52
TEATR
(Bir pərdəli hekayə)
53
Teatr. Səhnədə tamaşa gedir. Bu gün ilk tamaşadır.
Parter yarısına qədər tamaşaçı ilə dolub.
1991-ci ilin qışıdır və zal da soyuqdur.
R e j i s s o r ( əsəbi). Alə, bu tərəfdən gəl də, bu tərəfdən!
Musiqi.
Alə! ( Əlini səhnəyə tərəf uzadır.)
D i r e k t o r ( həmişəki təmkinlə). Yavaş... Camaat eşidir axı...
R e j i s s o r. Neyləyim? Görmürsüz? Mizan pozuldu! O tərəfdən gərək qabağa gəlsin, bu
tərəfdən gəlir. ( Kənara) Pyaniskə oğlu, pyaniskə!..
D i r e k t o r. Nə?
R e j i s s o r. Heç... Sənətkaram axı, dözmürəm!..
Direktor. Yaxşı, yaxşı!.. Bəs mənim yerimə olsan, neyləyərsən? ( Kənara) Amma yaman
sənətkarsan, olmaz sənnən!..
A r t i s t. Ah!.. Deməli, sən məni bağışlamırsan, Gülsevinc?!
Q a d ı n a r t i s t. Yox...
Musiqi.
Bacarmıram, Elmurad, bacarmıram! Bu mənim iqtidarım daxilində deyil! ( Yavaşdan öz-özünə)
Belə də soyuq olar?
A r t i s t. Ah!..
B i r i n c i q ı z. Adı nə oldu bunun?
I k i n c i q ı z. Hansının?
B i r i n c i q ı z. Oğlanın də?
I k i n c i q ı z. Elmurad. Eşitmirsən?
B i r i n c i q ı z. O-o-o!.. ( Gülür.) Atan hardan tapıb bu adı?
I k i n c i q ı z. Tapıb də... Birinci dəfədi belə ad. Özü kəşf edib.
B i r i n c i q ı z. Atan?
I k i n c i q ı z. Əlbəttə!
R e j i s s o r ( hövsələsiz). Nə oldu? Nu?
D i r e k t o r. Yavaş.
R e j i s s o r. Görmürsüz? Yadından çıxarıb e, sözləri...
D i r e k t o r ( bu dəfə acıqlı). Hər halda, belə olmaz. Mən səni Kukla teatrından ona görə
gətirmədim ki, gərginlik yaradasan. Ona görə gətirdim ki, əsl sənət aləminə girəsən...
R e j i s s o r. Yaxşı... Bağışlayın... ( Kənara) Yaman da!.. Kukla teatrından məni ona görə
gətirdin ki, bunu burda heç kim tamaşaya qoymurdu. Eybi yox!.. Budu, qoy baxsın! O özündən
razıdı, görsünlər ki, sənət nə deməkdi!..
D i r e k t o r. Nə deyirsən?
R e j i s s o r. Heç... Sizinlə deyiləm...
A r t i s t. Mən buna dözə bilmirəm, Gülsevinc! Sən hər an mənim beynimdəsən!
M ü ə l l i f ( pıçıldayır). Beynimdəsən yox, düşüncəmdəsən...
A r t i s t. Mən harda oluramsa, sənin xəyalınla yaşayıram!
Q a d ı n a r t i s t. Yox, Elmurad, yox... ( Yavaşdan) Buzxanadı e, bura, buzxana... Bunnan da
yenə spirt iyi gəlir...
Həzin musiqi.
54
M ü ə l l i f ( pıçıltıyla). «Mən özümlə bacarmıram».
Q a d ı n a r t i s t. Mən özümlə bacarmıram!..
K i ş i. Qazı söndürmüşdün?
A r v a d. Dedim ki, hə də...
B i r i n c i q ı z ( həvəslə və tələsik). Qabaq evli olub, ancaq bu qızdan gizlədib. Qabaq görüşüb
bir-birlərini sevəndə, bunun, Gülsevincdi də adı, xəbəri olmayıb ki, Elmuradın sevmədiyi arvadı var.
Indi xəbər tutub bu işdən...
B i r i n c i q ı z. Yox...e, bunu demirəm, artisti deyirəm...
I k i n c i q ı z. A-a-a... Sən də həmişə dinc durmursan a... ( Gülür.) Bilmirəm... Atamnan
soruşaram. Doğrudan, əntiqə oğlandı.
B i r i n c i q ı z. Of-f-f!.. ( Gülür.)
Ü ç ü n c ü q ı z ( pərt halda barmağı ilə sol yarusdakı lojanı göstərir). Ona bax, ata keçdi dala,
yerində başqa kişi oturdu...
I k i n c i q ı z. Əlinlə göstərmə!
Ü ç ü n c ü q ı z. Kimdi o elə?
I k i n c i q ı z. Zamministirdi...
Ü ç ü n c ü q ı z. Cəhənnəmə olsun! Kimin əsəridi? Onun, yoxsa bizim? Bax, ata heç
görünmür...
A r t i s t. Babadağın ətəyindəki o güllü-çiçəkli çəmənlikdə...
M ü ə l l i f ( pıçıltıyla). Çəmənlikdə yox, düzənlikdə...
A r t i s t. ...lalələrə baxıb sevindiyimiz yadına gəlirmi, Gülsevinc? Yoxsa sən o lalələri, o gül-
çiçək ətrini, bizim o coşğun...
M ü ə l l i f ( pıçıltıyla). Coşğun yox, həzin...
A r t i s t. ...xəyallar aləmimizi unutmusan, Gülsevinc?
G ə l i n ( məftun). Gör nə gözəl adları var... Elmurad... Gülsevinc... ( Dərindən nəfəs alır.) Eh...
C a v a n. Ay-hay!..
Q a d ı n a r t i s t. Yox, Elmurad, onları unutmaqmı olar? Indi o qırmızı lalələr al qana çevrilib
mənim köksümdən fəvvarə vurur!..
N a z i r m ü a v i n i. Sən də fəvvarə vurmusan a, Ibiş!
M ü ə l l i f (utana-utana). Çox sağ olun!.. Çox razıyam!
N a z i r m ü a v i n i. Nə qədər sənə demişəm ki, mənnən «sizlə» danışma! Beş il bir yerdə
oxumuşuq universitetdə!.. Gördün, dəvət elədin məni, durub gəldim bura. Birinci dəfədi bura
gəlirəm. ( Gülür.)
M ü ə l l i f ( gülür). Bilirəm...
N a z i r m ü a v i n i. Yadına gəlir, gedib biri dörd köpüyə peraşki alıb yeyirdik küçədə?!
M ü ə l l i f. Necə yadıma gəlmir?
N a z i r m ü a v i n i. ( mütəəssir). Eh...
Ü ç ü n c ü q ı z ( hıçqıra-hıçqıra ağlayır). Ata əntiqə yazıb! Adam özünü saxlaya bilmir...
Barışacaqlar bunnar?
I k i n c i q ı z. Özün oxuyaydın, biləydin!
Ü ç ü n c ü q ı z. Hardan oxuyaydım?
I k i n c i q ı z. Sənin bütün işlərin belədi e!.. On ildi o pyes evdə atanın stolunun üstündədi...
Ü ç ü n c ü q ı z. Mən nə bilim ki, belə əntiqə şeydi?
B i r i n c i q ı z. O-o-o!.. Ona bax, ode, görürsən? Vəfanın qardaşı da burdadı...
I k i n c i q ı z ( arxaya çevrilib, diqqətlə yeddinci sıraya baxır). O deyil...
B i r i n c i q ı z. Hə... Oxşadı ona...
Q a d ı n a r t i s t. Mən o Babadağın ətəyində yüz illərin əlvan naxışlı gəbəsi kimi günəş
altında bərq vuran lalələrə xəyanət edə bilmərəm, Elmurad!..
R e j i s s o r. Malades!
55
Pauza.
Noldu? Alə, cavabını ver də! Gecikir axı!
D i r e k t o r (acıqlı). Yavaş...
R e j i s s o r. Görmürsüz? Tempdən salır!..
Pauza.
Hə?!
D i r e k t o r ( sərt). Camaat eşidir!
R e j i s s o r. Bağışlayın... ( Kənara) Özü sənətkar deyil axı, upravdomdu! Hardan bilsin ki,
mən nə çəkirəm. Evdə bişməyib, qonşudan gəlməyib...
D i r e k t o r. Nə deyirsən?
R e j i s s o r. Yox, sizinlə deyiləm...
A r t i s t. Ah, Gülsevinc, sən bu sözlərlə mənim ruhumu da parçalayıb o lalələrin rəngi kimi al
qana boyayırsan...
Həzin musiqi.
Ü ç ü n c ü q ı z ( ağlaya-ağlaya). Ata... Ata... Gör bizi necə ağladırsan...
K i ş i. Acmışam...
A r v a d. Sənin qarnıva mən nə deyim?!
Ü ç ü n c ü q ı z ( içini çəkə-çəkə). Özü də gör harda oturdu... Heç kim onu görmür...
Başqalarına hər şey olar, biz ancaq öz teatrımızda da gərək görünməyək!.. Yerimizi gərək başqaları
tutsun!..
I k i n c i q ı z. Atadı də... Premyeraya gərək arvadınnan gedəsən, bir yerdə oturasan lojada...
Ü ç ü n c ü q ı z. Ata neynəsin? Mama yenə dava saldı, gəlmədi də...
I k i n c i q ı z ( Birinci qız eşitməsin deyə, tələsik). Yaxşı, bəsdi!
Ü ç ü n c ü q ı z. Nə bəsdi? Düz deyirəm də, atanın nə günahı?
Həzin musiqi davam edir.
Q a d ı n a r t i s t. Artıq mən öz qəlbimlə bacara bilmirəm, Elmurad. Mənim qəlbim artıq öz
əlimdə deyil. Mənim qəlbim də başı göylərə dəyən o Babadağın ətəklərində, o al lalələrin
arasındadı...
Ü ç ü n c ü q ı z ( içini çəkə-çəkə ağlayır). Gör necə sözlər deyir!.. Mama gərək gələydi... Gəlib
görəydi ki, necə sözlər deyirlər burda!.. Mama...
I k i n c i q ı z (tələsik onun sözünü kəsir). Bəsdi də!
A r t i s t. Yox, yox, Gülsevinc!.. Sənin qəlbin orada o kimsəsiz lalələr arasında qala bilməz!
N a z i r m ü a v i n i. Dərərlər? ( Gülür.) Hə, Ibiş?
M ü ə l l i f ( gülür). Hə...
N a z i r m ü a v i n i. Yaman şeysən ha!.. Hə?
M ü ə l l i f. Hə...
N a z i r m ü a v i n i. Eh... hanı indi o peraşkilər?
M ü ə l l i f. Getdi day...
N a z i r m ü a v i n i. Yəni, deyirsən, biz də getdik day?
M ü ə l l i f. Sizə nə olub? Maşallah!..
N a z i r m ü a v i n i. Yox... ( Gülür.) Arvad deyir ki, laxlamısan!..
Q a d ı n a r t i s t. Mən artıq kimsəsizliyə öyrənmişəm, Elmurad! (Yavaşdan öz-özünə) Elə
direktoru olanın, belə də teatrı olar də, buzxanadı...
56
A r t i s t. Bəs, mənim ruhum bu məşəqqətlərə dözməyib, cənazəmdən...
M ü ə l l i f (pıçıltıyla). Cənazəmdən yox, cismimdən...
A r t i s t. ...ayrılsa sən özünü günahkar bilməzsənmi, Gülsevinc?!
Q a d ı n a r t i s t. Artıq yetər!
A r t i s t. Yox! Mən hamıdan, hətta özümdən belə gizlətdiyim həqiqətləri bütün çılpaqlığı ilə
sənin ayaqlarının altına atacağam!
C a v a n (özünü saxlaya bilmir). Bu nə gic-gic danışır, alə?
Gəlin (ətrafa boylanır). Yavaş ol... Sən heç nə başa düşmürsən!..
C a v a n. Ay-hay...
R e j i s s o r. Bezdarnı! Min dəfə demişəm ki, bir dizi üstə yerə çök, ikisiynən yox! Pozdu
mizanı!..
A r t i s t. O zaman sən dəhşətə gələcəksən, Gülsevinc!
B i r i n c i q ı z. Mən gülü buna verəcəyəm.
Ü ç ü n c ü q ı z. Buna niyə? Atama!
B i r i n c i q ı z. Yaxşı oynayır.
