Seçilmiş əsərləri



Yüklə 2,94 Mb.
Pdf görüntüsü
səhifə44/147
tarix30.12.2021
ölçüsü2,94 Mb.
#22211
1   ...   40   41   42   43   44   45   46   47   ...   147
 

Iyul, 1985.  

Şüvəlan. 

 

 

 

 

 

 

 

 

 

 


 

266


STALININ ÖLÜMÜ 

 

Sonra 1953-cü ilin o soyuq 5 mart günü, o cümə axşamı birdən-birə Bakıda gün 



çıxdı  və  qışın sazağında günün birdən-birə eləcə  çıxıb, eləcə yaz şüaları ilə 

qızdırmağı bütün məhəlləni alt-üst etmiş, hamını mat qoymuş o qara xəbərlə, daha 

doğrusu, o xəbərin qara nigarançılığı ilə heç cürə uyğun gəlmirdi və hətta elə bil ki, 

gün işığının o istisində, hərarətində indi bir düşmən  əli var idi, elə bil, Pravadnik 

Əbdülkərimin həmişə sayıq və  zəhmli nəzərləri də o gün işığına qarışıb məhəlləni 

bürümüşdü, qənbər döşənmiş küçə bomboş idi və elə bil ki, o cümə axşamı, o 

günorta çağı küçəyə döşənmiş o daşlar da Pravadnik Əbdülkərimin o sayıq nəzərləri 

altında üşüyürdü və qızına bilmirdi, təkcə Sarı hamamın qabağında ucalan qara tut 

ağacının çılpaq budaqlarına qonub, sonra da pırıltıyla uçan sərçələr məhəlləyə 

çökmüş bu pis nigarançılığın, bu qüssənin, kədərin fərqində deyildilər, heç nədən 

çəkinmirdilər, sıxılmırdılar, heç nəyin dərdini çəkmirdilər, birdən elə olurdu ki, 

cikkiltiləri boş  məhəlləni başına götürürdü. Həyətləri yaşıl, qəhvəyi, birmərtəbəli, 

bəzi yerlərdə ikimərtəbəli kiçik və bir-birinə bitişik binaların küçəyə baxan 

pəncərələri bağlı idi və qapı-pəncərənin payızda, qışda qarın-yağışın altında qalıb 

solmuş  rəngi də, divarların ağ, Sarı hamamın həmişəki sarı  əhəngi də  məhəlləyə 

daha artıq bir yetimlik gətirirdi və elə bil ki, məhəllə camaatının – o qapısı örtülü 

həyətlərdəki, pəncərəsi bağlı evlərdəki adamların nigarançılığı o yaşıl, qəhvəyi, göy, 

ağ sarı rənglərin solğunluğunda boş küçəyə yayılmışdı və o boş küçə də həmin qapı-

pəncərələrlə, həmin  əhəngli divarlarla, səkidəki o köhnə elektrik şalbanları ilə 

birlikdə, xüsusən sərçələrin cikkiltisi kəsilən zamanlar fikrə gedirdi ki, görəsən, bu 

fəlakətin axırı necə olacaq, (fəlakət olmağına isə, əsl fəlakət idi!). O cümə axşamı 

səhər tezdən məhəlləyə elə bir xəbər yayıldı ki, camaatın əli-ayağı qurudu, heç kim 

bu xəbərə inanmadı, amma inanmamaq da olmurdu, çünki bu xəbər elə bir şəxs 

haqqında idi ki, onunla zarafat eləmək, şayiə yaymaq olmazdı; məhəllənin kişiləri, 

yeniyetmələr, uşaqlar Sarı hamamın qabağına yığışdı və poçtalyon Müzəffər isə işə 

gecikməyini yaddan çıxarıb qolları  sındığı üçün rezinlə bağlayıb başına keçirtdiyi 

çeşməyinin qalın  şüşələri arxasından çox iri, bədheybət görünən gözlərini hələ 

mətbəə iyi verən «Kommunist» qəzetinin birinci səhifəsinə zilləmişdi, həyəcandan 

tez-tez udqunduğu üçün nazik boğazının ucu iti hülqumu enib qalxa-qalxa bərkdən 

oxuyurdu: «SSR ITTIFAQI NAZIRLƏR SOVETININ SƏDRI və Sov.IKP 

MƏRKƏZI KOMITƏSININ katibi Iosif Vissarionoviç STALIN yoldaşın 

xəstələnməsi haqqında hökumət məlumatı. Sovet Ittifaqı Kommunist Partiyasının 

Mərkəzi Komitəsi və SSR Ittifaqının Nazirlər Soveti partiyamıza və xalqımıza 

bədbəxtlik üz verdiyini – I. V. STALIN yoldaşın ağır xəstələndiyini xəbər verirlər. 

Martın 2-nə keçən gecə, STALIN yoldaş Moskvada öz mənzilində ikən, beyninə qan 

sızmış, qan beyinin həyat üçün mühüm olan sahələrini bürümüşdür. STALIN yoldaş 

huşunu itirmişdir. Ürək fəaliyyəti və tənəffüsü xeyli pozulmuşdur. STALIN yoldaşı 

müalicə etməyə  ən yaxşı  həkimlər: professor-terapevt P. E. Lukomski, SSRI Tibb 

Elmləri Akademiyasının həqiqi üzvləri: professor-nevropatoloq N. V. Konavalov; 

professor-terapevt A. L. Myasnikov, professor-terapevt E. M. Tareyev; professor-

nevropatoloq I. V. Filimonova; professor-nevropatoloq R. A. Tkaçov; professor-

nevropatoloq I. S. Qlazunov; dosent-terapevt V. I. Ivanov-Neznamov cəlb 

edilmişdir. STALIN yoldaş SSRI Səhiyyə Naziri A. F. Tretyakov yoldaşın və 

Kremlin Müalicə-Sanitariya Idarəsinin rəisi I. I. Kuperin yoldaşın rəhbərliyi altında 

müalicə olunur». Bu yerdə Pravadnik Əbdülkərim poçtalyon Müzəffərin oxumağını 



 

267


kəsdi və açıq-aşkar bir təlaş  və  həyəcanla: « – O birinci familiya necə oldu? – 

soruşdu. – Həkimlərdən birincisinin familiyası?!» Belə ağır bir məqamda da heç kim 

Pravadnik Əbdülkərimin üstünə çımxıra bilmədi ki, niyə kişinin oxumağını yarımçıq 

kəsirsən və hamı Pravadnik Əbdülkərimə narazı bir nəzər salıb təzədən gözünü 

poçtalyon Müzəffərə dikdi və poçtalyon Müzəffər də o qalın və girdə çeşmək 

şüşəsinin böyütdüyü gözlərini bir anlıq «Kommunist» qəzetindən ayırıb Pravadnik 

Əbdülkərimə baxdı, sonra təzədən birinci həkimin adını  qəzetdə tapıb oxudu: 

«...professor-terapevt P. E. Lukomski...» Pravadnik Əbdülkərim daha artıq bir təlaş 

və həyəcanla: « – Alə, – dedi – birdən cuhud olar a?!» və bu sözdən sonra, elə bil ki, 

Pravadnik  Əbdülkərimin təlaşı, həyəcanı, məhəllənin kişilərinə  də sirayət etdi və 

hamı  sual  dolu  nəzərini poçtalyon Müzəffərə dikdi, guya, bu sualın cavabını, yəni 

professor-terapevt P. E. Lukomskinin yəhudi olub-olmadığını da bilməli və 

deməliydi. Poçtalyon Müzəffər də, Sarı hamamın qabağına toplaşmış o məhəllə 

camaatının da əksəriyyəti Pravadnik Əbdülkərimin sualının və  əlavə  təlaşının, 

həyəcanının səbəbini və  mənasını başa düşmürdü, amma bir halda ki, Pravadnik 

Əbdülkərim kimi siyasi sayıqlığı ilə  məşhur olan bir adam belə bir məqamda 

nədənsə  şübhələnirsə, nəyisə  dəqiqləşdirirsə, deməli, nəsə var ortada ki, məhəllə 

camaatının bundan xəbəri yoxdu, amma bu dəfə Pravadnik Əbdülkərim öz sualına 

özü cavab verdi: «Yox!.. Cuhud olmaz... Lukomski... Lukomski... Yox, canım, 

yox!.. Cuhud olmaz... Qoymazlar!». Bu o demək idi ki, poçtalyon Müzəffər 

Məlumatın ardını oxuya bilər və poçtalyon Müzəffər də oxumağını davam etdirdi: 

«...STALIN yoldaşın müalicəsi Sov.IKP Mərkəzi Komitəsinin və Sovet hökumətinin 

daimi nəzarəti altında keçirilir. STALIN yoldaşın səhhəti ağır olduğuna görə 

Sov.IKP Mərkəzi Komitəsi və SSR Ittifaqı Nazirlər Soveti bu gündən etibarən Iosif 

Vissarionoviç STALININ səhhəti haqqında tibb bülletenləri elan edilməsini lazım 

bilmişdir. Sovet Ittifaqı Kommunist Partiyasının Mərkəzi Komitəsi və SSR Ittifaqı 

Nazirlər Soveti, habelə bütün partiyamız və bütün sovet xalqımız belə bir faktın 

bütün əhmiyyətini başa düşürlər ki, STALIN yoldaşın ağır xəstəliyi, onun uzun və 

ya qısa bir müddət rəhbərlik işində iştirak edə bilməyəcəyinə səbəb olacaqdır». Bu 

dəfə özünü saxlaya bilməyib poçtalyon Müzəffərin oxumağını  kəsən çəkməçi 

Ağagül oldu, həmin Ağagül ki, Fatma arvadın oğlu çəkməçi Balaniyazın yanında 

şagird idi və Balaniyaz tutulandan sonra, məhəllənin aşağı başındakı köşkdə 

ustasının yerində oturub işini görürdü; çəkməçi Ağagül xüsusi bir inamla dedi:  



 

268


«–Alə, Stalin 72 dil bilir! Xəstəliyi ona heç nə əliyə bilməz! Lap ağır olmur, nə 

olur, olsun!.. Bu sözlərdən və kiçik bir sükutdan sonra, poçtalyon Müzəffər yenə 

oxumağa başladı: «Mərkəzi Komitə və Nazirlər Soveti partiyaya və ölkəyə rəhbərlik 

işində: rəhbər dövlət və partiya fəaliyyətindən STALIN yoldaşın müvəqqəti 

ayrılması ilə...» Çəkməçi Ağagül bu dəfə  də özünü saxlaya bilmədi: «– Gördüz?! 

Müvəqqəti!.. Özləri yazıblar o boyda qəzetdə ki, müvəqqəti!..» Poçtalyon Müzəffər 

ardını oxudu: «...müvəqqəti ayrılması ilə  əlaqədar bütün şəraiti tam ciddiyyətlə 

nəzərə alırlar. Mərkəzi Komitə  və Nazirlər Soveti əmin olduqlarını bildirirlər ki, 

partiyamız və bütün sovet xalqı bu çətin günlərdə  ən böyük birlik və yekdillik, 

mənəvi möhkəmlik və sayıqlıq göstərəcək...» Pravadnik Əbdülkərim bu ağır 

xəbərdən sonra, elə bil ki, yalnız indi bir balaca toxtadı  və dedi: «– Bax, məsələ 

bundadı!..» Poçtalyon Müzəffər davam etdi: «...sayıqlıq göstərəcək, ölkəmizdə 

kommunizm qurmaq sahəsində öz səyini qat-qat artıracaq, Sovet Ittifaqı Kommunist 

Partiyasının Mərkəzi Komitəsi və Sovet Ittifaqı hökuməti  ətrafında daha sıx 

birləşəcəkdir. Sovet Ittifaqı Kommunist Partiyasının Mərkəzi Komitəsi. SSR Ittifaqı 

Nazirlər Soveti. 3 mart 1953-cü il». Elə ki, poçtalyon Müzəffər bu xəbəri oxuyub 

qurtardı, o Sarı hamamın qabağına elə bir sükut çökdü ki heç 1941-ci ilin o isti yay 

günü, o vaxt ki, bax, bu poçtalyon Müzəffər müharibənin başlamağı haqqındakı 

xəbəri həmin bu «Kommunist» qəzetindən oxuyurdu, onda da buraya belə bir sükut 

çökməmişdi və o vaxt o xəbərə qulaq asan məhəllə kişilərinin, yeniyetmələrin bəlkə 

yarısından da çoxu indi bu işıqlı dünyada deyildi, haqq dünyasında idi – müharibədə 

qırılmışdılar, itib-batan da itib-batmışdı, amma 1953-cü ilin soyuq mart səhəri Sarı 

hamamın qabağına yığışmış bu kişiləri, bu cavanları, yeniyetmələri irəlidə təzə bir 

müharibə gözləmirdi, amma bu dəfəki sükutun ağırlığı on iki il bundan əvvəlki o 

sükutun ağırlığından qat-qat artıq idi. Indi söhbət bura toplaşmış bu adamların təkcə 

öz həyatından yox, onların evdəki balalarının, körpələrinin həyatından gedirdi: 

bundan sonra necə yaşayacaqdılar? Və camaat ki, o cümə axşamı sübh çağı Sarı 

hamamın qabağından, qoşa tut ağacının ətrafından evlərinə dağılışmağa başladı, elə 

bil, kişilərin beli sınmışdı, hər birinin ayağına pud bağlanmışdı və çəkməçi Ağagül 

də bütün içinə dolmuş o ağır təəssürat altında həmişəki kimi, əvvəlcə Sarı hamamın 

yanındakı çörək dükanına girib Fatma arvad üçün yarım kilo təzə  ağ çörək aldı, 

nöyüt dükanı ilə üzbəüz yaşıl qapıdan kiçik asfalt həyətə girdi, həyətin yuxarı 

küncündəki taxta pilləkənlərlə ikinci mərtəbəyə qalxdı, qapını döydü ki, çörəyi 

Fatma arvada versin, sonra çəkməçi köşkünə getsin. 




Yüklə 2,94 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin