Seçilmiş əsərləri



Yüklə 2,94 Mb.
Pdf görüntüsü
səhifə38/147
tarix30.12.2021
ölçüsü2,94 Mb.
#22211
1   ...   34   35   36   37   38   39   40   41   ...   147
 IKINCI FƏSIL 

 

Şair Səlim Sürəyya keçən il Türkiyədən gətirdiyi (ora yaradıcılıq ezamiyyətinə 



getmişdi) kürkü çiyninə salıb «Sağlamlıq» restoranının qabağında var-gəl edirdi; beş 

dəqiqə bundan əvvəl məclisdən qalxıb su başına çıxmışdı  və  təzədən məclisə 

qayıtdığı zaman restoran dəhlizinin geniş  pəncərəsindən get-gedə  bərkiyən qarı 

görəndə, neçə müddətdən bəri təbiətin qoynunda olmadığı üçün özünü saxlaya 

bilmədi, asqıdan kürkünü götürüb çiyninə saldı və isti yeməklərin, konyakın, gözəl 

sağlıqların səbəbindən içəridən buğlana-buğlana küçəyə çıxdı.  

Səlim Sürəyya hələ lap balaca ikən atası onu və anasını atıb, gedib başqa bir 

rayonda arvad almışdı  və anası  Səlim Sürəyyanı  təkbaşına böyütmüş  və  Səlim 

Sürəyya da böyüyüb şer yazmağa başlayanda heç sifətini də yadına gətirmədiyi 

atasının yox, anası Sürəyyanın adını özünə təxəllüs götürmüşdü. Əlbəttə, arvad adını 

özünə  təxəllüs götürmək çoxunun gülüşünə  səbəb olurdu, amma Səlim Sürəyya 

həmin istehzalardan, gülüşlərdən, yuxarıda dayanırdı, çünki əsl sənətkar həmişə 

dedi-qodu söhbətlərindən, hisslərindən yüksəkdə dayanmağı bacarmalıyıdı  və bu 

minval ilə bir müddət keçəndən sonra oxucuların və ən başlıcası isə, həmkarlarının 

qulağı bu ada öyrəşdi. 

Səlim Sürəyyanın təxəllüslərindən yeganə bir adam narazı qaldısa, o da doğma 

atası oldu; günlərin bir günündə Səlim Sürəyyagilə balaca bir kişi gəldi və məlum 

oldu ki, həmin balaca kişi şairin doğma atasıdı; atası öz adını təxəllüs götürmədiyi 

üçün oğlunu xeyli məzəmmət etdi və  Səlim Sürəyya da qabağında oturub onu 

danlayan və  iştahla evdə olanlardan yeyən bu kişinin boynuna, arıq vücuduna, 

çənəsinin,  əllərinin, qollarının, çiyninin, boğazının nazik sümüklərinə baxa-baxa 

heyrət içində donub qalmışdı ki, görəsən, doğrudan da, Səlim Sürəyya boyda 

cəmdəyin atası bu sısqa, bu cılız kişidi? Amma atası tək gəlməmişdi, boy-buxunda 

Səlim Sürəyya kimi əzəmətli bir qızla gəlmişdi və məlum oldu ki, həmin əzəmətli 

qız da Səlim Sürəyyanın bacısıdı, atası rayondan gətirmişdi ki, Səlim Sürəyya 

kömək eləyib bu bacısını instituta düzəltsin. Əlbəttə, sənətkar gərək xırda hisslərdən 

yüksəkdə dayanmağı bacarsın və  Səlim Sürəyya da özünü oda-közə vurub, tanış-

biliş tapıb təzə peyda olmuş bacısının instituta girməyinə kömək elədi, amma sonra 

da məlum oldu ki, həmin balaca, sısqa kişinin bu cür əzəmətli daha yeddi qızı var və 

həmin yeni bacıların hamısı ildən-ilə Bakıya gəlib,  şairin evinə düşüb instituta 

girmək istəyirdilər... Nə isə... 

Küçədən ötənlərin bəzisi  şair Səlim Sürəyyanı görüb tanıyırdı, çönüb baxırdı, 

him-cim ilə onu bir-birlərinə göstərirdilər və tanımadığı yad adamların maraq dolu 

bu baxışları da, bayaq məclisdə  şərəfinə söylənən o sözlər də, hər halda, həyatını 

əbəs yerə yaşamadığından xəbər verirdi: xalq Səlim Sürəyyanı tanıyırdı  və bunu 

fikirləşəndə  həmin qarlı cümə günü Səlim Sürəyyanın onsuz da konyakdan, isti 

restoran havasından qızışmış bədəninə daha artıq bir hərarət gəldi və Səlim Sürəyya 

burasını da hiss etdi ki, indicə ürəyindən xalqımız haqqında, vətənimiz haqqında 

gözəl misralar axıb gələcək, amma elə bu vaxt əllərini nimdaş qara paltosunun 

ciblərinə soxub, fikirli-fikirli küçə ilə üzüyuxarı qalxan Əlipaşanı gördü. 




 

233


O qarlı cümə günü «Sağlamlıq» restoranının qabağında var-gəl elədiyi həmin 

anlarda  şair Səlim Sürəyyanın ürəyində yer üzündəki bütün insanlara sonsuz bir 

məhəbbət var idi və əlbəttə, Əlipaşa da həmin insanlardan biri idi, universitetdə bir 

yerdə oxumuşdular,  Əlipaşanın bu qara nimdaş paltosu, bu fikirli-zikirli sifəti bu 

gözəl qarlı gündən çox seçilirdi, bu gözəl qarlı günün «Sağlamlıq» restoranının 

qabağındakı ab-havasından çox fərqlənirdi və doğrusu, elə bil, Səlim Sürəyyanın 

qəlbindəki sarı simə titrək, xəfif, incə bir mizrab toxundu və  şair böyük qollarını 

geniş açıb qüdrətli sinəsini irəli verdi, iti addımlarla Əlipaşanın qabağına yeriyib gur 

səsi ilə: 

 – Əzizim! Mənim əzizim! – dedi və daha başqa bir söz tapmayıb, o sarı simin 

titrəyişindən dolmuş gözləri ilə bir neçə an Əlipaşanın gözlərinin içinə baxdı, sonra 

Əlipaşanı bərk-bərk qucaqlayıb bağrına basdı. 

Əlipaşa küçənin ortasında birdən-birə belə bir coşğun ehtiraslı görüş gözləmirdi 

və şair Səlim Sürəyyanın qollarının arasında qalıb bilmirdi ki, nə eləsin, amma şairin 

kürkünün astar tərəfdən yumşaq yunu sifətinə  dəydikcə,  şairin isti nəfəsini 

duyduqca, şairin sinəsinin, qollarının qüdrətini hiss etdikcə, elə bil bu gözlənilməz 

görüşün səmimiyyəti, mehribanlığı  Əlipaşaya da sirayət etdi, Əlipaşa da imkanı 

daxilində  Səlim Sürəyyanı qucaqladı, hətta az qaldı  Əlipaşanın da gözləri dolsun; 

düzdü, Səlim Sürəyyanın isti nəfəsi açıq-aşkar tünd konyak iyi verirdi, amma, elə 

bil, o dəm o konyak iyinin özü də səmimiyyətə çağırırdı və həmin səmimiyyətdə bir 

yerdə oxuduqları o gözəl çağlardan, o gözəl tələbəlik illərindən, gənclik illərindən 

ötən iyirmi yeddi-iyirmi səkkiz ilin qürbəti, kövrəkliyi var idi. 

Əlipaşa universitetdə bir yerdə oxuduqları başqa tələbə yoldaşlarına nisbətən 

Səlim Sürəyyanı daha tez-tez görürdü, çünki Səlim Sürəyya tez-tez nəşriyyata 

gəlirdi; düzdü, müfəssəl hal-əhval tutmağa bir o qədər də vaxt olmurdu (yəqin ki, 

Səlim Sürəyya tərəfdən bir o qədər həvəs də olmurdu, amma Əlipaşa heç vaxt bunun 

fərqinə varmazdı), şair həmişə tələsirdi; eləcə salamlaşırdılar, «nə var, nə yox?» və 

bir dəfə  Əlipaşa öz gözləri ilə görmüşdü ki, Səlim Sürəyya kabinetə girən kimi, 

müdir  Əlimuxtar müəllim  Əlipaşanın uzatdığı  nəşriyyat kağız-kuğuzunu bir tərəfə 

itələyib ayağa qalxdı, qapının ağzınacan gedib şairi qarşıladı. 

Səlim Sürəyya, nəhayət, Əlipaşanı buraxdı və bu dəfə rus dilində: 

 – Doroqoy moy! – dedi. – Gedək! – Və  Əlipaşanı özü ilə darta-darta 

«Sağlamlıq» restoranının iri qapılarına tərəf apardı. 

Əlipaşa: 

 – Hara gedirik? Axı, hara gedirik, ay Səlim müəllim?.. – deyirdi, amma heç bir 

cavab almırdı. 

Içəri girib restoranın asqısının qabağında dayananda Səlim Sürəyya bir zəndlə 

Əlipaşanın gözlərinin içinə baxdı, özünü saxlaya bilmədi, təzədən tələbə yoldaşını 

bərk-bərk qucaqlayıb yenə də rus dilində: 

 – Tı moy rodnoy! – dedi, özü o nimdaş qara paltonu Əlipaşanın əynindən 

çıxartmağa başladı. 

Əlbəttə, Əlipaşa başa düşdü ki, Səlim Sürəyya onu yeyib-içməyə aparır və o 

rəngli tetevizorun narahatlığı ürəyində bir nigarançılıq əmələ gətirdi, amma qəribə 

idi, Əlipaşa qəti bir hərəkət eləyə bilmədi, yəni Səlim Sürəyyanın dəvətinə qəti 

etiraz eləyə bilmədi, çünki... çünki o nigarançılıqda nəsə başqa bir şey də var idi və 

o «başqa şey»də gizli bir hərarət, istilik var idi; məsələ onda deyildi ki, Əlipaşagilin 

evində heç vaxt qonaqlıq olmazdı, Züleyxa yaxşı xörəklər bişirərdi, amma içki heç 

vaxt olmazdı, bayramlarda da həmişə qayınanasıgilə gedərdilər və orada da, adətən, 




 

234


içki olmazdı (düz altı gündən sonra, bu dəfə, səksən beşinci ili qayınanasıgildə 

qarşılayacaqdılar) və ümumiyyətlə, Əlipaşa yemək-içmək məclislərində çox az 

olardı, ildə, iki ildə bir dəfə Züleyxa ilə birlikdə hansı qohumunsa (əsas etibarilə 

Züleyxa tərəfdən) toyuna gedərdi, vəssalam (bir də ki, təzə evə köçdükləri ilk 

vaxtlar qonşusu Mürsəlin məclislərində); yəqin əsas məsələ burasında idi ki, 

Əlipaşanın ürəyinin lap dərinliklərində birdən-birə nəsə bir ərəfə hissi, daha 

doğrusu, bir ərəfə sevinci, ərəfə şövqü əmələ gətirmişdi. 

Asqıçı kişi  Əlipaşanın  əynindəki o qara nimdaş paltonu çıxartmaqda Səlim 

Sürəyyaya kömək elədi, sədaqət, məhəbbət və ehtiram dolu gözləri ilə şairə baxıb, 

nədənsə, başını  tərpədə-tərpədə gülümsədi, sonra Əlipaşaya baxdı  və  Əlipaşa hiss 

etdi ki, asqıçı kişinin gözlərindəki həmin sədaqətdən, məhəbbətdən, ehtiramdan bu 

dəqiqələrdə onun da payına nəsə düşür və burası  Əlipaşanın heç xoşuna gəlmədi, 

çünki sədaqət də, məhəbbət də, ehtiram da sədəqə deyildi; Əlipaşa qəddini düzəltdt, 

boynundakı şərfi, sulu qardan islanmış yaşıl şlyapasını başından çıxarıb özü asqıçıya 

verdi, pencəyinin döş cibindən darağını çıxarıb saçlarını daradı, Səlim Sürəyya isə 

kürkünü asqının sürahisinin üstünə atdı və ikisi də bir yerdə dəhlizdən keçib zalın 

qapısına tərəf getdi. 

Qəribə idi, indicə küçədə  Əlipaşa Səlim Sürəyyanın güclü qolları arasında 

bilmirdi ki, nə eləsin, çolpa bıçaq altında çapalayan kimi, Səlim Sürəyyanın qolları 

arasında çapalayırdı, amma elə ki, o asqıçı kişi gözləri ilə  Səlim Sürəyya üçün 

nəzərdə tutulmuş sədaqətdən, məhəbbətdən, ehtiramdan ona da bir pay sədəqə verdi, 

Əlipaşa özü daxilən hiss etdi ki, nəsə başqa bir adam oldu, çünki Əlipaşanın da, 

Züleyxanın da heç bir sədəqəyə ehtiyacı yox idi və bütün bunlar, əlbəttə, belə idi, 

amma qapını açıb zala girəndə o tərəddüd, o qətiyyətsizlik və  ən başlıcası isə, o 

nigarançılıq təzədən Əlipaşanın ürəyini bürüdü. 

Əlipaşa elə bilirdi ki, restoranda Səlim Sürəyya ilə ikisi üzbəüz oturub 

dərdləşəcəklər, o gözəl tələbəlik illərini yada salacaqlar, hətta bu iyirmi altı-iyirmi 

yeddi ildə vaxtsız həyatdan getmiş bir neçə  tələbə yoldaşları bir-bir Əlipaşanın 

gözlərinin qabağına gəlmişdi, çünki Əlipaşa istəyirdi ki, bir halda ki, beləcə 

gözlənilməz rastlaşdılar, bir halda ki, beləcə restorana gedirdilər, onda gərək o 

dostların ruhunun şərəfinə söz desinlər, amma içəri girən kimi, məlum oldu ki, 

əhvalat başqa imiş, təxminən iyirmi nəfərlik böyük bir məclisin şıdırğı vaxtı imiş və 

o böyük məclisdə elə hörmətli adamlar oturmuşdu ki, Əlipaşa onların çoxunu ancaq 

televizorda və  bəzən də iclaslarda görmüşdü və  məclisdəki o adamların arasında 

Əlipaşa Əlimuxtar müəllimi də gördü. 

Səlim Sürəyya  əzəmətli sağ qolu ilə  Əlipaşanı qucaqlayıb qoltuğuna sıxdı  və 

restoran boyu iti addımlarla məclisə yaxınlaşıb gur səsi ilə: 

 –  Görün  məclisimizə kim təşrif buyurub! – dedi və  Səlim Sürəyyanın səsi o 

dəm o «Sağlamlıq» restoranında elə guruldadı ki, nəinki məclisin iştirakçıları, hətta 

kənar mizlərin arxasında oturmuş başqa adamlar da səslərini kəsib Əlipaşaya tərəf 

boylandı və şairin səsi məclis adamlarına necə təsir etdisə, Əlipaşanın gəlişinə hamı 

hay-küylə sevindi, kimi ayağa qalxdı, kimi əl çaldı, kimi «ura» qışqırdı, Səlim 

Sürəyya isə, qolunu daha geniş açıb Əlipaşanı bağrına basdı, o üzündən, bu üzündən 

öpdü... 


Mürsəlin gözləri kəlləsinə çıxdı və kolbasa əvəzinə az qaldı barmağını kəssin... 


 

235


Güclə Səlim Sürəyyanın qucağından çıxan Əlipaşaya məlum oldu ki, bu gün – 

bu qarlı cümə günü universitetdə bir yerdə oxuduqları Məlik Həşimli filologiya üzrə 

doktorluq dissertasiya müdafiə edib və bu məclis də  həmin münasibətlədi; mizin 

üstündəki araq, konyak, çaxır  şüşələrinin boşalanı boşalmışdı, boşalmayanı da 

hələlik yarımçıq idi; Məlik xüsusi olaraq mizin arxasından çıxdı, gəlib  Əlipaşanı 

qucaqladı: 

 – Səni tapa bilmədim... – dedi, yəni ki, səni tapa bilmədiyim üçün bu məclisə 

dəvət etməmişəm və  əlbəttə, Məlik yalan deyirdi, çünki dünyada Əlipaşanı 

tapmaqdan asan bir şey yox idi (və  Əlipaşa özü də bunu çox gözəl bilirdi), ya 

nəşriyyatda olacaqdı, ya da evdə, amma Məliyin bu gözgörəti yalanı Əlipaşaya bir o 

qədər də  təsir etmədi, çünki Məliyin gicgahlarında ağappaq ağarmış saçlar 

Əlipaşaya çox təsir etdi: neçə illər idi ki, Əlipaşa Məliyi beləcə yaxından 

görməmişdi, televizorda görürdü, bəzən iclaslarda görürdü (Məlik həmişə  rəyasət 

heyətində otururdu), amma beləcə yaxından son illərdə birinci dəfə idi ki, görürdü 

və o ağappaq ağarmış saçlar bu dəm  Əlipaşaya həyatın səsçatmaz, ünyetməz bir 

sürətlə keçib getməyindən xəbər verirdi və  Əlipaşa özü də  Məlik kimi, Səlim 

Sürəyya kimi, yer üzünün bütün məxluqatı kimi, həmin sürətlə gedən qatarın içində 

idi – qatar beləcə bir sürətlə  əvvəldən axıra aparırdı  və axır yaxınlaşırdı  (əvvəllər 

Əlipaşa heç vaxt belə  şeylər barədə fikirləşməzdi, amma son zamanlar hərdənbir 

fikirləşirdi...). 

Məlik universitetdən sonra aspiranturanı da qurtardı, namizədlik dissertasiyası 

müdafiə etdi, Məliyin məqalələri səs saldı, Məlikdən söz düşəndə hamı bu fikirdə idi 

ki, söhbət gələcəyin akademikindən gedir, amma Məlik yavaş-yavaş hörmətli 

vəzifələrə keçdi, yavaş-yavaş ədəbiyyatdan uzaqlaşdı, bir müddət beləcə davam etdi, 

sonra o hörmətli vəzifələr daha bir-birini əvəz etmədi, indi Məlik son on iki-on üç 

ildə eyni bir vəzifədə  işləyirdi; nə yuxarı qalxırdı, nə  də  aşağı düşürdü, hər dəfə 

hardasa daha yüksək bir vəzifə boşalanda o saat şayiə yayılırdı ki, həmin vəzifəyə 

Məliyi qoyacaqlar, amma Məliyi heç hara qoymurdular və o zaman ki, vəzifə barədə 

şayiə yayılırdı – «Məliyi nazir qoyurlar», yaxud «Məliyi komitəyə sədr aparırlar» – 

doğrusu,  Əlipaşa bu şayiənin düz olub-olmayacağını  səbrsizliklə gözləyirdi və o 

səbrsizlikdə qəribə bir hiss var idi: əlbəttə, Məlik Əlipaşa ilə bir yerdə oxumuşdu, 

Məlik pis oğlan deyildi, Əlipaşa hardasa onun təəssübünü çəkirdi, amma bütün 

bunlarla bərabər, o səbrsizlikdə bir idman ehtirası, idman azarkeşliyi var idi. 

Mizin arxasında, Məliklə  Səlim Sürəyyanın arasında  Əlipaşa üçün yer 

düzəltdilər, restoranın orkestri gurultu ilə  nəsə çalmağa başladı, amma Səlim 

Sürəyya ayağa qalxıb  əli ilə uzaqdan-uzağa orkestrə  işarə elədi və bu məclisin 

iştirakçılarından da başqa, «Sağlamlıq» restoranında xeyli adamın yeyib-içməyinə 

baxmayaraq, orkestr o saat susdu və şair əvvəlcə astadan öz-özünə: 




 

236


 – Yuxarılarda da restoranlardakı kimi hörmətim olsaydı, yaxşı olardı... – dedi, 

sonra o sağlam, o gur səsilə, mirvari kimi bir-birinin ardına düzülən gözəl sözlərlə, 

lüğətlərin dərinində gizlənmiş gözəl ifadələri tapıb çıxara-çıxara Əlipaşanın şərəfinə 

çox gözəl bir sağlıq dedi, Əlipaşanın təvazökarlığından, güzgü kimi qəlbindən, uşaq 

kimi kövrəkliyindən, dostluqda sədaqətindən danışdı, ümumiyyətlə, yer üzündə 

təvazökarlığın, təmizliyin sədaqətin ucalığından, ülviliyindən danışdı  və sonra şair 

özü dediyi o gözəl sözlərdən, işlətdiyi o gözəl ifadələrdən, elə bil ki, vəcdə  gəldi, 

yaradıcı bir ehtirasla Əlipaşanın xalqa məhəbbətindən, vətənə  məhəbbətindən 

danışdı, xalqın, vətənin  əbədiliyindən dedi və  məclisdəkilərin hamısı  qədəhləri 

Əlipaşanın şərəfinə qaldırıb içdilər və restoranın orkestri də şair Səlim Sürəyyanın 

söylədjiyi sağlığın şərəfinə tuş çaldı... 

...Mürsəl Zeynəbə baxdı, Zeynəb Mürsələ baxdı  və ikisi də bir yerdə  təəccüb, 

hətta, heyrət dolu gözlərini restoranın yuxarı başındakı məclisə dikdi... 

Əlipaşaya elə  gəlirdi ki, şairin söylədiyi o sağlıq kiminsə, tamam başqa bir 

adamın haqqındakı; restoranın enli pəncərələrindən küçədə yanan neon lampaları 

görünürdü və o lampaların işığında qar elə lopa-lopa yağırdı ki, külək qarı elə 

oynadırdı ki, Əlipaşa başını buladı: beşcə  dəqiqənin içində qar necə artmışdı  və 

Əlipaşa ayaqüstə durub məclisin adamlarına təşəkkürünü bildirə-bildirə  əlində 

tutduğu bir qədəh arağı dibinə kimi başına çəkdi... 

...Mürsəl o bir qədəh arağı birnəfəsə başına çəkən Əlipaşaya baxa-baxa: 

 – Ay bərəkallah! – dedi və  həmişə  hərəkətdə olan balaca və  cəld gözlərini 

Əlipaşadan çəkib yenə  də mat-mat Zeynəbə baxdı  və Zeynəb də dünya görmüş 

adamlar kimi, başını tərpətdi, yəni ki, belədir dünyanın işləri... 

Məsələ burasında idi ki, Zeynəb hər iki gündən bir, bəzən də hər gün axşamçağı 

«Sağlamlıq» restoranında bufetçi işləyən  ərinin iş yerinə, yəni bu restorana baş 

çəkirdi, Mürsəl də bolqar pendirindən, fin kolbasasından, macar şorabasından, 

özümüzün toyuq soyutmasından, ət qızartmasından, qara, ya qırmızı kürüdən – bir 

sözlə, nə vardısa, ondan bir az artıq, bir az əskik kəsib götürürdü, səliqə-sahmanla 

büküb qoyurdu Zeynəbin həmişə boş  gəlib dolu qayıdan yekə çantasına və  həmin 

qarlı cümə günü də Zeynəb boş çantasını  əlinə alıb  ərinə baş  çəkməyə  gəlmişdi; 

yekə çanta «Sağlamlıq» restoranının işçiləri arasında o qədər məşhur idi ki, 

Zeynəbin bufetdə  ərinin yanına gəlib-getməyini kənar gözlərdən gizlətməyə, ört-

basdır eləməyə heç bir ehtiyac yox idi, hamı buna adət eləmişdi, necə ki, müştərilər 

gəlib yeyib-içib, pulunu verib gedirdi, necə ki, sağlıqlar deyilirdi, rəqs edilirdi, çirkli 

qab-qaşıqlar yığışdırılırdı, külqabılar boşaldılırdı, o cür də Zeynəb axşamlar boş 

zənbillə bufetə gəlib dolu zənbillə evlərinə qayıdırdı. 

Məşhur qələm ustası  Səlim Sürəyyanın  Əlipaşanı qucaqlayıb gətirməsi, 

restoranın yuxarı başındakı  hərarətlə, səs-küylə qarşılamağı, Səlim Sürəyyanın 

Əlipaşanı bağrına basıb öpməyi, sonra o cür gözəl, o cür ağıllı sözlərlə (o məclisdəki 

bütün söz-söhbətin hamısı Mürsəlin açıq bufetində aydın eşidilirdi)  Əlipaşanın 

şərəfinə sağlıq deməyi və adətən, içkini dodağına vurub yerə qoyan Əlipaşanın 

(Mürsəl bunu qabaqlar öz evindəki məclislərdə görmüşdü) o bir qədəh arağı 

birnəfəsə başına çəkməyi Mürsələ də, Zeynəbə də son dərəcə təsir etmişdi. 

Zeynəb iri qara gözləri ilə Əlipaşaya tərəf işarə eləyib: 




 

237


 –  Sənə deyirdim də, belənçinə fağırlığına baxma bunun, bicin biridi, 

inanmırdun!.. – pıçıldadı, sonra yenə  Əlipaşaya baxdı  və  həmin cümə günü o 

«Sağlamlıq» restoranında Zeynəb, elə bil, birdən-birə  kəşf elədi ki, yeddi ilin 

qonşusu kimi, demək olar ki, hər gün ya həyətdə, ya pilləkənlərdə, ya eyvanda 

gördüyü bu adam, bu sakit, bu dinməz adam, yəni Əlipaşa əməlli-başlı yaraşıqlı bir 

kişidi... 

Əlipaşa açıq-aşkar hiss etdi ki, o bir qədəh araq onu az qala kefləndirib, hər 

halda, elə bil, yaz gəlmişdi, Əlipaşanın, az qala, qanı qaynamağa başlamışdı, amma 

əslinə qalsaydı,  Əlipaşa bayaq küçədə  Səlim Sürəyya ilə qucaqlaşandan bəri 

keflənməyə başlamışdı: məsələ onda deyildi ki, şair Səlim Sürəyyanın isti nəfəsi 

tünd konyak qoxusu ilə dolu idi; məsələ onda idi ki, elə bil, Səlim Sürəyya qüdrətli 

qolları ilə  Əlipaşanı qucağına alıb, tamam başqa bir aləmə aparırdı  və o aləm 

Əlipaşanın gündəlik həyatından, güzəranından çox fərqlənirdi və  ən başlıcası isə, 

Əlipaşa özü də bunu çox yaxşı hiss edirdi, duyurdu. 

Indi «Sağlamlıq» restoranında, hörmətli adamların, o cümlədən müdir 

Əlimuxtar müəllimin iştirak etdiyi bu məclisdə oturub və bu dəfə də Məliyin dediyi 

sağlığa qulaq asan Əlipaşaya elə gəldi ki, bayaq Səlim Sürəyya onu qucaqlayanda, 

onu gündəlik həyatından fərqlənən həmin aləmə aparanda, əslində Əlipaşanın özü o 

aləmə can atırmış, çünki Əlipaşanın ürəyində nə vaxtdan bəri o aləm üçün bir həsrət 

yaranmışmış,  Əlipaşa özü nəşriyyatda başlayıb evdə qurtaran həyatından qaçıb 

harasa getmək istəyirmiş, Səlim Sürəyya ilə bu gözlənilməz görüş  də onun üçün 

fürsət imiş  və  Əlipaşa fikirləşdi ki, hərgah doğrudan da, ürəyində elə bir həsrət 

qubar bağlayıbmışsa, onda, çox pis, onda, ona, yəni Əlipaşaya ayıb olsun... çünki, 

belə imişsə, onda bu, xəyanət idi, nəyə  xəyanət idi? Kimə  xəyanət idi? Bilmirdi, 

amma, hər halda, xəyanət idi... sonra o asqıçı kişinin gözlərindəki həmin sədəqə payı 

yadına saldı və bir qədəh arağın təsiri, elə bil ki, xeyli azaldı. 

O qar nə yaman bərk yağırdı elə?.. 

O çox uzaq illərdə ki, universitetdə bir yerdə oxuyurdular, onda başını  aşağı 

salıb sürətlə mühazirə yazmaqdan Əlipaşanın sağ  əlinin qələm tutan barmaqları 

döyənək bağlamışdı. Məlik isə, ömründə heç vaxt mühazirə yazmazdı, amma elə ki, 

imtahanlar başlayırdı, Məlik  Əlipaşadan yaxşı cavab verirdi, çünki Məliyin zehni 

Əlipaşanın zehnindən çox iti idi və burada Əlipaşa üçün təəccüblü bir şey yox idi. 

Qara bax e... 

Məliyin pencəyi həmişə düyməli olardı, qalstuku həmişə  səliqə ilə  ağ 

köynəyinin ortasında dayanardı (hər halda, rəyasət heyətlərində oturanda, 

televizorda danışanda belə olardı), amma indi pencəyinin yaxası açıq idi, 

qalstukunun düyünü sürüşüb bir tərəfə əyilmişdi, gözlərində bir rahatlıq var idi və 

gözləri xumarlanırdı, sözləri də, az qala, Səlim Sürəyya kimi, bir-birinin ardınca 

düzürdü və  Məlik hərdənbir  əlində tutduğu qədəhə baxa-baxa elmin, ədəbiyyatın 

daimi olduğundan, dünyadakı bütün vəzifələrin isə müvəqqəti olduğundan danışdı. 

Hüseyn Caviddən gözəl bir şeri əzbər söylədi və Məlik də fırladıb-fırladıb birdən-

birə gözlənilmədən gəlib Əlipaşanın üstünə çıxdı, bu sadə, bu təvazökar Əlipaşanın 

əslində çox-çox yüksəklərdə dayandığından danışdı, çünki sadəlik, təvazökarlıq da 

sənət kimi əbədi bir vergi idi; təzədən Əlipaşanın şərəfinə qədəh qaldırmağı, dübarə 

Əlipaşanın sağlığına içməyi təvəqqe etdi. 

Əlipaşa özü də hiss etdi ki, qızarır, çünki diqqət, tərif həddini aşırdı və yenə də 

ayağa qalxdı, yenə onun sağlığına içənlərə bir-bir baş  əyib təşəkkürünü bildirdi, 

əlində tutduğu qədəhdəki arağı bu dəfə də birnəfəsə başına çəkdi... 




 

238


...Mürsəl: 

 – Day sənə sözüm yoxdu mənim!.. – pıçıldadı, Zeynəb isə yavaş-yavaş şövqlə 

işıldamağa başlayan iri qara gözləri ilə  Əlipaşanı başdan-ayağacan nəzərdən 

keçirdi... 

Düzdü, restoranın orkestri Məliyin söylədiyi sağlığın  şərəfinə tuş çalmadı, 

amma müdir Əlimuxtar müəllim qədəhini xüsusi olaraq Əlipaşaya tərəf uzatdı: 

 – Sağ ol, əzizim, – dedi. – Sənin sağlığına!.. – Gülümsədi və içdi. 

Müdir Əlimuxtar da araq içdi, üstündən pomidor şorabası yedi, amma içəndə 

heç gözünü də qırpmadı. 

Əlbəttə, müdir Əlimuxtar müəllim də insan idi, Əlimuxtar müəllim də yer 

üzünün bütün bəndələri kimi, yeyə bilərdi, gülə bilərdi, amma Əlipaşa heç cür ağlına 

sığışdıra bilmirdi ki, müdir Əlimuxtar müəllim araq içib, üstündən də beləcə 

pomidor şorabası yeyər; nə üçün? burada nə qəribə iş vardı və arağın üçtündən 

pomidor yemək nə qəribə hadisə idi – bilmirdi, amma Əlipaşa məhz o nəzakətli, 

həmişə gülümsəyən, eyni zamanda çox ciddi bir adam olan, nəşriyyatda kimsə işə 

bircə dəqiqə belə geciksə, həmin adamdan yazılı izahat tələb eləyən və hamının 

gözünü açıb nəşriyyat müdiri gördüyü Əlimuxtar müəllimin beləcə araq içib, gözünü 

qırpmaması, üstündən də gündəlik bir şey kimi, şoraba pomidor yeməyi Əlipaşanın 

ağlına sığışmırdı; hər halda, bu da dünyanın təəccüblü işlərindən biri idi. 

