299
Mən bunu sənə deməməliydim və indi də bunu yazmamalıydım,
amma dedim,
daha doğrusu, bir az dedim, demədiyimdən də bir az indi yazıram, çünki səninlə
mənim aramda birdən-birə qəribə bir şey (nə? bu saat deyəcəyəm!) yaranmışdı və
mən çox da baş sındırmadan bu şeyin adicə, sadəcə həqiqət olduğunu başa düşdüm
və bir şey ki, falş deyil, həqiqətdi, o zaman mən niyə onu təkrar-təkrar özümdən
uzaqlaşdırmalı (onsuz da bu mümkün olmur!) və səndən (!) gizlətməliyəm? – və biz
«Pera Palas»dakı o nömrədə üzbəüz kürsülərdə oturduğumuz vaxt (hələ çarpayıdan
əvvəl, amma çarpayıya hazırlaşdığımız dəqiqələrdə) sən birdən-birə, mənim üçün
qəflətən, gözlənilmədən anana oxşadın və mən onun ölüm xəbərini eşitdiyim o günü
bütün təfərrüatınacan xatırladım və eləcə də gözlənilmədən başa düşdüm ki, biz
səninlə bir-birimizi sevə biləcəyik, olsun ki, bu lap gecikmiş Leyli-Məcnun
sevgisinə dönsün, amma mən səni çarpayıda axıra qədər, yəni mənim istədiyim
(sənin də!) qədər o dərəcədə sevə bilməyəcəyəm, çünki o bir anlıq bənzəyiş məni
çəkib öz içimə apardı, mənə elə gəldi ki, biz səninlə birgə, xəyanətlə məşğul oluruq,
mən ona xəyanət (!!) edirəm... yox... onunla mənim aramda heç nə olmamışdı...
demək olar ki, heç nə olmamışdı... bəlkə də ola bilərdi... amma olmamışdı... və
məndə belə duyğu var (və onu tanıdığım uzun illər boyunca həmişə də var idi...) ki,
mənə görə olmamışdı, yəni mən istəsəydim, cani-dildən bu işlə məşğul olsaydım,
olardı...
... gör sənə nələr yazıram?..
... amma fikirləşdiyimi və duyduğumu yazıram və təbii ki, bu fikirlər, duyğular
yalnız mənimkidir, ikimizinki (yəni mənimlə onunku) deyil...
... bizim aramızda heç vaxt yaddan çıxmayacaq (o yoxdur, bunlar heç vaxt
mənim yadımdan çıxmayacaq, məndən sonra isə, o hisslərdən bizim bu vəfalı
dünyamızda heç nə qalmayacaq və mən əlli iki yaşa gəlib çatmışam, amma bu – və
digər!– məlum məsələ(lər) ilə heç cürə barışa bilmirəm, başımdan çıxara
bilmirəm...) hisslər aləmi var idi və eyni zamanda o vaxt mənə elə gəlirdi ki, o gənc
bir ailə idilliyasındadı, bəlkə də səhv edirdim, bilmirəm, amma onda mənə elə
gəlirdi ki, o ailə idilliyasını pozmağa heç kimin, hətta (!) mənim də ixtiyarım
yoxdu... mən qıymırdım... ona, yoxsa özümə?..
Sonralar, bir dəfə növbəti bir içki dəsgahından sonra, mənim hərdən bir
düzəltdiyim və özümdən başqa bu əziz dünyamızda heç kimin içə bilmədiyi bir neçə
bokal kokteyl mənim barmaqlarımla onun telefon nömrələrini yığdı və mən o gecə
ona zəng elədim. Onda sənin, yəqin ki, dörd-beş yaşın var idi, o da cavan və gözəl
bir ana idi. Mən də ondan iki yaş kiçik idim və cidd-cəhdlə yaşımı ondan (və
başqalarından!) gizlədirdim. O:
«– Sənsən?»– soruşdu və bu «sənsən?»də duyduğum onun «nə gündəsən ki,
birdən-birə bu gecənin yarısı zəng eləmisən?» – nigarançılığı indi də yadımdadı və
xatirimdədi, o gecənin səhəri – o on-on beş kəlmədən və bir müddətlik sükutdan
ibarət telefon danışığının səhəri fikirləşdiyim kimi, indi də fikirləşirəm ki, o
nigarançılığın səbəbi mənim o gecəki içməyimlə bağlı idi, yoxsa, ümumiyyətlə,
həyatımla?
Ikincisi idi...
Hər halda, mənə elə gəlir ki, ikincisi idi...
300
Bəlkə mən sadə bir münasibəti dramatikləşdirirəm və sadəlövh hisslər aləminə
qapılmışam, dəvəquşu başını qumda gizlətdiyi kimi, mən də başımı o hisslər
aləminə soxmuşam, bədənimdən isə xəbərim yoxdu, hə?.. yox... və ikinci dəfə ona
yenə də bir əbləh içki məclisindən və mənim cuşa gəlib düzəltdiyim o kokteyldən
sonra zəng etdim və o zaman sənin neçə? – səkkiz-doqquz yaşın var idi. Beş-altı
ildən sonra üçüncü – sonuncu dəfə gecə yarısı ona zəng eləyəndə nə içki içmişdim,
nə də o kokteyl var idi (amma, ürəyimdə o kokteylin ab-havası var idi, sənin isə,
onda on iki-on üç yaşın olardı... qəribədi, bunu niyə belə bir mühasib səliqəsiylə
hesablayıram?).
«– Yenə kokteyl içmisən?»
«– Hə, – deyə yalan dedim, – bilirsən, mənim bu kokteylim Lamançlı rıtsarı
sağaldan, amma bədbəxt Sançonu sancıya salan o maye kimi bir şeydi, yadına
gəlir?»
«– Yox, – dedi.» –.
Lamançlı rıtsarın şərəfli həyatındakı o epizodu o gecə yarısı öz əlavələrim və
onun (yəni sənin ananın) və mənim tanıdığımız adamlara bənzətmələrimlə danışdım
və o xeyli güldü, xüsusən mənim universitetin müəllimlərinə, başqa tanışlarımıza
bənzətmələrim ona ləzzət etdi, sonra isə, bir müddət susub birdən-birə soruşdu:
«– Sən kimsən?»
Mən də:
«– Hələ indiyə qədər bunu başa düşməmisən?»– soruşdum.
Yenə bir az susdu, sonra:
«– Yox.» – dedi və təkrar etdi: «– Sən kimsən?»
«– Əyyaş!»
Indiyə qədər ürəyimdə gizlənib qalmış bir ifadə ilə:
«– Yox»– dedi və susdu.
Onun o «yox»u , o etirazı bir anın içində məni tamam dəyişdi, elə bil, özümü
itirdim və dəstəyi asdım, bir müddət dəstəyi asılmış telefon aparatına baxdım və
mənə elə gəldi ki (və indi də elə gəlir ki), o, dəstəyi asmamışdı və mən dəstəyi
asılmış telefon aparatına baxdığım qədər də, o, dəstəyi qulağında ment saxlayıb,
telefonun qırıq-qırıq səsinə qulaq asdı. Mənim bu sentimental etirafım güman ki,
bəsit səslənə bilər, amma olanı budu və bu hələ harasıdı, onun o cürə dayanıb o
qırıq-qırıq telefon səsinə qulaq asması indi də bütün dəqiq cizgiləri və təfərrüatı ilə
mənim gözlərimin qabağındadı və yox, zənnim, hissiyyatım məni bu qədər aldada
bilməz və bu görüntü – yüz faiz deyirəm!– xəstə təfəkkürün ürəyi riqqətə gətirən
məhsulu deyil...
Hə, bir müddət o dəstəyi asılmış telefon aparatına baxdım, ey alkaş Yusif bəy,
sənin isə, mənim qiymətli həyatımın Flober dühasına layiq bu epizodundan xəbərin
yoxdu və təbii ki, heç zaman da olmayacaq.
Tamara isə akkardeonu sinəsinə sıxıb o eybəcər (və gözəl!) səsi ilə «Çiçək
pasaj»ı başına götürüb və o piyli ağ, kürən, boz, qara pişiklər də, elə bil ki, haçansa
körpə ikən analarının qarnından yox, Tamaranın o yekə akkardeonunun içindən
çıxıb bu yerlərə dağılışıblar və indi də tənbəl-tənbəl o akkardeona tərəf baxırlar və o
bəd (və gözəl!) səsə qulaq asırlar.
Yusif, beni al!..
Sana vefalı ollam...
Almasan eger
Saralıb-sollam...
301
Yusif beni a-a-a-al!..
* * *
Bu yaxınlarda, «Pera Palas» əlçatmaz, ünyetməz bir uzaqlıqda qaldığı vaxt
Bakıda növbəti gözəl iclaslardan birində oturub Leninin sənət haqqında, xüsusən
Tolstoy barədə fikirlərində yol verdiyi yaramazlıqlardan danışan məruzəçiyə
(mənfur sovet dövründə universitetdə Lenin estetikasından mühazirələr oxuyan
adama) qulaq asa-asa səninlə danışırdım:
«– Mən bilirəm, sənin həyatında neçənci kişiyəm.»
Sən iri və zil qara gözlərini mənim gözlərimin içinə zilləyirsən, bir az da
tutulmusan, deyəsən, bir az da gərginlik içindəsən.
«– Neçənci?»
«– Dördüncü.»
«– Niyə məhz dördüncü?»
«– Bilmirəm...»
Doğrudan da, niyə dördüncü?
Sənin isə, bizim belə söhbətlərimizdən xəbərin yoxdu...
Dostları ilə paylaş: