GÜL DEDI BÜLBÜLƏ...
(Bir qonaqlıq haqqında)
BIRINCI FƏSIL
Qar yağırdı.
Altı gündən sonra, təzə – 1985-ci il gəlirdi, bayaq televizorda deyirdilər ki,
Tomsk vilayətinin Kolpaşeva rayonunda 38 dərəcə şaxta var, Yakutiyada isə şaxta
55-i keçib, amma Bakıda bu qış birinci dəfə idi ki, qar yağırdı, o da əməlli-başlı qar
deyildi, səki boyu düzülmüş tut ağaclarının budaqlarına düşüb su damcısı olurdu,
yerdə, yəni asfaltın üstündə də qalmırdı, təkcə ağacların dibindəki torpaqda bir qat
çox narın qar ağarırdı.
Səki boyu düzülmüş həmin çılpaq və yaş tut ağaclarının dibindəki torpaq daşla
kiçik kvadrat bir sahəyə salınmışdı və qar yağan həmin cümə günü əllərini
paltosunun cibinə salıb küçə ilə üzüyuxarı gedən Əlipaşa çalışırdı ki, o kiçik daş
çərçivələrə salınmış kvadrat torpaq sahələrinə baxmasın, çünki indicə evdən çıxanda
təsadüfən gözləri ağacların dibindəki bu kiçik torpaq kvadratlarına sataşdı və həmin
kvadrat çərçivələr birdən-birə Əlipaşanın ürəyini sıxmağa başladı, daha doğrusu, o
kiçik və səliqəli kvadratlar Əlipaşanın ürəyinə bir qəmginlik, bəlkə də, kədərli bir
həzinlik gətirməyə başladı; qəribə idi, tələsə-tələsə ora-bura gedən tək-tük adamlı bu
boş küçənin nəmliyi, kimsəsizliyi, tut ağaclarının o yaş və çılpaq budaqları, adda-
budda o budaqlara qonub, gözlərini yumub boyunlarını bədənlərinə qısmış sərçələrin
güzəranı Əlipaşanın ürəyini sıxmırdı, amma ağacların dibindəki bu kiçik kvadrat
çərçivələrə salınmış torpaq sahələri ürəyini sıxırdı.
Nəhayət ki, bu gün rəngli televizor alırdılar, amma təqsir o ağac dibindəki
torpağın kvadrat çərçivələrində idi, ya nəydisə, ürəkdə sevinc yox idi, bir həzinlik
var idi, hətta axtarsan, bir həsrət var idi – nəyin həsrəti idi, kimin həsrəti idi, bilmirdi
və Əlipaşa başını qaldırıb bu küçəyə, elə bil ki, rəngli televizorda baxdı; bu dəm
rəngli televizor da ağ-qara televizor kimi göstərirdi, yaş asfalt küçədə də, o çılpaq
(və üşüm-üşüm üşüyən!) ağaclarda da, o balaca kvadrat torpaq parçalarında da başqa
bir rəng yox idi, qar idi, qaranın hardasa bir az tünd, hardasa da bir az açıq kölgəsi
idi, bir də ki, o narın qar qatının ağımtıllığı...
Dünən Züleyxa dedi ki, rəngli televizoru sabah, yəni bu cümə günü almaq
lazımdı, çünki qabaqdan şənbə, bazar gəlirdi. Əlipaşa da evdə olacaqdı, qış çağıdı,
isti xörək yeyə-yeyə, çay içə-içə uşaqlarla bir yerdə oturub rəngli televizora
baxacaqdılar.
Dünyanın ən qəribə xasiyyətli adamlarından biri, heç şübhəsiz, Züleyxa idi; düz
iki il bundan əvvəl, gecənin yarısı yuxuya getdikləri vaxt Züleyxa birdən çöməlib
çarpayıda oturdu və dedi: – «Rəngli televizor almaq lazımdı...» Əlipaşa da yaxşı
bilirdi ki, Züleyxa elə-belə söz deyən adam deyil, həmişəki kimi, yüz ölçüb, bir
biçib və hərgah bu qərara gəlibsə ki, rəngli televizor almaq lazımdı, deməli, belə də
olmalıdı və belə də olacaq; necə ki, pianinonu belə almışdılar, evdəki böyük xalçanı
da, soyuducunu da, Züleyxanın dovşan dərisindən kürkünü də, Əlipaşanın əynindəki
paltonu da belə almışdılar; Züleyxa yüz ölçmüşdü, bir biçmişdi, qərar vermişdi, pul
yığmışdı və almışdı.
227
Əlipaşa iyirmi altı il idi ki, nəşriyyatda işləyirdi, bu iyirmi altı ilin düz on
doqquz ili idi ki, Züleyxa ilə evlənmişdilər və on doqquz da il idi ki, Əlipaşa hər ay
nəşriyyatdan aldığı maaşı köpüyünə kimi gətirib Züleyxaya verirdi, çünki evin bütün
haqq-hesabına, yemək-içmək işinə Züleyxa baxırdı və vacib bir işdən ötrü təcili pul
lazım olanda (misal üçün, nəşriyyatda işləyənlərdən kimsə öldüyü üçün, yaxud
kiminsə qohumu öldüyü üçün qəzetdə başsağlığı verməkdən, yaxud 8 Martda bir
yerdə işlədikləri qadınlar üçün hədiyyə almaqdan ötrü pul yığılanda və s.) Əlipaşa
beş manatı, yaxud səkkiz manatı Züleyxadan alırdı (Züleyxa heç vaxt narazı
olmurdu, əksinə, tez qalxıb paltar dolabının yuxarı gözündən lazım olan pulu
götürüb Əlipaşaya verirdi, amma, nədənsə, həmin anlarda Əlipaşa özünü günahkar
adam kimi hiss edirdi).
Bu dəfə rəngli televizoru almaq əhvalatı bir az ləngidi, yəni gecənin yarısı
Züleyxanın verdiyi o qərardan sonra, düz iki il keçmişdi və bunun da səbəbi o idi ki,
yayda uşaqları da götürüb Riqa ətrafına gedəcəklər. (Əlipaşa təəccüb etdi: – «Bəs
televizor?» Züleyxa: – «Televizorun pulu ayrıdı», – dedi, amma, hər halda, yayda
Riqa ətrafına, Yurmalaya getmələri, görünür, rəngli televizorun puluna təsir etmişdi
və onun alınmağı da beləcə gecikmişdi.)
Nə isə, iş qurtarandan sonra, nəşriyyatdan evə gəldi, Züleyxa dovğa bişirmişdi,
bir də soğanla kartof qızartmışdı, yedi, sonra Züleyxa paltar dolabının yuxarı
gözündən qəzetə bükülmüş 800 manat pul götürdü və Əlipaşaya verdi ki, gedib
rəngli televizoru alıb gətirsin.
– Yaxşı-yaxşı yoxlat, sonra götür!..
Qızların ikisi – Gülzarla Süsən evdə idi (ikisi də – Sonayla Suğra hələ
məktəbdən gəlməmişdilər, dərsdə idilər), cidd-cəhdlə tez-tələsik evdə yır-yığış
eləməyə başladılar, on səkkiz il, necə deyərlər, cani-dildən evlərinə xidmət etmiş
köhnə «Temp-2» televizorunu güclə yerindən qaldırdılar, aparıb arakəsməyə
qoydular (Əlipaşa bazar ertəsi işdən sonra, o vəfalı «Temp-2»ni aparıb köhnə
televizorlar qəbul eləyən məntəqəyə verməli idi, əvəzində də nə qədərsə pul alıb
gətirməliydi), Əlipaşa da paltosunu geyib təzə televizoru almaq üçün evdən çıxdı.
– Göz qoy a, yaxşı-yaxşı yoxlasınlar!.. – Züleyxa axırıncı dəfə tapşırıq verdi.
Əlipaşanın fikri belə idi ki, trolleybusa minsin, iki dayanacaq gedib düz dükanın
qabağında düşsün, o rəngli televizoru tez alıb gətirsin, oturub evdə rahatlansın;
sabah şənbə, biri gün də bazar, heç hara getməyəcəkdi, uşaqlarla, Züleyxayla bir
yerdə televizora baxacaqdı, radioya qulaq asacaqdı, «Bakı» qəzetini oxuyacaqdı;
amma elə ki, evdən çıxdı, elə ki, külək bu sulu qarı üzünə vurdu, nədənsə,
trolleybusa minmək istəmədi, bəlkə ona görə ki, işin qurtaran vaxtı idi, trolleybusda
basabas olacaqdı? Bəlkə ona görə ki, səhər tezdən işə də trolleybusla gedirdi, axşam
işdən qayıdanda da trolleybusla qayıdırdı? Hər nə isə, piyada getməyə başladı.
Qar, deyəsən, get-gedə artırdı, paltosunun yaxasına düşüb bir müddət elə qar
kimi də qalırdı, sonra əriyirdi və Əlipaşa qulaqlarında, burnunda qarın zərifliyini,
kövrəkliyini hiss edirdi, qar hərdənbir, hətta şərfinin boynuna da düşürdü və bu
zaman Əlipaşa qarın soyuqluğunu daha artıq hiss edirdi.
228
Alacağı rəngli televizorun qiyməti 784 manat idi və Əlipaşa küçə ilə üzüyuxarı
gedə-gedə fikirləşirdi ki, görəsən, yerdə qalan 16 manat rəngli televizoru maşına
qoyub həyətə gətirmək və beşinci mərtəbəyə qaldırmaq üçün fəhlələrə (hər halda, o
boyda televizoru daşımağa, azı, iki fəhlə lazım idi) və sürücüyə çatacaqdı, ya yox?
Yəqin çatacaqdı... yəqin Züleyxa fəhlələrin, maşının muzdunu öyrənmişdi ki, pulu
bu qədər vermişdi; sonra Əlipaşa fikirləşdi ki, bir fəhlə də götürsə bəsdir,
televizorun bir tərəfindən fəhlə yapışar, bir tərəfindən də özü; düzdü, beşinci
mərtəbəyə qalxmalıdırlar, amma Əlipaşa da hələ qocalıb əldən düşməmişdi, əlli yaşı
gələn il tamam olacaqdı və Əlipaşa burasını, yəni gələn il əlli yaşının tamam
olacağını fikirləşəndə yenə gözləri səki boyu düzülmüş o üşüyən tut ağaclarının
dibindəki torpağın kvadrat çərçivələrinə sataşdı və ürəyindən yenə də o həzinlik, o
həsrət (bəlkə, gizli bir nigarançılıq idi? Amma nəyin nigarançılığı idi?) keçdi.
Yenə şərfin arasından boynuna qar düşdü və o qarın soyuğu elə Əlipaşanın
ürəyindəki o həzinliyi, o həsrəti (ya nigarançılığı?) qovub çıxartdı və elə bil,
boynuna düşmüş o qar Əlipaşanın təkcə boynuna, bədəninə yox, ürəyinə də bir
sərinlik gətirdi, yəni bu mənada ki, ürəyinin həmişəki sakitliyi öz yerinə qayıtdı və
Əlipaşa fikirləşdi ki, bazar ertəsi müdir Əlimuxtar müəllimdən icazə alıb işdən bir az
tez çıxmaq lazımdır ki, köhnə televizoru aparıb təhvil versin, pulunu da gətirib
Züleyxaya versin. Doğrusu, Əlipaşa heç vaxt kənddə, rayonda yaşamamışdı, Bakıda
doğulmuşdu, Bakıda böyümüşdü, heç vaxt sevimli inəyi, yaxud sevimli deyək ki,
keçisi olmamışdı, amma indi, bu soyuq cümə günü təzə televizor almağa gedə-gedə
köhnə televizor barədə fikirləşəndə, bazar ertəsi o köhnə televizoru aparıb təhvil
verəcəyini yadına salanda Əlipaşaya elə gəldi ki, elə bil, «Temp-2»ni yox,
Azərbaycan yazıçılarının müxtəlif kitablarında oxuduğu kimi, sevimli bir inəyini, ya
qoçunu, ya keçisini satmağa aparır; əlbəttə, bu hiss bir az qəmginlik gətirirdi, amma
burası da vardı ki, köhnə televizoru – o vəfalı «Temp-2»ni təhvil verib əvəzinə nə
qədərsə pul alacaqdı və o pulu gətirib evə verəcəkdi.