Sən bir qara bax... 

Şair Səlim Sürəyya gur səsinin imkanı daxilində yavaşdan: 

 –  Tı moy doroqoy! – dedi. – Sən bizə baxma, ye! Biz səhərdən bəri burda 

yeyirik. Arağı ki, içdin, gərək yeyəsən! Bizə baxma sən!.. – Sonra şair əlini uzadıb 

mizin ortasındakı boşqabdan qızardılmış iri bir toyuq budu götürdü və budu 

yuxarıdan aşağı dişinə elə çəkdi ki, çılpaq sümükləri ağappaq ağardı. 

Əlipaşa özünü saxlaya bilməyib güldü: 

 – Yaxşı ki, hələ möhkəm yemisən!.. – dedi və elə bil, bu sözlərlə ürəyindəki o 

nigarançılıq, o sıxıntı, o götür-qoylar yavaş-yavaş  çıxıb getməyə başladı, elə bil, 

darısqal, qaranlıq, içindəki həpir-çupuru nəm çəkmiş bir örtülmüş  pəncərələri 

taybatay açdı, içəri təmiz hava doldu, işıq doldu və Əlipaşa heç özü də bilmədi ki, 

necə ayağa qalxdı, necə sağlıq söyləməyə başladı; əvvəlcə ürəyi bərkdən döyündü, 

əlində tutduğu qədəh titrədi, amma get-gedə  Əlipaşa özü də hiss etdi ki, yaxşı 

danışır, ürəyi sakitləşməyə başladı,  əlindəki qədəh  əvvəlki kimi titrəmədi, hətta 

sağlığı deyə-deyə beynindən belə bir fikir keçdi ki, sən demə, sağlıq demək, özü də 

lap bu cür hörmətli məclislərdə sağlıq demək elə  çətin bir iş deyilmiş  və qabaqlar 

hərdənbir Züleyxa ilə qohum-əqrəbanın toyuna gedəndə bütün toy boyu nahaq 

nigarançılıq çəkirmiş ki, birdən ona söz verərlər, birdən məcbur olar ki, sağlıq desin 

və deyə bilməz, biabır olar; o unudulmaz universitet illərini xatırladı, Məliyin 

cavanlığını, şair Səlim Sürəyyanın cavanlığını məclisdəkilər üçün təsvir etdi, onlara 

dərs deyən və indi həyatda olmayan məşhur professorları yada saldı, ötüb gedən 

illərdən danışdı, dedi ki, həqiqətin gözünə dik baxmaq lazımdı, bu məclisə təsadüfən 

gəlib çıxıb, amma bu təsadüfün özündə bir gözəllik var, çünki onu bu dəqiqə bu 

məclisə bağlayan hisslər dünyanın  ən təmiz,  ən pak hissləridir və  Əlipaşa ürəkləri 

birləşdirən o təmiz, o pak hisslərin şərəfinə içməyi təklif etdi. 




 

239


Əlipaşa danışanda Səlim Sürəyya orkestrə işarə edərək əlini yuxarı qaldırmışdı 

və elə ki, Əlipaşa sağlığını deyib qurtardı, Səlim Sürəyya  əlini aşağı saldı, orkestr 

şairin xasiyyətinə yaxşı  bələd olduğu üçün, o saat Əlipaşanın söylədiyi sağlığın 

şərəfinə tuş çaldı. Məlik də, Səlim Sürəyya da qalxıb Əlipaşanı qucaqladı, öpdü, bir 

neçə başqası da gəlib  Əlipaşanı qucaqladı, öpdü və  ən təsirlisi bu oldu ki, müdir 

Əlimuxtar müəllim də durub gəlib Əlipaşanın qabağında dayandı və Əlipaşa heyrət 

içində baxıb gördü ki, müdir Əlimuxtar müəllimin gözləri dolub, Əlimuxtar müəllim 

də onu qucaqlayıb öpdü. 

 –  Sağ ol! – dedi. – Çox sağ ol! – Və gözlərinin yaşını sildi. – Yaxşı dedin! 

Sənin sağlığına! – Əlində tutduğu qədəhdəki arağı içdi, heç gözünü də qırpmadı. 

Səlim Sürəyya isə içəndən sonra üz-gözünü elə turşutdu ki, elə bil bundan sonra 

bir də heç vaxt dilinə konyak vurmaz və bu dəfə üz-gözünü eləcə turşudub əlindəki 

boş qədəhi mizin üstünə qoydu və yenə də əli ilə orkestrə işarə elədi; orkestr o saat 

şairin çox sevdiyi «Xançobanı» rəqsini çaldı, klarnet mikrofonun qabağına gəldi, 

zildən bir solo başladı,  şair yerindən qalxdı, qollarını geniş açıb oynaya-oynaya 

Əlipaşanın qabağına gəldi və bu zaman Əlipaşanın yatsa da yuxusuna girməyəcək 

bir hadisə baş verdi: Əlipaşa ayağa qalxdı, qollarını açdı və ikisi də oynaya-oynaya 

mizin arxasından çıxıb restoranın rəqs meydançasına gəldilər. 

Əlipaşa axırıncı dəfə haçan oynamışdı? Yadına gəlmirdi və əslində, heç yadına 

gətirmək də istəmirdi, öz oyunu özünə ləzzət eləyirdi, orkestrin çaldığı musiqi, şair 

Səlim Sürəyyanın beləcə ürəklə, hoppanıb düşə-düşə oynamağı və ümumiyyətlə, bu 

«Sağlamlıq» restoranında Səlim Sürəyyanın beləcə hörmətli olmağı Əlipaşaya ləzzət 

eləyirdi, bir yerdə oxuduqları, o uzaq və o gözəl tələbəlik çağlarında səhərdən-

axşamacan bir yerdə oxuduqları  Məliyin doktorluq dissertasiyası müdafiə etməyi, 

Məliyin məclisinə bu cür hörmətli adamların yığılmağı Əlipaşaya ləzzət eləyirdi və 

Əlipaşa «Sağlamlıq» restoranının o rəqs meydançasında hiss etdiyi həmin ləzzətlə 

də oynayırdı... 

...Zeynəb çoxdan çıxıb getməli idi, amma heç cürə özünü vadar eləyib gedə 

bilmirdi və Əlipaşanın o cürə sağlıq deməyi, indi də ortaya düşüb şair Səlim Sürəyya 

ilə bu cürə oynamağı Mürsələ də o qədər təsir etmişdi ki, arvadına bir söz demirdi; 

elə ki, klarnet zildən bəmə düşdü, elə bil, Zeynəbin də ürəyində  nəsə bir nisgil 

sızıldadı, sonra səhərdən bəri  əlində tutduğu dolu zənbili (yəni «Sağlamlıq» 

restoranının bufetində dolmuş  zənbili) adəti üzrə bir neçə  dəfə  tərpətdi, elə bil ki, 

çəkisini yoxlayırdı və heç Mürsəlin üzünə də baxmayıb bufetdən aralandı, restoranın 

ortasında rəqs eləyən adamların arasından, o cümlədən.  Əlipaşa ilə  şair Səlim 

Sürəyyanın yanından ötüb getdi və Əlipaşa Zeynəbi heç görmədi də...  




 

240


Səlim Sürəyya oynaya-oynaya şalvarının cibindən bir dənə  qırmızı onluq 

çıxartdı  və oynaya-oynaya da yaxınlaşıb o qırmızı onluğu klarnetçalanın həmin 

onluq kimi qırmızı pencəyinin cibinə basdı və doğrusu, o dəm Əlipaşa da istədi ki, 

cibindən bir dənə onluq, heç olmasa. bir dənə göy beşlik çıxarıb çalğıçılara versin, 

amma çıxartmadı, rəngli televizor yadına düşdü, sonra necə oldusa, birdən-birə yenə 

də küçədə  səki boyu əkilmiş  ağacların dibindəki o kvadrat torpaq parçalarını 

xatırladı,  Əlipaşaya elə  gəldi ki, həpir-çupuru nəm çəkmiş  həmin otağın 

pəncərələrini yenə  də bağlamaq istəyirlər və elə bil o pəncərələrin bağlanmaması, 

açıq qalması üçün də Əlipaşa daha artıq bir həvəslə, daha artıq bir şövqlə oynamağa 

başladı. Səlim Sürəyyanın qırmızı onluğundan sonra klarnet xüsusi olaraq cuşa 

gəldi,  şair o klarnetin sürətindən geri qalmaq istəmədi, puçur-puçur tər tökə-tökə 

restoranın meydançası boyu dövrə vurdu, Əlipaşa da şairdən geri qalmadı, oynaya-

oynaya şairin ardınca meydan boyu dövrə vurdu və birdən qışqıra-qışqıra: 

 – Sağlıq var! – dedi. 

Səlim Sürəyya əlini yuxarı qaldırdı, klarnet o saat susdu, orkestr də səsini kəsdi 

və şairlə Əlipaşa restoranda oturmuş razılıq bildirən xumar baxışlar altında tövşüyə-

tövşüyə öz yerlərinə qayıtdılar,  Əlipaşa dolu qədəhini yuxarı qaldırdı, tövşüyə-

tövşüyə də bərkdən: 

 – Əziz dostlar!.. – dedi və nəfəsini dərdi. – Əziz dostlar! Musiqinin şərəfinə! – 

Və Əlipaşa bu gün bu məclisdə oturmuş adamların hamısına və ümumiyyətlə, yer 

üzündəki bütün insanlara xoşbəxtlik arzuladı, arzu elədi ki, hamının evindən həmişə 

musiqi sədaları gəlsin, hamı həmişə şadlıq içində olsun; məclisin iştirakçıları 

Əlipaşanın dediyi sağlığa içdilər, Əlipaşa özü də qədəhindəki arağı içdi, yerində 

oturdu və bir-bir bu məclisin adamlarına baxdı. 

Əlipaşa bu adamların bəzisi ilə, tanış idi (nəşriyyata gəlib-gedirdilər, kitabları 

çıxırdı), bəzisini isə ancaq uzaqdan-uzağa tanıyırdı, televizorda görmüşdü, əsərlərini 

oxumuşdu və Əlipaşanın, əlbəttə, bu adamların heç birindən acığı gəlmirdi, niyə axı 

acığı gəlməliyidi? Əksinə, bu adamların hamısı birdən-birə Əlipaşa üçün doğma 

olmuşdu, amma bir məsələ var idi... bir məsələ var idi ki, Əlipaşa bu adamların, bu 

hörmətli adamların heç birindən, necə deyərlər... heç birindən... Əlipaşa o sözü 

dəqiq tapa bilmirdi, amma, hər halda, bu adamların heç birindən... heç birindən 

əskik kişi deyildi, vallah, belə idi, hətta bu dəm Əlipaşanın, nədənsə, Əlimuxtar 

müəllimə bir balaca yazığı da gəlməyə başlamışdı. Ona görə ki, arağı içib heç 

gözünü də qırpmırdı, ya ona görə ki, müdir Əlimuxtar müəllim indi bu məclisdə 

oturanların yanında ikinci dərəcəli bir adam kimi görünürdü? Bilmirdi, amma 

birdən-birə Züleyxa Əlipaşanın yadına düşdü, Gülzar, Sona, Süsən, Suğra yadına 

düşdü, beləcə qış günləri səssiz-küysüz evlərində bir yerdə oturub soğanbozbaşı, 

dovğa, ət olanda yarpaq dolması, (sarımsaq qatıqla!), toyuq olanda çığırtma 

yeməkləri yadına düşdü, gecələr o rahat, o enli çarpayıda Züleyxa ilə bir yerdə 

yatmaqları, hər gecə azı iki dəfə, üç dəfə yuxudan oyanıb, qalxıb o biri otaqda 

yatmış qızların üstünə baxmağı, yorğanı üstlərindən atıblarsa, üstlərini təzədən 

örtməyi, çaydanı su ilə doldurub qazın üstünə qoymağı, tələsik geyinib, gedib çörək 

dükanından uşaqlar üçün təzə, isti çörək alıb gətirməyi Əlipaşanın yadına düşdü və 

Əlipaşa yenə də ayağa qalxdı. 

Küçənin neon işıqları restoranın geniş pəncərələrinin qabağında eləcə yanırdı. 

Bayırın o qarı nə gözəl yağırdı... 

Əlipaşa dedi:  



 

241


 –  Əziz dostlar! Əziz dostlar, mənim bu əziz gündə bir dənə arzum var! Mən 

sizin heç birinizdən heç vaxt heç nə xahiş eləməyəcəyəm! Amma indi bir dənə 

arzum var! Məlik, qardaşım, düzdü, içmişəm mən, amma, vallah, ömrümdə bu cür 

ciddi xahişim olmayıb! Qardaşım, mən istəyirəm ki, sənin bu gözəl günündə, sənin 

bir köhnə dostun kimi, Məlik, bax, bizim bu məclisimizin, sənin bu əziz 

qonaqlarının xərcini mən çəkim! 

Əlipaşanın dediyi bu sözlər o qədər gözlənilməz oldu ki, əvvəlcə heç kim heç nə 

demədi, sonra Məlik bir qonaqlarına, bir də Əlipaşaya baxdı və gülümsəyib başını 

bulaya-bulaya: 

 –  Mənim özümə  bəyəm nə olub, ay Əlipaşa? – dedi. Sən niyə  çəkməlisən 

mənim məclisimin xərcini? 

Məlikin səsində,  əlbəttə, bir balaca istehza var idi, amma Əlipaşa buna fikir 

vermədi, çünki Məliyin özü də, bu adamlar da bu gün onun, yəni  Əlipaşanın 

qonaqları idi və Əlipaşa Məliyin o sözlərinə belə cavab verdi: 

 – Çünki, Məlik, sən mənim üçün əziz adamsan, bu məclisdəkilərin də hamısı 

mənim üçün əziz adamlardı!.. Çünki, Məlik, sənin bu gözəl günündə, mənim ürəyim 

belə istəyir, sən indi sındırmaq istəyirsən mənim ürəyimi? 

Məclisin iştirakçılarının hamısı səsini çıxarmayıb bu söhbətin axırını gözləyirdi, 

təkcə müdir Əlimuxtar müəllim özündən asılı olmayaraq fikrində sürətlə bu məclisin 

haqq-hesabını hesablayırdı. 

Məlik də xeyli içdiyinə baxmayaraq, kefinin kök olmağına baxmayaraq, 

deyəsən, yavaş-yavaş acıqlanırdı, yenə  də iclasların rəyasət heyətlərində oturan 

Məlik olmağa başlayırdı, ayağa qalxıb bir az sərt səslə: 

 – Bura bax, əzizim... – dedi. 

Amma Əlipaşa Məliyin sözlərini ağzında yarımçıq qoydu: 

 –  Məlik, – dedi Əlipaşa, – əgər sən mənim ürəyimi sındırsan bu əziz gündə, 

ömründə səninlə danışmaram, özüm də bir dəqiqə burda qalmaram! 

Məlik, deyəsən lap acıqlandı: 

 – Bura bax!.. 

Bu dəfə Məliyin sözlərini şair Səlim Sürəyya yarımçıq kəsdi: 

 – Dayan bir görək... – deyə ayağa qalxıb Məliyin qolundan yapışdı. 

Əlipaşa bu dəfə heç vaxt özündən gözləmədiyi açıq-aşkar bir hədə ilə: 

 – Məlik, sındırırsan mənim ürəyimi? – soruşdu. 

Məlik Əlipaşadan çox yanında dayanıb qolunu sıxan şair Səlim Sürəyyaya dedi: 

 – Axı, hər şeyin bir qaydası var də!.. – Sonra tənə ilə şairə baxdı, yəni ki, bunu 

hardan tapıb gətirdin bura? 

Əlipaşa: 

 – Çox sağ ol, Məlik! – dedi və oturduğu kürsünü yana çəkib mizin arxasından 

uzaqlaşmaq istədi, amma şair Səlim Sürəyya cəld Əlipaşanın ardınca gəldi, qüdrətli 

əlləri ilə Əlipaşanın kürəyini qucaqlayıb özü ilə çəkə-çəkə təzədən mizin qabağına 

gətirdi və o gur səsi ilə: 

 – Dostlar! – dedi. – Bu təmiz ürəyi sındırmaq olmaz! Bu təmiz qəlbin bu gün 

bizi qonaq eləməyə mənəvi haqqı var! Tı moy doroqoy! – Və şair yenə də Əlipaşanı 

qucaqlayıb öpdü, sonra bərkdən  əl çalmağa başladı, məclisdəkilər də  şairin o gur 

səsinin, o alovlu öpüşünün təsiri ilə əl çalmağa başladılar. 

Məlik yenə də etiraz etmək istədi: 

 – Axı... 

Şair Səlim Sürəyya əlini yuxarı qaldırıb: 




 

242


 – Qurtardı! – dedi və orkestrə işarə ilə əlini aşağı saldı. 

Orkestr tuş çaldı. 

Və orkestrin çaldığı o tuşun sədaları altında Səlim Sürəyya  Əlipaşanı  Məliyə 

tərəf çəkdi, bir əlini Məliyin, bir əlini də  Əlipaşanın kürəyinə basıb onları üz-üzə 

bir-birinə yaxınlaşdırdı və Əlipaşa ilə Məlik də qucaqlaşıb öpüşdülər. 

Əlipaşanın bütün daxilində bir yüngüllük, bir sərbəstlik var idi, beşinci 

mərtəbəyə qalxmalı olan ağır televizorun yükü Əlipaşanın çiyinlərindən düşmüşdü 

və Əlipaşa özünü budaqdan-budağa qonan yüngül bir quş kimi hiss edirdi, elə bil, 

Əlipaşanın sinəsində ürək döyünmürdü, ağappaq bir çiçək nəfəs alırdı. 

Məclis təzədən qızışdı, amma bu əhvalatdan sonra, iki nəfər heç cürə özünə gələ 

bilmirdi: Mürsəlin ürəyi döyünürdü, pendir doğrayan əlləri titrəyirdi, çünki Mürsəl 

ömründə heç vaxt təsəvvürünə belə gətirə bilməzdi ki, qapıbir qonşusu bu Əlipaşa 

belə hörmətli adamdır, belə danışan adamdır, belə oynayan adamdır və bütün bunlar 

hamısı bir tərəfə, beləcə  xərcləyən oğlandır, mükəmməl kişidir; müdir Əlimuxtar 

müəllim isə, elə bil ki, birdən-birə tamam ayılmışdı və Məlik Həşimliyə baxa-baxa 

fikirləşirdi ki, dünyada bax, belə adamlar var, belə bəxtəvərlər var, amma haçansa 

Əlimuxtar müəllimin özünün məclisi olsa, ömründə heç kim o məclisin pulunu öz 

öhdəsinə götürməz (özü də beləcə könüllü surətdə!), sonra müdir Əlimuxtar müəllim 

son iyirmi altı ildə Allahın hər verən iş günü gördüyü bu redaktor Əlipaşaya baxa-

baxa fikirləşirdi ki, əslinə baxsan, o boyda nəşriyyatda özündən, yəni  Əlimuxtar 

müəllimdən yazığı, kiçiyi, lazımsızı yoxdu... 

 

 




Yüklə 2,94 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin