Komandir. Bakı! Bakı! 85 510, 85 510. Nasazlıq aradan qaldırılır. Nasazlıq
aradan qaldırılır. Enməyə davam edirəm.
sifətlər bir-bir sənin gözlərinin önündən ötməyə başladı və o sifətlər bir-birini əvəz
etdikcə sənin fikrin də dəqiq və aydın işləyirdi: bax, kiminsə xətrinə aspiranturaya
223
qəbul zamanı buna «iki» verdin, bunu işdən çıxardın, buna töhmət verdin, bunu
otağından qovdun, bunu söydün, bunun əsərini saxladın, çünki özündən xoşun
gəlmirdi, bunu qorxutdun, buna eşq elan elədin, sonra da bədbəxt elədin və sürətlə
bir-birini əvəz edən bu mumiya kimi sifətlərin arxasında insanlar dayanmışdı, talelər
dayanmışdı, bütün bu insanların ailələri var idi, qayğıları var idi, sevinci, kədəri var
idi və sənin bir töhmətin, bir söyüşün, bir dərkənarın taleləri həll edirdi. Bu dəfə sən
həmin adamların heç vaxt görmədiyin analarını, arvadlarını, uşaqlarını gördün, daha
doğrusu, bu görüm ayrı-ayrı anaların, arvadların, uşaqların sifəti deyildi, bir küll idi
və bayaqkı çağa çığırtısı əvəzinə indi sənin beynində bir uğultu var idi və sən həmin
uğultu içində taxta sinəsi qançır-qançır olmuş o qarının səsini də eşidirdin. Sonra
yenə müxtəlif sifətlər sənin gözlərinin qarşısında bir-birini əvəz etdi və onlar elə
sürətlə bir-birlərini əvəz edirdi ki, sənin beynin ancaq bir-iki sözlə onları sənə
tanıtmağa macal tapırdı: buna həmişə yaltaqlanardın, buna indi yaltaqlanırsan,
bundan qorxursan, bunu yalandan tərifləyirsən, buna həmişə bağlamalar göndərirsən
və bu dəfə sənin öz anan gözlərinin qabağına gəldi və bütün dəhşəti ilə sənin
fikrindən keçdi ki, neçə illərdir birinci dəfə anan sənin gözlərinin qabağına gəlir. Sən
bərk qışqırdın, sən bildin ki, səsin çıxmadı, amma sən qışqırdın və sən tamam açıq-
aşkar hiss etdin ki, uçurumun dibi çatır, indicə partlayış olacaq və hər şey
qurtaracaq.
Saat 21.15.
Hündürlük 4800 m.
Sürət 690 km.
Havanın temperaturu: – 17.
«Tu-154»ün təyyarəçi kabinəsi.
Mühəndis. Komandir, nasazlıq aradan qalxdı. Generatorları işə salmaq olar.
Komandir. Bakı! Bakı! 85 510. Generatorları işə saldıq. Generatorları işə saldıq. Icazə verin
hündürlüyü yığaq, uçuşa davam edək.
Əvvəlcə o partlayışın şölələri az qaldı sənin gözlərini yandırsın, sonra bir sükut
çökdü, beynindəki uğultu yox oldu və sən əvvəlcə başa düşmədin ki, nə olub,
sən öz
ürəyinin döyüntüsünü eşitməyə başladın, ürəyin az qalırdı yerindən çıxsın və yalnız
bu zaman sən başa düşdün ki, təyyarənin işıqları yanıb. Sən gözlərini yumdun,
amma yenə də yumulu gözlərinin qabağında şölələr oynayırdı, sən iki əlinlə də
tərdən tamam yaş olmuş saçlarını, sifətini sildin, sonra gözlərini açdın və bu dəfə
təyyarənin işıqlarını, illüminatoru, öz əllərini, ayaqlarını aydın gördün və birdən-birə
səni dəhşət basdı, sənə elə gəldi ki, saçların ağappaq ağarıb. Sən güclə başını çevirib
kresloların arasından arxaya baxdın: həmin beş-altı yaşlı qız uşağı anasının
qucağında idi və deyəsən, ağladığı üçün gözləri yaş idi, qızarmışdı, amma indi o
balaca qız yaşlı gözləri ilə gülümsəyirdi, sən də ona gülümsəmək istədin, amma
dodaqların qaçmadı, sən gülümsəyə bilmədin, sonra sən o biri sərnişinlərə baxdın,
gizlin-gizlin baxdın, sən istəmirdin ki, onlar səni görsün, əslində sən qorxurdun ki,
onlar səni görər.
Sərnişinlərdən kimi hərarətlə o birisinə nəsə deyirdi, kimi sevincindən gülürdü,
kimi qollarını geniş açıb dərindən nəfəs alırdı və bu vaxt yanından ötən yaraşıqlı
stüardessa sənə baxdı, gülümsədi: « – Qorxmayın.» – dedi və sən çiyinlərini
çəkmək, « – Nədən qorxacağam?» – demək istədin, amma nə çiyinlərini çəkdin, nə
də bir söz deyə bildin, çünki sənin beynində dəhşətli bir yorğunluq var idi, sənin
bütün bədənin yorulub əldən düşmüşdü, sən tamam heysiz idin.
224
Gözlərini yumub, bircə anlıq da olsa, yatmaq istədin, özünü unutmaq istədin,
amma bir şey çıxmadı və sən beynindəki o dəhşətli yorğunluq içində bir müddət elə-
eləcə oturdun; sonra illüminatorun şüşəsindən bayıra baxdın və birdən-birə sənə elə
gəldi ki, bayaq aerodromda gördüyün o böyük təyyarə kölgəsi də indi sənin uçduğun
bu təyyarə ilə bərabər uçur.
Sən çox yorulmuşdun, ona görə də bu barədə daha fikirləşmədin, amma bir
müddət illüminatorun o tərəfində o böyük təyyarə kölgəsini də özünlə bərabər uçan
hiss etdin.
Saat 21.18.
Hündürlük 9000 m.
Sürət 880 km.
Havanın temperaturu: – 44.
Sən kreslonun kəmərini açıb ayağa qalxdın və tualetə tərəf getdin. Sənə elə
gəlirdi ki, hamı sənə baxır, arxadan bütün sərnişinlərin gözü sənə dikilib. Sənin
tərdən yaşarmış köynəyin hələ qurumamışdı və yaş köynək sənin kürəyinə bir buz
layı kimi yapışmışdı, bu yaş köynəkdə bir buz soyuğu var idi. Sən tualetə girdin,
qapını bağladın və hələ də keçib getməmiş bir qorxu ilə güzgüyə baxdın, çünki hələ
də sənə elə gəlirdi ki, saçların ağappaq ağarıb, amma sən güzgüdə yenə də həmişəki
kimi zil qara saçlarını gördün, həmişəki sifətini gördün və sən güzgüdəki sifətin belə
bir adiliyinə, belə bir həmişəkiliyinə heyrət etdin, bir müddət gözlərini bu qapqara
saçlardan, bu sifətdən ayırmadın, sonra bütün gücünü toplayıb özünlə zarafat eləmək
istədin, « – Nə var, nə yox?» – soruşmaq istədin, amma soruşmadın, darağını çıxarıb
saçlarını daradın, üzünü yudun, kağız dəsmalla qurulanıb tualetdən çıxdın, yenə də
gəlib birinci sıranın birinci yerində oturdun.
Dostları ilə paylaş: