elə yaşıllıq görməyib, yaşıl 

içində gülən elə  qırmızı, elə  bənövşəyi, narıncı, mavi, ağ, qəhvəyi görməyib və 

ümumiyyətlə, Bəbir heç nə görməyib. 

Bəbir: 


 – Yaxşı yeyin-için, – dedi. – Bu gün mənim qonağımsız! 

Sarı Zakir tamam özündün çıxdı: 

 – Ə, gördünüz?! Gördünüz, yoxsa yox?! Demədim sizə ki, Bəbir qoymayacaq 

əlimizi cibimizə salaq? Ə, mən sizə dedim bunu, yoxsa demədim? 

Pakizə xanım isə him-cimində idi. 

Sarı Zakirin başı  pırpızaqlı dostu da Bəbirə him-cim eləyən Pakizə xanıma 

baxırdı və birdən üzünü Bəbirə tutub udquna-udquna dedi: 

 – Onu... 

 – Nə? 

 – Onu də... 

 – Nə onu? 

 – Bişir də mənim üçün onu... 

Bəbir pırpızaqlı  oğlanın bu xahişinə  cəmi bircə an təəccüb etdi, sonra Bəbiri 

gülmək tutdu və  Bəbir Pakizə xanıma baxa-baxa az qaldı gülüb özündən getsin. 

Bəbir heç vaxt ağlına gətirməzdi ki, Pakizə xanıma da başqa gözlə baxmaq olar və 

Bəbir indi Pakizə xanıma baxa-baxa onu çox biədəb vəziyyətlərdə təsəvvür etdi və 

daha da bərkdən gülməyə başladı. 

Əlbəttə, nə Sarı Zakir, nə dostları  Bəbirin birdən-birə beləcə gülməyindən bir 

mətləb anlamadılar və bu vaxt ətrafındakı mizlərin arxasındakı müştərilər Bəbirin 

qarasına deyinməyə başladılar. 

 – Su noldu? 

 – Limon demişdik axı! 

 – Tabaka qızarmadı? 

 – Şampan hanı? 

Pakizə xanım qəti addımlarla Bəbirə yaxınlaşdı və düz Bəbirin başının üstündə 

dayanıb hirsindən dodaqları səyriyə-səyriyə: 




 

180


 –  Yoldaş ofisiant! – dedi və bilmədi ki, sözünün dalını necə davam etdirsin, 

belə bir vəziyyətində Bəbirə əmr eləsin ki, dur işinlə məşğul ol, yoxsa hələlik xahiş 

eləsin, amma Pakizə xanımın çox götür-qoy eləməyə vaxtı qalmadı. 

Bəbirin müştəriləri arasında iki cavan oğlandan biri ayağa qalxıb bərkdən 

qışqırdı:  

 – Özün oturub orda kef eləyirsən, biz də səhərdən burda şampanski gözləyirik!.. 

Bəbir bığ yeri təzəcə tərləyən bu oğlana altdan-yuxarı baxdı və özü də bilmədi 

ki, necə yerindən durdu, qolu ilə Pakizə xanımı necə özündən kənar elədi və necə 

bağırdı: 

 – Gedin özünüz gətirin! Gedin! Hamınız gedin nə istəyirsiniz özünüz gətirin! O 

siz, o sizin xosrəngi mətbəxiniz, o da julik Ağacəfər! Brilyant! 

Elə bil ki, səhərdən bəri bütün bu əhvalatı lentə  çəkirdilər və bu yerdə lenti 

saxladılar, elə bil bir anlıq restoranda həyat dondu, sonra yenə lent çəkilməyə 

başladı, Pakizə xanım alışıb-yanan qıpqırmızı qulaqlarına inanmadı, Poqosov təkcə 

elə öz-özünə «–Vax!» – deməklə kifayətləndi, Ziba birdən-birə gizli məhəbbət 

dolmuş gözlərilə  Bəbirə baxdı, elə bil ki, əsl qəhrəmana baxırdı,  Əbülfət burnunu 

çəkə-çəkə, gözlərini qırpa-qırpa yerində bonub qaldı,  Əlifağaya isə elə  gəldi ki, 

dünyanın axırıdı, az qaldı ayıla, çünki dünyanın axırı olmasaydı, Bəbir kimisinin biri 

bu qədər camaatın içində o boyda kişi haqqında belə  qələt eləməzdi və onsuz da, 

ürəyi həmişə səksəkədə olan Əlifağa burasını da fikirləşdi ki, bəlkə, bu Bəbirdi-nədi, 

bunun qulağına söz çatıb, Ağacəfərin başında bir iş var, amma sonra Ağacəfərin 

təmiz qırxılmış, dolu və hamar sifəti, çal bığı, qızıl dişləri  Əlifağanın gözlərinin 

qabağına gəldi və  Əlifağa bir az toxtadı, amma çalmağına daha çalmadılar və 

gözlədi ki, bu mərəkənin axırı nə olacaq. 

Sonra Bəbir Zakirgilə çönüb: 

 – Tökün! – dedi. 

Doğrusu, Zakirgil bu mədəni restolranda belə bir əhvalat gözləmirdilər və çaşıb 

qalmışdılar, təkcə başı  pırpızaqlı  oğlan elə eləcə az qalırdı Pakizə xanımı ac 

gözlərinə təpib yesin. 

Pakizə xanım iti addımlarla mətbəxə  tərəf getdi, amma onun kimisə 

çağırmasına, kiməsə şikayətlənməsinə ehtiyac qalmadı, çünki restoranın qapısı açıldı 

və şəxsən yoldaş Qardaşxanlı özü içəri girdi. 

Yoldaş Qardaşxanlı uzun illər idi ki restoranlarda, univermaqlarda, 

mehmanxanalarda işləyirdi və bu işdə böyük səriştəsi var idi və indi də banket zalına 

baş çəkdiyi vaxt restorana çökmüş sükutu və bu sükutdakı gizli həyəcanı sövq-təbii 

hiss etdi, restoranın qapısını açdı. 

Pakizə xanım həmişə böyük vəzifə sahiblərini görən kimi çeşməyini taxırdı və 

indi də  cəld çeşməyini gözünə taxıb birbaş yoldaş Qardaşxanlının üstünə getdi və 

qəzəbdən işıldayan göy gözlərini Bəbirə zilləyib yoldaş Qardaşxanlının qulağına 

pıçıldamağa başladı və yoldaş Qardaşxanlı da Zakirgillə bir mizin arxasında oturmuş 

Bəbirə baxa-baxa bir-iki dəfə başını  tərpətdi, yəni ki, məsələ aydındı, sonra da 

yavaş-yavaş Bəbirə tərəf gəldi. 




 

181


Əbülfət burnunu çəkə-çəkə başa düşdü ki, məsələ yoğunlayıb, Poqosov yenə də 

təkcə elə öz-özünə « – Vax!» – deməklə kifayətləndi, Ziba daha açıq-aşkar 

məhəbbətdən dəm vuran gözləriylə  Bəbirə baxırdı,  Əlifağa  Əlimuxtarla yanaşı 

dayanıb o biri çalğıçılarla bir yerdə bu işin axırını gözləyirdi, hətta Nora da arxasını 

boş pianinoya söykəyib maraqla Bəbirgil tərəfə baxırdı və ən ağlasığmazı bu idi ki, 

elə bil, restorana mikrofon qoymuşdular, Brilyant Ağacəfər mətbəxdə ola-ola 

restorandakı əhvalatdan xəbərdar idi və gördüyü tədbir hələlik, ancaq bundan ibarət 

oldu ki, təpiyi ilə mətbəxin həyət qapısını açdı və «QAZ-24»də mürgüləyən oğluna 

dedi: 

 – Sən get. Bu gün day gəlməginən. 



Sonra mətbəx bundan da xəbər tutdu ki, yoldaş Qardaşxanlı özü restorana gəlib 

və Ağacəfərdən başqa hamı mətbəxin qapısı ağzına toplaşıb restorana boylandı. 

Yoldaş Qardaşxanlı gəlib Bəbirin qabağında dayandı və Sarı Zakir də, dostları 

da yerişindən, görünüşündən, özünü aparmağından başa düşdülər ki, bu gödək və 

yoğun adam kim isə böyük adamdı, üçü də ayağa qalxdı, amma Bəbir yerindən 

tərpənmədi. 

Əlbəttə, yoldaş Qardaşxanlı Pakizə xanımın indicə  pıçıldadıqlarının hamısına 

inanırdı, amma Bəbirdən bu yekəlikdə qanacaqsızlıq gözləmirdi ki, onu, yoldaş 

Qardaşxanlı boyda adamı bu cür oturduğu yerdə qarşılasın, yerindən heç 

tərpənməsin də; yoldaş Qardaşxanlı həmişəki təmkinini pozmadı və asta-asta dedi: 

 – Yaxşı... Deməli belə... Neynək... Elə bu gecə bu məsələni həll edərik... 

Bəbir başını qabağa verib düz yoldaş Qardaşxanlının gözlərinin içinə baxırdı və 

yoldaş Qardaşxanlının daha nə deyəcəyini gözləmədi:  

 – Xa-xa! Xox! Qorxdum! Gözlə! 

Sonra Bəbir səliqə ilə öz boynundakı  ağ  kəpənəkciyi açdı  və bu ağappaq, 

tərtəmiz, qanadları yekə ipək kəpənəkciyi mizin üstündəki qırmızı çaxır dolu 

qədəhin içinə saldı və ağ ipək bir göz qırpımında qıpqırmızı qızardı və Bəbir damcı-

damcı  qırmızı çaxır axan kəpənəkciyi qədəhin içindən çıxardıb, düz direktorun 

burnunun qabağına tutdu. 

Yoldaş Qardaşxanlının gözləri bərəldi və səriştəli, tədbirli, təcrübəli bu kişi indi 

restoranın ortasında, camaatın içində, xüsusən də, işçilərinin yanında uşaq kimi 

quruyub qaldı və bilmədi ki, nə eləsin və ümumiyyətlə, heç kimin cürəti çatmadı ki, 

nəsə bir söz desin, nəsə bir şey eləsin; yoldaş Qardaşxanlının bərəlmiş gözləri 

fırlanıb-fırlanıb gəlib Zibanın üstündə dayandı  və Ziba əllərini yaxalığına silə-silə 

Bəbirə yaxınlaşdı, Bəbirin qoluna girib yavaşdan və  həqiqətən, mehriban bir səslə 

dedi: 


 – Sakit ol. Gedək. Gəl... – sonra Bəbirin qulağına pıçıldadı: – Bizə gedək... 

 –  Nə? – Bəbirin bağırtısı restoranı titrətdi. – Ode, onu apar evinə! – Bəbir 

barmağını uzadıb az qaldı yoldaş Qardaşxanlının gözünün içinə soxsun. – Bunun 

kabinetində minbir oyundan çıxırsınız! Tüpürüm sənin qəhrəmanına! Bu köstəbəydi 

də sənin qəhrəmanın?! 

Əlbəttə, restoranın bütün işçiləri yaxşı bilirdi ki, günorta Ağacəfərin xüsusi 

bişirtdirdiyi naharı yoldaş Qardaşxanlı üçün Ziba aparır və bəzən yəqin ki, yır-yığış 

elədiyi üçün kabinetdə ləngiyir... 

Hər halda, təcrübə böyük şeydir, birinci özünə gələn yoldaş Qardaşxanlı oldu və 

üzünü Əlifağaya tutub qışqırdı: 

 – Alə, nə dayanmısınız?! Çalın! 



 

182


Bircə anın içində  Əlifağanın klarneti, Aşotun zərb alətləri, Gülməmmədin 

trubası, Məlikin tarı, Əlimuxtarın qaboyu, Fətullanın kontrabası və Noranın səsi bir-

birinə qarışdı, klarnet zilə qalxdı, Aşot az qaldı zərb alətlərini dağıtsın, Gülməmməd 

trubada elə bir nəfəs götürdü ki, gözləri kəlləsinə çıxdı, amma dayanmaq bilmədi və 

Bəbir də elə bil ki, səsi batmış televizorda qışqırırdı, ağzı açılıb-örtülürdü, boğazının 

damarları  şişib az qalırdı partlasın, ürəyini boşaldırdı, amma nə dediyi məlum 

olmurdu, çünki səsi eşidilmirdi; Ziba da, Poqosov da, Əbülfət də yenə öz işinə 

başladı, yoldaş Qardaşxanlı restorandan çıxıb dördüncü mərtəbədəki kabinetinə 

qalxdı, Pakizə xanım çeşməyini çıxarıb gizlətdi, Zakirgil isə  işi  şuluq görüb 

bayaqdan  əkilib getmişdilər, müştərilər və o cümlədən də, Bəbirin keçmiş 

müştəriləri yavaş-yavaş sakitləşib yeyib-içməklərinə başladılar, mətbəxin işçiləri 

başlarını bulaya-bulaya öz yerlərinə qayıtdılar və qanı qaralmış  Ağacəfərin 

qorxusundan cınqırlarını  çəkmədilər, təkcə, elə  Bəbir restoranın ortasında dayanıb 

səssiz televizordakı kimi nəsə deyirdi, amma indi daha narahat Əlifağa da Bəbirə 

fikir vermirdi, çünki bilirdi ki, qışqırıb, boğazını yorub, axırda çıxıb gedəcək. 

...Həmin küləkli mart gecəsində Bəbir restorandan tramvay dayanacağına qədər 

piyada gəldi və tramvaya minəndə gördü ki, tramvayın içi də o gecəki Bakı küçələri 

kimi bomboşdu, bir özüdü, bir də tramvayın o başında oturmuş konduktor qız. 

Bəbir tramvayın aşağı başında oturdu. 

Tramvay tərpəndi. 

Bəbir heç nə barədə fikirləşmirdi, yorğun idi və yatmaq istəyirdi, amma bu 

yorğunluqda heç bir narahatlıq, nigarançılıq yox idi və ümumiyyətlə, hər  şey öz 

qaydasında idi, nə lazımıydısa, o da olmuşdu. 

Təkcə ayaqqabısı Bəbirin ayağını sıxırdı, vəssalam. 

Konduktor qız tramvayın yuxarı başından Bəbirə baxıb gülümsədi. 

Bəbir fikirləşdi ki, yəqin məni Mürsəl Məhəmmədova oxşadır və bu dəfəki 

bənzətməsindən xoşu gəldi və özü öz zarafatına güldü. 

Təkcə kəpənəkciyi boğazında deyildi. 

Konduktor qız tez-tez Bəbirə baxırdı  və axırıncı dayanacaqda Bəbir yerindən 

qalxıb yanından ötəndə qız dedi: 

 – Mən sizi tanıdım, xalam qızının toyu sizin restoranda idi. 

Sonra bu cavan konduktor qız gülümsədi, elə bil, dünyanın bəxtəvəri idi. 

Xoşbəxt olmaq üçün elə böyük bir şey lazım deyildi. 

Bəbir tramvaydan düşüb bomboş parkın içi ilə yataqxanaya tərəf gedirdi. 

Külək dayanırdı, sonra təzədən qıy vururdu və külək beləcə  qıy vuranda az 

qalırdı parkın ağaclarını dibindən qoparsın. 

Bəbir də birdən dayandı, əyilib ayaqqabıları ayağından çıxartdı. 

Bəbirə elə gəldi ki, təkcə ayaqları yox, bütün bədəni azadlığa çıxdı. 

Sonra Bəbir var gücü ilə ayaqqabılarını bir-birinin ardınca o küləkli mart 

gecəsində qaralan ağaclığa tərəf tolazladı. 

Bəbirin bayaqkı yorğunluğuna bir rahatlıq gəldi və  Bəbir corabla yataqxanaya 

gedə-gedə fikirləşdi ki, ayaqyalın gəzməkdən gözəl şey yoxdur. 

 


Yüklə 2,94 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin