Seçilmiş əsərləri



Yüklə 2,94 Mb.
Pdf görüntüsü
səhifə46/147
tarix30.12.2021
ölçüsü2,94 Mb.
#22211
1   ...   42   43   44   45   46   47   48   49   ...   147
* * * 

 

O soyuq mart səhəri poçtalyon Müzəffər belində içi dolu poçt çantası Bakının dağlıq 

məhəllələrindəki küçələri dolaşdıqca, illərdən bəri tanış qapıları açdıqca, qəzet-

jurnalları, məktubları payladıqca, elə bil, Sarı hamamın qabağında oxuduğu o qara 

məlumatın sözlərini, hərflərini həmin qəzet-jurnalları, həmin məktubları verdiyi 

adamların – kişilərin və qadınların, qocaların, cavanların və  uşaqların sifətində, 

baxışlarında hər dəfə təzədən oxuyurdu. Asfalt səkilərlə, qənbər döşənmiş küçələrlə 

addımladıqca poçtalyon Müzəffərə qəribə gəlirdi ki, belə bir xəbərdən sonra, həyat 

yenə əvvəlki kimi davam edir; düzdü, hər tərəfi dərd basıb, dərd divarlara, daşlara 

hopub, amma həyat yenə əvvəlki kimi davam edir, yəni o yenə əvvəlki kimi qəzet-

jurnal paylayır, məktub paylayır, yoldan maşınlar keçir, kimsə dükandan nəsə alır, 

kimsə hara gedir. Bayaqkı o «Kommunist» qəzetində o qara məlumatdan sonra, 

bülleten çap eləmişdilər: «1953-cü il martın 4-də saat 2-də I.V. STALININ səhhəti 

haqqında bülleten. 1953-cü il martın 2-sinə keçən gecə I. V. STALININ beyninə 

birdən-birə qan sızmış, qan beynin həyat üçün mühüm sahələrini bürümüş, nəticədə 

sağ  qıçı  və sol qolu iflic olmuş, huşunu itirmiş  və dili tutulmuşdur. Pozulmuş 

tənəffüsü və qan dövranını yaxşılaşdırmaq məqsədilə martın 2-də və 3-də müvafiq 

müalicə  tədbirləri görülmüş, lakin bu tədbirlər xəstəliyin gedişində  hələ mühüm 

dönüş  əmələ  gətirməmişdir. Martın 4-də gecə saat 2-dək I. V. STALININ səhhəti 

ağır vəziyyətdə qalmaqda davam etmişdir. Tənəffüsün xeyli pozulduğu müşahidə 

edilir: tənəffüs tezliyi dəqiqədə 36-ya çatır, xəstə düzgün nəfəs almır və arabir uzun 

fasilələr olur. Nəbzi tez-tez, dəqiqədə 120-yə qədər vurur və müntəzəm işləmir; qan 

təzyiqi maksimum 220 və minimum 120-dir. Temperaturu 38,2 dərəcədir. 

Tənəffüsün və qan dövranının pozulması ilə əlaqədar oksigen çatışmazlığı müşahidə 

edilir. Beyin funksiyalarının pozulması  dərəcəsi bir qədər artmışdır. Orqanizmin 

həyat üçün mühüm funksiyalarını bərpa etmək məqsədilə hazırda bir sıra terapevtik 

tədbirlər görülür». Aşağıda da o böyük həkimlərin hamısının bir-bir adını 

yazmışdılar, nazirin adını yazmışdılar və poçtalyon Müzəffər bu bülletendəki bir çox 

sözləri, ifadələri başa düşmürdü, amma buradakı «beyninə qan sızmışdı», «qıçı, qolu 

iflic olmuşdu», «huşunu itirmişdi», «dili tutulmuşdu», «nəbzi tez-tez vururdu» kimi 

sözlər poçtalyon Müzəffərin öz ev-eşiyini yadına salırdı, özünün, arvadının, 

uşaqlarının xəstələnməsini, xəstəliklərdən ölüb getmiş  məhəllə adamlarının – hər 

gün rastlaşdığı, dərdləşdiyi, xeyirdə-şərdə oturub bir qismət çörək yediyi, bir stəkan 

çay içdiyi o rəhmətliklərin yas məclislərindəki söhbətləri yadına salırdı və poçtalyon 

Müzəffər bu sözləri heç cürə Stalinə uyğunlaşdıra bilmirdi, bu – adamın ağlına 

sığmayan bir iş idi. Bülletendəki o «xəstə» sözü... O söz dünyanın yazıqlığından, 

acizliyindən, köməksizliyindən,  əlacsızlığından xəbər verirdi, o sözün özündə bir 

zəiflik var idi və o söz indi Stalini əvəz edirdi? Elə həmin «Kommunist» qəzetində 

Bolqarıstan Elmlər Akademiyasının Moskva universitetinə hədiyyəsi barədə, Imişli 

rayonundakı L. M. Kaqanoviç adına kolxozun üzvlərinin kənd təsərrüfatı 

məhsullarının tədarükü planlarını 1 May bayramınadək yerinə yetirməyə söz 

vermələri, Azərbaycan neft sənayesi işçilərinin orden və medallarla təltif olunması, 

Çan Kayşinin Birmadakı quldur dəstələrinə Birma qoşunlarının hücumu, Iranda 

Müsəddiq hökumətinə etimad məsələsinin səsə qoyulacağı barədə yazılar var idi və 




 

271


elə bil ki, bütün bu əhvalatlar yer kürəsində yox, hardasa başqa bir aləmdə, başqa bir 

dünyada Ayda, Marsda, başqa bir ulduzda baş verirdi, çünki... Çünki bu dünyada 

Stalin xəstələnmişdi və bu dünyada ki, Stalin xəstələnmişdi, daha başqa nə ola 

bilərdi? Dünyada nə vardısa, Stalinin xəstələnməyi bunun son həddi idi, başqa nə ola 

bilərdi? Və birdən-birə poçtalyon Müzəffərin ağlına gəldi ki, bundan sonra yaxşı bir 

iş ola bilər, misal üçün, amnistiya ola bilər, gözü yollarda qalan qaragünlərin bir az 

bəxti açılar və poçtalyon Müzəffər bu fikirlərin gözlənilməzliyindən özünü itirdi, 

çünki bu o demək idi ki, bu xəstəlik Stalini... Poçtalyon Müzəffər daha dalını 

fikirləşmədi, təkcə ürəyindən bu keçdi ki, Allah mənim ömrümdən kəsib (nə qalıbsa, 

bundan sonra – ondan kəssin!) Stalinin ömrünə calasın, o böyük insanın ömrünü 

uzatsın və poçtalyon Müzəffər qalan bütün bəd fikirləri başından çıxarmaq üçün 

belinə  şəllədiyi poçt çantasının yerini rahatladı  və sürətini artırdı ki, yükünü tez 

boşaldıb qurtarsın, amma o mart səhəri poçtalyon Müzəffərin yükü, əslində, belinə 

şəllədiyi o içi dolu poçt çantasının ağırlığı deyildi, rəhbərin xəstələnməyi xəbəri ilə 

soyuq xəncər kimi ürəyinin içinə girmiş dərd idi. 


Yüklə 2,94 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin