Mart, 1983.
183
HOTEL BRISTOL
Hava bir balaca açılmışdı və gün çıxmışdı. Gün milyon il bundan əvvəl də yəqin
ki, beləcə çıxmışdı. Gün milyon il bundan sonra da belə çıxacaqdı.
Bu sözlər onun sözləri deyildi, on-on iki il bundan əvvəl deyilmişdi və o zaman
bu sözlər də bu sözləri deyən adam kimi ona boş və mənasız görünmüşdü, ürəyində
bu sözlərə gülmüşdü, amma indi bu sözlər, yəni günəşin beləcə həmişəliyi, insan
ömrünün bu həmişəlik müqabilindəki kiçikliyi, cılızlığı onu həyatı və ölümü təzəcə
dərk eləyən bir yeniyetmə kimi sarsıtdı.
Tabutu yekə yük maşınının yanına qələr gətirib dayandılar, iki cavan oğlan atılıb
yük maşınına mindi, tabutu çiyinlərdən çəkib maşının içinə saldılar və yazıq
Əlisəttar müəllim payızın bu soyuğunda puçur-puçur tər tökə-tökə cavan oğlanlara:
– Yavaş olun!.. Yavaş olun!.. – deyirdi.
O tabutun içindəki, o nəm çəkmiş taxta qutunun içindəki Hotel Bristol idi.
Yazıq Əlisəttar müəllim nədən qorxurdu? Qorxurdu ki, Hotel Bristola bundan
sonra bir zədə dəyər, ya nə olar? Yazıq Əlisəttar müəllim, sənin ürəyin də bu dəm
sifətin kimi ağlayırmı? Ya yalandan ağlayırsan? Yaxşı adamsan sən, yoxsa pis
adamsan? Ümumiyyətlə, yaxşı adam, yaxud pis adam varmı dünyada?
Ona elə gəlirdi ki, insan ömrü günəşin daimiliyi müqabilində necə kiçikdirsə,
necə cılızdırsa, «yaxşı» və «pis» də insanın və o cümlədən də Əlisəttar müəllimin
ürəyi, insanın dünyası müqabilində eləcə kiçik, eləcə cılızdır.
Cavan oğlanlar maşının dəmir kabinəsinə bir-iki yumruq vurdular, yəni ki,
hazırdı, tabutu qoymuşuq maşının ortasına, tərpənmək olar və camaat da
qəbiristanlığa getmək üçün avtobusa, yüngül maşınlara minməyə başladı; cavan
oğlanlar yük maşınının kənarını qaldırdılar və tabut daha görünmürdü və o
görünməyən tabutun içindəki Hotel Bristol idi.
Yazıq Əlisəttar müəllim maşınlardakı boş yerləri bir-bir camaata göstərirdi,
maşınların arası ilə ora-bura vurnuxurdu ki, görsün çöldə qalan yoxdur ki, puçur-
puçur tər tökə-tökə bu başdan vurub o başdan çıxırdı və görünür, təbiətən çox
narahat adam idi, dostlarına, qohumlarına, heç kimə etibar etmirdi, adamları, az
qala, bir-bir özü maşınlara oturdurdu və yaxın bir adam görən kimi, özünü saxlaya
bilmirdi, kövrəlirdi, yazıq Əlisəttar müəllim, bu gecə necə yatacaqsan?
Hotel Bristolu tez-tez yadına salacaqsan?
doğrudan da o əziz adam idi sənin üçün?
bu cür canfəşanlığın doğrudandı, ya yalandan?
tək qalacaqsan, yoxsa həmişə tək olmusan?
Birinci dəfə idi ki, Əlisəttar müəllimi görürdü və heç vaxt Əlisəttar müəllimi
görməsə də, Əlisəttar müəllimin gödək boyunu daha da qısaldan köklüyü, saçı
tökülmüş tamam çılpaq başı Hotel Bristola yaraşmasa da bayaqdan ona elə gəlirdi
ki, Əlisəttar müəllimi çoxdan tanıyır və Əlisəttar müəllim mütləq elə bu cür Əlisəttar
müəllim olmalı idi, başqa görkəmdə, başqa sifətdə ola bilməzdi; yazıq Əlisəttar
müəllim bu dəfə onun yanından ötdü və adamların hüznlü baxışlarına:
– Həyatdır... – deyə cavab verdi.
... – Həyatdır də... – Sonra Hotel Bristol o payız günü pəncərədən bayıra baxdı,
buludların arasından çıxmış günəşə baxdı, boz gözlərini qıydı və həmişəki kimi
mənalı-mənalı dedi:
184
– Gün milyon il bundan əvvəl də yəqin ki, belə çıxmışdı. Gün milyon il bundan
sonra da belə çıxacaq... – Sonra da boz gözlərini günəşdən çəkib düz onun
gözlərinin içinə baxdı və bu dəfə rusca dedi: – Takova jizn...
– Ne tak xoroşa, da i ne tak ploxa, kak dumayetsya.
Hotel Bristol zamanın sınaqlarına sinə gərmiş, xeyli təcrübədən keçirilmiş
mənalı təbəssümlə elə-eləcə Muradın gözlərinin içinə baxdı və gülümsədi:
– Vot imenno! Prekrasno skazal...
Hotel Bristol bilmirdi ki, o payız ötəcək, sonra yenə payızlar gəlib keçəcək və
eləcə bir payız günü iki cavan oğlan onu tabutun içində, nəm taxta qutunun içində
çəkib yük maşınına qoyacaqlar.
– I ya tebya ponyala...
Murad da gülümsədi, çünki Muradın həyat haqqında söylədiyi bu cümlə
Mopassanın idi, hansı romanınsa – deyəsən, «Həyat»ın axırıncı cümləsi idi; Murad
da gülümsədi, çünki Murad da bilmirdi ki, o payız ötəcək, sonra yenə payızlar gəlib
keçəcək və elə o cür bir payız günü – milyon il bundan əvvəlki və milyon il bundan
sonrakı kimi bir payız günü iki cavan oğlan Hotel Bristolu nəm taxta qutunun içində
çiyinlərdən çəkib yük maşınına qoyacaq; Hotel Bristol təmizkar idi və təmizkarlığını
həmişə nümayiş etdirirdi, tez-tez çantasından ətriyyatlı kağız dəsmallar çıxarıb əlini,
boynunu silirdi; o nəm taxta qutu isə tamam köhnəlmişdi, içində nə qədər cənazə
yola salmışdı və indi də Hotel Bristolu axırıncı mənzilə aparırdı, sabah da kimisə,
bir başqasını aparacaqdı, biri gün bir başqasını öz içinə alacaqdı, beləcə köhnəlib
tamam söküləcəkdi, çürüyüb torpağa qarışacaqdı və yerinə təzə tabut
düzəldəcəkdilər; bir dəfə Murad Bakının köhnə məhəllələrindən birindən keçib işə
gedəndə gördü ki, qırçılar köhnə bir tabutu söküb, qır tiyanında yanan o tabut
taxtalarının şöləsi uzun müddət Muradın gözlərinin qabağından getmədi; həmin şölə
qızdırmırdı, buz soyuğu ilə yanırdı və soyuq alov Muradın içini dondururdu.
Hotel Bristol Muradın gülümsəməyini də başqa gür yozdu və isti əli ilə Muradın
biləyindən tutdu:
– Nə yaxşı ki, biz bir-birimizi başa düşürük... Bu soyuq dünyada, heç olmasa,
bir balaca hərarət adamın ürəyini qızdırır. Mən sevinirəm... – Sonra Hotel Bristol
həmişə belə anlarda olduğu kimi yenə də rus dilinə keçdi: – A tı?
– Ya toje...
– Çto ya toje?
– Ya toje tak i vı...
Hotel Bristol Muradın biləyini sıxdı və özünü Murada lap yaxınlaşdırdı, döşləri
Muradın pencəyinə yapışdı və Muradın həmin döşlərə yazığı gəldi, elə bil ki, bu
döşlər bütün qışı evdə saxlanılıb yazda bazara çıxarılmış alma idi, köhnəlmişdi və
Hotel Bristol başını qaldırıb boz gözləri ilə altdan yuxarı yenə də Muradın gözlərinin
içinə baxanda, həmin baxışlardakı çağırışa, dəvətə, həmin baxışlardakı mənəm-
mənəmliyə Muradın gülməyi tutdu və yaxşı ki, Hotel Bristol, nədənsə, gözlərini
ondan çəkib o payız buludları arasından çıxmış günəşə baxdı: əlbəttə, Murad nə isə
etməli idi, ya yüngülcə öpməli idi Hotel Bristolu, ya özünü kənara çəkməli idi, ya da
nəsə başqa bir şey eləməli idi, amma Murad heç nə eləmədi, gülümsəyə-gülümsəyə
çox səmimi, lap sidq-ürəkdən soruşdu:
– Əlisəttar müəllim necədi?
Hotel Bristolun Muradın biləyindən tutmuş və həyəcanlı nəbzi hiss olunan isti
əli dərhal boşaldı, sonra sifətində güclə saxlamağa çalışdığı həmin romantik
təbəssümlə dedi:
185
– Çox sağ ol, yaxşıdır.
Murad eyni sadəlövhlüklə soruşdu:
– Radikuliti necədi?
Hotel Bristol tamam təhqir olunmuşdu və əzablara dözən cəfakeş bir qadın
əzmiylə bunu Muraddan gizlətməyə çalışdı:
– Radikuliti də yaxşıdı, – dedi və daha özünü saxlaya bilməyib boş otaqdan
çıxdı.
Murad bilirdi ki, Hotel Bristolun ərinin adı Əlisəttar müəllimdi və
institutdakıların hamısı kimi, burasını da bilirdi ki, Əlisəttar müəllimin Hotel
Bristolun macəralarından xəbəri yoxdu, radikuliti var və çox zaman da öz
radikulitinin hayındadı.
...Yük maşını tərpəndi, o biri maşınlar da yavaş-yavaş yük maşınının ardınca
getməyə başladı, yolu kəsilib dayanmış trolleybusların, taksilərin, başqa maşınların
sürücüləri və sərnişinləri səbirsizliklə və narazılıqla bu matəm karvanına baxırdı ki,
yol nə vaxt başlanacaq və nəhayət, tabutu aparan yük maşınının ardınca gedən
maşınların hamısı yola düzəldi və ən sonuncu Əlisəttar müəllimin oturduğu köhnə
«Jiquli» yerindən tərpəndi, yazıq Əlisəttar müəllim,
radikulitin necədi, çox incidir?
bəlkə bütün insan ömrü bir payız fəslidir və əslində fəsillər heç zaman dəyişmir?
hər halda, təskinlik var, hər halda, radikulit xərçəng deyil, hə?
amma ömrün payızına bunun nə dəxli var?
bəyəm ömrün payızı üçün xərçənglə, radikulitlə xərçəngsizliyin və
radikulitsizliyin fərqi var?
...O zaman Murad hələ institutda işləyirdi və onların şöbəsinin cəmi bircə otağı
var idi və bu bir otaqda dörd miz var idi: ikisinin arxasında baş elmi işçilər – Murad
və Hotel Bristol otururdu, biri kiçik elmi işçi Musanın idi, o birisi də laborant
Səlminazın.
Hotel Bristolun adı, yəni əsl adı Məleykə idi, amma Murad da və başqaları da
Məleykə xanımdan söz düşəndə onu Hotel Bristol çağırırdılar, çünki Hotel Bristol
haçansa Avropa ölkələrindən birinə turist səyahətinə getmişdi və həmin ölkədə hansı
bir şəhərdəsə «Bristol» adlanan bir mehmanxanada qalmışdı, geri qayıdanda isə
həmin mehmanxananın yuxarısında latın əlifbası ilə HOTEL «BRISTOL» sözləri
yazılmış şirkət kağızlarından bir dəstə götürmüşdü və odu-budu balaca məktublarını,
qeydlərini bu şirkət kağızlarında yazırdı, məsələn, bir də görürdün ki, hansı bir
müzakirəyəsə gələ bilməyib, əvəzində bir üzrxahlıq məktutu göndərib ki, bağışlayın,
vacib işim olduğuna görə müzakirədə iştirak edə bilmirəm və şöbəyə göndərdiyi
həmin məktubun da yuxarısında HOTEL «BRISTOL» şirkət yazısı.
