Aprel, 1983.
197
BOZLUQ IÇINDƏ IKI NƏFƏR
Döz, bağrı daş olan könlüm...
Abbas Tufarqanlı
Yaz çoxdan ötüb-getmişdi və o ötüb-getmiş yazın ən qüssəli xatirəsi həmin
yaşıl-sarımtıl seyrək yarpaqlar idi. Hər gün səhər yerindən qalxıb həyətə açılan
pəncərədən o seyrək yarpaqları görürdü və hər səhər də o yaşıl-sarımtıl seyrək
yarpaqlar təkcə ötüb-getmiş yazdan yox, ötüb-getmiş ömürlərdən, dünyanın
müvəqqətiliyindən xəbər verirdi, illərlə xatırlamadığı və çoxdan bu dünyadan köçüb
getmiş adamları birdən-birə xatırlayırdı, yaxın, uzaq o simalar, sifətlər bir-bir
gözlərinin qabağında canlanırdı və o simaların gözləri həmişə də yumulu olurdu, bu
seyrək yarpaqların yaşıl-sarımtıl solğunluğu bir sarı kölgə kimi o simalara, sifətlərə
də hopurdu; sonra xəstəxanalar yadına düşürdü, çünki dünyanın ən qüssəli yeri
xəstəxanalardı.
O, pensiyaya çıxmazdan əvvəl də, sonra da xəstəxanalarda yatmışdı, yaxınları, tanış-
bilişləri yoluxmağa da çox getmişdi xəstəxanalara və o adamların da nə qədəri indi
dünyada yoxdu və indi bu yaşıl-sarımtıl seyrək yarpaqlara baxa-baxa o adamları da
həmin xəstəxana qəmginliyi və sarılığı içində bir-bir gözlərinin qabağına gətirirdi və
onların da hamısının gözləri yumulu olurdu, həmin adamların sifətlərinin bütün
gizgilərini xatırlayırdı, dodaqlarının təbəssümünü xatırlayırdı, amma gözlərinin
rəngini xatırlaya bilmirdi, çünki yaddaşının indi göstərdiyi o adamların gözləri heç
cürə açılmırdı, həmişə yumulu olurdu, daha doğrusu, o bilirdi ki, bax, bunun gözləri
göy idi, bununku isə, deyəsən, qara idi, amma həmin göyü də, həmin qaranı da görə
bilmirdi, çünki hər şey bir rəngdə idi, çünki hər şey bu yaşıl-sarımtıl seyrək
yarpaqların qəmgin sarısına boyanmışdı.
Sulu qar yağırdı və o seyrək yarpaqlar tamam islanırdı, üşüm-üşüm üşüyürdü və bu
yarpaq üşüməyini o, az qala, öz bədəni ilə hiss edirdi və bu dəm uşaq vaxtı
ağlamağını yadına gətirirdi, sonra başqa uşaqların ağlamağını yadına gətirirdi, sonra
böyük adamların ağlamağını yadına gətirirdi – əvvəlcə qızların, arvadların
ağlamağını, sonra kişilərin ağlamağını; sonra da uzun-uzun illər boyu iştirak etdiyi
matəm mərasimləri yadına düşürdü, çiyinlərində üzü qəbiristanlığa tərəf gedən üstü
xalçalı mafələr, tabutlar gözlərinin qabağına gəlirdi, sonra da ömründə ağlamağını
görmədiyi kişilərin necə ağlamaqlarını, daha doğrusu, necə ağlaya biləcəklərini,
gözlərinin necə dolacağını, dodaqlarını, çənələrini əsdirəcək təbəssümlərini
gözlərinin qabağına gətirirdi və ən qəribəsi bu idi ki, yaxşılığından, pisliyindən,
sərtliyindən, mülayimliyindən, hətta onun şəxsən tanıyıb-tanımamağından,
vəzifəsindən, şöhrətindən asılı olmayaraq, elə bir adam yox idi ki, indi onun
təsəvvüründə ağlaya bilməsin, qəzetdə yalnız şəklini gördüyü tanınmaz-bilinməz bir
nəfərdən tutmuş Əlisəfayacan hamını öz təsəvvüründə ağladırdı və bəzən ona elə
gəlirdi ki, gözlərinin qabağındakı bu görümlərdə nəsə oğurluğa bənzər bir şey var,
elə bil xısın-xısın gizlənib qapının açar deşiyindən içəri baxır; amma gözlərini sulu
qardan islanmış, soyuqdan-sazaqdan üşüm-üşüm üşüyən o yaşıl-sarımtıl seyrək
yarpaqlardan çəkə bilmirdi, çünki yetmiş üç yaşına baxmayaraq, tamam heyrət
içində görürdü ki, Yer üzündəki bütün adamlar onun təsəvvüründə eyni cür ağlayır;
bütün insanların ağlamağı bir-birinin eyni idi, insanlar eyni cür içini çəkirdi, eyni cür
gözlərinin yaşını axıdırdı, eyni cür də dərindən sarsılırdı, eyni cür kədərlənirdi,
198
yanırdı və ən başlıcası isə, həmin insanların belə bir eynilikdən xəbəri yox idi,
xəbəri yox idi ki, bu dərəcədə bir-birlərinə oxşayırlar, dərdə düşəndə, ağlayanda bir-
birlərinin eyni olurlar.
Bu yaşıl-sarımtıl seyrək yarpaqlar əslində insan xislətinin eyniliyindən xəbər
verirdi, birinci insandan tutmuş sonuncu insana kimi, Yer üzündəki bütün
məxluqatın əslində eyni ömür – küll, vahid ömür yaşadıqlarından xəbər verirdi və
həmin böyük, əvvəli-axırı görünməyən ömrün özünün də əslində bir göz
qırpımlığından deyirdi.
...Sulu qar kəsirdi, sonra təzədən başlayırdı; sulu qar ara verirdi və soyuq külək
mənim yaşıl-sarımtıl seyrək yarpaqlarımı qurudurdu və həmin soyuq xatirələrdəki
bütün ilıq hissləri, həyəcanları boyat çörək kimi fal-fal doğrayırdı və həmin bıçağın
metal soyuğu adamın iliyinəcən işləyirdi, sonra bir neçə gün keçirdi, o seyrək
yarpaqlar daha da seyrəlirdi, daha bir yarpaq nəm və çılpaq budaqdan qırılıb
düşürdü və o dəm mən gözlərimi yaşıl-sarımtıl seyrək yarpaqlardan çəkirdim, çünki
qırılıb düşmüş o yarpağı son mənzilə aparan yolu görmək istəmirdim...
...Əlbəttə, bu son payız keçəcəkdi, qışın soyuqları da ötəcəkdi, yenə yaz
gələcəkdi, yamyaşıl yarpaqlar budaqları bürüyəcəkdi, amma bütün bunlar mənim
üçün bir təskinlik deyildi: düzdü, yamyaşıl yarpaqlar bu budaqları bürüyəcəkdi,
amma, bax, bu yaşıl-sarımtıl yarpaqlar daha heç vaxt olmayacaqdı, çürüyəcəkdi, yox
olacaqdı; qış ötəcəkdi, yaz gələcəkdi və o zaman indi Yer üzündə olan adamların da,
indi mənim kimi beləcə pəncərədən baxan, dünyanı beləcə görənlərin də bir çoxu
olmayacaqdı və bir vaxt mən də olmayacaqdım və bəlkə onda da kim isə o zamanın
son payızında o zamanın yaşıl-sarımtıl seyrək yarpaqlarına baxıb elə mənim özümü
xatırlayacaqdı və mən onun təsəvvüründə ağlayacaqdım, ya güləcəkdim, nə fərqi?
Axır vaxtlar hərdənbir öz-özü ilə danışırdı; axır vaxtlar? Bəs, əvvəllər necə,
əvvəllər həmsöhbəti kim olub? Gülümsədi və bu təbəssümdə bir istehza, daha
doğrusu, gizli, lap dərinlərdə gizlənmiş bir intiqam hissi var idi, amma kimə istehza
edirdi, kimdən intiqam alırdı? Özündən? Arvadından? Bəlkə bu yaşıl-sarımtıl seyrək
yarpaqlardan, yox, yox, hamıdan və hər şeydən intiqam almaq olar (dünyada kimin
və nəyin təqsiri yoxdur?), amma bu yaşıl-sarımtıl seyrək yarpaqlardan intiqam
almaq mümkün deyil, çünki onlar intiqama davam gətirə bilməz, hətta onun
sifətindəki belə bir zəif təbəssümün də intiqamına davam gətirə bilməz və bir halda
ki, beləcə, zəif bir təbəssümün də intiqamına tab etməz, deməli, heç bir günahları
yoxdu; bəs, onda nə üçün pöhrədən çırtdayıb çıxdılar, böyüdülər, yamyaşıl yarpaq
oldular və sonra da beləcə seyrəldilər, beləcə sapsarı saraldılar?
Arvadı həmişəki kimi, yumşaq, qırmızı kürsüdə oturub nəvələrindən hansı
üçünsə əlcək toxuyurdu və əlcəyin üstündə zanbaq gülündən naxış var idi, amma
arvadı əlcəyin üstündəki bu zanbaq gülünü elə toxumuşdu ki, zanbaqdan çox gəmi
lövbərinə oxşayırdı və bu oxşarlıq da onun ürəyini sıxdı, çünki bir yerdə
dayanmaqdan, hərəkətsizlikdən, ağırlıqdan xəbər verirdi.
199
Qabaqlar arvadı ilə birlikdə teatr tamaşalarına gedərdi, amma bir ildən artıqdı ki,
daha tamaşalara da getmirdi, çünki səhnəyə baxdıqca darıxırdı, fikirləşirdi ki,
artistlər eyni tamaşada həmişə eyni sözləri deyirlər, cümə axşamı, ya çərşənbə, ya
bazar günü, yaz günü, payız axşamı, ya da qışın soyuğu – artistlər üçün fərqi yox idi,
eyni sözlər deyilməliydi. Külək əsir? Əssin. Qar yağır? Yağsın. Kimsə ölüb? Ölsün.
Kimsə anadan olub? Olsun. Fərqi yox idi, eyni sözlər deyilməliydi və artistlərin,
misal üçün, dörd yüz il bundan əvvəl Şekspirin yazdığı sözlərin qəlibindən çıxa
bilməməsi onun ürəyini sıxırdı və daha arvadını da yanına salıb axşamlar teatrlara
getmədi və əlbəttə, arvadı yenə bir şey başa düşmədi, amma həmişə teatra getməyə
razı olduğu kimi, getməməyimin də fərqinə varmadı.
...Bu qədər illər yaşadım, xəstələndim, sağaldım, yaxşılıq elədim, amma öz
aramızda, pislik də gəldi əlimdən, incidim, incitdim, nigaran oldum, gözüm yol
çəkdi, məclislərdə çalıb-oynadım, yas da saxladım, təzəcə anadan olmuş çağa
gördüm, qoca meyiti də gördüm və bütün bunların hamısı da ona görə ki, günlərin
bir payız günü məlum olsun ki, ömür gəldi keçdi, bir at mindim, başı yox, bir çay
keçdim, daşı yox...
Onun uzun ömründə hər şey olmuşdu, təkcə... təkcə nə olmamışdı?
Bəsdir.
Təngnəfəs oldu və yadına düşdü ki, çox-çox illər bundan əvvəl bir xalası var idi,
tez-tez təngnəfəs olardı, sonra özü öz nəfəsinin ağırlığına lağ edərdi: bir qardaşım
var, getdi qayıtmadı, nədi bu, o balaca idi, xalasının dediyi tapmacaya çox fikirləşib,
çox söz deyib cavab tapa bilmirdi, xalası gülürdü: nəfəsdi də, ay dilbilməz, mənim
bu qaragün nəfəsimdi də gedir, qayıtmır; sonra xalasının o uzaq gülüşü bu seyrək
yarpaqlar sarısında əvvəlcə dondu, sonra muma döndü, sonra da əridi, sarı içində də
yox olub getdi.
Pəncərənin qabağında dayanıb yaşıl-sarımtıl seyrək yarpaqlara baxırdı və bir
azdan gəzməyinin vaxtı gələcəkdi, paltosunu geyib şlyapasını başına qoyacaqdı,
evdən çıxıb yavaş-yavaş bulvara gedəcəkdi, kiməsə rast gələcəkdi və yaxud heç
kimə rast gəlməyəcəkdi, sonra yavaş-yavaş da geri qayıdacaqdı, arvadı diyetalı
axşam yeməyini verəcəkdi, dadsız-duzsuz o yeməyi yeyəcəkdi, sonra bir az
televizora baxacaqdı, oğlu, ya qızı telefonla zəng edəcəkdi, arvadı danışacaqdı
uşaqlarla və onun da kefinin yaxşı olduğunu deyəcəkdi, sonra nə olacaqdı? Sonra da
yatacaqdı, yatacaqdı ki, səhər yenə də durub bu yaşıl-sarımtıl seyrək yarpaqlara
baxsın və bu sarı içində xatirələr onu götürüb aparsın.
Xatirələr də payıza düşür, bu yarpaqlar kimi solur, saralır və bu yarpaqlar kimi,
bir gün yox olacaq, çürüyəcək, torpağa qarışacaq.
Payızın qurtarmağına az qalmışdı və bu seyrək yarpaqların da ömrünə az
qalmışdı.
... Dünyada çox adlı-sanlı, ağıl-zəka sahibi kişilər ilin fəsilləri haqqında deyiblər
ki, üçü bizə yağıdı, üçü cənnət bağıdı, üçü yığar gətirər, üçü vurar dağıdar; vurub
dağıdan payızın soyuq küləyi, adamın bütün içini dolduran tənhalıq nəfəsi ömrü
aparmaq üçündür, həyatı vurub-dağıtmaq üçündür; fəsillər haqqında bunu da
deyiblər ki, bir kişinin dörd evi var, biri yaşıl, biri al, biri sarı, biri də ağ; bəs, bunu
necə yozursan, əziz dost? Yoz görüm; gözüm üstə: ağ – kəfən rəngi, sarı – ölüm
rəngi, yəni bu yaşıl-sarımtıl seyrək yarpaqlar, al – qızdırma, yaşıl – nə? Yaşıl nə?
Yaşıla da bir qara yax, tez elə...
200
Amma yaşıla qara yaxa bilmədi, çünki yaşıl birdən-birə gözlərinin qabağında
rəng verib rəng aldı və bu gülən, sevinən, günün işığı ilə oynayan yaşılın içində
sifətinin hamar dərisi, hər bir cizgisi sağlamlıqdan, həvəsdən, gizli ehtirasdan xəbər
verən o gözəl almayanaq sifəti, yaşıl içində işım-işım işıldayan o qara gözləri gördü
və əvvəlcə bu görümü tanımadı, təkcə bir doğmalıq, yaxınlıq, əzizlik hiss etdi bu
sifətdə, bu gözlərdə, sonra tanıdı.
O qızın adı nə idi? Ora hara idi? Deyəsən, atası ilə kəndə getmişdilər və o Yaşıl
həmin kəndin yaşılı idi, hər halda yadına gəlir ki, atası ilə faytona minmişdilər və
faytonda gedirdilər və uzun-uzun illərin arxasında qalmış o fayton sevinci ilə həmin
Yaşıl və həmin alma yanaqlar, qara gözlər bir-birinin davamı idi.
O qız ondan böyük idi, on üç-on dörd yaşı olardı, onun on, on bir yaşı vardı, qız
qollu-budaqlı bir qoz ağacına dırmaşmışdı, o da altdan-yuxarı qıza baxırdı və o qızın
çılpaq baldırları açıq-aşkar görünürdü və o qız gülürdü: məni alarsan böyüyəndə?
hə; sonra nə eləyərsən? niyə dinmirsən? niyə dinmirsən? nə eləyərsən mənnən? və
qoz ağacına dırmaşmış o qız gülürdü, qapqara gözləri işım-işım işıldayırdı.
