* * *
272
Elə ki, 1951-ci ilin sentyabrında Balaniyazı gəlib bu köşkdən götürüb apardılar,
Balaniyaza şagirdlik eləyən Ağagül qoymadı ki, köşkün qapısı bağlı qalsın,
Balaniyazın yerində oturdu, Balaniyazın çəkicini-bıçağını əlinə aldı, göy ətəkliyini
əyninə taxdı və səhərdən-axşamacan burada çəkmə yamadı, hər gün Fatma arvada
baş çəkdi; yeməyə-içməyə öz evlərinə nə aldısa, Fatma arvadçun da aldı, nə
qazandısa, yarısını bir qırağa qoydu ki, Balaniyaz qayıtsa, versin ona, bu köşkdən
ötrü hökumətin qoyduğu və adamın belini sındıran verginin hamısını öz payından
çıxdı, hərçənd Balaniyazın qayıtmağı, əlbəttə, çətin bir məsələ idi və məhəllədə də
elə savadlı bir adam yox idi ki, qanunları bilə, gedib o yazığın başına gələni öyrənə
– Ağagülü kim idi enkevedidə adam hesab eləyən və yaxına buraxan? Bir həftə
getmişdi, Balaniyazın təzə tutulan vaxtları idi, bulvarın yanında böyük bir binaya
girmişdi, soruşdular ki, sən kimsən? Dostusan? Bəlkə elə o köşkdəki söhbətlərdə
iştirak edənlərdən birisən. Bundan sonra Ağagül nə qədər özünü məcbur elədisə də,
qorxusundan bir daha o həndəvərlərdə dolanmadı və əlbəttə, Ağagül özü öz
qorxaqlığının xəcalətini çəkirdi, amma başını aşağı salıb çəkmə yamamaqdan savayı
əlacı yox idi, çünki Sarı hamamın yanındakı, o qoşa tut ağacının arxasındakı
evlərində hər axşam Ağagülün yolunu özündən kiçik altı bacısı gözləyirdi...Ağagül
yüz faiz bilirdi ki, Balaniyaza şər atıblar, çünki Balaniyazın yanında heç kim
Stalinin əleyhinə danışmaz. Çünki Balaniyaz hələ müharibə vaxtı iynəylə sinəsinə,
ürəyinin üstünə Stalinin şəklini döydürmüşdü və Stalinin bu cürə tuşla döymə
şəkilləri, məhəllənin bütün cavanlarının qolunda, sinəsində var idi, çünki dünyada
Stalindən böyük heç bir adam olmamışdı. Balaniyazı satmışdılar, gözü
götürməyənlər satmışdılar, çünki Balaniyazın hörməti var idi, yaraşığı var idi,
mərifəti var idi, ömründə dilinə nəşə vurmamışdı, bir adamı nahaq yerə
incitməmişdi və Ağagül də məhəllənin başqa adamları kimi, bu işdə Pravadnik
Əbdülkərimdən şübhələnirdi. Pravadnik Əbdülkərim bu məhəlləyə gəlmə adam idi,
müharibədən sonra burda ev almışdı, bir cavan da rus arvadı var idi; onunla tək
yaşayırdılar, uşaqları yox idi. Düzdü, məhəllədə deyirdilər ki, guya, Pravadnik
Əbdülkərimin Rusiyanın şəhərlərində çoxlu uşaqları var (o cavan arvadını da elə
Rusiyadan gətirmişdi), amma heç uşağı olan adama oxşamırdı, yəni bu mənada ki,
adam Pravadnik Əbdülkərimi uşaq atası kimi təsəvvür eləmirdi və Ağagül istəmişdi
ki, bu çəkməçi bıçağını götürüb gecə küçədə Pravadnik Əbdülkərimin qabağını
kəssin, Balaniyazı soruşsun, amma buna da ürək eləməmişdi, çünki Pravadnik
Əbdülkərim adi adam deyildi, həmişə hökumətdən danışırdı, həmişə düşmən
axtarırdı və Pravadnik Əbdülkərimin qabağını kəsmək, Ağagül üçün Sovet
hökumətinin qabağını kəsmək kimi bir şey idi. Əgər çəkməçi Ağagülün başına bir iş
gəlsəydi, bacıları yiyəsiz qalardı (ata da, ana da haqq dünyasında idi...), bu, öz
yerində, amma o yazıq Fatma arvadın da işi lap Allaha qalardı, çünki kömək eləyəni,
əlindən tutanı elə təkcə Ağagül idi və Fatma arvad da gün-gündən dala gedirdi,
səhərdən-axşama kimi otururdu həyətdəki o taxta pilləkənin başında, ağzını açıb bir
kəlmə söz demirdi, yazıq daha ağlaya da bilmirdi. Nə qədər ağlamaq olardı? Illər
boyu o arvad ağlayırdı, daha yaş qalmamışdı gözündən gələ... Bəs, innən sonra necə
olacaqdı? Təkcə Fatma arvad yox, təkcə Ağagül və bacıları yox, bütün bu məhəllə
necə yaşayacaqdı, onları nə gözləyirdi? Stalin xəstələnib... Stalin!.. Necə olacaqdı
bundan sonra?.. Ağagül, düzdü, yüz faiz əmin idi ki, Stalin sağalacaq, amma
ürəyində bir nigarançılıq da var idi, çünki etibarsız dünya idi... Dünyadakı əməllər
də dünyadakı insanlar kimi etibarsız idi... Və o anda o balaca köşkün içində Ağagül
bütün içindən axıb gələn bir diləklə dilədi ki, bundan sonra ki, nə qədər yaşayacaqdı,
273
Allah-taala onun omründən kəsib Stalinin ömrünü uzadaydı – o dilək o qədər sidq-
ürəkdən idi ki, Ağagül qəhərləndi, gözləri doldu, o balaca çəkməçi köşkünün taxta
divarlarına məhəllədəki nöyüt dükanının, çörək dükanının, Sarı hamamdakı kassir
otağının divarlarındakı kimi, Stalinin cürbəcür şəkilləri yapışdırılmışdı və bu
şəkilləri hələ Balaniyaz qəzetlərdən, jurnallardan, xüsusən «Oqonyok» jurnalından
kəsib yapışdırmışdı, bir qismini də bazarda – həmşəri Palanında fotoqraflardan alıb
yapışdırmışdı: Stalin generalissimus paltarında, şərfini boynundan arxaya atmış və
qapqara saqqal saxlamış Koba – Stalin və oğlu general Vasili Stalin, Stalin ona gül
verən balaca qızı qucağına alıb, Stalin və Mao-Tze-Dun, Stalin, Beriya, Mikoyan və
Koqanoviçlə bir yerdə, Stalin və Qorki, Stalin anası ilə birlikdə... Və Ağagül
Stalinin sağalacağına yüz faiz inansa da, əlindəki köhnə kişi ayaqqabısının dabanına
rezin vura-vura hərdən ürəyində baş qaldıran o nigarançılıqla köşkün divarlarındakı
həmin şəkillərə baxırdı: bu şəkillər ən doğma, ən mehriban bir adamın şəkilləri idi,
amma eyni zamanda bu doğma, mehriban, bu əziz adam bir ucalıqda, böyüklükdə
idi və hansı xəstəlik olursa-olsun, o xəstəliyin gücü həmin ucalığa, həmin böyüklüyə
çata bilməzdi, o xəstəlik nə istəsəydi, bax, bu məhəlləyə eləyə bilərdi, başqa
məhəllələrə eləyə bilərdi, Bakıya, bütün dünyaya eləyə bilərdi, amma Stalinə heç nə
eləyə bilməzdi və Ağagül bu fikri özü üçün tam qətiləşdirəndən sonra, mismarları
həmişəki kimi bir şövq ilə əlindəki köhnə kişi ayaqqabısının dabanına vurmağa
başladı.
* * *
Sabahkı gün, yəni 1953-cü il martın 6-da səhər tezdən məhəllənin kişiləri,
yeniyetmələr, uşaqlar yenə də Sarı hamamın qabağına, o qoşa tut ağacının altına
yığışmışdı və bu adamların sifətində, baxışında elə bir kədər var idi ki, elə o kədər
boz bir rəng alıb bütün məhəlləni bürümüşdü, o Sarı hamamın divarlarını da boz
rəngə boyamışdı və poçtalyon Müzəffər çeşməyinin qalın şüşəsinin böyütdüyü
gözlərini yenicə mətbəədən çıxmış «Kommunist» qəzetinə zilləyib hərdən titrəyən,
boğazında qırılan səsiylə oxuyurdu: «Sovet Ittifaqı Kommunist Partiyasının Mərkəzi
Komitəsindən, SSR Ittifaqı Nazirlər Sovetindən və SSRI Ali Sovetinin Rəyasət
heyətindən. Partiyanın bütün üzvlərinə, Sovet Ittifaqının bütün zəhmətkeşlərinə.
Əziz yoldaşlar və dostlar! Sovet Ittifaqı Kommunist Partiyasının Mərkəzi Komitəsi,
SSRI Nazirlər Soveti və SSRI Ali Sovetinin Rəyasət heyəti partiyaya və Sovet
Ittifaqının bütün zəhmətkeşlərinə böyük hüzn hissi ilə bildirirlər ki, martın 5-də
axşam saat 9.50 dəqiqədə SSR Ittifaqı Nazirlər Sovetinin sədri və Sovet Ittifaqı
Kommunist Partiyası Mərkəzi Komitəsinin katibi Iosif Vissarionoviç STALIN ağır
xəstəlikdən sonra vəfat etmişdir». Bu yerdə Sarı hamamın qabağına toplaşmış o
məhəllə camaatının içindən elə bir ümumi «ah» qopdu ki, o «ah» gözə görünməyən
səssiz bir burulğan kimi, bütün bu adamları da, Sarı hamamı da, o qoşa tut ağacını
da, o elektrik dirəklərini də burum-burum özündə fırladıb havaya qaldırdı.
274
Poçtalyon Müzəffər tez-tez udquna-udquna və udqunduqca da nazik boğazının
ucu iti hülqumu enib, qalxa-qalxa həmin titrək səslə ardını oxudu: «... Leninin
silahdaşı və onun işinin dahi davametdiricisi, Kommunist Partiyasının və Sovet
xalqının müdrik rəhbəri və müəllimi Iosif Vissarionoviç STALININ qəlbi
döyünməkdən qaldı». Yenə məhəllə camaatının içindən bir «ah» qopdu; uşaqlar
hönkür-hönkür ağlamağa başladı, kişilər səssiz ağlaya-ağlaya gözlərinin yaşını
sildilər və həmişə məhəllədə yas yerlərində, hətta, atalarının, qardaşlarının, ən
yaxınlarının yasında ağlamaqlarını, kövrəlməklərini yeniyetmələrdən, uşaqlardan
gizlədən məhəllə kişiləri, elə bil, yaddan çıxartmışdılar ki, ətrafda uşaq, yeniyetmə
var, ağlayırdılar, içlərini çəkirdilər və o cümə günü səhər tezdən o Sarı hamamın
qabağında ağlamaqlarını gizlətmək heç ağıllarına da gəlmirdi. Pravadnik
Əbdülkərim də o səhər o camaatın arasında idi və ağlayan kişilərin gözləri
Pravadnik Əbdülkərimə sataşanda, daha da bərkdən ağlayırdılar – əlbəttə, bu
adamların hamısı sidq-ürəkdən ağlayırdı, amma, bir halda ki, Pravadnik Əbdülkərim
də burada idi, hər ehtimala qarşı qoy öz gözləriylə görsün ki, kim necə bərkdən
ağlayır... Pravadnik Əbdülkərim özü ağlamırdı, amma diqqətlə bir-bir məhəllə
camaatına baxırdı və açıq-aşkar hiss olunurdu ki, öyrənib bilmək istəyir: kim necə
ağlayır və nə qədər ürəkdən ağlayır?.. Poçtalyon Müzəffər oxuyurdu: «...
STALININ adı partiyamız üçün, sovet xalqı üçün, bütün dünya zəhmətkeşləri üçün
hədsiz dərəcədə əzizdir. Leninlə birlikdə STALIN yoldaş qüdrətli Kommunist
Partiyasını yaratmış, onu tərbiyə etmiş və mətinləşdirmişdir; Leninlə birlikdə
STALIN yoldaş Böyük Oktyabr sosialist inqilabının ilhamçısı və rəhbəri, dünyada
birinci sosializm dövlətinin banisi olmuşdur. STALIN yoldaş... STALIN yoldaş...»
Bu dəfə də poçtalyon Müzəffər özünü saxlaya bilmədi, hıçqırıq kişini boğdu,
«Kommunist» qəzetində çap olunmuş hərflər gözünün qabağında əriyib horra kimi
bir-birinə qarışdı və heç kişi özü də bilmədi ki, birdən-birə uşaq kimi necə ağladı;
dizləri titrədi, uzun-uzun illərdən bəri ağır poçt çantasını belinə şəlləyib Bakının
dağlıq küçələrini dolaşan və yorulmaq bilməyən bu adam birdən-birə taqətini itirdi
və az qaldı yıxılsın, amma həmin məqamda Pravadnik Əbdülkərimin o müsibətli
səhərdə də adamı xəncər kimi kəsən iti nəzərləri ilə rastlaşdı və özünü ələ aldı,
titrəyən əlləri ilə tutduğu «Kommunist» qəzetini bir az da gözlərinin qabağına
qaldırdı, nazik boğazının ucu iti hülqumu enib, qalxa-qalxa oxumağa başladı: «...
STALIN yoldaş, Leninin ölməz işini davam etdirərək sovet xalqını ölkəmizdə
sosializmin dünya miqyasında tarixi qələbəsinə çatdırmışdır. STALIN yoldaş dünya
müharibəsində ölkəmizə faşizm üzərində qələbə qazandırmış və bu qələbə bütün
beynəlxalq vəziyyəti kökündən dəyişmişdir. STALIN yoldaş partiyanı və bütün
xalqı SSRI-də kommunizm qurmağın böyük və aydın proqramı ilə silahlandırmışdır.
Bütün həyatını böyük kommunizm işinə fədakarlıqla xidmət etməyə həsr etmiş olan
STALIN yoldaşın vəfatı partiya üçün, Sovet ölkəsi və bütün dünya zəhmətkeşləri
üçün ən ağır itkidir». Sarı hamamın qabağından yenə bir hönkürtü dalğası keçdi və
qıpqırmızı qızarmış gözlərindən yaş axan çəkməçi Ağagül o anlarda özünə kişi sözü
verdi ki, mütləq evlənəcək, mütləq oğlu olacaq və oğluna mütləq «KOBA» adı
qoyacaq, mütləq, mütləq, mütləq belə olacaq. Çəkməçi Ağagülün iyirmi dörd yaşı
var idi, evlənmək vaxtı keçirdi, amma səhərdən-axşama kimi o qədər işləyirdi və
bacılarının da o qədər qayğısını çəkirdi ki, evlənmək barədə fikirləşməyə vaxtı yox
idi, amma həmin mart səhəri özünə kişi sözü verdi ki, lap yaxın vaxtlarda evlənəcək,
oğlu olacaq və oğluna «KOBA» adı qoyacaq və əslində indi kimin qeyrəti varıydısa,
gərək oğluna «KOBA» adı qoyaydı, heç olmasa, hərənin evində öz KOBASI olaydı,
275
o KOBALAR böyüyəydi, o dahi rəhbərin adını həmişə yaşadaydı, hamısı bir yerdə
bəlkə o böyük ada layiq olaydı... Düzdü, dünyada bir də heç vaxt Stalin kimi böyük
adam ola bilməzdi, heç kim ona çata bilməzdi, amma elə eləmək lazımıydı ki, heç
olmasa, övladlar o böyük ada layiq olaydı... Və çəkməçi Ağagül o qədər dərin bir
fikrə getmişdi ki, hətta, Pravadnik Əbdülkərimin ona dikilmiş iti nəzərlərinin fərqinə
varmadı.
* * *
276
Pravadnik Əbdülkərim həmin mart səhəri Sarı hamamın qabağından qayıdıb
mətbəxdə ülgüclə üzünü qırxırdı və əlüzyuyanın yuxarısından divara vurulmuş
güzgüdə diqqətlə sabunlu sifətinə baxırdı, amma güzgü çirkli olduğu üçün, özünü
yaxşı görə bilmirdi, ayaq barmaqlarının ücüna qalxıb sabunlu sifətini güzgüyə lap
yaxınlaşdırırdı, az qalırdı yekə burnunun ətli ucu şüşəyə dəysin. Nataşanın ev işləri
ilə arası yox idi, nəyi hara atırdı, orda da qalırdı, supdan başqa da heç nə bişirə
bilmirdi, əsgini əlinə alıb Allahın güzgüsünü də təmizləmirdi və üzünü qırxa-qırxa
çirkli güzgüyə baxan Pravadnik Əbdülkərimin qanı qaralmağa başlayırdı, amma
həmişə belə məqamlarda olduğu kimi, 1953-cü ilin o mart səhəri də Nataşanın
ağappaq, dolu və sağlam bədəni Pravadnik Əbdülkərimin gözünün qabağına gəldi, o
bədənin hərarətini hiss elədi və güzgünün eləcə çirkliyinə baxmayaraq, kişi
sinədolusu rahat və ləzzətli bir nəfəs aldı, gülümsədi. Nataşa hələ isti yataqda idi və
Pravadnik Əbdülkərim başını çevirib yeganə otaqdakı enli dəmir çarpayıda yatan
Nataşaya baxdı: Nataşa həmişəki kimi, arxası üstə uzanmışdı, dolu qollarını da
başının kənarlarından yuxarı uzadıb balıncın üstünə qoymuşdu və əriylə birlikdə
gecəki yorğunluqdan sonra, rahatca yatıb istirahət edirdi və o dəm Nataşanın
qoltuğunun altındakı narın sarı tüklərin ətri, elə bil, mətbəxdə Pravadnik
Əbdülkərimin burnuna gəldi və kişinin bütün bədənindən gözəl bir hiss keçdi, hətta
istədi ki, təzədən gedib girsin Nataşanın yanına, amma tələsmək lazım deyildi, hələ
düz üç gün evdə idi... Nataşa ərindən iyirmi beş-otuz yaş kiçik idi (iyirmi iki-iyirmi
üç yaşı olardı) və Pravadnik Əbdülkərim içindən pıqqapıq qaynayan bu qızı
Rastovdan tapıb gətirmişdi və qeydsiz-şərtsiz yüz faiz özünəməxsus olsun deyə, bu
qızla ömründə birinci dəfə rəsmən evlənmişdi. Uzun illərdən bəri Rusiyanın saysız-
hesabsız stansiyalarında Pravadnik Əbdülkərim hələ bu qız qədər sümüyünə yatan
arvad xeylağına rast gəlməmişdi (Rusiyanın o saysız-hesabsız stansiyaları isə o uzun
illərdən bəri Pravadnik Əbdülkərim üçün hərəmxana kimi bir şey idi!) və Nataşanın
pintiliyi, düzdü, hərdən adamı dilxor eləyirdi, amma o pintilik o bədənin yanında, o
hərarətin yanında yaddan çıxırdı, yox olub gedirdi və Pravadnik Əbdülkərim özü
əlinə əsgi alıb güzgünü təmizləyirdi, pəncərələrin, evdəki əşyaların tozunu alırdı,
süpürgəni götürüb evi süpürürdü, mətbəxin həyətə baxan pəncərəsini şalla kip örtüb
ləyəndə özünün və Nataşanın alt paltarlarını, üst paltarlarını yuyurdu və keyfiyyətli
yeməkləri – təzə ət, təzə balıq, kürü, Rusiyanın stansiyalarından aldığı, yaxud şey-
şüyə dəyişdiyi gözəl ev kolbasaları gətirib Nataşanı bəsləyirdi, özü də Nataşanın
öhdəsindən layiqincə gəlmək üçün, gecə-gündüz güclü və vitaminli şeylər yeyirdi:
qoz, fındıq, ərik qurusu, göy-göyərti, quyruq yağında qızarmış yumurta və sairə. Hər
dəfə səfərə çıxanda Nataşanı evdə tək buraxmırdı, aparıb qoyurdu Biləcəridə
yaşayan bacısıgildə və Nataşa orada da yeyib yatmaqla məşğul olurdu, çünki
bacısıgil də Pravadnik Əbdülkərimin qorxusundan (qardaş olanda nə olar? qorxulu
adam idi!) Nataşaya gözünün üstündə qaşın var demirdilər. Pravadnik Əbdülkərim
uzun-uzun illərdən bəri Bakı ilə – «Bakı – Moskva» qatarının yolu boyunca –
Rusiyanın irili-xırdalı stansiyaları arasında hörümçək toru kimi, öz torunu hörmüşdü
və bu torun telləri ilə stansiyalardan stansiyalara sürüşə-sürüşə yumurta kartofa
dəyişilirdi, kartof toyuğa, toyuq balığa, balıq nöyüt plitəsinə, nöyüt plitəsi köynəyə,
köynək kürüyə çevrilirdi və Pravadnik Əbdülkərimin qazancı həmişə yaxşı olurdu
və ən böyük rəislərindən tutmuş bələdçi yoldaşlarına kimi heç kim Pravadnik
Əbdülkərimə bir söz demirdi, çünki deyə bilmirdi, çünki qorxurdu. Pravadnik
Əbdülkərim Azərbaycan dəmir yolu işçiləri arasında maskalanmış xalq düşmənlərini
ifşa edə-edə 1937-ci ildə Sov.IKP-nin üzvlüyünə qəbul olunmuşdu və o vaxtdan bəri
277
bütün partiya iclaslarında çıxış edirdi, həmişə sayıqlığa çağırırdı, kimin siyasi
simasından şübhələnirdisə, o saat iclaslarda deyirdi, enkevediyə və Azərbaycan KP
MK-ya, Sov.IKP MK-ya yazırdı, 7 Noyabr, 1 May, sonralar 9 May bayramlarında
döşünə qırmızı taxıb əlinə şüarlar götürürdü, nümayişlərdə dəmiryolçuların ön
cərgəsində respublika rəhbərlərinin dayandığı tribunanın qabağından keçirdi, hər il
dekabrın 21-də Stalinə, noyabrın 19-da Kalininə, Kalinin öləndən sonra isə, mayın
19-da Şvernikə teleqram vurub anadan olduqları gün münasibətilə onları ürəkdən
təbrik edirdi və stansiyalararası alveri də işlədiyi vaqonların təkərləri kimi yağlı
gedirdi və hərgah təkcə o məhəllədə yox, bütün Bakıda heç bir nigarançılığı
olmayan, öz həyatından razı on nəfər vardısa, biri Pravadnik Əbdülkərim idi, hətta,
müharibə vaxtı da idarədə birinci Pravadnik Əbdülkərimə bron verib cəbhədən azad
elədilər ki, heç kimlə işi olmasın. Həmin mart səhəri mətbəxdə üzünü qırxdığı o
ülgücü də Qroznıdan alıb gətirmişdi, trofey ülgüc idi, elə itiydi ki, bir göz
qırpımında adamın başını bədənindən ayırmaq olardı və bunu fikirləşəndə Stalinin
ölməyi yenə Pravadnik Əbdülkərimin yadına düşdü: Stalin də ölərmiş... Elə bilirdi
ki, Stalindi də, dünya ona qalacaq, day demirdi ki, Isgəndərə qalmayan dünya heç
kimə qalmayacaq!.. Oturmuşdu bu zırpılıqda ölkənin taxt-tacında, bığlarını uzadırdı,
ayaqlarının da altını görmürdü... Indi aparıb soxarlar qara gora, onda bilər!.. Amma
heç vaxtında ölmədi qoca kaftar!.. Kim bilir, indi necə olacaq, kim gələcək, təzə
Stalin kim olacaq?.. Yox, heç ölməyin vaxtı deyildi... Pravadnik Əbdülkərimin
məşhur bir söyüşü var idi, əsəbiləşəndə, narahat olanda, heyfsilənəndə söyürdü:
«Svoluş!..» Və həmin mart səhəri də Pravadnik Əbdülkərim özünü saxlaya
bilməyib, ürəyində o məşhur söyüşünü söydü: « – Svoluş!.. Ölməyə vaxt tapdı!..»
Sonra Pravadnik Əbdülkərimin gözü mətbəxin həyət pəncərəsindən papaqçı Əşrəfin
evinin taxta pilləkənlərinə sataşdı: orada Balaniyaz adında birisi yaşayırdı, çəkməçi
idi, pişik südə baxan kimi, altdan-altdan marıtdayıb Nataşaya baxırdı (belə şeylər
təbii ki, Pravadnik Əbdülkərimin gözündən yayınmazdı!), basdılar belinə on ili,
getdi, köpək oğlu!.. Indi necə, görəsən, amnistiya olacaq? Amnistiya olsa, o gələnlər
bəs nə deyəcək? Pravadnik Əbdülkərim yenə özünü saxlaya bilməyib o məşhur
söyüşünü ürəyində təkrar söydü: « – Svoluş!.. Ölməyə vaxt tapdı, qoca kaftar!..»
Sonra Pravadnik Əbdülkərim mətbəxin pəncərəsinə yaxınlaşdı və heyrətlə o taxta
pilləkənlərə tərəf baxdı: Fatma arvad pilləkənlərin başında oturub için-için ağlayırdı
və uzun müddətdən bəri ağzını açıb bir kəlmə deməyən bu arvad indi dünyanın
qarasına nəsə deyirdi.
* * *
278
Elə ki, çəkməçi Ağagül səhər tezdən qapını açıb içəri girdi, yarım kilo ağ çörəyi
mizin üstünə qoydu, Fatma arvadın ürəyi düşdü, elə bil, bir salxım üzümü qayçı ilə
kəsdilər və arvad Ağagülün qıpqırmızı qızarmış gözlərindən başa düşdü ki, Stalin
ölüb. Fatma arvad bütün gecəni yatmamışdı; əvvəlki gecələr həmişə Allaha
yalvarırdı ki, Balaniyazdan bir xəbər gəlsin, Balaniyaz getdiyi yerdən salamat
qayıtsın, amma həmin gecə Balaniyazla birlikdə Stalinçün də Allaha yalvarmışdı,
yalvarmışdı ki, Stalin ölməsin, çünki əgər Stalin də ölsəydi, daha iynənin ucu qədər
də ümid qalmayacaqdı bu dünyada, batacaqdı bu dünya, Aşqabaddan da pis günə
qalacaqdı bu dünya... Və Ağagül çıxıb gedəndən sonra, Fatma arvad eləcə oturduğu
yerdə qaldı, durub çay dəmlədi, mizin üstündəki o yarım kilo ağ çörəyə əl dəymədi
və birdən-birə arvada elə gəldi ki, ömrünü keçirdiyi, əriylə birlikdə iki oğlunu
böyütdüyü bu otaq otaq yox, qəbirdi, bardaş qurub oturduğu palazın üstündən güclə
qalxıb titrəyən ayaqları səndələyə-səndələyə evdən çıxdı, o, səhərçağı çöldə də, elə
bil, azadlıq yox idi, elə bil, nəyləsə hər tərəfi qapamışdılar və gözə görünməyən o
«nəsə» çölü də otağın içi kimi, qəbirə çevirmişdi və Fatma arvad taxta pilləkənin
üstündə oturdu, çoxdan bəri ağlamadığına (ağlaya bilmədiyinə!) görə hönkürtü, elə
bil, birdən-birə qanlı-kədərli bir fəvvarə kimi, püskürüb bütün içindən gəldi, ağlaya-
ağlaya: «–Bəs, necə olacaq? – pıçıldadı. – Ay Allah, bu nə gündü biz düşdük. – dedi.
– O boyda kişiyə necə qıydın, ay Allah?! – dedi. – Baisin evi yıxılsın, bəs, necə
olacaq bundan sonra? – dedi. – Bu yazıq camaat neyniyəcək bundan sonra?..»
* * *
O Sarı hamamın qabağındakı o qoşa tut ağacının çılpaq budaqlarına isə pırıltıyla
sərçələr qonurdu, uçub gedib təzədən qayıdırdı və 1953-cü ilin o soyuq mart səhəri
bizim məhəllədə təkcə o sərçələr heç nəyin fərqində deyildi...
Dostları ilə paylaş: |