Hotel Bristol Muraddan nə qədər böyük idi? On yaşmı? On beşmi? Amma, hər
halda, özünü Muradın qəyyumu kimi aparırdı, guya, Muradın daxili aləmini
institutda heç kim başa düşə bilməz və ancaq Hotel Bristol Muradın hisslər və
düşüncələr aləmini duyur və ümumiyyətlə, guya Hotel Bristol mənən zənginlik
xiridarıdır, özü mənəvi sarsıntıları çox keçirib, başı daşdan-daşa dəyib və buna görə
də sirlərlə dolu daxili aləmi var; tez-tez Muradı söhbətə tuturdu, tarixdən danışırdı,
arxitekturadan, rəssamlıqdan, Italiya kinosundan, fransız romanından danışırdı və
bəzən lap aləm olurdu, məsələn, Hotel Bristol Muradı təkləyib başlayırdı xarici
ədəbiyyatdan söz salmağa, Murad da adını bildiyi Amerika kosmonavtlarını bir-bir
ingilis yazıçıları kimi Hotel Bristola sırıyırdı.
Hotel Bristol soruşurdu:
186
– Təzə nə oxuyursunuz?
Murad deyirdi:
– Bir ingilis yazıçısı var, Devid Skott, onun romanını oxuyuram.
Hotel Bristol o saat heyranlığını bildirirdi:
– O-o!.. Yaxşı yazıçıdır! Hansı romanını oxuyursunuz?
Murad bədahətən bir roman adı quraşdırıb deyirdi:
– «Həyat səhra kimidir...»
Əlbəttə, bu adda roman yox idi; əlbəttə, Murad bilmirdi ki, ömrün payızlı bir
çağında beləcə bir yük maşınının ardınca gedəcək və burasını da bilmirdi ki, həmin
nəm taxtalı qutunun içindəki Hotel Bristolu qəbiristanlığa müşayiət edən əklillərin,
güllərin iyi birdən-birə Hotel Bristolun ətirli kağız dəsmallarını onun yadına salacaq.
Murad o romanın adını söyləyən kimi, Hotel Bristol deyirdi:
– Hə, pis roman deyil... Amma görürsünüz, iki-üç cümlə ilə qadın
psixologiyasını necə dəqiq ifadə edir?
Əlbəttə, hərgah bir romanın adı «Həyat səhra kimidir...»sə, orada, heç olmasa,
bir qadın olacaqdı və yazıçı da – nə olsun ki, Devid Skott kosmonavtdır? – həmin
qadın haqqında bir-iki cümlə deyəcəkdi, amma bu birtərəfli oyunun da ləzzəti onda
idi ki, mübahisə qızışırdı və Murad da mübahisə edirdi:
– Mən deməzdim ki, bir o qədər də dəqiq ifadə edir...
O məşhur təbəssüm həmin andaca Hotel Bristolun dodaqlarına qonurdu:
– Siz qadın psixologiyasının bilicisisiz? – Xüsusi vurğu ilə dediyi bu sözlərdən
sonra bir anlıq araya mənalı sükut çökürdü, sonra Hotel Bristol yenə romana
qayıdırdı. – Əlbəttə, Skott da bütün ingilislər kimi bir az qurudu, amma bəzən elə
detallar verir ki, çox yerinə düşür. Siz onun başqa əsərlərini oxumusunuz?
– Yox, oxumamışam.
Hotel Bristol deyirdi:
– Onun bir povesti var, keçən il çıxmışdı. Adını bu saat deyim... hə, «Vzqlyad
çernoqo kota»! Çox gözəl əsərdir. Məncə Skottun ən yaxşı yazısıdır. Mütləq tapıb
oxuyun, heyif, mən kiməsə vermişəm... Hər dəfə özümə söz verirəm ki, heç kimə
kitab verməyəcəyəm, amma yenə də olmur...
Bəzən Murada elə gəlirdi ki, Hotel Bristol da onu ələ salır, amma Hotel Bristol
heç kimi ələ salmırdı, sadəcə olaraq, Hotel Bristolun başqa əlacı yox idi və əlbəttə,
deyə bilməzdi ki, bağışlayın, mən Devid Skott adında yazıçı tanımıram və onun heç
bir əsərini oxumamışam; Murad Hotel Bristolla söhbətlərində Salvadorun
prezidentini Ispaniya kinorejissoru kimi qələmə verirdi, Fransa generalını Kanada
dirijoru kimi, ingilis artistini Avstraliya ornitoloqu kimi və Hotel Bristol da bütün bu
olmayan kinorejissorların, bəstəkarların, alimlərin hamısını tanıyırdı, onların başqa
əsərlərinin adını çəkirdi, sənətə, elmə, ədəbiyyata dair onların fikirlərini söyləyirdi,
yaradıcılıqları barədə Muradla mübahisələr aparırdı.
187
Bəzən Səlminazla Musa da otaqda olardı, heyran-heyran Hotel Bristolla
Muradın söhbətlərinə qulaq asardı, ilk dəfə eşitdikləri böyük alimlərin, rejissorların,
yazıçıların qəliz adlarını yadlarında saxlamağa çalışardı ki, yeri düşəndə onlar da bu
adları çəksinlər; Musa hərdən utana-utana, sıxıla-sıxıla imkan tapıb qeydlər də edirdi
ki, eşitdiyi bu ağıllı söhbətlər onun cib dəftərçəsindən kənarda qalmasın; Musa
həmişə utanırdı, həmişə sıxılırdı; burasını da deyirdilər ki, neçə illərdən bəri
institutda kiçik elmi işçi işləyən, elmdə də, həyatda da heç bir xüsusi iddiası
olmayan Musa altı uşağına və sapsağlam arvadına baxmayaraq, gizlin-gizlin Hotel
Bristolu sevir və arvadını boşamağa hazırlaşır və deyirdilər ki, Hotel Bristolun
özünün də bu gizli məhəbbətdən xəbəri var...
Yük maşını qəbiristanlığın qapısı ağzında dayandı və Əlisəttar müəllim köhnə
«Jiquli»dən düşüb tələsik yük maşınına tərəf gəldi və Murada elə gəldi ki, Əlisəttar
müəllim də əslində o trolleybus, taksi sürücüləri və sərnişinləri kimi tələsir, tələsir
ki, bütün bu matəm mərasimi tez qurtarsın, Hotel Bristolu bu payız soyuğunu canına
çəkmiş qara torpağa tez tapşırsınlar, amma yazıq Əlisəttar müəllimin, təbii ki,
Muradın bu hisslərindən xəbəri yox idi və yük maşınından tabutu aşağı sallayan
cavan oğlanlara:
– Yavaş olun... – deyirdi. – Yavaş olun...
Tabutu aşağı salladılar və yenə də dörd nəfər o nəm çəkmiş taxta qutunu çiyninə
aldı və hamı tabutun ardınca addımladı; qəbiristanlıq həmişəki sakitlik içində idi və
bu sakitlikdə gizli bir narahatlıq, hərislik var idi və Murada elə gəldi ki, qəbiristanlıq
nə vaxtdı ki, onları gözləyirdi, yəni bu mənada yox ki, hamı öləcək və qəbiristanlıq
da bir-bir bütün bu adamlar üçün son məskən olacaq – bu, öz yerində; bu mənada ki,
elə bil qəbiristanlıq məhz bu cənazəni gözləyirdi və elə bil ki, bu cənazə gəldi,
həmin qəbiristanlıq rahat nəfəs aldı və o nəfəsi Murad bütün hissləri ilə, bədəni ilə
duydu.
Əlisəttar müəllim tabutun üstünə xırda güllü ipək örtük salmışdı və bu dəm o,
xırda ağ güllər Muradın gözlərində böyüdü, qıpqırmızı qızardı və həmin yekə
qırmızı güllü xalat bu dəfə bir həzinlik, bir hərarət gətirdi...
Onda necə oldu ki, Hotel Bristolgilə getdilər?
Kiminsə dissertasiya müdafiəsindən sonra banket idi, xeyli yeyib-içdilər,
Muradla Hotel Bristol yanaşı oturmuşdular, sonra burası Muradın yadına gəlirdi ki,
həmin yay gecəsi banketdən çıxıb hansı kimsəsiz bağdasa Hotel Bristolla öpüşdülər,
sonra da burası yadına gəlir ki, Hotel Bristolun evinə getdilər və qapını Hotel Bristol
özü açarla açdı, çünki evlərində heç kim yox idi, sonra Muradın ürəyi bulandı, vanna
otağına keçdi, sonra oradan çıxanda gördü ki, Hotel Bristol artıq həmin yekə qırmızı
güllü məşhur xalatı əyninə geyib.
Institutda hamı bilirdi ki, Hotel Bristolun belə bir xalatı var və həmin yekə
qırmızı güllü xalat haqqında dastanlar gəzirdi, amma Murad bu xalatı gözləri ilə
görəndə təəccübündən çaşıb qaldı, elə bil ki, Hotel Bristolun bu yekə qırmızı güllü
xalatı da uçan xalça kimi, yaxud Ələddinin çırağı kimi bir şey idi və onu həqiqətdə
görmək mümkün deyilmiş; sonra hər şey pis romanlardakı kimi oldu: xalatın açıq
ətəyindən Hotel Bristolun çılpaq baldırları göründü, otağın işığı da elə bil öz-özünə
söndü, Hotel Bristol Muradın yanında divanda oturdu və bütün bunların hamısı
Muradın içkili beynində bir dumana bürünmüşdü, sonralar bütün bunları
xatırlayanda, o birinci və sonuncu gecəni yadına salanda hər şey həmin dumanın
içində idi və Murada elə gəldi ki, illər keçdikcə o duman da qocalıb, köhnəlib, o
dumanın da az-çox şövqü vardısa da, çıxıb gedib, yerini payız xisləti tutub.
188
Həmin gecənin səhəri dostları Muraddan soruşanda ki, banketdən sonra birdən-
birə hara itdi? – Murad güldü: HOTEL «BRISTOL»da istirahət edirdim... və bundan
sonra həmin sözlər institutda, dostları arasında bir zərb-məsələ çevrildi:
– Əcəb HOTEL «BRISTOL»da dincəlməli gündü...
– Dünən niyə görünmədin? HOTEL «BRISTOL»a getmişdin?
– Lap HOTEL «BRISTOL» əhvalatıdı...
...Qəbirqazanlar əllərində bel tutub gözləyirdilər ki, nə vaxt cənazəni tabutdan
çıxarıb qəbrə qoyacaqlar ki, onlar qəbri torpaqla doldurub işlərini qurtarsınlar və bu
vaxt Əlisəttar müəllim özünü saxlaya bilmədi, tabutun yanında diz çökdü və hönkür-
hönkür ağlamağa başladı, yazıq Əlisəttar müəllim,
bir vaxt hər şey unudulacaq.
bir vaxt nə sən olacaqsan dünyada, nə də mən.
bir vaxt bütün bu adamlar da olmayacaq dünyada.
amma günəş beləcə çıxacaq, çünki milyon il bundan əvvəl də beləcə çıxıb və
milyon il bundan sonra da beləcə çıxacaq.
o vaxt sənin kimisi, mənim kimisi olacaq və onlar da beləcə düşünəcək.
ya da beləcə düşünməyəcək.
nə fərqi? Yox, Musa da Hotel Bristolu sevmirmiş, Musa arvadını boşamağına
boşadı, amma Səlminazla evləndi və Murad onları təxminən iki ay bundan əvvəl
gördü; Murad neçə il idi ki, başqa işə keçmişdi və həmin gün işdən sonra nəhayət ki,
vaxt tapıb, xəstəxanada yatan qayınatasına baş çəkməyə gəlmişdi və xəstəxananın
ağlığı və təmizliyi də xəstəxananın iyi kimi Muradın ürəyini sıxırdı, xəstəxana
işçilərinin geydiyi nişastalı ağ xalatların ləkəsizliyində, tərtəmizliyində soyuq bir
ümidsizlik var idi; üçüncü mərtəbənin aralığında Musa və Səlminazla rastlaşdı.
– Salam, Murad müəllim!... – Səlminaz bu gözlənilməz görüşə açıq-aşkar
sevindi və hələ də həmin institutda kiçik elmi işçi işləyən Musa da həmişəki kimi
utana-utana, sıxıla-sıxıla Muradla görüşdü, sonra məhəbbət dolu gözləri ilə
Səlminaza baxdı; Səlminaz soruşdu: – Necəsiniz, Murad müəllim? Gör nə vaxtdı
görmürük sizi... Hərdən televizorda görürük... – Musa da sıxıla-sıxıla Səlminazın
sözlərini təsdiq etdi, sonra yenə məhəbbət dolu nəzərlərilə Səlminaza baxdı;
Səlminaz dedi: – Institutun yaxşı vaxtları o günlərdə qaldı, Murad müəllim... Hər
şey dəyişib, gəlsəz heç tanımazsız... – Səlminaz gözlərini Muradın dən düşmüş
saçlarında gəzdirdi və birdən-birə qüssədolu bir səslə soruşdu: Siz də Məleykə
xanımın yanına gəlmisiz?
Murad əvvəlcə bilmədi ki, söhbət kimdən gedir, sonra başa düşdü ki, Hotel
Bristol burda yatır və məlum oldu ki, Hotel Bristol üç aydan artıqdır ki, çarpayıdan
ayağa qalxmır.
– Ümidsizdir... – Səlminazın gözləri doldu. – 318-ci otaqda yatır. Həkimi deyir
ki, bir aydan çox yaşamaz. Xərçəngdi... Özünün xəbəri yoxdu.
Sonra Musa ilə Səlminaz getdi.
Onda hələ payızın əvvəlləri idi və artırmanın pəncərəsindən görünən
xəstəxananın həyətindəki gilənar ağaclarının yarpaqları hələ saralmamışdı və bu
yarpaqlar da bir az aralıdakı zeytun ağaclarının yarpaqları kimi yaşıl idi, amma bir
az keçəcəkdi, gilənarın yarpaqları saralıb töküləcəkdi, xəzəl olub xəzana dönəcəkdi,
amma o zeytun ağacları yay-qış həmişə beləcə yaşıl qalacaqdı, amma bir gün
gələcəkdi və o həmişəyaşıl zeytun ağacları da quruyub qaxaca dönəcəkdi.
189
Əyninə tərtəmiz ağ xələt geymiş şəfqət bacısı aralığın bir küncündəki mizin
arxasında oturub kiminləsə telefonla danışırdı və tez-tez də gülürdü; şəfqət bacısının
əynindəki həmin ağappaq, tərtəmiz xalat nişastadan şax dayanmışdı və birdən-birə
elə bil ki, o şəfqət bacısı əriyib yox oldu, təkcə bu ağappaq nişastalı xalat qaldı və
Murada elə gəldi ki, kürsüdə oturub telefonun dəstəyini tutan, danışan və tez-tez də
gülən ancaq həmin ağappaq nişastalı xalatdir, içində heç kim yoxdur.
O, 318-ci palatanın qapısını açdı və ona elə gəldi ki, özü yox, kimsə bir başqa
adam bu palataya girdi və çarpayıda uzanmış bu yaşlı, xəstə, kimsəsiz qadını da
görən o deyil, həmin başqasıdır; bəlkə elə buna görə də həmin qadının bu qədər
dəyişməsinə heyrət etmədi, elə bil ki, həmin qadını bu qədər dəyişmiş görmək onu
yox, həmin başqasını sarsıtdı və Murad gözlədi ki, xınası getmiş ağ saçları dalğa-
dalğa balıncın üstünə yayılmış, sifəti, elə bil ki, mumdan düzəldilmiş, rəngi saralmış
və eyni zamanda da qaralmış bu qadın indicə gözlərini açacaq və onu görüb
gözlərinə inanmayacaq.
Hotel Bristol, doğrudan da, gözlərini açdı və onu qarşısında dayanmış gördü,
amma heç təəccüb eləmədi, təkcə gülümsədi, elə bil onu gözləyirdi, bilirdi ki, indicə
gələcək, indicə boz gözlərini açıb onu görəcək.
Boz gözlərin dibi görünürdü, elə bil ki, quyunun suyunu vedrə-vedrə çəkib
çıxarmısan və indi baxanda dibi işıldayır.
O, boz gözlər əziyyətlə gülümsəyirdi.
Səlminaz bayaq dedi ki, «özünün» heç nədən xəbəri yoxdu, amma bu boz
gözlərin hər şeydən xəbəri var idi.
Xəbərsiz biz idik.
Bu boz gözlər bu dəm ömrün payızına rişxənd edirdi və bu boz gözlər bu dəm
mənə də rişxənd edirdi.
O, neçə illər idi ki, bu qadını görmürdü, hərdənbir mətbuatda imzasına rast
gəlirdi və o zaman yadına düşürdü, tez də yadından çıxıb gedirdi, amma indi
əziyyətlə gülümsəyən bu boz gözlərə baxanda həmin gözlərin dəvətlə, çağırışla dolu
təbəsümünü yadına saldı və həmin təbəssümdə heç vaxt hiss etmədiyi bir səmimilik,
bir hərarət duydu, elə bir hərarət ki, həmin hərarətdə ağac pöhrələyir, yaxud da sənin
donmuş barmaqlarını kim isə əziz bir adam əllərinin arasına alıb isti nəfəsini verir,
qızdırır.
O bilirdi ki, bu xəstə qadının uşağı yoxdur və ümumiyyətlə, ərindən və ərinin
qohumlarından başqa heç kimi yoxdu və bu palataya da yəqin ki, ancaq onlardan
biri, ikisi işdən sonra gəlib xəstəni yoluxurlar, amma əziyyətlə gülümsəyən bu boz
gözlərdə bu dəm heç bir tənhalıq dəhşəti, kimsəsizlik ağrısı yox idi, əksinə, bu boz
gözlər bu dəm tənhalığın özünə də, kimsəsizliyə də rişxənd edirdi.
Iki-üç dəqiqə bundan əvvəl, hələ bu boz gözlər yumulu olanda o qorxurdu ki, bu
yaşlı və xəstə qadın birdən keçmişləri yadına salar, birdən «mən səni həqiqətən
sevirdim» deyər və yaxud «o gecəyə baxma, mənim səndən zəhləm gedirdi» deyər,
amma indi dibi görünən və əziyyətlə gülümsəyən bu boz gözlərə baxdıqca özünü,
bütün varlığını, bütün həyatını həmin sevginin də, həmin nifrətin də müqabilində
kiçik, gözəgörünməz hiss etdi və bu hiss bir kəşf kimi onun bütün içini sarsıtdı...
190
...Qəbirqazanlar beli zərblə torpağa vururdular, ayaqları ilə belə kömək edirdilər
və torpaq dolu beli qaldırıb torpağı qəbrə boşaldırdılar və bu minval ilə
qəbiristanlıqdakı o təzə qəbir də torpaqla doldu və Əlisəttar müəllim də o torpaq
doldurulmuş qəbrə baxa-baxa için-için ağlayırdı, yazıq Əlisəttar müəllim, mən çox
istəyirəm ki, sənin radikulitin səni heç vaxt incitməsin, mən çox istəyirəm ki, sən
ömrünün axırınacan qayğısız yaşayasan, heç vaxt o cür puçur-puçur tər tökməyəsən,
imkan daxilində xoşbəxt olasan, mən çox istəyirəm ki, gecənin qaranlığı və sükutu
səni üşütməsin, mən çox istəyirəm ki, xəstəxananın həyətindəki o zeytun ağacları
heç vaxt quruyub qaxaca dönməsin, mən istəyirəm ki, heç kim tabut taxtası yandıran
qırçılarla rastlaşmasın, mən istəyirəm ki, Musa heç vaxt Səlminazı boşamasın,
amma... qış ötür, yaz gəlir, sonra yay gəlir, sonra yenə payız başlayır...
Hava arada bir yenə tutuldu, sonra yenə bir balaca açıldı və gün çıxdı. Gün
milyon il bundan əvvəl də yəqin ki, beləcə çıxmışdı. Gün milyon il bundan sonra da
beləcə çıxacaqdı.
Dostları ilə paylaş: |