Seçilmiş əsərləri



Yüklə 2,34 Mb.
Pdf görüntüsü
səhifə8/33
tarix31.01.2017
ölçüsü2,34 Mb.
#7080
1   ...   4   5   6   7   8   9   10   11   ...   33

BEŞİNCİ ŞƏKİL 
 
Ədiləgilin evi. Axşamçağıdır. Ə d i l ə əynində ev şalvarı və kofta divanda uzanıb jurnallara baxır. 
 
Qarı yenə də səhnənin sağ küncündə köhnə bir kürsünün üstündə oturub corab toxuyur. Həmişəki kimi, heç kimə 
və heç nəyə fikir vermir, fikri yalnız toxuduğu corabdadır. 
 

 
108
Qarı(corab toxuya-toxuya, elə bil, öz-özü ilə danışır).  Bu corabı üçüncü oğlum üçün 
toxuyuram. Ondan əvvəlkilər etibarsızdırlar, həm birinci oğlum, həm ikinci oğlum. Amma üçüncü 
oğlum ən yaxşı oğlumdur. Ən çox onu istəyirəm. Özü də əlləri torpaq kimi bərəkətlidir, torpaq kimi 
ətirlidir... (Işinə davam edir.) 
 
Ə d i l ə  jurnalı bir tərəfə ataraq, qalxıb radioqəbuledicini yandırır, sonra söndürür. Bir az evdə var-gəl edib yenə 
divanda uzanır. Bayır qapısının səsi gəlir: açılıb-örtülür. 
 
Xəlilin səsi. Aldım, mamoçka, səhərdən növbəyə durmuşam. (Əlində kiçik bağlama səhnəyə 
daxil olur.) Ay adam düzülmüşdü növbəyə ha... (Radioqəbuledicini yandırır: birinci şəkildəki kimi, 
yenə  də oyun havası çalınır. Xəlil musiqi sədaları altında  əllərini qaldırıb oynaya-oynaya gəlir.) 
Ay-na-na-nanay-nay-na-na-na nay-na-nanay-nay-na-na-nay... 
Ə d i l ə (qalxıb divanda oturaraq). Əşşi, söndür, sən Allah o radionu. Yekə kişisən. 
X ə l i l (oynaya-oynaya Ədiləyə yaxınlaşır). Qoy bir səni maç eləyim. 
Ə d i l ə (onu kənar edib, ayağa qalxır). Qurtar dedim. 
X  ə l i l. Yaxşı, yaxşı, mamoçka. (Gedib radioqəbuledicini söndürür.) Vəssalam-şüttamam. 
(Əlindəki bağlamanı göstərir.) Xurustal vazadır, mamoçka, on iki manat iyirmi doqquz qəpiyə. Qoy 
açım bax, əntiqə şeydir. 
Ə d i l ə. Lazım deyil, açma. 
X ə l i l (əlindəki bağlamanı aça-aça). Niyə, bax də, mamoçka... 
Ə d i l ə (bir az əsəbi). Dedim ki, açma, baxmıram.  
 
Kiçik pauza.  
Ədilə gedib radioqəbuledicini yandırır. 
 
X  ə l i l. On iki manat iyirmi doqquz qəpiyə. Deynən ki, bunu niyə iyirmi doqquz qəpiyə 
eləyirsən, ya otuz qəpik elə, ya da iyirmi beş. Bir qəpiyi kimdir kassirdən alan? 
Ə d i l ə. Sən kassirin canı, qurtar bu söhbətləri. 
X ə l i l (səmimi surətdə). Sənə nə olub, Ədilə? 
Ə d i l ə  (yenə divanda oturaraq bir az mütəəssir).  Heç nə, nə olacaq ki?.. (Yenə qalxıb 
radioqəbuledicini söndürür.) 
X ə l i l. Niyə söndürdün, yaxşı çalırdı ki... 
Ə d i l ə. Farslar deyib: kəm-kəm buxur, həmişə buxur. 
X  ə l i l (əlindəki bağlamanı mizin üstünə qoyaraq kövrəlmiş halda). Bəlkə  mən getdiyimə 
görə inciyirsən? Vallah, mamoçka, sənsiz boğazımdan keçən hər tikə  mənə haram olur, özün 
bilirsən. Amma getmirsən də: neyləyim. Bəlkə gedək? 
Ə d i l ə. Yox, həvəsim yoxdur, yorğunam. Sən get, inciyib-eləmərəm, niyə inciyirəm ki? 
(Xəlilə yaxınlaşıb qalstukunu düzəldir.) Bu qalstuk yaman yaraşır sənə. 
X ə l i l (feyziyab olur). Sən seçmisən də... 
Ə d i l ə. Gərək ikisini alaydıq. Indi moddur, birini də kəsib dəsmal kimi cibə qoyurlar... Çox 
yaraşıqlıdır. 
X ə l i l. Amma özün getmirsən də... Səlimin bu uşağının ad günündə üç ildir səninlə birlikdə 
iştirak edirik. Indi heç birimiz getməsək yaxşı olmaz də... 
Ə d i l ə. Əlbəttə... 
X ə l i l. Mən deyərəm, sənin adından da üzrxahlıq edərəm ki, xəstələnib, tez də qayıdaram. 
 
Ə d i l ə başını tərpədir, yəni ki, hə, belədir.  
Sonra yenə divanda uzanır. 
 

 
109
X ə l i l. Hərçənd Səlim mənim dostumdur, amma kurorta getdiyimiz yerdə on iki manat otuz 
qəpik bəxşişə vermək də bir şey deyil, öz aramızdır... Düzdür, Səlim bəxşişə-zada fikir verən deyil, 
amma əliboş getmək də olmaz axı... 
 
Bayır qapısının zəngi çalınır. Xəlil qapını açmağa gedir. 
 
Züleyxanın səsi. Salaməleyküm, Xəlil müəllim. 
Gülzarın səsi. Axşamınız xeyir. 
Xəlilin səsi. Salam, salam. Keçin içəri. Adıçka evdədir. 
 
Züleyxa, Gülzar, ardlarınca da Xəlil səhnəyə daxil olurlar. 
 
Z ü l e y x a. Yeyo vısoçestvo otdıxayet... 
Ə d i l ə (ayağa qalxır). Gəlin. 
X ə l i l. Elə yaxşı oldu gəldiniz. Mən gedirəm. Adıçka da darıxmaz. 
Z ü l e y x a. Hara gedirsiniz, Xəlil müəllim? 
X ə l i l. Mənim dostum Səlim Kərimovun oğlunun ad günüdür. 
G ü l z a r. Bəs Ada? 
Ə d i l ə. Mən getmirəm, həvəsim yoxdur. Oturun. 
 
Qızlar otururlar. 
 
Z ü l e y x a. Qonaqlığa nə həvəs? 
X ə l i l. Nə qədər edirəm, getmir. Sizə bir yaxşı çay dəmləyimmi? 
G ü l z a r. Çox sağ olun, Xəlil müəllim. 
X ə l i l (şalvarının «pistonçik»indən iri saatını çıxarıb baxır). Yaxşı, mamoçka, daha vaxtdır, 
mən getdim. (Gəlib  Ədilənin yanağından öpür.) Sağ ol, darıxma, ancaq sən Allah... Sağ olun. 
(Bağlamanı götürüb səhnədən çıxa-çıxa) Tez qayıdacağam. 
Gülzar  (Xəlilin ardınca baxa-baxa). Dünyada bu Xəlil müəllimdən yaxşı adam yoxdur. 
Vallah, qızıldır. 
Ə d i l ə. Neçə dəfə demişəm ki, ona «müəllim» demə. 
G ü l z a r. Bəs nə deyim? 
Z ü l e y x a. Xəliluşka. 
Ə d i l ə (əsəbi). Bununçun gəlmisiz? 
Z ü l e y x a. Yaxşı, yaxşı...  (Gülzara işarə edərək,  Ədiləyə)  Bunun qiymətini heç 
soruşmursan? 
Ə d i l ə. Hə, doğrudan, Gülya, bu gün axı, sənin imtahanın idi. Neçə aldın? 
G ü l z a r (Iki barmağını yuxarı qaldırıb göstərir). Özü də yağlısından. 
Ə d i l ə (mütəəssir). Yox a? 
Züleyxa(gülür). Neçə dəfə buna deyirəm ki, ay qız, bundan sonra daha səndən instituta girən 
olmaz. Havayı yerə kağız-kuğuza vaxt sərf eləmə, baxmır. 
G ü l z a r. Yayda əyaniyə verəcəyəm. 
Z ü l e y x a. Qızın yaşda uşaqlarla padruqalıq eləyərsən. 

 
110
G ü l z a r. Məni kəsilməyim yandırmır e, Ada, Səadət xanımın mənə «iki» verməyi yandırır. 
Otuz ildir bizimlə qonşudur. Onun qruppasına düşmüşdüm, elə bil heç məni tanımır, bir dənə zırpı 
«iki», Solmaz var e, o biri qonşumuz, ona  «beş» verdi. Bayaq çıxıb küçədə qabağıma. Deyirəm ki, 
Səadət xanım, niyə  mənə «iki» verdiniz, amma Solmaza «beş», yəni Solmaz məndən yaxşı bilir? 
Deyir ki, (yamsılayır) Gülzar, bəyəm sən bilmirsən ki, mən səni nə qədər çox istəyirəm? Deyir ki, 
mən Solmazı görəndə heç salam vermirəm, amma səni görəndə həmişə qucaqlayıb öpürəm. Dedim 
ki, Səadət xanım, yaxşısı budur ki, siz Solmazı qucaqlayıb öpün, amma «beşi» mənə verin. 
Ə d i l ə (gülür). Yaxşı oxu də... 
G ü l z a r. Oxuyuram də... 
Z ü l e y x a. Düz deyir, Ada, oxumağına oxuyur... 
G ü l z a r. Mürdəşir əliəyri adamların üzünü yusun. 
Z ü l e y x a. Yavaş de, Baba eşidər... 
G ü l z a r. Ada, deyirəm, görəsən, Babanın arvadı onunla necə yatır? 
Ə d i l ə. Mən nə bilim, gecə yanlarında oluram bəyəm? 
Züleyxa (əlini yelləyir). Eh, vse oni k çertovoy materi... durun gedək kinoya. Yaxşı kino gedir, 
Ada. «Qansterlər və filantroplar». Yaxşı da havadır – çisəkləyir bala-bala. Elə bil yaz axşamıdır. 
G ü l z a r. Hə, geyin, Ada, gedək. Lap o vaxtlardakı kimi. Gedək oturaq, gülək. Ürəkdən 
gülək. Elə bilək ki, yenə on yeddi yaşımız var. Yadımızdan çıxaraq hər şeyi. 
Z ü l e y x a. Bəlkə mən də rahat yatdım bu gecə, daha krinplin palto yuxuma girmədi... 
G ü l z a r. Əşşi, əl çək, sən Allah bu krinplin paltodan. Dur, Ada, dur geyin. 
Ə d i l ə (bir biganəliklə). Yox, mən getmirəm. 
Z ü l e y x a. Getmirsən? 
G ü l z a r. Biz də Səlim Kərimovun oğlunun den rojdeniyasına getmirik ki... 
Ə d i l ə (eyni biganəliklə). Yox, həvəsim yoxdur, siz gedin. Mən getmirəm. 
 
Kiçik pauza.  
 
Z ü l e y x a. Ada, sənə nə olub bu axır vaxtlar? Gəl ciddi danışaq. 
Ə d i l ə (gülümsəyə-gülümsəyə). Ciddi danışmaq sənə yaraşmır. Mənim də ciddi danışmağa 
həvəsim yoxdur. 
Gülzar(ironiya ilə). Doğrudan da. Biz nə münasibətlə ciddi danışmalıyıq? Bizə ciddi danışmaq 
yaramaz. Bizim ciddi danışmağa hüququmuz yoxdur. Biz gərək həmişə üzdən gedək. Biz gərək 
özümüz də özümüzlə zarafat edək, gərək gizlənək özümüz özümüzdən. 
Z ü l e y x a. Sən Allah, axşam-axşam qanımızı qaraltmayın.  (Əsəbi halda) Indi neyləyək, 
gedək, özümüzü öldürək? Başlamayın faciə oynamağa axşam vaxtı. Heç olmasa tamaşaçılara 
yazığınız gəlsin. 
Gülzar(açıq ironiya ilə).  Bilin ki, bu saat, haradasa uzaq səhralardan birində, Atakama 
səhrasında gözəl bir qız bir qurtum suya həsrətdir – şükür edin. Bilin ki, bu saat, haradasa, uzaq 
ölkələrdən birində bir adada, Nyufaundlend adasında gözəl, zavallı bir qız bir tikə çörəkdən ötrü hər 
şeyə hazırdır – şükür edin. Bilin ki... 
Ə d i l ə (onun sözünü kəsərək). Gülməli deyil. 
G ü l z a r. Əlbəttə, özümüzü qoyub sözümüzə kim güləcək? Starıye koketki... (Gülür.) 
Z ü l e y x a (Ədiləyə). Məni yandıran odur ki, sən də özünü bizimlə bir cərgəyə qoyursan, 
özünü bizə tay edirsən, ürəyin açılmır heç vaxt. Bu saat mənim üçün, Ada, ən ali xoşbəxtlik, sizin 
kimi bir ailə qurub öz xarabamda oturmaqdır. Amma sənin yanına gələndə adamın ürəyi  şad 
olmaqdansa, bütün həyata nifrət edirsən. Bizim də ki, buradan başqa getməyə ayrı yerimiz yoxdur. 
Nə olub axı, Ada, daha nə istəyirsən? 
Ə d i l ə (əsəbi). Dedim ki, qurtarın bu sual-cavabları! 

 
111
Züleyxa(ayağa qalxaraq). Dur, Gülya, dur gedək. (Ədiləyə işarə ilə) Bunun qəsdi ürəyimizi 
sıxıb suyunu çıxarmaqdır. Özümüz gedək kinoya. 
Gülzar(əvvəlki ironiya ilə). Elə bilək ki, yenə on yeddi yaşımız var. Bığ yeri təzəcə tərləmiş 
oğlanlarla flirt edək. Ürəkdən gülək. 
Z ü l e y x a. Istəsək də edə bilməyəcəyik, istəsək də ürəkdən gülməyəcəyik. Dodağımız ki, 
qaçacaq – kifayətdir. Ürəkdən gülmək bizə heç lazım da deyil. Neyləyirik? Nəyimizə gərəkdir? 
G ü l z a r. Doğrudan da. «Gülən adam» deyilik ki. (Ədiləyə) Privet. Bizim adımızdan Xəlil 
müəllimə üzrxahlıq elə ki, vacib işimiz olduğuna görə onu gözləyə bilmədik. 
Ə d i l ə. Mütləq. 
 
 Gülzar 
ilə Züleyxa gedirlər. Ədilə otaqda var-gəl edir, pəncərədən baxır, radionu yandırır, yenə söndürür, 
sonra gəlib divanda oturur. Yavaş-yavaş tamamilə fikrə dalır. Qara frak geymiş Skripkaçı əlində skripka səhnəyə 
daxil olub, Ədiləyə yaxınlaşır, onun başı üzərində dayanıb çalmağa başlayır. Səhnə qaralır, işıqlananda artıq sağ 
küncdə oturub corab toxuyan Qarı yoxdur. Birdən Kişi içəri girir. 
 
Ədilə onu görcək ayağa sıçrayır. 
 
Ə d i l ə. Siz gəldiniz? Mən bilirdim ki, siz gələcəksiniz. Mən sizi gözləyirdim. Bilirdim ki, 
evə də gələcəksiniz. Gəlin, gəlin əyləşin. 
Kişi(gülümsəyir). Siz əsl ev sahibəsinə oxşayırsınız. 
Ə d i l ə. Doğrudan? Mən bu saat əsl ev sahibəsi kimi sizə qulluq edəcəyəm. Qəhvə 
dəmləyimmi? Ya çay içirsiniz? Bəlkə  şampan partladaq? Elə bilək ki, Yeni il gəlib, Yeni il 
axşamıdır, biz sizinlə ikimiz Yeni ili qarşılayırıq, musiqiyə qulaq asırıq, rəqs edirik, hə?.. Istəyirsiniz 
siz Şaxta baba olun? 
 
Kiçik pauza. 
 
Bəlkə sizin məktubunuz gəlmədiyi üçün dilxor olmusunuz? 
K i ş i. Yox, bu məktub, onsuz da, gələcək – tez-gec. O zaman daha biz görüşməyəcəyik. 
Çünki daha bir-birimizə lazım olmayacağıq. 
Ə d i l ə. Yox, yox. Istəmirəm. Mən sizdən ayrılmaq istəmirəm. Mən həmişə sizinlə olmaq 
istəyirəm. Siz olmasanız... Siz olmasanız, artıq hər şey bitər. 
Kişi(gülümsəyir). Yox, belə deyil. 
Ə d i l ə. Mən o məktubu sizə verməyəcəyəm. Mən o məktubu sizdən gizlədəcəyəm. Mən o 
məktubu cıracağam. 
K i ş i. Yox, siz məktubu cırmayacaqsınız, siz o məktubu gizlətməyəcəksiniz, çünki bilirsiniz 
ki, mən o məktubu gözləyirəm. 
Ə d i l ə. Düzdür... 
K i ş i. Indi isə geyinin. Geyinin, çıxaq gəzməyə. Mən sizi gəzməyə dəvət edirəm.  
Ə d i l ə. Doğrudan? Mən bu saat geyinərəm. Biz sizinlə yağışın altında gəzəcəyik. Dünyada 
bizdən başqa heç kim olmayacaq. Təkcə biz olacağıq. Ancaq özümüz (Qaça-qaça səhnədən çıxır və 
əynində plaş tez də qayıdır.) Gedək. Gedək gəzək. Səhərə kimi gəzək. Unudaq hər şeyi. Elə bilək ki, 
hər şey həqiqətdir. 
 
Işıq yavaş-yavaş sönür. Qara frak geymiş Skripkaçı skripkanı ehtiyatla – elə bil qorxur ki, bu saat kimi isə 
yuxudan oyadacaq – boynundan götürüb barmaqlarının ucunda səhnədən çıxır. Artıq işıq yalnız onların ikisinin 
üstünə düşür. 
 