Ü ç ü n c ü q ı z. Atam yazmasaydı, bu nə oynayacaqdı?
D i r e k t o r. O Məmmədov deyil, gəldi oturdu Ibişin yerində?
R e j i s s o r. Tanımıram...
Pauza.
Öldürür e, öldürür tempi!..
A r t i s t. Axı, mən hər gün hamı ilə birgə olan, fəqət heç kimin olduğum kimi görmədiyi bir
adamam ki, sap-sarı uzanıb gedən səhra ənginlikləri içərisində tək-tənhayam!
M ü ə l l i f (pıçıltıyla). Düz dedi...
D i r e k t o r. Məmmədovdu...
R e j i s s o r. Mən tanımıram.
D i r e k t o r. Gedim görüşüm, yaxşı deyil. Sonra deyəcək ki, saymadılar...
K i ş i. Ayaqqabı day sıxmır ayağını?
A r v a d. Yadıma salma də!..
Q a d ı n a r t i s t. Mən vaxtıyla səni o səhrada görüb seçmişdim, Elmurad!.. Lakin taleyə bax
ki, seçdiyim mənim qəlbimə o al lalələrin kimsəsizliyini qismət etdi!..
C a v a n. Alə, bu nə lalə-lalə deyir? Lalə var indi?
G ə l i n. Bəsdi! Özünü apara bilmirsən!
C a v a n. Düz demirəm? Qızılgülün biri indi iyirmi beş manatadı bazarda!
G ə l i n. Dedim ki, bəsdi də!.. Qulaq as, gör necə sözlər deyirlər! Müəllif, ode, oturub o lojada.
Görürsən? Arxada, qıraqda...
C a v a n. O burnu görünən?
G ə l i n. Gör necə təvazökar adamdı!.. Özünü gözə soxmur...
C a v a n. Sən onu hardan tanıyırsan?
G ə l i n. Mən onuncu sinifdə oxuyanda bizim məktəbə görüşə gəlmişdi. Eh, gör necə adamlar
var dünyada!.. Oturub əsər yazır. Bax, bəxtəvər bu cür adamların arvadı...
C a v a n. Mənə atırsan?
G ə l i n. Sənə niyə atıram?
C a v a n. Nədi onun adı?
G ə l i n. Eşitmədin, Elmurad də! Yəni ki, bütün ellərin muradı!..
C a v a n. Yox e, o burnu görünənin adı? Bunu yazanın?
G ə l i n. Şey.. I-ı-ı... Şey... Qoy proqrama baxım... Hanı proqram? (Axtarır.)
A r t i s t. Sevincgül!
57
M ü ə l l i f (pıçıltıyla). Gülsevinc...
A r t i s t. Dünyanı bürümüş mənəvi istibdad içində bir kimsəsiz insanı bağışlamaq bu qədərmi
iztirablıdır? (Bu dəfə bir ayağı ilə diz çökür.)
R e j i s s o r. Bax, belə!
Ü ç ü n c ü q ı z. Bu kimdi gəldi girdi lojaya?
I k i n c i q ı z. Deyəsən, buranın direktorudu.
Ü ç ü n c ü q ı z. Ata rayondan gələn qoyunları bunun evinə daşıyırdı?
I k i n c i q ı z. Bəsdi.
Ü ç ü n c ü q ı z. Nə bəsdi? Özümüz yeməyə ət tapmırıq, ata da rayondan qoyun alıb bunun
evinə daşıyırdı. Ona bax, atanın qabağını lap kəsdi, heç görünmür. Svoloç!
I k i n c i q ı z. Söyüş söymə!
Ü ç ü n c ü q ı z. Yaxşı eləyirəm!
I k i n c i q ı z. Ifritə!
Ü ç ü n c ü q ı z. Özünsən!
B i r i n c i q ı z. A-a-a...
Ü ç ü n c ü q ı z. Be-e-e...
R e j i s s o r. Bax, gör necə qaçdı Məmmədovdu-nədi, onun qabağına? (Yamsılayır.) «Gedim
görüşüm, yaxşı deyil...» Nə yaxşı deyil? Səni kimdi adam hesab eləyən? Səni adam hesab
eləsəydilər (əlini səhnəyə tərəf uzadır), belə pyaniskələrin əlində qalmazdıq! Gedib indi fürsət
tapacaq, nəsə bir şey xahiş eləyəcək!..
N a z i r m ü a v i n i. (gülür). Ibişdən muğayat ol a!..
D i r e k t o r (gülür). Bəs, necə? Görmürsüz tamaşaya qoydurdum əsərini?
M ü ə l l i f (arxadan). Mən onnan çox razıyam!
D i r e k t o r. Neçə il idi yatırdı bu əsərin, heç kim də yaxına buraxmırdı? Neçə il idi?
M ü ə l l i f. Düz on il...
D i r e k t o r. Bəs, de də, niyə demirsən?
M ü ə l l i f (tələsik). Dedim də, dedim. Mən sizdən çox razıyam!
N a z i r m ü a v i n i. Ay səni, Ibiş!.. (Başını yelləyib gülür.) Amma əla əsər yazmısan! Sən
arvaddan qorxmursan?
M ü ə l l i f. Arvaddan qorxmayan, kişi deyil!
N a z i r m ü a v i n i. Ba!.. (Bərkdən gülür.) Əla!
D i r e k t o r (gülür). Belə şeyləri yaz də! Yoxsa ki, lalə belə getdi, mən nə bilim nə?!
Q a d ı n a r t i s t. Yox, Elmurad, artıq hər şey əbədi bir keçmişdə qalmışdır!.. (Yavaşdan)
Buzxanadı... (Sol yarusdakı lojada dayanmış direktora ani nəzər salır.) Ona bax!.. Qarnını verib
qabağa, heç nə vecinə deyil... Sənətdən başqa hər şeydən başı çıxır!..
G ə l i n. Sən görmədin proqramı?
C a v a n. Yox.
G ə l i n (axtarır). Bəs hardadı?
A r t i s t. Mən keçmişin xatirələri ilə yaşaya bilmirəm, Gülsevinc! O xatirələr bəzən quduz
canavar kimi mənim boğazımdan yapışıb bütün varlığımı məhv edir! O xatirələr mənim səhvlərimi
bir rüzgar şiddətilə qəlbimə çırpır, məni... məni əbədi bir peşmançılığın mənhus bataqlığından
çıxmağa qoymur.
M ü ə l l i f (pıçıltıyla). Məndə heç bu yoxdu...
Ü ç ü n c ü q ı z (ağlayır). Qurban olum sənə, ata!.. Bunnan sonra köynəklərini özüm
yuyacağam, çay da dəmləyəcəyəm səninçün!..
B i r i n c i q ı z (saatına baxa-baxa). Bəlkə gülləri sən verəsən?
I k i n c i q ı z. Yaxşı deyil axı? Deyəcəklər ki, qızı atasına gül verir.
B i r i n c i q ı z. Kimdi e, burda sizi tanıyan?
Ü ç ü n c ü q ı z (acıqca). Niyə tanımırlar?
58
R e j i s s o r. Tempi pis olmadı...
K i ş i. Yadımdan çıxdı sənə deyim...
A r v a d. Nəyi?
K i ş i. Süleyman oğlunun toyuna çağırıb bizi...
A r v a d (dilxor). Paho... Nə vaxtdı?
K i ş i. Ayın beşində.
A r v a d. Bir bəhanə tapıb deyəydin də...
K i ş i. Nə deyəydim? (Çiyinlərini çəkir.)
A r v a d. Nə bilim? Bir söz tapaydın də... Bu toylar bizi yıxdı... Nə aparacayıq ora, vallah day
heç nəyim qalmayıb...
N a z i r m ü a v i n i. Ibiş, Məhərrəm yadına gəlir, bizlə oxuyurdu?
M ü ə l l i f (arxadan). Necə gəlmir? Əlbəttə, gəlir!
N a z i r m ü a v i n i. Noldu o? On kruşka pivə içirdi bir dəfəyə. Nə vaxtdı gözümə dəymir...
M ü ə l l i f (arxadan). Rəhmətə getdi də...
N a z i r m ü a v i n i. Ba-a-a?.. Nə vaxt?
M ü ə l l i f. On il olar?
N a z i r m ü a v i n i. On il! Sənin pyesindən əvvəl? (Gülür.) Ay səni, Ibiş!.. Sən çox
yaşayacaqsan! Bilirsən niyə?
M ü ə l l i f. Yox...
N a z i r m ü a v i n i. Çünki sənin kimi adamlar çox yaşayır!
G ə l i n (axtara-axtara). Tapa bilmirəm proqramı...
C a v a n. Eybi yox, lazım deyil... Neynirəm e, adını bilib?
B i r i n c i q ı z ( qol saatına baxa-baxa). Nə vaxt qurtaracaq?
I k i n c i q ı z. Bunnan sonra hələ bir pərdə də var...
B i r i n c i q ı z. Vay... Mənə zəng eləyəcəklər e... Mən elə bildim tez qurtaracaq...
Ü ç ü n c ü q ı z (donquldanır). Kimin işi var, gedə bilər!..
I k i n c i q ı z. Bəsdi!
Ü ç ü n c ü q ı z. Sənin padruqan belə olar də!..
R e j i s s o r. Idiot! Yadında saxlamır mizanı!.. Gör hardan keçir?
A r t i s t. Yox, mənim həyatım artıq bu dünyada heç bir məna kəsb eləmir!..
Musiqi.
Ü ç ü n c ü q ı z (həyəcanla). Öldürəcək özünü?
I k i n c i q ı z. Oxuyaydın, görəydin!
Q a d ı n a r t i s t. Biz öz taleyimizlə barışmalıyıq, Elmurad...
Pauza.
A r t i s t. Yox!..
Pauza.
Yox!.. Mən bacarmıram!..
G ə l i n (axtara-axtara). Hara qoymuşam bunu?
C a v a n (hirslə). Əşşi, istəmirəm də, adını bilim! Cəhənnəm olsun o tərəfə!
K i ş i. Indi hamı aparıb pul verir...
A r v a d. Sənin pulun elə çoxdu?
N a z i r m ü a v i n i. Ibiş, özünnən toqquşdurursan bunnarı, ya doğrudan da olan işlərdi?
M ü ə l l i f. Nə bilim, vallah...
59
N a z i r m ü a v i n i (gülür). A kişi, bəs, sən nə bilirsən?
D i r e k t o r. Fasilədə buyurun çay içək.
N a z i r m ü a v i n i (müəllifə). Çayın yanında bir şey-mey olacaq?
M ü ə l l i f. Vallah, nə bilim? Heç bilmədim...
A r t i s t. Məni bu müdhiş, bu riyakar dünyada yaşadan yalnız sənin məhəbbətindir! Bu dünya
başdan-başa xəyanətlər içində can verən iyrənc bir varlıqdır!
Q a d ı n a r t i s t. Bütün dünya xəyanət etsəydi də, sən gərək xəyanət etməyəydin, Elmurad!
Ü ç ü n c ü q ı z. Düz deyir!
Q a d ı n a r t i s t. Sən özün ellər muradı olduğun halda, mənim muradımı ürəyimdə qoydun!..
Ü ç ü n c ü q ı z. Düz deyir! Qoy bağışlamasın! Xəyanəti bağışlamaq olmaz!
M ü ə l l i f (pıçıltıyla). Dalını demədi...
Ü ç ü n c ü q ı z. Bağışlayacaq?
I k i n c i q ı z. Oxuyaydın, biləydin!
B i r i n c i q ı z (qol saatına baxa-baxa). Hələ çox qalıb?
I k i n c i q ı z. Dedim hələ bir pərdə də qalıb...
B i r i n c i q ı z. Zəng eləyəcəklər e, mənə... Bilirsən kim? (Ikinci qızın qulağına nəsə
pıçıldayır.)
Ü ç ü n c ü q ı z. Adını zamministr qoyub, gəlib atanın yerində oturub. Eşşəyin biri, eşşək! Sən
yazmısan bu cür əsəri?
G ə l i n. Yox, tapa bilmirəm...
C a v a n (hirsli). Indi durub çıxıb gedəcəyəm! Qurtar də!
G ə l i n. Sənnən nə desən çıxar! Bax, adamın ürəyi gərək bunnar kimi olsun e, incə olsun!
Qulaq as, öyrən!
C a v a n. Ay-hay!.. (Əlini yelləyir.)
Həzin musiqi.
Q a d ı n a r t i s t. Əlvida, Elmurad, biz bir daha görüşməyəcəyik! (Yavaşdan) Bunnan lap
boçka iyi gəlir, adamın ürəyi bulanır...
A r t i s t. Yox, Gülsevinc!
R e j i s s o r. Yaxşı dedi!..
A r t i s t. Yox!..
Ü ç ü n c ü q ı z (ağlaya-ağlaya). Sənə belə lazımdı! Vaxtında gərək fikirləşəydin. Öz
məhəbbətinə xəyanət etməyəydin!.. Indi qal yana-yana!..
B i r i n c i q ı z (qol saatına baxa-baxa ikinci qıza). Nolar, sən ver gülü...
I k i n c i q ı z. Yaxşı deyil axı...
Ü ç ü n c ü q ı z (acıqla). Ver bura! Mən verəcəyəm atama! Öz atama verəcəyəm!..
B i r i n c i q ı z (rahat nəfəs alır). Al.
A r v a d. Görəsən, qarderobdan şubamı oğramazlar?
K i ş i. O boyda ölçüdə şubanı kim götürəcək? (Gülür.)
A r v a d. Yaman özündən çıxmısan ha!..
Həyəcanlı musiqi.
Q a d ı n a r t i s t. Əlvida, Elmurad! (Yavaşdan) Dondum... (Səhnədən çıxır.)
A r t i s t. Yox! Gülsevinc! (Onun ardınca qaçır.)
Pərdə enir. Üçüncü qız can-dildən əl çalmağa başlayır.
60
B i r i n c i q ı z. Mən qaçdım!
G ə l i n. Dur yerə baxaq, tapaq.
C a v a n (tamam özündən çıxmış). Durmuram!
G ə l i n (hirslə). Eşitdiyin bu cür sözlər də sənə təsir etmədi!
30 dekabr 1991.
61
«O DA AŞIQ OLUB
YAZA DÜNYADA...»
IŞTIRAK EDƏNLƏR
Mən (Kişi), o (Qadın), arvadım (Ikinci qadın) və nəvəm (Uşaq) ki, onu, həqiqətən, çox
istəyirəm və bundan sonra daha tez-tez gəzməyə aparacağam.
62
K i ş i. Nə bilim?..
Pauza.
Bilmirəm...
Pauza.
Allah bilir indi o haralardadı?.. Kim bilir?..
Pauza.
«O da aşiq olub yaza dünyada...» Kim bilir?.. Kim bilir indi sən hardasan?
Q a d ı n (təəccüblə). Mən?
K i ş i (gülümsəyir). Hə də...
Q a d ı n. A-a-a... Mən on beş ildi e, ölmüşəm...
K i ş i. On beş il?.. (Pərişan) Ölmüsən...
Pauza.
«O da aşiq olub yaza dünyada...»
Q a d ı n. Nə?
K i ş i. Heç... On beş il... Yox... Axı... Axı, səni gördüm mən. Dörd-beş il bundan əvvəl ancaq
olardı... Hər halda, altı-yeddi ildən artıq olmazdı... On beş il... Yox... Teatrda... Hə, hə! Teatrda
gördüm səni! Yanında da bir kişi var idi, əriniydi yəqin. Dayan... (Fikirləşir.) Hə, cavan bir qız da
varıydı yanınızda, yəqin qızındı...
Q a d ı n (gülür). Bəlkə mən deyildim?
K i ş i. Yox... Səniydin. Gözlərindən o saat tanıdım səni.
Q a d ı n. Vay!... Yəni mənim gözlərim indiyəcən yadında qalıb?
K i ş i (gülür). Görürsən də, dünyanın işlərini?
Q a d ı n. Bəs, otuz il bundan qabaq o gözlər sənə baxa-baxa qalmışdı, niyə heç məhəl
qoymurdun?
K i ş i (gülümsəyib, başını bulayır). Elə onu de də!
Q a d ı n. Yaman gözlənilməz oldu bu...
K i ş i. Nə?
Q a d ı n. Bu söhbət də...
Pauza.
Universitetdə hər dəfə fasilə başlayanda qaçıb gəlib dururdum sizin auditoriyanın qabağında,
yazıq canım, gözlərimi də dikirdim sənə! Sən də yanımdan elə ötürdün, elə bil, heç görmürsən
məni...
K i ş i (gözlüyünü çıxarır). Hə... Deyirəm, qəribədi...
U ş a q (onun sözlərini yarımçıq kəsib, qışqırır). Noldu, baba?
K i ş i. Qoy da, qoy nənən köynəyini ütüləsin.
Ikinci q a d ı n. Bunu ütüləyim?
K i ş i. Hansını ütüləyirsən, ütülə də, nə fərqi var?
I k i n c i q a d ı n (çox mənalı). Deyirsən ki, fərqi yoxdu?
K i ş i. E-e-eh!..
63
Pauza.
Indi də qısqanclığa başlayıb...
Q a d ı n. Arvadındı?
K i ş i. Hə.
Q a d ı n. O da nəvəndi?
K i ş i. Hə. Bir həftədi dəng eləyib məni. Söz vermişəm ki, onu bulvara aparacağam.
Q a d ı n. Bulvarda adamlar səni tanıyacaq, salam verəcək, bir-birinə göstərəcək: «– Gör kim
gedir!?» Sən də qürurlanacaqsan uşağın yanında... Məşhur adamsan də...
K i ş i. Deyirsən də...
Q a d ı n. Elə tələbə olanda da məşhuruydun də... Universitetin ən məşhur tələbəsi! Qızlar
ölürdü səndən ötrü...
K i ş i. E-e-eh...
Q a d ı n. Yaman «ah» çəkməyə başlamısan a! Xeyir ola?
K i ş i. Nə bilim... Dünyadı də!..
Q a d ı n. Necədi ki, dünya?
K i ş i. Heç özüm də bilmirəm ki, necədi... Bir az yaxşıdı, bir az pisdi, bəzən pisi yaxşısından
artıqdı, bəzən yaxşısı pisindən artıqdı... Amma əslində hamısı bir qara qəpiyə dəyməz!
Q a d ı n. Yəni ki, mənasızdı?
K i ş i. Hə... Amma xoşum gəlmir belə ibtidai düşüncələrdən...
Q a d ı n. Pah! Yaman özündən razısan ha! Necə varıydınsa, eləcə də qalmısan... Dərs
qurtaranda o saat qaça-qaça pilləkənləri aşağı düşüb dayanıb gözləyirdim ki, havaxt sən pilləkənləri
düşəcəksən... Sən də heç nəyi vecinə almayıb yanımdan ötürdün... Məni görmürdün... Guya ki,
görmürdün...
K i ş i. Yaxşı da... (Kövrək) Utandırma məni.
Q a d ı n. A-a-a (Gülür.) Dəyişmisən? Başqa adam olmusan?
K i ş i. Indi o mən deyiləm e!.. (Gülümsəyir.) Indi o mənim oğlumdu. Oğlumdan da hələ
cavandı... Mənim atam tez-tez bilirsən nə deyirdi?
Q a d ı n. Nə deyirdi?
K i ş i. Yəni elə bir müdrik kəlam da deyildi... Mənə deyirdi ki...
Q a d ı n (onun sözünü kəsir). O vaxtlar?
K i ş i. Hə, o vaxtlar... (Gülümsəyir.) O vaxtlar ki, heç ağlıma da gəlmirdi cavanlıq nə vaxtsa
bitib qurtaracaq. Deyirdi ki, illər elə ötəcək, heç xəbərin olmayacaq, bir də baxıb görəcəksən ki, Nuh
əyyamının adamısan...
Q a d ı n. Sənin hələ Nuh əyyamının adamı olmağına çox qalıb! Görmürsən, arvadın qısqanır
səni...
K i ş i. Hə...
Pauza.
Mən xaricə, ya Moskvaya-zada gedəndə yol üçün mənə köhnə alt paltarları qoyur...
U ş a q (qışqırır). Bax, sən həmişə beləsən! Deyirsən, sonra aparmırsan! (Ağlayır.)
K i ş i. Qoy nənən ütüləsin qurtarsın də.
U ş a q. Gərək elə ütüləsin köynəyimi? (Ağlayır.)
I k i n c i q a d ı n. Bəsdi! Bu saat...
K i ş i. «O da aşiq olub yaza dünyada...»
Q a d ı n. Nə?
64
K i ş i. Heç...
Q a d ı n. Axı, nəsə deyirsən.
K i ş i. Hardansa bir misradı, bu gün səhər yerimdən durandan düşüb dilimə... Deyəsən, Aşıq
Ələsgərindi... Bilmirəm, bəlkə bir başqasınındı...
Q a d ı n. Necədi?
K i ş i. «O da aşiq olub yaza dünyada...»
Pauza.
Q a d ı n. Nə olsun?
K i ş i. Mən nə bilim? Birdən-birə girib beynimə... Heç misranı da düz demirəm deyəsən...
Q a d ı n. Böyük adamlarda olan işdi... (Gülür.)
K i ş i. Sataşırsan mənə?
Q a d ı n (səmimi). Heç sataşıb-eləmirəm! Sənin o ağ saçlarının hər birinin arxasında bir dünya
dayanıb! Vallah, belədi!
K i ş i. Qoy oturmuşuq! Lap ədəbiyyat müəllimləri kimi dedin! Əntiqə pafosun varmış sənin!
Bura bax... Sən... Sən doğrudan ölmüsən?
Q a d ı n (gülür). Yox...
K i ş i. Bəs niyə elə deyirdin?
Q a d ı n. Zarafat edirdim. Səninlə zarafat eləmək olmaz?
K i ş i. Niyə olmur? Mən də Allahın bir bəndəsiyəm də...
Q a d ı n (kinayə ilə). Özündən muğayat ol! Birdən gəlib bizim tayımız olarsan!?
K i ş i (sidq-ürəkdən). Vallah, mən heç sizdən biriniz ola bilmərəm!
Q a d ı n. A-a-a...
K i ş i (daha da ehtirasla). Mən boş adamam! Heç kimin xəbəri yoxdu bundan!
Q a d ı n. A-a-a...
K i ş i. Siz öz qədrinizi bilmirsiz!.. Qiymətinizi bilmirsiz!.. Qiymətinizi bilmirsiz!
Pauza.
Q a d ı n. Necə oldu o misra?
K i ş i. «O da aşiq olub yaza dünyada...»
Q a d ı n. Axı, nə olsun e?
K i ş i (gülür). Elə bilirsən mən bilirəm?
U ş a q (qışqırır). Sən həmişə beləsən! Həmişə! (Ağlayır.)
I k i n c i q a d ı n (hirsli). Kəs səsini! Görmürsən ki, ütüləyirəm əlimdə!
U ş a q (ağlaya-ağlaya). Mamayla papaya deyərdim, aparardılar məni!..
I k i n c i q a d ı n. Pah! Yaman aparardılar!
U ş a q (ağlaya-ağlaya). Mən özüm dedim ki, məni gətirsinlər bura, çünki baba söz vermişdi ki,
məni bulvara aparacaq. (Daha da bərkdən zırıldayır.)
K i ş i (gülə-gülə). Bunun bir leksiya oxumağına bax e!
U ş a q (ağlaya-ağlaya). Danışmıram sənnən!
K i ş i. Bay, olmadı ki!
U ş a q (ağlaya-ağlaya). Oldu!
Kişi gülür.
I k i n c i q a d ı n (hirsli). Üzlərinə gülə-gülə qudurdub çıxarmısan başımıza! (Uşağa) Kəs
səsini. Yoxsa qoymaram gedəsiz!
65
U ş a q (zırıltısı lap ərşə qalxır). Nənə pisdi!..
Q a d ı n. Sənin işin çətindi!
K i ş i (hələ də gülür). Görürsən də... Sənin... adın necəydi?
Q a d ı n (pərt). Deməyəcəyəm!
K i ş i (zarafatla). Intiqam alırsan məndən?
Q a d ı n (ciddi). Hə, intiqam alıram.
K i ş i (fikirləşir). Axı, adını oxudum sənin hardasa... Üç-dörd il bundan qabaq idi... Qəzetdəydi
deyəsən...
Q a d ı n (tələsik, elə bil ki, söhbəti dəyişmək istəyir). O qoşa hörüklü qız noldu?
K i ş i (həyəcanlı). Görmüşdün onu?
Q a d ı n. Əlbəttə. Gecələr qoluna girib Bakının küçələriylə gəzirdiz... Torqovı küçədə o baş-bu
baş... O səninlə fəxr edə-edə özünü camaata göstərirdi. Sən də ki, özündən razı, həm də o qızın
gözəlliyindən razı... Amma doğrudan gözəl idi...
K i ş i (mütəəssir). Yadına gəlir? O günlər yadına gəlir, hə?
Q a d ı n. Əlbəttə... Sənin xəbərin yox idi, mən pusurdum sizi, arxanızca gəlirdim...
K i ş i. Yox, xəbərim var idi. Elə bilirdin ki, səni görmürəm, amma görürdüm...
Q a d ı n. Pusurdum sizi, sonra evə gəlib səhərə kimi ağlayırdım...
K i ş i. Yəqin eləymiş... E-e-eh... Deyəsən, elə doğrudan Nuh əyyamının adamıymışam...
Q a d ı n (elə bil ki, istəmir Kişi sıxılsın). Yaxşı, yaxşı! Düzdü, saçları yaman ağartmısan, amma
əllidən artıq vermək olmaz sənə!
K i ş i. Əlli azdı?
Q a d ı n. Bu barədə iyirmi ildən sonra danışarıq!
K i ş i. Iyirmi ildən sonra? Vay, dədə!.. Iyirmi il...
Q a d ı n. Nədi, çoxdu? Iyirmi il bundan əvvəli yadına sal, elə bil ki, dünən idi, elə deyil? Iyirmi
il bundan sonraya da o qədər qalıb...
K i ş i. Sonra da həyat bitir...
Pauza.
Q a d ı n. Özü də həmişə o hörüklü qız sənin qolundan tuturdu, sən onun qolundan yox... Sonra
evləndiniz...
K i ş i. Hə. Ondan bir qızım da var. Indi sənin o vaxtından nə qədər böyükdü... Iki oğlu var.
Q a d ı n. Biri bu nəvəndi?
K i ş i. Yox... Onlar bura gəlmirlər... Bu, ikinci qızdandı... Ikinci qız bu arvaddandı...
Pauza.
«O da aşiq olub yaza dünyada...»
Pauza.
O hörüklü qızdan ayrıldıq axı...
Q a d ı n. Hə, eşitdim... Onda mən də səni yavaş-yavaş yaddan çıxarırdım...
K i ş i. Yəqin eləymiş...
Q a d ı n. Amma yaman birdən-birə ayrıldız...
K i ş i. Nə bilim, birdən-birə, ya nə cür... Oldu də... Qismət beləymiş... Allah ona rəhmət
eləsin!..
Q a d ı n (kədərli). Öldü o?
66
K i ş i. Hə... Öldü yox, dünyanın bəd əməllərindən çərlədi yazıq... Yeddi ildi... Mən
Parisdəydim, xəbərim olmayıb... Qayıdandan sonra da yasına gedə bilmədim... Getmədim...
Q a d ı n. Utandın?
K i ş i. Məni yaman qısnayırsan ha?.. Yox, utanmaq məsələsi deyildi... Nə bilim?.. Bəlkə üzüm
gəlmirdi?.. Bəlkə şairlər demiş, vicdan əzabıydı? Bəlkə ətalət idi sadəcə? Bilmirəm... Hər halda,
həyatdı də...
Pauza.
Bunlar, axı, rəfiqəydi... Orta məktəbdə birinci sinifdən axırıncı sinifəcən bir yerdə
oxumuşdular, bir partada oturmuşdular... Biz onunla evlənəndən sonra da, bunlar həmişə bir yerdə
olurdular... Hər gün bizə gəlirdi... Sonra... sonra iş elə gətirdi ki, ondan ayrıldım, bununla evləndik...
U ş a q ( içini çəkə-çəkə). Aparmırsan, aparma! Heç istəmirəm!
I k i n c i q a d ı n. Bəsdi! Gözünün yaşını tökmə! Qurtarıram, görmürsən?
U ş a q. Istəmirəm!.. Lazım deyil! Mamaya deyəcəyəm bir də məni sizə gətirməsin!
I k i n c i q a d ı n. Xox! Qorxuzma bizi!
U ş a q (ağlayır). Nənə pisdi!..
K i ş i (gülümsəyir). Belə danışmaqlarına baxma, bir-birlərini çox istəyirlər.
Q a d ı n ( elə bil ki, onun dediklərini eşitmir). Yadına gəlir, lap çoxdan idi, bir dəfə «Nizami»
kino-teatrında görüşdük... Yağış yağırdı onda... Foyedə üz-üzə gəldik. O hörüklü qız da sənin
qoluna girmişdi, gülə-gülə nəsə danışırdı...
K i ş i. Hə, hə... Onda təzəcə evlənmişdik... Bizi görəndə sən qıpqırmızı qızardın...
Q a d ı n. Bəs, o hörüklü qız heç səndən soruşmadı ki, bu qız niyə sənə baxıb belə qızardı?
K i ş i. Yox... Belə şeyləri başa düşmürdü... Sadəlövh idi yazıq... Hə, yaman qızardın... Indiki
kimi gözlərimin qabağındadı, elə kin-küdurətlə bizə baxırdın, elə bil, qanlı düşməniydik! Ay səni...
Q a d ı n ( gülümsəyir). Yaxın rəfiqəm idi, bilirdi ki, mən vaxtıyla səni necə istəyirdim...
K i ş i ( gülümsəyib başını bulayır). Deyirsən yağış yağırdı, hə? Hamısı mənim yadımdadı,
amma yağış yadıma gəlmirdi, indi deyirsən, yadıma düşür... Bir də ki, nə mənası var?
Q a d ı n. Nəyin?
K i ş i. Yağışın də. O vaxt, yağış yağmışdı, yağmamışdı, indi nə mənası var? Hər şey elə bir
keçmişdə qalıb ki, ora day nə səs çatır, nə ün yetir... Ümidsiz bir uzaqlıqda...
Q a d ı n. Ümidsiz dedin?
K i ş i. Hə. Ümidsiz. Keçmiş bir uzaqlıqda qaldıqca, gələcək də tamam mənasız olur...
Q a d ı n. Ona görə o misra birdən-birə düşüb beyninə?
K i ş i ( gülümsəyir). Bilmirəm?.. «O da aşıq olub yaza dünyada...», deyirsən yəni bir əlaqəsi
var?
Q a d ı n. Qəribəsən e... mən nə bilim?
K i ş i ( gülür). Bəs sən nə bilirsən?
I k i n c i q a d ı n ( köynəyi ütüləyə-ütüləyə). Nəyə gülürsən?
K i ş i. Hə?
I k i n c i q a d ı n. Deyirəm nəyə gülürsən?
K i ş i. Dünyanın işlərinə.
I k i n c i q a d ı n. Bəsdi, sən Allah! Bunları eləmisən tövhə təbərciyi, çıxartmısan başımıza!
Camaatın da uşağı var, nəvəsi var, day sənin kimi eləmirlər axı!.. Mən heç, özünü yaddan
çıxarırsan... Yaş, day o yaş deyil e!.. Allah eləməsin, Allah eləməsin, dilim-ağzım qurusun, birdən
sənin başına bir iş gəlsə, onda biz neyləyəcəyik?!
K i ş i ( gülümsəyir). Sən elə elə ki, başıma bir iş gəlməsin də!
I k i n c i q a d ı n. Zarafata salma. Mənim əlimdə olsaydı sənin ömrün... Özün bilirsən ki,
belədi!
67
Q a d ı n. Düz deyir?
K i ş i. Hə, düz deyir... (Sol biləyindən yapışır.) Bir dəfə... Nə isə...
Q a d ı n. Nə demək istəyirdin? De də...
K i ş i. Heç...
Q a d ı n. Danış, ürəyin boşalsın bir az...
K i ş i. Nə bilirsən ki, dolmuşam?.. ( Gülür.) Bəzən özümə elə gəlir ki, dolub eləməmişəm...
Yalançı dolmuşluqdu... Özüm özümü aldadıram... Dolmuşluq deyil, əslində tamam əksinədi...
Sadəcə, boş adamam... Heç kimin də bundan xəbəri yox... Həm mən boş adamam, həm də dünya
tamam boş bir şeydi... Nə isə... ( Sol biləyini ovxalayır.) Başqa şey yadıma düşmürdü, onu demək
istəyirdim. Bir dəfə Moskvadan qatarla gəlirdim. Yolda soyuqlayıb sətəlcəm oldum. Evdə düz on
gün qırx-qırx bir dərəcəylə yatdım. Elə bilirdim ki, ölürəm... Elə, doğrudan da, ölürdüm... Bütün
ömrüm kinolenti kimi gözlərimin qabağından keçirdi... Heç bilməzdim ki, hər şey beləcə həkk olub
beynimdə qalıb. Sən də gəlirdin gözlərimin qabağına...
Q a d ı n ( sevincək). Mən də?
K i ş i. Hə, sən də... hamı... hamı... Tanıdığım, bildiyim bütün adamlar... Bütün gördüklərim...
Bütün hadisələr... Onda o sayıqlama içində çox ayıq, çox dəqiq bir fikir də beynimin içindən keçirdi
ki, dünyada heç bir insan – ən yaxını, ən doğması olsun, qırx il gecə-gündüz bir yerdə yaşamış
olsan, fərqi yoxdu! – Heç bir insan başqa bir insanı axıra qədər tanıya bilməyəcək. Qara məni
basırdı... Hiss edirdim ki, gedirəm... Və özüm də getməyimə razı idim... Qorxmurdum, əksinə, daxili
bir eyforiya içində idim... Elə bil həyatdan intiqam alırdım, nəydi?.. Amma o on gündə, bax, beləcə
biləyimdən yapışıb yanımda oturmuşdu...
Q a d ı n. Bu arvadın?
K i ş i. Hə. Onda mənə elə gəldi ki, onun o əli məni ölümün içindən, o ölüm eyforiyasından
çəkib çıxardı. Özünün bəlkə də yadından çıxıb, amma mən indi də onun o əlinin yerini biləyimdə
hiss eləyirəm. Özünə bu barədə heç nə deməmişəm... Və yəqin ki, heç vaxt deməyəcəyəm...
Pauza.
Q a d ı n. Onda day bu nədi belə? Nə misra-zadbazlıqdı? Xoşbəxt adamsan də!
K i ş i. Xoşbəxtlik yəni var dünyada? (Gülür.) Deyirsən yəni xoşbəxt adamam, hə?
Q a d ı n. Heç bilmirəm nə deyim...
K i ş i. Sən məni çox istəyirdin, hə?
Q a d ı n. Hə. Vurulmuşdum də sənə...
K i ş i. Gənclik idi də...
Q a d ı n. Hə, gənclik idi...
K i ş i. Sonralar yəqin yavaş-yavaş yaddan çıxartdın məni...
Q a d ı n. Belə də...
Pauza.
Hayıf, o vaxtlar heç bir kəlmə də söhbət eləmədik...
K i ş i. Ancaq bir dəfə məktub verdin mənə...
Q a d ı n. Hə... (Gülür.) Sevgi məktubuydu, cavabsız qaldı...
U ş a q. Qurtardı! Nənə ütülədi qurtardı! Gey də!
K i ş i. Bu saat.
U ş a q. Tez elə!
I k i n c i q a d ı n. Özünü belə aparsan, qoymayacağam gedəsiz!
U ş a q (tələsik). Yaxşı aparacam!
K i ş i. Gedək.
I k i n c i q a d ı n. Yelləncəkdə- zadda ehtiyatlı ol.
68
U ş a q. Yaxşı.
I k i n c i q a d ı n. Tez qayıdın.
K i ş i. Bir azdan gəlirik.
I k i n c i q a d ı n. Babanı yorma, eşitdin?
U ş a q. Yaxşı!
Q a d ı n. Ancaq sənə düz demədim...
K i ş i. Nəyi?
Q a d ı n. Yalandan dedim ki, hələ ölməmişəm... Çoxdan ölmüşəm... Neçə ildi...
K i ş i. Bəs... Bəs niyə yalan dedin?
Q a d ı n. Nə bilim?.. Yazığım gəldi sənə...
Pauza.
Onda mənim ölümüm haqqında başsağlığı varıydı qəzetdə, sən də oxumuşdun...
K i ş i ( mütəəssir). Hə, yadıma gəlir... Onda qəzetdə elan oxudum, düz deyirsən, hiss elədim ki,
sənsən... Düzdü... Bayaqdan elə qəzet fırlanırdı başımda... Düzdü...
U ş a q. Of-f-f!.. Axır ki, evdən çıxdıq. Ujas!
26 aprel 1992.
Bakı.
Dostları ilə paylaş: |