Həmin qarlı cümə günü Əlipaşanın ürəyindəki o yüngül qəmginliyi bu dəfə bir
hərarət əvəz elədi: maaşdan başqa da Züleyxaya nəsə bir pul verəcəkdi və o gözəl
hadisə həmin hərarəti, həmin çəkisiz, xoş hərarəti indidən ürəyinə yaydı.
Əlipaşa altı il korrektor işləmişdi, sonra kiçik redaktor işləmişdi, indi də on ildən
artıq idi ki, redaktor işləyirdi və bütün bu müddətdə, təbii ki, yalnız maaşa baxmışdı.
Başqa redaktorlar ordan-burdan pul qazanırdı, kimisi hekayə yazırdı (hətta roman
yazıb, sonra da həmin romanı nəşriyyatda çap elətdirmək uğrunda illərlə mübarizə
aparanlar da var idi!), kimisi tərcümə edirdi, qəzetlərə, radioya, televiziyaya nəsə bir
məlumat, ya reportaj, ya da bir başqa şey yazırdı, amma Əlipaşa heç nə yazıb-
pozmurdu və buna görə də, arı şirniyə uçan kimi, ora-bura qonorara uçuşan
həmkarlarından açıq-aşkar seçilirdi. Bəlkə, yaza bilmirdi? Bəlkə, yaza bilərdi, amma
həvəsi yox idi? Bəlkə, başqaları kimi bacarığı yox idi, qılığı yox idi? – Səbəbini
bilmirdi, heç vaxt nəsə bir şey yazıb-pozmaq üçün təşəbbüs göstərməmişdi, təkcə bir
dəfə, bircə dəfə yazı yazmışdı, yaxşı da pul qazanmışdı, amma indi o yazının yalnız
bir xatirəsi qalmışdı...
229
Əlipaşa yeddi il idi ki, üçotaqlı rahat mənzilinə köçmüşdü; mikrorayondakı bu
mənzili nəşriyyatda növbəyə durub almışdı, o vaxta qədər isə Züleyxanın anasıgildə
ikiotaqlı balaca mənzildə qalırdılar. Yeni köçdükləri binada qapıbir qonşuları Mürsəl
adında bir kişinin ailəsi idi və həmin Mürsəl restoranda – gərək ki, ode, uzaqdan
görünən o «Sağlamlıq» restoranında – bufetçi işləyirdi, çox işgüzar, burdan vurub,
ordan çıxan, cəld bir adam idi, civə kimi, yerində dayana bilmirdi, həddən artıq
tanış-bilişi var idi, evində də tez-tez qonaqlıqlar olardı və əvvəllər (o yazı əhvalatına
qədər!) Mürsəl Əlipaşanı da qonaqlıqlarına çağırırdı, sonra isə (o yazı əhvalatından
sonra) araları xeyli sərinlədi.
Mürsəl, deyəsən, heç orta məktəbi də bitirməmişdi, kefinin kök vaxtlarından
birində, dediyi kimi, qırx yeddi illik ömründə bir dənə də kitab oxumamışdı və buna
görə də, qalın-qalın kitablarda redaktor kimi Əlipaşanın adını görüb (o kitabları
təsadüfən Əlipaşanın evində görmüşdü) təzə qonşusuna böyük hörmət göstərirdi,
qurduğu məclislərdə Əlipaşa ilə açıq-aşkar fəxr edirdi. Əlipaşa ilə qonşu olandan
sonra, Mürsəl hərdənbir, hətta, kitab mağazalarına girirdi və azərbaycanca təzə
çıxmış qalın kitabları çox ciddi görkəmdə vərəqləməyə başlayırdı, Əlipaşanın adını
axtarırdı, rast gələndə, elə bil, lotereyası udurdu, daxili bir sevinclə mağazadakı
adamlara baxırdı, hətta iki dəfə özünü saxlaya bilməmişdi, cildləri gözəl olan həmin
kitablardan – bir dəfə Drayzerin «Kerri bacı»sını, bir dəfə də Rəşad Nuri Güntəkinin
«Çalı quşu»sunu – alıb gətirib qonaq otağında, gözlərinə cürbəcür büllur güldanlar,
qənddanlar, qədəhlər düzülmüş dolabın görümlü yerlərindən birinə qoymuşdu.
Düzdü, Mürsəl o iki kitabı oxumadı, amma hərdən şəstlə gəlib o iki kitabla üzbəüz
dururdu, o iki kitaba baxırdı, sonra dolabın qabağında bir neçə addım o baş-bu başa
var-gəl edirdi, səhərdən-axşamacan «Sağlamlıq» restoranının bufetində nəfəs aldığı
o ab-havadan çox fərqlənən, əsl maariflə dolu yüksək bir hiss kişinin sinəsini
qabardırdı və belə anlarda Mürsəl, nədənsə, gedib özünə çeşmək sifariş eləmək,
çeşmək taxmaq istəyirdi.
Mürsəlin dostlarının arasında müfəttişdən tutmuş məşhur stomatoloqacan, futbol
hakimindən tutmuş müstəntiqəcən çox adam var idi, amma iş belə gətirmişdi ki,
yazı-pozu işləri ilə məşğul olan adam yalnız təzə qonşusu Əlipaşa idi və günlərin bir
günündə Mürsəl Əlipaşanın qapısının zəngini basdı və Əlipaşadan yatsa yuxusuna
girməyəcək bir xahiş elədi: Mürsəlin dostlarından biri səhiyyə nazirliyində işləyirdi,
cürbəcür xəstəliklərin əleyhinə plakatlar buraxmaq istəyirdilər və bu barədə söz
düşəndə, dostu həmin plakatlara qısa şerlər yazmaq üçün qələm ustası axtaranda,
Mürsəl, əlbəttə, o saat Əlipaşanın adını çəkmişdi, həmişəki kimi, bu dəfə də
dostlarının köməyinə gəlmişdi, indi də Əlipaşadan xahiş edirdi ki, həmin plakatlar
üçün o qısa şerləri yazsın.
Ömründə ilk dəfə pendir, yaxud kolbasa, yaxud göy-göyərti, içki haqq-hesabı ilə
yox, maarifçi bir işlə məşğul olduğu üçün, Mürsəl daxili bir coşğunluq, ruh
yüksəkliyi içində idi və özü ilə səhiyyə nazirliyi adından müqavilə gətirmişdi, sifariş
olunan plakatların mövzusu yazılmış bir qovluq səliqəli kağız-kuğaz gətirmişdi və
bu xəbərin gözlənilməzliyindən özünü tamam-kamal itirmiş Əlipaşa heç özü də
bilmədi ki, üçrəqəmli məbləğ yazılmış o müqaviləni (bütün ömründə ilk dəfə
imzalayacağı o müqaviləni) necə imzaladı.
230
Züleyxa əvvəlcə bu işə çox şübhəli yanaşdı, sonra Əlipaşada qalan həmin
imzalanmış nüsxəsini əvvəldən axıracan bir neçə dəfə diqqətlə oxuyub öyrəndi,
sonra o səliqəli qovluqdakı kağızları bir-bir oxudu və doğrudan da, dünyanın qəribə
işləri var idi. Mürsəl hara, Züleyxa hara? – amma Mürsəlin bayaqkı daxili
coşğunluğu, ruh yüksəkliyi, elə bil ki, yavaş-yavaş Züleyxaya keçdi, Züleyxa
Əlipaşanın yazı mizinin üstündən qızların dərs kitablarını, dəftərlərini götürdü, mizi
səliqə-sahmana saldı, həmin daxili coşğunluqla, ruh yüksəkliyi ilə Əlipaşanın
karandaşlarını yondu, qələmlərinin mürəkkəbini yoxladı, çay dəmlədi və axşam
Əlipaşa yazı mizinin arxasında oturanda özündə heç vaxt hiss etmədiyi bir
yaradıcılıq ehtirası hiss etdi, bütün həyatında ilk dəfə şer misraları yazmağa başladı.
Adətən, nəşriyyat işçiləri, nəşriyyata gəlib-gedən müəlliflər söhbət düşəndə,
gülə-gülə, yaxud xəyala dala-dala deyirdilər ki, eh, cavanlıqda kim şer yazmayıb?!
O zaman Əlipaşa səsini çıxartmırdı, çünki ömründə və o cümlədən də, cavanlığında
heç vaxt şer yazmayan adamlardan biri elə özü idi.
Nə isə, ilk plakatın mövzusu bədəni istiyə-soyuğa öyrətməyin xeyrindən, yeyib-
içməyə fikir verməkdən ibarət idi, bu barədə rəssam satirik şəkil çəkəcəkdi və
Əlipaşa o çəkiləcək şəklin altındakı iki misranı belə yazdı:
Mən tez-tez oluram zökəm,
Çünki çox yeyirəm, kökəm.
Ikinci plakat oturaq həyat keçirməyin, hərəkətsizliyin əleyhinə olmalı idi və
Əlipaşa bir xeyli yaradıcılıq iztirablarından sonra, çox götür-qoy edəndən,
fikirləşəndən sonra bu iki misranı yazdı:
Maşınla gəzirəm mən hər saat,
Bununçun da olmuşam infarkt.
Yazı mizinin arxasında oturub o plakatların şerlərini yazdığı zaman birdən-birə
Əlipaşaya elə gəldi ki, elə bil, həmin yaradıcı dəqiqələrdə nədən ötrüsə çox
yeyənlərdən, ömründə trolleybusa minməyib maşınlarda gəzənlərdən, içki
içənlərdən, siqaret çəkənlərdən intiqam alır; nəyin intiqamı idi? Nə üçün məhz
intiqam almalı idi? Ürəyindəki o gizli kin-küdurət nə idi hələ? Bilmirdi, amma bu
hiss Əlipaşanın xoşuna gəlmirdi, bu hissi özündən uzaqlaşdırmaq istəyirdi və buna
görə də üçüncü plakatın şerini tamam kinsiz-küdurətsiz yazdı:
Əllərini yumazsan,
Dezinteriya tutarsan.
Axşam keçdi, gecə düşdü, Gülzar da, Sona da, Süsən də, o vaxt lap balaca olan
Suğra da atalarının çox ciddi və vacib bir işlə məşğul olduğunu başa düşdükləri üçün
cınqırlarını da çıxarmadan yerlərinə girib yatdılar, Züleyxa mane olmasın deyə heç
bir söz demədən hərdənbir Əlipaşa işləyən otağa isti çay gətirdi və bu minval ilə
Əlipaşa səhər, saat beşə qədər işlədi, plakatların hamısının şerini yazıb qurtardı və
cəmi ikicə saat (səhər saat yeddiyə kimi: əvvəlcə birinci növbədə oxuyan Sonanı
məktəbə aparmalı idi, sonra nəşriyyata işə getməli idi) yatdı, amma ömrünün ən şirin
yuxusunu yatdı.
231
Ikinci gün axşam bufetdən yarım saatlıq qaçıb gəlmiş Mürsəl içəri girən kimi,
Əlipaşa yazdıqlarının hamısını ona oxudu və həmin anlarda ürəyi yüksək maarifçi
hisslərlə dolmuş Mürsəl də heyranlıqla başını bulaya-bulaya bu şerlərə qulaq asıb
ağız dolusu təşəkkür elədi, Əlipaşanın yazdığı əsərləri qoltuğuna vurub apardı.
Iki gündən sonra Əlipaşa müqavilə üzrə ona çatacaq qonorarın hamısını alıb
gətirib Züleyxaya verdi, amma o yaradıcılıq fəaliyyətinin, o üçrəqəmli məbləğin
sevinci çox çəkmədi, çünki beş-altı gündən sonra pilləkəndə Mürsəllə rastlaşanda
çox pis bir hadisə baş verdi.
Mürsəl açıq-aşkar bir kinlə (hətta nifrətlə!) Əlipaşaya baxa-baxa: « – Alə, –
dedi, – sənin əlindən bir iş-zad gəlmirmiş ki, alə! Allah səni biabır eləsin, biabır
eləmisən məni o boyda kişinin yanında!». Ayaq üstə çaşbaş qalmış Əlipaşaya
haçandan-haçana məlum oldu ki, plakatlara yazdığı o şerlərin üstündə az qalıblar
Mürəsəlin hörmətli dostunu (həmin kişini!) işdən çıxarsınlar, axırda xətir-hörmət
qoyub şiddətli töhmətlə kifayətləniblər. Mürsəl yana-yana: «–Alə, elə də şer
yazarlar? – dedi, sonra da o şerləri yamsıladı: – Dizenteriya oldum, mən nə bilim
neylədim?.. Ay-hay! sən lap bisavadıymışsan ki, alə!..»
Həmin gündən sonra, Mürsəl, təbii ki, bir də heç vaxt Əlipaşanı evindəki
məclislərə dəvət etmədi, blokun pilləkənlərində, ya həyətdə rastlaşanda ötəri bir
salam verib keçdi və Əlipaşa hələ burasını bilmirdi ki, Mürsəl daha bir də heç vaxt
kitab mağazalarına girib qalın kitabları vərəqləmədi, o yazıq Drayzerlə Rəşad Nuri
əfəndinin kitablarını da o qonaq otağındakı dolabdan götürdü.
Ancaq bir dəfə Mürsəl yenə də Əlipaşagilin zəngini basdı və bir balaca çəkinə-
çəkinə belə bir təklif etdi ki, bir dostu qəbiristanlıq işləri ilə məşğuldu, o adamın
qəbir daşlarında yazdırmaq üçün təsirli şerlərə ehtiyacı var (yəni ki, həmin təsirli
şerləri qəbiristanlıqda yatan o rəhmətliklərin qohum-əqrəbasına satacaqdı ki,
əzizlərinin qəbir daşlarına həkk elətdirsinlər) və yox, yox, o şerləri Əlipaşa özü
yazmasın, başqa böyük şairlərin şerlərindən dünyanın vəfasızlığı barədə misallar
tapsın versin, o adam da nə qədər lazımdısa, bu zəhmətin haqqını ödəsin.
Bu, əlbəttə, asan bir iş idi, hələ tələbəlik illərində Füzulinin, Seyid Əzimin,
Vahidin kitablırını almışdı və o kitablar indiyədək Əlipaşanın evdəki balaca
kitabxanasında idi, amma Əlipaşa Mürsəlin bu yeni təklifini qəbul etmədi,
yumurtasayağı balaca və dolu Mürsəl həmin anlarda Əlipaşanın gözlərində yeyib
kökəlmiş qəbir qurdlarına oxşayırdı...
Qar bərkiyirdi və yavaş-yavaş təkcə tut ağacının dibindəki kiçik kvadrat torpaq
sahələri yox, səkilərin qırağı, küçə eyvanlarının sürahiləri, hərdənbir küçədən ötən
maşınların üstü də kağız kimi nazik qar layı ilə örtülürdü.
Əslində, yəni lap əslində, o «Temp-2»ni təhvil vermək, rəngli televizor almaq,
bu qarlı cümə günü işdən sonra beləcə əlləri cibində (bir balaca da üşüyə-üşüyə...)
univermağa getmək Əlipaşanın ürəyindən deyildi, çünki köhnə televizor indinin
özündə də göstərirdi və bu qədər xərcə düşməyin, əziyyət çəkməyin mənası yox idi,
amma Züleyxa belə qərara gəlmişdi və deməli, belə də olmalı idi, mübahisəyə
ehtiyac yox idi.
Ümumiyyətlə, televizorun özü də dünyanın qəribə hadisələrindən biri idi; təkcə
o mənada yox ki, elm, texnika inkişaf edib (bu, necə deyirlər, öz yerində!), ona görə
ki, misal üçün, qədimlərdə göbək rəqsinə ancaq saraylarda padşahlar tamaşa
eləyərdi, amma indi televizorda bütün camaat baxır, göbəyi də bütün ekran boyu
göstərirlər, özü də rəngli...
|