 
112
Ə d i l ə  (plaşının boynunu qaldırır).  Mən həmişə bu cür çiskinli yaz axşamının həsrətində 
olmuşam. Bax, sizinlə bu cür, ikilikdə, bu cür çiskinli yaz axşamında boş küçələrlə addımlamağın 
həsrətində olmuşam... Həmişə bu cür havada pəncərənin qabağında durub küçəyə tamaşa edərkən 
mənə elə  gəlib ki, bu sakinlər də, bu daş küçə  də  həsrətdədirlər... Mənə elə  gəlib ki, onlar addım 
həsrəti çəkir... Biz qoymayacağıq ki, bu gün onlar həsrət çəksinlər... Biz səhərə kimi gəzəcəyik, elə 
deyilmi? 
K i ş i. Biz söhbət edəcəyik. 
Ə d i l ə (addımlaya-addımlaya). Biz söhbət edəcəyik və səhərə kimi gəzəcəyik. Bizi heç kim 
gözləmir. Biz heç kimə lazım deyilik. Bizə də heç kim lazım deyil. Bax, beləcə qayğısız, azad, elə 
hey gəzişəcəyik, səhərə kimi gəzişəcəyik. Unudacağıq ki, bu gəzinti müvəqqətidir. Unudacağıq ki, 
hər şey müvəqqətidir. Unudacağıq ki, bizim bu gəzintimiz kiminçünsə gülməli görünür, kiminçünsə 
bu, mənasız bir şeydir...  
K i ş i. Nə üçün bu gəzinti kiminçünsə gülməli görünməlidir? 
Ə d i l ə. Nə üçün? (Ayaq saxlayır.) Nə üçün... Bilmirəm... Mən bu hissi həmişə keçirirəm, 
bilirsinizmi, həmişə... Necə deyim?.. (Kiçik pauzadan sonra.) Yadınıza gəlirmi, iyun ayında 
televizorla futbol verilişləri verirdilər. Meksikadakı Dünya birinciliyindən. Futbolçular oynayırdılar, 
onların oyununu lentə  çəkirdilər, səhəri gün televizorla göstərirdilər. Camaat futbola görə toyunu 
təxirə salırdı ki, adam gəlməz.  Şəhərdə kişi gözə  dəymirdi, elə bil müharibə vaxtıdır. Hamı 
televizora baxırdı. Futbol vaxtı artistlərin də qanı qaralırdı – teatr boş olacaqdı. Hamımız oturub 
televizora baxırdıq. Futbolçular hücum edirdilər, qapıya top vururdular, həsrətlə, həyəcanla topun 
ardınca baxırdılar. Amma biz həyəcanlanmırdıq, çünki bilirdik ki, top qapıdan keçməyəcək. Çünki 
hesabı  əvvəlcədən bilirdik. Bilirdik ki, neçənci dəqiqədə hansı qapıya top vurulacaq, neçə top 
vurulacaq, topları kim vuracaq. Bütün bunları dünəndən bilirdik, qəzetdə oxumuşduq, radio ilə 
eşitmişdik. Biz lentə baxırdıq. Oyunçular isə oynayırdılar və heç nədən xəbərləri yox idi. Qapıya top 
vurub bir-birlərini qucaqlayırdılar, sevinirdilər, diz üstə çöküb xaç çevirirdilər, amma biz bilirdik ki, 
bu sevinc çox ömürsüzdür, bir azdan onlar uduzacaqlar. Biz onların taleyindən xəbərdar idik, 
bilirdik ki, onları nə gözləyir. Bilirdik ki, bu sevinc mənasızdır. Bilirdik ki, o biri komandanın da 
həyəcanlanması, iztirab çəkməsi yersizdir, çünki bir azdan onlar oyunu udacaqlar. Onlar isə heç nə 
bilmirdi, onların heç nədən xəbəri yox idi... Bax, mən həmişə bunu hiss edirəm. Mən bunu daima
daima hiss edirəm, həmişə mənə elə gəlir ki, bizim bütün sevinclərimiz, bizim bütün kədərlərimiz 
kiminçünsə çox cılız görünür. Kiminçünsə bütün bunlar mənasız bir əyləncə  təsiri bağışlayır. 
Günlərin bir günü öləcəyik və bu kədərlərdən, bu sevinclərdən  əsər-əlamət qalmayacaq. On il 
yaşayacağıq, iyirmi il yaşayacağıq, otuz il, qırx il, yüz il; sonra isə, fərq etməz, həmin sevinc də, 
həmin kədər də çıxıb gedəcək işinin dalınca... Indi isə hər şeyi unudaq... hər şeyi unudaq, dolaşaq bu 
boş küçələri, gəzək sabaha kimi. 
 
Kiçik pauza.  
 
Onlar asta addımlarla gəzişirlər. 
 
Kişi(əvvəlcə sıxıla-sıxıla danışır, sonra isə tamam açılır). Siz nə üçün bu on ilə, bu iyirmi ilə, 
bu qırx ilə bir əbədiyyət kimi baxmırsınız? 
Ə d i l ə. Əbədiyyət? Bu söz məni lap əsəbiləşdirir... (Gülür.) 
K i ş i. Qədim bir Şərq əfsanəsi var: bax, bu min verstlərlə hündürlükdə, zirvəsi görünməyən 
almaz dağdır. Hər min ildə bir dəfə, kiçik bir quşcuğaz bu dağa qonur və dimdiyi ilə döyəcləyə-
döyəcləyə bu dağı yonur. Sonra yenə uçub gedir. Uçub gedir ki, min ildən sonra bir də gəlsin. Gəlsin 
yenə  də kiçicik dimdiyi ilə döyəcləyə-döyəcləyə almaz dağı yonsun. Quşcuğaz bu almaz dağı 
tamamilə yonub qurtardıqdan sonra, əbədiyyətin yalnız ilk anı keçəcək... 

 
113
Ə d i l ə  (kiçik pauzadan sonra). Hər min ildə bir... (Gülümsəyir.)  Doğrudan da, hərgah 
əbədiyyət bu qədər intəhasızdırsa, nə üçün iyirmi il özü də bir əbədiyyət olmasın? Bilirsinizmi nə 
üçün? Ona görə ki, bu iyirmi ildə Yoldaş Təklər yaşayır... Bu iyirmi ildə Babalar yaşayır... Bu iyirmi 
ildə Züleyxa kimi, Gülzar kimi bədbəxtlər yaşayır... Onların həyatı əbədiyyət üçün əsas vermir... Bu 
iyirmi ildə Ədilə kimi arzusuz adamlar yaşayır... Məgər siz onları məhşər ayağına çəkmədinizmi? 
K i ş i. Əgər Ədilə arzusuz olsaydı, biz ikimiz bir yerdə, bu yaz axşamı, bu çiskinli havada, bu 
boş küçələrdə addımlamazdıq. 
Ə d i l ə  (həyəcanla).  Bəs, Yoldaş  Təkə  nə deyirsiniz? Bəs, Babaya nə deyirsiniz? Siz ki, 
onları sual-cavaba tutdunuz... 
K i ş i. Onları siz çağırmışdınız. Lakin siz başqa adamlar da çağıra bilərdiniz. 
Ə d i l ə  (ayaq saxlayır).  Başqa adamlar? Kimi? Mən başqa adam tanımıram... Səlim 
Kərimovu çağıraydımmı, Xəlilin şöbə müdirini? O da belə olacaqdır. Hər dəfə o mənə elə baxır ki, 
bu baxışların mənasını Xəlildən başqa hamı başa düşür. Müəllimə Səadət xanımı çağıraydımmı? O 
da belə olacaqdı... Adili çağıraydımmı? O da belə olacaqdı... Ondan da soruşacaqdınız ki, Züleyxa 
kimi neçə qızı şikəst eləmisən?.. Onları çağıraydımmı? 
K i ş i. Yox. 
Ə d i l ə. Başqa heç kim yoxdur. 
K i ş i. Var. Siz qonşunuz Fazili çağıraydınız. Gecə-gündüz işləyib o boyda ailəni dolandırır, 
amma evlərindən gülüş əskik olmur. Biz bunun səbəbini ondan soruşardıq. Siz Məsmə müəlliməni 
çağıraydınız, orta məktəbdə sizə dərs deyən müəlliməni... Qocalıb əldən düşüb, amma məktəbdən əl 
çəkmir. Biz bunun səbəbini ondan soruşardıq. Siz atanızı çağıraydınız.  
Ə d i l ə. Mənim atam ölüb. 
K i ş i. Biz onun səbəbini ondan soruşardıq. Biz ondan soruşardıq ki, hərgah hər şey bu qədər 
boş və mənasızdırsa, nə üçün siz, otuz beş yaşlı cavan bir kişi, müharibədə həlak oldunuz? Yəqin ki, 
o, cavab verərdi... 
Ə d i l ə. Bəlkə  də... Bəlkə  də o cavab verərdi. Lakin yalnız bu cavabla bizim həyatımız 
dəyişərdimi? 
K i ş i. Yox, yalnız bu cavabla sizin həyatınız dəyişməzdi. Çünki siz özününz bunu 
istəmirsiniz. Siz atanızı çağırmazdınız da. Siz Məsmə müəlliməni də çağırmazdınız. Onlar sizə 
lazım deyil.  
 
Ədilə nə isə demək istəyir. 
 
Yox, mənim sözümü kəsməyin. Mən bu gün demək istədiklərimi sizə deməliyəm...  (Kiçik 
pauzadan sonra) Onlar sizə lazım deyil, çünki siz özünüzü təcrid etmisiniz. Sizə elə gəlir ki, artıq 
həyatın hər üzünü görmüsünüz, artıq hər  şey bir heçdir sizin üçün. Əslində isə  həyatdan və 
insanlardan xəbərsizsiniz. Siz həyatdan və insanlardan xəbərsiz olduğunuz üçün hər şeyə mənasızlıq 
təcəssümü kimi baxırsınız. Lakin bir gün öz pəncərənizdən hər gün gördüyünüz, dəfələrlə 
gördüyünüz şəhərə nəzər salın. Elə bilin ilk dəfədir bu şəhəri görürsünüz. Bu şəhərdə hər bir damın 
altında yaşayan adamlar barədə düşünün. Axı, bütün bunlar hamısı, bütün bu həyat, bütün bu 
insanlar, bütün bu yaşayış  mənasız ola bilməz. Siz fikirləşin ki, nə üçün bu adamlar bu evləri 
tikdirirlər, nə üçün bu adamlar bu fabrikləri, bu zavodları tikirlər, bu buruqları salırlar? Nə üçün bu 
qədər çalışırlar? Sizin bütün bunlardan xəbəriniz yoxdur. Siz özünüzü cəmiyyətdən təcrid etmisiniz.  
Ə d i l ə. Siz də bu soyuq sözləri təkrar etdiniz... Bu sözlər buz kimidir, soyuq, lap soyuq. 
K i ş i. Nə üçün? Nə üçün bu sözlər bu qədər soyuq, bu qədər yaddır sizinçün? Çünki siz 
qorxursunuz bu sözlərdən. Siz ürəyinizin dərinliklərində hiss edirsiniz ki, bu sözlər həqiqətdir, hiss 
edirsiniz ki, hər tərəfdə həyat davam edir və bu həyat sevincləri ilə, kədərləri ilə bərabər maraqlıdır, 
zəngindir, amma sizin yanınızdan ötüb-gedir. Siz isə bu həyata daxil olmağa cəsarət etmirsiniz, 
çünki əslində siz faciəli tənhalıqda deyilsiniz, siz sadəcə olaraq tənhalıq ideologiyasına qapılmısınız. 

 
114
Ə d i l ə. Siz birdən-birə nə qədər sərt oldunuz... Mən istəmirəm ki, siz bu qədər sərt, amansız 
olasınız. Mən istəyirəm ki, biz sizinlə heç nə barədə fikirləşmədən bu küçələri dolaşaq səhərə kimi. 
(Kişinin əlindən tutur.) Bir-birimizin əlindən tutaq, hiss edək bir-birimizi. 
K i ş i. Bəs səhər? Səhər ki, bu cür çiskinli yaz axşamı olmayacaq. Səhər siz yenə durub işə 
gedəcəksiniz, yenə  işdən qayıdıb evə  gələcəksiniz. Yenə gecə yerinizdə uzananda yuxuya 
getməzdən əvvəl içinizdən bir filosof baş qaldıracaq. Yenə səhər durub işə gedəcəksiniz. Beləliklə, 
illər ötəcək. Beləliklə, həmin quşcuğaz kiçicik dimdiyi ilə almaz dağı yonub qurtaracaq sizinçün... 
Ə d i l ə. Eybi yox. Mən daha bundan qorxmuram. Mən daha bundan qorxmuram, çünki siz 
varsınız. Hər gün sizinlə bir yerdə olacağıq. Biz hər gün sizinlə söhbət edəcəyik. Sizinlə yenə  də 
gəzməyə çıxacağıq. Biz yenə də Cıdır düzünə gedəcəyik... Biz sizinlə Gədəbəyə gedəcyik, Yoldaş 
Təkin atdan yıxıldığı Böyük Qarmurad kəndinin altında ocaq çatıb közə kartof basdıracağıq və 
Yoldaş Təki də birdəfəlik unudacağıq... 
K i ş i. Siz nə üçün riyakarlıq edirsiniz? 
Ə d i l ə (sarsılır). Mən?.. Mən heç vaxt riyakarlıq etməmişəm... 
K i ş i. Məgər bu riyakarlıq deyilmi? Nə üçün siz ən xoşbəxt anlarınızda Yoldaş Təki unutmaq 
istədiyiniz halda hər gün onunla salamlaşırsınız? Hər gün onun dediklərini edirsiniz, hər gün onun 
üzünə baxırsınız? 
 
Pauza. 
 
Ə d i l ə. Siz artıq məni ittiham edirsiniz... Siz necə də amansız, sərtmişsiniz... Belə olmayın. 
Xahiş edirəm sizdən... Siz mənim  ən çox sevdiyim adamsınız. Mən sizdən inciyə bilərəm... Onda 
daha hər  şey bitər. Axı, biz hələ sizinlə çoxlu-çoxlu görüşəcəyik, qocalıb  əldən düşənə  qədər... 
Quşcuğaz kiçicik dimdiyi ilə almaz dağı yonub qurtarana qədər... 
K i ş i. Yox, bu mümkün deyil. 
Ə d i l ə. Mümkün deyil? Nə üçün? Nə üçün mümkün deyil? Məgər siz mənimlə görüşmək 
istəmirsinizmi? Məgər sizinçün mümkün olmayan şey varmı? 
K i ş i. Mən məktub gözləyirəm. Bu məktub gələndən sonra bir daha görüşməyəcəyik. 
Ə d i l ə. Axı, siz gələcəkdə yenə məktublar alacaqsınız. Bilirəm... Başqa Ədilələrdən... Mən 
bilirəm, sizin yolunuzu gözləyənlər çoxdur... Bu bizim axırıncı görüşümüzdürmü? 
K i ş i. Bəlkə də... 
 
Pauza. 
 
Ə d i l ə. Elə bil mənim ürəyimdə  nə isə  qırılıb düşüb... Mən ömrümdə özümü bu cür hiss 
etməmişəm. Mən bilmirəm ki, bu nədir... Mən elə bil ki, təyyarədəyəm... Təyyarə enir-qalxır, enir-
qalxır... Bu küçələr nə üçün belə boş, kimsəsizdi? Mən bu kimsəsizlikdən vahimələnirəm... (Kişinin 
qolundan tutur.) Gəlin bir-birimizə  qısılaraq gəzək... Bir-birimizi hiss edək. Hiss edək ki, 
özümüzdən başqa da adam var. Mən nə üçün birdən-birə belə oldum? Nə üçün? 
K i ş i. Nə üçün? Siz mənə sual verirsiniz: nə üçün? Lakin bu gün sualları mən verməliyəm. 
Ə d i l ə. Yox. Mən istəmirəm.  
K i ş i. Siz onsuz da bu sualları özünüzə verəcəksiniz. Siz, bax, bu gün həmin sualları özünüzə 
verəcəksiniz. Özü də «Nə olsun?» yox, «Nə üçün?»... 
Ə d i l ə (həyəcanla). Indi isə gəzək. Gəzək indi... 
 
Pauza.  
 
Qaranlıqdan Xəlilin səsi gəlir. 
 
Xəlilin səsi. Gəlib çıxdım, mamoçka, darıxmadın ki, canım-ciyərim? 

 
115
 
İ ş ı q  s ö n ü r.  
 
Səhnə bir anlıq qaranlıq olur. 
 
Xəlilin səsi.Əşşi, bir qiyamət məclis idi ki... Hayıf sən yox idin, mamoçka, elə qanım 
qaralmışdı ki... 
 
Işıq yanır. Ədilə otaqda divanın üstündə oturub. Qarı yenə də  
səhnənin sağ küncündə öz köhnə kürsüsündə əyləşib corab toxuyur.  
Xəlil otağa daxil olur. 
X  ə l i l. Hayıf, mamoçka, lap hayıf ki, sən getməmişdin...  (Ədilə  qəribə  nəzərlərlə  Xəlilə 
baxır, elə bil baş çıxara bilmir ki, o haradan peyda olub.) Səlim özü sənin şərəfinə sağlıq dedi. Elə 
yaxşı sözlər dedi ki, mamoçka, lap ürəyim kövrəldi... 
Ə d i l ə. Nə deyirsən? 
X ə l i l. Deyirəm ki... (Diqqətlə Ədiləyə baxaraq) Xəstələnib eləyərsən ha, birdən? 
Ə d i l ə. Hə-ə... (Ayağa qalxır.) Yox, hər şey öz yerindədir.  
X ə l i l. Bir yağış yağır ki, gəl görəsən. Tut ucundan dırmaş yuxarı. Elə yaxşı eləyib getmədin, 
islanacaqdın əməlli-başlı. (Ədilə səhnədən çıxır və əynində plaş qayıdır. Xəill təəccüblə) Hara belə, 
mamoçka? 
Ə d i l ə. Gəzməyə gedirəm. 
X ə l i l (heyrətlə). Bu havada gəzməyə gedirsən? 
Ə d i l ə. Hə. Bu havada gəzməyə gedirəm. 
X ə l i l. Onda mən də səninlə gedirəm. 
Ə d i l ə. Yox, mən tək gəzəcəyəm. 
X ə l i l. Axı, mamoçka... 
Ə d i l ə. Dedim ki, mən tək gəzmək istəyirəm. (Səhnədən çıxır.) 
 
Xəlil onun ardınca baxır. 
 
Qarı(əlində corab toxuya-toxuya). Bu corabı kiçik oğlumçun toxuyuram. O biriləri 
etibarsızdırlar. Ən çox onu istəyirəm. Özü də hava kimi ləkəsizdir. Gözlərində elə məhəbbət var ki, 
səma kimi sonsuzdur. 
 
 
Yüklə 2,34 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin