QIRMIZI QƏRƏNFIL GÜLLƏRI
«PERA PALAS» OTELINDƏ QALDI
«Çiçək pasaj»da Tamara akkardeonu sinəsinə sıxdı, elə bil yüzillik həsrətdən
sonra siqaret tüstüsünü ciyərlərinə çəkirdi, adamın atasını yandıran, yurduna od
vuran bir majorla not götürüb:
Yusif, beni al!..
Kollarına sal!..
Gel yanımda yat...
Sonra beni at!..
– oxudu və şübhəsiz ki, bu gözəl sözləri də, bu gözəl havanı da «Çiçək pasaj»ın bu
gecəki əhli birinci dəfə eşidirdi, çünki yenə Tamaranın yaradıcılığı ilə bağlı növbəti
gözəl və gözlənilməz bir prezentasiya günü idi, amma bu prezentasiyanın başqa
prezentasiyalardan fərqi ondan ibarət idi ki, müəllifin, yəni vəfasız dünyamızın hər
üzünü görmüş Tamaranın özü də yüz illik sənət həyatının spirtindən (gözəl
spirtindən!) və siqaret tüstüsündən cinsini tamam itirib naməlumlaşmış səsiylə
oxuduğu bu sözləri, indicə mənimlə birlikdə «Çiçək pasaj»a gəlmiş Yusif Borşun
şərəfinə tələm-tələsik quraşdırdığı bu havanı birinci dəfə eşidirdi və Tamara elə yüz
il də bundan əvvəlki şövqlə də alışıb yanan göy gözləriylə Yusif Borşa baxdı,
«Çiçək pasaj»a car çəkdiyi o bir bənddən sonra gözgörəti büzüşüb arıq və ürkək,
qulaqları səksəkəli dovşana dönmüş bu yazığa göz vurdu, yenə o naməlum cinsli
səsiylə uzada-uzada:
Sonra-a-a-a
beni
a-a-a-t!..
– dedi və mən də Yusif bəyin bu iztirabları azıymış kimi:
– Yusif bəy, borş ruslarda kələm-çuğundur şorbasına deyirlər,– dedim.
Yusif bəy:
– Təbii, əfəndim, təbii!.. Təbii!.. – dedi və əlbəttə, hörmətli Yusif bəy rus
kulinariyasının bilicisi deyildi və belə məlum olurdu ki, Tamaranın (amansız
madamın!) o bədahəti bu biçarəni tamam məhv edib.
Bir saat bundan əvvəl (sən mənim nömrəmdən çıxandan cəmi yarım saat sonra!
hələ sənin ətrin o qırmızı qərənfil güllərinin ətri ilə birlikdə o otaqda olanda...) Türk
Yazarlar Birliyi adından Yusif bəy «Pera Palas»a gələrək tüstüdən sapsarı saralmış
arıq və uzun barmaqları arasında tutduğu filtrsiz siqareti siqaret dalınca çəkə-çəkə
məni axşam gəzintisinə dəvət etdi.
297
Belə məlum oldu ki, Türk Yazarlar Birliyi yad şəhərdə (Istanbulda?!) tək qalıb
darıxmamağım üçün, bu axşam mənimlə məşğul olmağı bu gözəl insana həvalə edib
və əlbəttə, sağ olsun Türk Yazarlar Birliyi, amma, mənim üçün qəribə və maraqlı bir
cəhət də var idi: sənin yaraşığın, sənin geyim-kecimin, sənin zövqün, ətriyyatın,
sağlamlığın, ehtirasın, cəsarətin, ərköyünlüyün, tənbəlliyin, iti zehnin, həssaslığın,
bir az snobluğun, bir az da eqoistliyin, açıqlığın (daha nə?)... baxışın, zarafatın,
sevimli olmağın, varlı olmağın, iddialı, hökmlü olmağın, vəzifəpərəstliyin (görürsən,
bunu da yazdım!), özünə korluq verməməyin, macəraçılığın... sonra... yadda
saxlamağın, gizli soyuqluğun (bəlkə özündən də gizlətdiyin... amma cismani yox!),
həvəsin, bağışlamazlığın, çoxbilmişliyin, risqə getməyin və əslində risqi sevməyin,
kompromissizliyin (bəsdi?) ilə bu hörmətli Yusif bəyin vücudu və görkəmi arasında
elə bir təzad var idi ki, bu təzad məndə (axı, mən sənə demişdim ki, bir tipəm, amma
heç özüm də bilmirəm ki, necə tipəm?) Yusif bəylə birlikdə Istanbulda axşam
gəzintisinə çıxmağa çoxdan hiss etmədiyim bir ruh yüksəkliyi və həvəs oyatdı.
(Sonralar, «Pera Palas»dakı o nömrə də, o nömrədəki o qırmızı qərənfil gülləri
də xatirəyə çevriləndən sonra, biz Bakıda telefonla danışanda bir dəfə sən dedin: «–
Istanbul romanlar şəhəridir.» Tez də əlavə etdin: «– Zarafat edirəm.» Mən dedim: «–
Hər zarafatda bir həqiqət var.» Sən bərkdən güldün: «– Hər zarafatda yüz həqiqət
var, bir zarafat!»).
Indi budur, Yusif bəyin dəvətilə «Çiçək pasaj»da üz-üzə oturmuşuq, o rakı
dalınca rakı içir, mən yekə şüşə parçda pivə dalınca pivə içirəm (əvvəlcə öz araq
normamı içmişəm, sonra yenə normamı vuracağam və ümumiyyətlə, mənim
normam ölçüsüz corab kimi bir şeydi, balaca ayağa da geymək olar, böyük ayağa
da), Yusif bəy siqaret dalınca siqaret də çəkir, amma mən siqaret çəkmirəm, çünki
düz on il bundan əvvəl axmaq bir iş görmüşəm, özüm özümə söz vermişəm ki,
siqareti tərgidim və tərgitmişəm. (Hərdən ürəyimdən nigaran bir hiss keçir ki, birdən
yenə axmaqlığım tutar, özümə söz verərəm ki, içgini də tərgidim və tərgidərəm; bəs,
sonra nə edərəm?)
Qara, boz, sarı, kürən və hamısı da kök və ərköyün pişiklər ərinə-ərinə «Çiçək
pasaj»da gəzişirlər, Tamara isə, Yusif bəyi görəndən bəri şeytandan gələn atəşin bir
vəhy ilə bu qocaman qələm əhlinin şərəfinə qoşduğu unudulmaz məhəbbət şərqisini
akkardeonunun müşaiyətilə elə hey söylə ki, söyləyir:
Yusif beni al!..
Bu karmon gibi,
Canımı çal!..
Çal, çala bilsen!
Al, ala bilsen!..
Bilse-e-e-en eger!..
* * *
O, iri və zil qara gözləriylə «Pera Palas» nömrəsində, televizorun üstündə,
güldandakı qırmızı qərənfil güllərinə baxdı və soruşdu:
– Doğrudan, bu gülləri Bakıdan gətirmisiniz?
– Əlbəttə! – dedim.
Yenə «siz» və bu «siz» mənim ona (yəni sənə!) olan hisslərinmin müqabilində o
qədər yad səslənirdi ki, bu «siz»də o hisslərin müqabilində o qədər şüşə soyuğluğu
var idi ki, mən əlimə keçəni vurub o şüşəni çilik-çilik sındırmaq istəyirdim.
298
O yenə o qırmızı qərənfil güllərinə baxdı, sonra iri və zil qara gözlərini düz
mənim gözlərimin içinə zillədi:
– Düz deyirsiniz?
Birdən-birə mənə elə gəldi ki, o iri və zil qara gözlər mənə yox, güldandakı
qırmızı qərənfil güllərinə etibar etmir, amma bu fikir, əlbəttə, gün işığı kimi aydın
(!) bir səfsəfə idi və mən and-aman etdim (və həqiqətən də belə idi!):
– Bakı pasajındakı alverçilər Allahın şahididirlər ki, mən aeroporta gedəndə,
yolüstü əvvəlcə ora döndüm, bu gülləri orada aldım, sonra da uçub gəldim bu gözəl
Istanbula... (sənin yanına!)
O iri qara gözlər bir müəllim ciddiliyi ilə:
– Bu mənim üçün çox vacibdir! – dedi.
Bu sənin üçün niyə belə vacib idi?
Və ümumiyyətlə, niyə mən o qırmızı qərənfil güllərini Bakıdan alıb sənin üçün
gətirmişdim?
Bəyəm üçüncü minillikdə Istanbulda qərənfil gülləri satmırlar?
* * *
Həyatımın Moskva ilə bağlı çağlarında ora növbəti səfərlərimdən birində yaşda
məndən xeyli böyük (təxminən indiki mən yaşda, hətta, bir az da böyük!) köhnə
tanışım, həmişə qaşı-qabağı yerlə sürünən, həmişə də hamıdan və hər şeydən narazı
olan, stajlı kommunist və Lenin mükafatı laureatı bir dramaturqun Mərkəzi
Ədəbiyyatçılar Evinin məşhur restoranında (o gözəl restoran bütün ab-havası ilə
sosializmin əleyhinə nəfəs alan bir yer idi, amma Sovet Ittifaqı o cür şərəfsizcəsinə
dağılandan sonra əbləh bir vəziyyətə düşdü...) oturub araq içə-içə təzə yaz çiçəyi tək
açdığını, yerində dayana bilməyən xırda və girdə gözlərinin güldüyünü gördüm.
Bu məşhur dramaturq gəncliyinə qayıtmışdı, ya da – elə doğrusu da yəqin budu
– gənclik geri qayıdıb onun yaxasından yapışmışdı.
Sonra elə həmin restoranda bir yerdə araq içəndə və mən özümü saxlaya
bilməyib bu qəribə təbəddülatın səbəbini soruşanda, o dramaturq, elə bil ki, bu
sualın həsrətindəymiş kimi, böyük bir həvəs və ruh yüksəkliyi ilə yeni sevgisindən
danışdı və: «Znayeş, moy molodoy druq, ya ne pomnyu druqoqo takoqo sluçaya v
svoyey jizni, ili poçti ne pomnyu... Mne vsyo vremya xoçetsya qovorit o ney... Vsyo
vremya dumat o ney... Ona iskuşennaya v lyubvi, nemnoqo isporçennaya, nemnoqo
proçnaya, no lyubimaya mnoyu (oçen!) i lyubyaşaya menya malenkaya feya!..» –
dedi.
Bu sözlər yəqin ona görə hafizəmdə ilişib qalıb ki, sonralar mən o qızı gördüm
və o qız dünyanın ən məsum mələyinə oxşayırdı, gənc Lolitta çoxbilmişliyindən
tamam uzaq, balaca, zərif...
amma mən nə üçün indi bunu xatırladım?..
bilmirəm...
bəlkə bilmək istəmirəm?..
Dostları ilə paylaş: |