Arvadı diqqətlə toxuduğu əlcəyə baxdı, əli ilə əlcəyin naxışlarına sığal verdi, öz
işi özünün xoşuna gəldi və özü də öz işinə gülümsədi, yəqin ki, nəvələrini yadına
saldı və yenə də gülümsədi, başını buladı, sonra ona baxdı və gülümsəyən
gözlərindən bir nigarançılıq keçdi.
O, arvadının gözlərindəki həmin ani nigarançılığı hiss etdi və bu hiss yaşıl-
sarımtıl seyrək yarpaqların sırasını daha da artırdı, elə bil bu son payız çağında o
çılpaq budaqda da hamısı xəzəl sarısına büründü.
Arvadı tamam qocalmışdı.
Təqvim özü də son payız çağında üşüm-üşüm üşüyən ağacdır, gündə bir sarı
yarpaq salır.
Qoz ağacının yoğun budağı üstündə dayanıb yuxarıdan aşağı baxa-baxa gülən o
qız indi nə edir? indi, bu qədər il keçəndən sonra? indi də gülə bilirmi? yox, gülə
bilmir, çünki ölüb. O həmin qızın kim olduğunu yadından çıxartmışdı, sonrasından,
taleyindən xəbəri yox idi, həmin qızı daha görməmişdi, amma indi bütün varlığı ilə
hiss etdi ki, o qız ölüb və gözlərinin qabağına tabut içində qocalıb əldən düşmüş bir
qarı gəldi və qarının sifəti həmin qıza oxşayırdı, amma gülüşündən əsər-əlamət yox
idi; sonra ölümün soyuğu bu yaşıl-sarımtıl seyrək yarpaqların sırasına qarışdı və
soyuq həmin sarı rəngi bircə anın içində dondurub şəffaf sarı buz kimi sürüşkən
elədi.
O, ölümdən qorxmurdu, bəlkə də, əksinə, ürəyinin hansı bir dərinliyində isə elə
ölümün özü üçün darıxırdı, çünki onsuz da öləcəkdisə – əlbəttə, öləcəkdi – onda bu
qədər yaşamağın nə mənası vardı? amma bu sualın özündə də bir yalan var idi,
riyakarlıq var idi, çünki ürəyinin elə həmin dərinliyində bir yoxluq xofu var idi və
əslində bu payız sarısı da hərdənbir o xofu oyadırdı, o xofu dindirirdi.
Birinci dəfə infarkt olanda hələ işləyirdi, ikinci dəfə pensiyaya çıxandan sonra
infarkt oldu, bəs, üçüncü infarkt nə vaxt olacaqdı? – indi də ola bilərdi, sabah da, bir
ildən sonra da, amma yaxşısı bu olardı ki, gecə olaydı və hər şey sakit, səssiz olaydı,
çünki tamam əmin idi ki, tamam dəqiq bilirdi ki, üçüncü infarktı axırıncı infarktı
olacaqdı.
201
Televizorda nəsə danışırdılar, amma ona elə gəldi ki, bu danışıqları haçansa bir
dəfə eşidib, pəncərənin qabağından ayrılıb televizora yaxınlaşdı, dalğasını dəyişdi,
arvadından soruşdu ki, bu gün cümə axşamıdı? arvadı dedi ki, yox, deyəsən
cümədir, sonra yadına saldı ki, sabah Ərəstun gəlib onlarda qalacaq, hə, dedi,
cümədir, sabah şənbədir, Ərəstun gəlib bazarı bizdə qalacaq, sonra da arvadı
nəvəsini yadına salıb yenə gülümsədi.
Televizorda gömgöy paltar geymiş bir qız nəsə deyirdi və bu deyilənlərin hamısı
yenə də ona tanış gəlirdi, elə bil ki, bütün bunların hamısını eşidib, indicə söylənən
hava haqqında məlumata da dünən, ya srağagün qulaq asıb, bu konserti də çoxdan
görüb və bu saat arvadı da ona nəsə deyəcək, amma arvadından soruşacağı o
«nəsəni» də çoxdan eşidib; arvadı doğrudan da, ona baxdı və soruşdu ki, çoxdandı
Əlisəfagildən bir xəbər yoxdur, görəsən, necədirlər və doğrudan da, ona elə gəldi ki,
arvadı bu sualı ikinci dəfə verir, köhnə dostlarının əhvalını ikinci dəfə xəbər alır və o
da ikinci dəfə cavab verir ki, Əlisəfanın oğlu Isgəndəri srağagün bulvarda gördüm,
deyir ki, Əlisəfa qrip olub.
Rəng necə dəyişərmiş? Sarı da beləcə gülərmiş, beləcə parıldayarmış, beləcə
sevinərmiş və o həmin sevinən sarı içində artırmaya qalxdı, nənəsinin tüpürcəklə
ucunu yaş eləyib quru və xınalı barmaqları ilə sıxdığı sapı bir göz qırpımında
iynənin gözündən keçirib yenə həyətə qaçdı, nənəsi tikiş tikə-tikə öz-özünə nəsə
deyirdi; nə deyirdi? Bircə bunun toyunu görsəydim, day dünyada dərdim olmazdı...
Onun toyunda nənəsi sağ idi? – dəqiq yadına gəlmirdi, deyəsən, ölmüşdü...
yoxsa sağ idi?... istədi arvadından soruşsun, amma heç nə soruşmadı və o sarının
parıltısı yavaş-yavaş söndü, o sarı sevinci yavaş-yavaş yox olub getdi və bu yaşıl-
sarımtıl seyrək yarpaqların sarısı yenə də hər tərəfi bürüdü, amma bu dəfə o sarı
içində nəsə bir doğmalıq, bir həzinlik var idi, güclə sezilən narın xətlər var idi, bir
baxış, təbəssüm var idi və o başa düşdü ki, bu – nənəsinin sifətinin cizgiləri,
qırışlarıdı, nənəsinin baxışı, təbəssümüdü və bu həzinlik də uzun-uzun illər
məsafəsidi.
Sonra Əlisəfanın yerinə də ürəyi darıxdı, çünki Əlisəfa, yaşına baxmayaraq, civə
kimi bir adam idi, həmişə hərəkətdə idi və indi Əlisəfanı yəqin bezdirib, evdən eşiyə
çıxa bilmir, dükandan kefir almır, səhər sübh tezdən növbəyə durub köşkdən qəzet
almır, bulvarda pensiyaçılarla oturub domino oynamır... bəs, nə edir?... dərman atır
ki, qrip tez keçsin, Gülsüm də pürrəng çay dəmləyib zoğal mürəbbəsiylə birlikdə
gətirib qoyur Əlisəfanın qabağına, Gülsüm əlli il idi ki, Əlisəfanın arvadı idi və əlli
il idi ki, Əlisəfanın hikkəsinə, hər şeyə qəmiş qoymağına, kin-küdurətinə dözürdü və
Əlisəfa özü də bunu bilirdi: mənim tarpıma dözmək də bir hünərdi ha!... ikisi də
gülürdü – Əlisəfa da, Gülsüm də.
Qabaqlar hərdənbir məclislər olardı və həmin məclislərdə çox zaman Əlisəfa
durub onun və arvadının sağlığına badə qaldırardı: bir dəfə görmədik ki, eşitmədik
ki, sən arvadına güldən ağır bir söz deyəsən, həmişə can deyib, can eşitmisiz, bizim
içimizdə kim qırx beş-əlli ildi ki, arvadını təkcə adıyla çağırmır, mütləq «xanım»ını
da deyir? bizim içimizdə kim arvadına «zəhmət olmasa, xahiş edirəm mənə çay ver»
deyir? heç kim, təkcə sən...
202
Birdən, elə bil, bu seyrək yarpaqların sarısı ona dedi ki, qrip bəhanədi, Əlisəfa
bir də heç vaxt yataqdan qalxmayacaq, sonuncu xəstəliyidi Əlisəfanın, yaxın, lap
yaxın günlərdə Əlisəfa öləcək, heç bu yaşıl-sarımtıl seyrək yarpaqlar da tamam
tökülməyə macal tapmayacaq və birdən-birə ürəyinə daman bu hiss onu sarsıtdı, bu
fikri başından çıxarmaq istədi, bu hissi ürəyindən qovmaq istədi, amma olmadı və
yazıq Əlisəfanın sifəti də bu seyrək yarpaqların sarısını aldı, gözləri yumuldu; nə
qədər etdisə də, bu görüm gözlərinin qabağından çəkilmədi və o başa düşdü ki, bu,
həqiqətdi, doğrudan da, belə olacaq. Əlisəfa, doğrudan da, yaxın günlərdə öləcək.
Bulvarda gəzməyə getmək vaxtına hələ bir saatdan artıq qalmışdı, amma daha
bu yaşıl-sarımtıl seyrək yarpaqlarla üzbəüz dayanmaq istəmədi, o biri otağa keçib
kostyumunu geydi, həmişəki kimi, qalstukunu da taxdı və arvadı onu beləcə
geyinmiş görəndə toxuduğu balaca əlcəkləri yumşaq kürsüdə qoyub ayağa qalxdı ki,
onun paltosunu tutsun, şlyapasını versin, qapıdan gəzməyə yola salsın.
Arvadı ilə üzbəüz dayandı və birdən-birə onun bütün sinirlərindən bir intiqam
hissi baş qaldırdı; kimdən intiqam alırdı? Özündən, bəlkə arvadından? bəlkə o yaşıl-
sarımtıl seyrək yarpaqlardan? bəlkə ildən-ilə yaşanmış davasız-şavasız günlərindən?
O, arvadının yavaş-yavaş rəngini itirən sulu gözlərinin içinə baxa-baxa dedi:
– Sən həmişə mənim üçün yad olmusan.
Ağzından çıxan bu sözlərə özünün də matı qurudu.
Sonra dedi:
– Mən də həmişə sənin üçün yad olmuşam.
Yenə ağzından çıxan bu sözlərə matı qurudu.
Sonra bu sözləri dilinə gətirməyinə görə xəcalət çəkdi.
Arvadı bu sözlərə heyrət etdi, yoxsa narahat oldu?
Yoxsa, bu sözlərdə arvadı üçün təzə bir şey yox idi və qırx beşəlli il idi ki,
arvadı onun indicə dediyi bu sözləri bilirdi?
Bəlkə arvadı bunu elə indicə kəşf etdi?
Bəlkə adam qocalanda, doğrudan da, səfehləyir və arvadı da bunu fikirləşib
beləcə gülümsəyir?
Sonra aralığa çıxıb sarı rəngli paltosunu geydi, şərfini boynuna saldı, şlyapasını
başına qoydu və arvadı da ona yaxınlaşıb şərfini düzəltdi, sarı rəngli paltosunun
yaxasını səliqəyə saldı, «–Heç məndən olsa, bu havada gəzməyə getməzsən» – dedi,
« – Soyuq dəyər sənə», – dedi, sonra « – Yox». – dedi, « – Yıxılıb eləyərsən birdən,
mən də sənnən gedirəm», – dedi və tez-tələsik geyindi, onun qoluna girdi və bir
yerdə evdən çıxdılar.
Həmin son payız günü hər tərəfi bir boşluq bürümüşdü və hər tərəfi bürümüş bu
boşluq içində onlar yavaş-yavaş gözdən itdilər, təkcə o sarı palto yaşıl-sarımtıl
seyrək yarpaqların sarısı ilə bozluq içində bir ləkə kimi görünürdü, sonra o seyrək
yarpaqların rəngi də həmin son payız bozluğu içində əriyib yox oldu.
Dostları ilə paylaş: |