SƏFİRLİYİNİN 2014-cü İL ÜÇÜn sahə VƏ İSTİqaməTLƏR



Yüklə 144,39 Kb.
səhifə1/5
tarix06.09.2017
ölçüsü144,39 Kb.
#29094
  1   2   3   4   5



AZƏRBAYCAN RESPUBLİKASININ

BOLQARISTAN RESPUBLİKASINDAKI SƏFİRLİYİ




AZƏRBAYCAN RESPUBLİKASININ

BOLQARISTAN RESPUBLİKASINDAKI

SƏFİRLİYİNİN

2014-cü İL ÜÇÜN SAHƏ VƏ İSTİQAMƏTLƏR

ÜZRƏ MÜFƏSSƏL İLLİK HESABATI

Sofiya – 2015

MÜNDƏRİCAT



  1. Siyasi məsələlər səh. 3




    1. Ermənistanın Azərbaycana qarşı təcavüzü səh. 12




    1. Beynəlxalq təhlükəsizlik məsələləri və hərbi siyasi əməkdaşlıq səh. 16




    1. Milli təhlükəsizlik sahəsində konseptual sənədlərin hazırlanması səh. 18




    1. İkitərəfli ümumi siyasi məsələlər səh. 19




  1. İqtisadi məsələlər səh. 32




  1. Humanitar məsələlər səh. 41




    1. İkitərəfli humanitar məsələlər səh. 41




    1. Çoxtərəfli humanitar məsələlər səh. 50




  1. Beynəlxalq hüquq məsələləri səh. 52




  1. Məlumat və təbliğat məsələləri səh. 57




  1. Bolqarıstan Respublikasında yaşayan həmvətənlərlə iş səh. 69




  1. Konsulluq – hüquq məsələləri səh. 71




  1. Analitik iş səh. 76

ASB



1. SİYASİ MƏSƏLƏLƏR

Ölkənin daxili və xarici siyasəti

Hesabat ili olan 2014-cü il son 20 il ərzində Bolqarıstanın üzləşdiyi ən gərgin illərdən biri olmuşdur. Belə ki, bu il ərzində Bolqarıstanda biri-birini əvəzləyən üç hökumətin mövcud olması, ölkə əhalisinin tez-tez növbədən kənar seçkilərlə üzbəüz qalması, dünyada və regiondakı siyasi gərginliklərin artması Avropa İttifaqının (Aİ) ən kasıb ölkəsində siyasi, iqtisadi və sosial vəziyyəti bir az da ağırlaşdırmışdır.

2014- cü il də Bolqarıstanda seçkilər ili olmuşdur. Ölkədə cari ilin may ayında Avropa Parlamentinə (AP) seçkilər, oktyabr ayında isə növbədən kənar parlament seçkiləri həyata keçirilmişdir. AP-nə keçirilmiş növbəti seçkilər, Bolqarıstan üçün xüsusi əhəmiyyət kəsb etmişdir. Bu seçkilər, müxalif Bolqarıstan Vətəndaşlarının Avropaya İnkişafı Naminə (GERB) partiyası (indiki iqtidar partiyası) ilə, ən azı hələ növbəti üç ildə də hakimiyyətdə qalacaqlarını iddia edən iqtidardakı Bolqar Sosialistləri Partiyasının (BSP) (indiki müxalifət partiyası) arasında mübarizəyə aydınlıq gətirmiş, ölkədə siyasi qüvvələrin tarazlığını da müəyyənləşdirmişdir. Təsadüfü deyildir ki, AP-nə seçkilərə hazırlıq dönəmi çox maraqlı hadisələrin meydana çıxması ilə müşayət olunmuş, bu da ölkədəki siyasi vəziyyətin çox həssas olduğunu əks etdirmişdir.

Qeyd etmək lazımdır ki, namizədlikləri 15 partiya və 6 koalisiya tərəfindən irəli sürülmüş, 318 deputatlığa namizəd AP-də Bolqarıstanı təmsil edəcək 17 Avrodeputat yeri uğrunda mübarizə aparmışdır. Cari ilin aprel ayında seçki kompaniyasının rəsmi şəkildə başlanması ilə əlaqədar olaraq, Bolqarıstan Respublikasının (BR) prezidenti Rosen Plevneliev yerli siyasətçilərə müraciət edərək, onlardan müzakirələri avropa gündəliyi çərçivəsində, şantaj və iftiralardan uzaq şəkildə aparmağı xahiş etmişdir. Əks təqdirdə bu prosesin, seçki kompaniyasında iştirak etmək arzusunda olan insanları səsvermədən və siyasətdən uzaqlaşdıracağını qeyd edən Prezident R. Plevneliev, Bolqarıstanın özünü ancaq daxili problemləri ilə məşğul olan bir ölkə kimi deyil, ümum Avropa proseslərinin aktiv iştirakçısı kimi təqdim etməsinin vaxtının yetişdiyini bildirmişdir.

Cari ilin 25 may tarixində Bolqarıstanda Avropa Parlamentinə seçkilər həyata keçirilmişdir. Seçkilərin nəticəsinə görə Avropa Parlamentində Bolqarıstanın 17 deputat mandatı üzrə “GERB” (ən cox seçicilərin səsini əldə edən - 30,47%) - 6, Bolqarıstan Naminə Koalisiya (əsasını “BSP” təşkil edir – 19,5%) – 4, Bolqar türklərinin dəstəklədiyi Hüquq və Azadlıqlar Naminə Hərəkat ( “DPS” -17,14% )– 4, Senzurasız Bolqarıstan “SB” partiyası (10,64%) – 2, Reformatorlar Bloku (6,41%) “RB” – 1 deputatla təmsil olunmuşdur

İqtidarın bir qanadını təşkil edən türklərin dəstəklədiyi “DPS”-nin sədri L. Məstan, 05.06.2014-cü il tarixində keçirdiyi mətbuat konfransında, iqtidarın əsas aparıcı qüvvəsini təşkil edən “BSP”-nin AP-nə seçkilərində uğursuzluğa düçar olmasıyla iqtidar dəyişikliyi ilə bağlı müzakirələrin daha da intensivləşməsi fonunda, iqtidarı istefaya çağırmışdır. Bu hökumətin fəaliyyətdə olduğu bir illik dövrü ərzində ilk dəfə iqtidarın daxilindən istefa çağırışının səsləndirilməsi, hadisələrə nəzarəti çox çətinliklə həyata keçirən hökumətin vəziyyətini kritikləşdirmiş və növbədən kənar parlament seçkilərini gündəliyə gətirmişdir.

Əsas iqtidar partiyası olan BSP-nin sədri Sergey Stanişev L.Məstanın bu bəyanatından sonra, növbədən kənar seçkilərin keçirilməsinin zəruriliyini qəbul etmişdir.

“GERB”, ”BSP” və bolqar türklərinin dəstəklədiyi ”DPS” sədrlərinin 27.06.2014-cü il tarixində parlamentdə keçirilmiş görüşündə əldə olunmuş razılıq əsasında, Bolqarıstanda növbədən kənar parlament seçkilərinin cari ilin 5 oktyabr tarixində həyata keçirilməsi təklifinin Prezident R. Plevnelievə təqdim edilməsi qərara alınmışdır.

Növbədən kənar parlament seçkilərinin reallaşmasına qərar verilməsində katalizator rolunu, may ayında Bolqarıstanda AP-nə keçirilmiş seçkilərdə iqtidar partiyası olan BSP-nin məğlubiyyəti oynasa da, biri-birini əvəz edən böhranlar: maliyə-iqtisadi, enerji və nəhayət bank sistemində yaranmış böhran bu prosesin həyata keçirilməsinin zəruriliyini meydana gətirmişdir.

2014-cü ilin iyul ayında ölkə gündəmini zəbt edən gərginliklər (bank sahəsində müşahidə olunan böhranlar və bankda pulları olan vətəndaşların panik vəziyyətdə öz hesablarından pullarını geri çəkməsi, ölkə iqtisadiyyatının böhran vəziyyətində olduğu ilə bağlı xəbərlərin geniş vüsət alması, siyasi partiyalar arasında qarşılıqlı ittihamların özünün son həddinə çatması və s.) fonunda, müxalifətdə olan “GERB” partiyasının BR Parlamentinin plenar iclaslarında iştirakdan imtina etməsi üzündən BR Parlamentinin işini davam etdirə bilməməsi P.Oreşarski hökumətinin istefasını daha da sürətləndirmişdir. Belə ki, GERB və parlamentdə təmsil olunan ultra milliyətçi ATAKA partiyası, onsuz da 2014-cü ilin avqust ayının 5-nə qədər ömrü qalmış parlamentin işində yalnız bir halda, P. Oreşarski hökumətinin istefasının müzakirə olunacağı halda iştirak edəcəklərini bildirmişdir.

Vəziyyəti daha da gərginləşdirməmək məqsədi ilə 23.07.2014-cü il tarixində Baş nazir P. Oreşarski öz istefa ərizəsini BR Parlamentinə təqdim etmiş və onun bu ərizəsi 24.07.2014-cü il tarixində parlamentdə müzakirə edilərək səsverməyə çıxarılmışdır. Parlamentin 240 üzvündən 196 üzvü bu iclasın işində iştirak etmiş, onlardan 180 nəfəri istefanın lehinə (93 nəfər “GERB”-dən, 55 nəfər Bolqarıstan Naminə Koalisiyadan (bu koalisiyanın əsasını iqtidarda olan “BSP” təşkil edir), 32 nəfər bolqar türklərinin dəstəklədiyi “DPS”-dən istefanın lehinə səs vermişlər), 8 nəfəri əleyhinə səs vermiş, 8 nəfər bitərəf qalmışdır.

Qeyd etmək lazımdır ki, istefaya göndərilmiş bu hökumət yalnız 421 gün fəaliyyət göstərə bilmişdir. 29.05.2013-cü il tarixində Bolqarıstan parlamentində 120 lehinə 97 əleyhinə səs bölgüsü ilə baş nazir vəzifəsinə seçilən P. Oreşarski Bolqarıstanın 89-cu hökumətinin başçısı olmuşdu. Azlıqda olan 89-cu hökumətin bu qısa müddətlik fəaliyyəti davamlı şəkildə mürəkkəb və çətin anlarla müşayiət olunmuş, hökumətin fəaliyyətə başladığı günlərdən etibarən, onun tezliklə dağılacağı iddiaları siyasi gündəmi tərk etməmişdir. Baş nazir P.Oreşarskinin dövlətçilik təcrübəsinin az olması, BSP hökumətinin özünə kifayət qədər inamın olmaması,iqtidarın zəif kadr potensialının bu missiyanın öhdəsindən gələ bilməməsi və digər amillər hökumətin istefasını labüd etmişdir.

Bolqarıstan Prezidenti R.Plevneliev cari ilin avqust ayının 6-da imzaladığı sərəncamla BR-nın 42-ci Parlamentini buraxmışdır. Həmin tarixli digər sərəncamla Prezident R.Plevneliev Baş nazir G .Bliznaşkinin başçılıq edəcəyi müvəqqəti hökumətin formalaşdırlmasını rəsmiləşdirmişdir. Bolqarıstan kütləvi informasiya vasitələrinə verdiyi müsahibədə Prezident R. Plevneliev iki ay müddətində fəaliyyətdə olacaq hökumətin prioritetləri sırasında ölkə üçün mühüm əhəmiyyət kəsb edən kritik məsələlərin həlli ilə əlaqədar büdcədəki bəzi dəyişikliklərin həyata keçirilməsinin, Bolqarıstan istiqamətində dondurulmuş Avropa İttifaqı (Aİ) proqramlarının bərpa edilməsinin və 5 oktyabr parlament seçkilərinə hazırlıq istiqamətində işlərin aparılmasının dayandığını söyləmişdir.

2014-cü ilin ilin 5 oktyabr tarixində həyata keçirilmiş növbədən kənar parlament seçkilərinin seçki kompaniyasına 5 sentyabr tarixində start verilmişdir. Seçkilərlə bağlı verilən proqnozlardakı əsas narahatlıqlar həmişəki kimi qalırdı: seçicilər tərəfindən seçkiyə biganə münasibət; parlamentin əksəriyyətinin iradəsini ifadə edəcək güclü hökumətin formalaşdırılması problemi; siyasi kataklizmalarla üzləşməmək üçün qurulacaq hökumətin müvəffəqiyyətlə dörd illik fəaliyyətini başa vura bilməsi və s.

5 oktyabr 2014-cü il tarixində Bolqarıstan Respublikasında 43-cü Xalq Məclisinə keçirilmiş seçkilərdə 240 deputat mandatı uğrunda 25 partiya və blok mübarizə aparmışdır. Bolqarıstan vətəndaşlarının seçki hüquqlarının təmin edilməsi məqsədilə ölkə daxilində 11 243 seçki məntəqələri təşkil edilmişdir. Ümumilikdə səsvermədə Bolqarıstanın əhalisinin 49 faizi (3 443 326 seçici) iştirak etmişdir. BR XİN-in məlumatına əsasən ölkə xaricində yaşayan səs vermiş bolqarların sayı ümumilikdə 135 000 nəfər ( çoxluq olaraq Türkiyə-65 min, Böyük Britaniya 14 000) təşkil etmişdir.Mərkəzi Seçki Komissiyası 100%-lik seçki protokollarının nəticəsinə əsaslanaraq, növbədənkənar 43-cü Parlament seçkilərində 8 partiya və blokun 4%-lik keçid həddini dəf etdiyini bəyan etmişdir.

Müxalifətdə olan sağ təmayyüllü “GERB” partiyasının qələbə qazanmasına baxmayaraq, bu partiya parlamentdə ən azı 120 səs (parlamentdə ümumi yerlərin sayı 240 nəfərdir) qazana bilmədiyindən, tək başına hökumət qurmaq imkanı əldə etməmişdir.

2014-cü ilin 27 oktyabr tarixində BR-nın yeni 43–cü Xalq Məclisinin ilk iclası keçirilmişdir. Ölkənin prezidenti parlamentdə yer qazanmış partiyaların rəhbərləri ilə müzakirələrdən sonra 5 noyabr tarixində ölkədə hökumət qurma səlahiyyətlərini “GERB” lideri B. Borisova vermişdir. Potensial koalisiya partnyorları olan “GERB”, “RB”,Patriotik Cəbhə (“PF”), və Bolqarıstan İntihabının Alternativi “ABV” hərəkatının rəhbərləri yenidən görüşdükdən sonra, hökumət qurulması ilə bağlı razılıq əldə edilmişdir. Beləliklə BR Parlamentində 145 lehinə, 89 əleyhinə verilmiş səslərin nəticəsinə görə “GERB” partiyasının sədri B.Borisov Bolqarıstanın siyasi tarixində ilk dəfə ikinci dəfə seçilən baş nazir olmuşdur. Ümumilikdə “PF”-un B. Borisov hökumətini dəstəkləməsinə baxmayaraq, “PF”-dan olan iki deputat bu təklifin əleyhinə səs vermişdir. Koalisiya üzvləri ilə yanaşı, (GERB, RB, PF, ABV) Nikolay Barekovun rəhbərlik etdiyi “SB” parlament qrupu da təklifi dəstəkləmiş, lakin BSP, DPS və milliyətçi ATAKA partiyaları yeni təqdim edilmiş hökumətin əleyhinə səs vermişlər.

İkisi “GERB”-dən, hər biri “RB” və “ABV”-dən olmaqla 4 baş nazir müavini ilə təmsil olunan yeni hökumətdə, “GERB” 11 və “RB” 5 nazir vəzifəsini almışdır. “PF” koalisiyanı dəstəkləsə də yeni hökumətdə heç bir nazir vəzifəsi ilə təmsil olunmamışdır.

Hökumət böhranından başqa 2014-cü ildə Bolqarıstanın siyasi gündəliyini zəbt etmiş ən əsas mövzulardan biri “Cənub Axını” qaz layihəsi mövzusu və onun ətrafında gedən müzakirələr olmuşdur.

Məlum olduğu kimi Avropa Komissiyası (AK) Aİ-nın 6 ölkəsinin “Cənub axını” layihəsinə dair Rusiya ilə imzaladığı müqavilənin Avropa qanunvericiliyini pozduğunu qeyd edir və Bolqarıstan, Avstriya, Yunanıstan, Sloveniya, Macarıstan və Xorvatiyanı buna görə cərimələrlə hədələyirdi. Enerji məsələləri üzrə o dövrdəki Avropa Komissarı Günther Oettinger "Cənub axını" layihəsinin Üçüncü Enerji Paketi (ÜEP)-nin tələblərinə cavab vermədiyi üçün, Aİ-nin üzv ölkələrini Rusiya ilə müqavilələrə yenidən baxmağa çağırmış, BR iqtisadiyyat və energetika naziri Draqomir Stoynev bu istiqamətdə Rusiya ilə danışıqları aparmaq üçün layihədə iştirak edən Aİ-nin 6 ölkəsinin öz səlahiyyətlərini Avropa komissiyasına verdiklərini söyləmişdir.

Bununla yanaşı AK-nın sədri X.M. Barrozu bolqar siyasətçilərinin Ukrayna böhranından sonra layihə ilə əlaqədar Aİ-nın görəcəyi tədbirlərə mane olduqlarını qeyd edir, onları diqqətli olmağa çağıraraq, iqtidarda olan “BSP”-yə eyhamla, Bolqarıstanda Rusiyanın agentləri olduğunu söyləmiş, bu agentləri bütövlükdə Aİ-nın maraqlarını nəzərə almadan, Rusiya ilə iki tərəfli separat münasibətlərin qurulmasına cəhddə günahlandırmışdır. Qaz nəqliyyat sisteminə kənar iştirakçıların buraxılmasını əsas şərtlərdən biri kimi qəbul edən “ÜEP” istinad edən AK, ÜEP normalarına uyğunlaşmayacağına qədər “Cənub Axını” layihəsi ilə bağlı bütün işlərin dayandırılmasını tələb etmişdir. Sosialistlərin rəhbərlik etdiyi Bolqarıstanın keçmiş hökuməti AK-nın bu tələbləri ilə əlaqədar geri addım ataraq, layihə ilə bağlı bütün fəaliyyətləri dayandırdıqlarını bəyan etmişdir.

Rus meyilli BSP qanadının rəhbərlik etdiyi Bolqarıstan hökumətinin keçmiş baş naziri P. Oreşarskinin Bolqarıstana səfər etmiş yüksək rütbəli amerikalı qonaqlarla görüşündən sonra, çox məyus halda Bolqarıstanda “Cənub Axını” ilə bağlı bütün işlərə son qoyulduğunu bəyan etməsinə, onun iqtidarı dövründən sonra da, Avrokomissiya və Bolqarıstanın mövcud qərb yönümlü müvəqqəti hökumətinin “Cənub Axını” layihəsi ilə bağlı Bolqarıstanda bütün işlərin dayandırılması ilə bağlı səylərinə baxmayaraq, bu istiqamətdə asağı intensivliklə olsa da işlərin davam etdirilməsini bir çox amillər şərtləndirirdi. Bunların arasında Rusiyanın Bolqarıstanda geniş siyasi və iqtisadi şəbəkəyə malik olması, Rusiyanın enerji ötürücüləri məsələsində Ukraynadan asılılığını minimuma endirmək arzusu, Bolqarıstanın 2009-cu ildə üzləşdiyi enerji böhranı ilə bir daha üzləşmək istəməməsi böyük rol oynayırdı.

Rusiyanın “Cənub Axını” qaz layihəsini dayandırdığını elan etməsini və bu məsələdə əsas günahkarın Aİ-nın direktivlərindən kənar addım atma qabiliyəti olmayan Bolqarıstanın olduğunu göstərməsi faktoru ölkə daxilində siyasi gərginliyin artmasına səbəb olmuşdur. Layihənin ölkəyə gətirəcək hərtərəfli dividentlərdən mərhum olacağını həzm edə bilməyən rus meyilli siyasi qüvvələrin bu məsələlərdə aktiv rolunu qeyd etməklə yanaşı, hakimiyyətdə olan qərb yönümlü iqtidar nümayəndələrinin də narahatlığını hiss etmək çox asandır. Problemdən çıxış yolu kimi bir çox fikirlərin səsləndirildiyi bu günlərdə ( Aİ-dan kompensasiyaların tələb edilməsi, gələcəkdə ölkənin Avropaya qaz paylayıcı mərkəzinə çevrilməsi məqsədi ilə Bolqarıstanda iri həcmli qaz terminallarının inşası və s.) ölkənin yeni iqtidarının, yaranmış yeni vəziyyətdə necə hərəkət edəcəyi çox mühüm əhəmiyyət kəsb edir.

Ukrayna böhranı, bununla bağlı Qərb Şərq qarşıdurmasının kəskinləşməsinin mənfi təsirini Avropa ölkələri içərisində ən yaxından hiss edən ölkələrdən biri Bolqarıstan olmuşdur. Böhranın yarandığı ilk günlərdən Bolqarıstan Aİ-nın yanında olduğunu bəyan etmiş və qonşu ölkədəki gərginliyin Bolqarıstana gətirə biləcəyi fəsadların qiymətləndirilməsi və onların aradan qaldırılması məqsədi ilə ölkənin nazirlər kabineti yanında Milli Monitorinq Qərargahı yaradılmışdır. Böhranın ilk günlərində, cari ilin mart ayında BR-nın Xarici İşlər Naziri X. Vigenin Brüsseldə keçirilmiş Avropa İttifaqı Xarici Məsələlər şurasının iclasından sonra, Ukraynaya səfər etmişdir. Prezident R.Plevneliev və Baş Nazir P.Oreşarski arasında keçirilən görüşlərdə Ukraynadakı vəziyyət müzakirə edilərək, Aİ-də təmsil olunan bütün ölkələrin bu məsələdə eyni münasibətdən çıxış etməsinin zəruriliyi bildirilmiş, Ukraynanın ərazi bütövlüyünün saxlanılmasının və gərginliyin artmasının qarşısının alınmasının vacibliyi qeyd edilmişdir.

Cari ilin mart ayında ABŞ Dövlət Katibinin köməkçisi xanım Viktoria Nuland BR-na səfər etmişdir. Səfər əsnasında yüksək səviyyəli amerikalı qonağı qəbul edən Bolqarıstan Respublikasının Prezidenti R. Plevneliev NATO-ya üzv ölkələri arasında sıx əlaqələrin və ümumi mənbələrin mövcud olmasının birgə vasitələrlə müdafiə sistemlərinin qurulmasına imkan verdiyini bildirərək, Bolqarıstanın və onun qonşularının maliyyə çətinlikləri ilə üzləşdikləri belə bir dövrdə smart müdafiə layihələrinin həyata keçirilməsinin Amerika tərəfindən dəstəklənməsinin vacibliyinə toxunmuşdur. Bolqarıstanın NATO- ya 10 illik üzvlük dövründə özünü etibarlı tərəfdaş kimi nümayiş etdirdiyini bildirən ABŞ Dövlət Katibinin köməkçisi xanım Viktoria Nuland, Bolqarıstan ordusunu müasirləşdirmək istiqamətində ABŞ-ın dəstəyini heç bir zaman əsirgəməyəcəyini həmsöhbətinin diqqətinə çatdırmışdır. Ukraynada vətəndaşların etibarını doğruldacaq effektiv və şəffav idarəetmənin bərqərar edilməsi yolu ilə stabilliyin əldə edilməsinə ümüdvar olduğunu bildirən görüş iştirakçıları, münaqişənin diplomatik yolla həllinin vacibliyini qeyd etmişlər.

Xanım Viktoria Nulandı qəbul edən BR-nın Baş Naziri P.Oreşarski, Ukrayna münaqişəsi ilə bağlı Rusiyaya qarşı yönəldilmiş iqtisadi sanksiyaların davam etdirilməsində Bolqarıstanın qətiyyən maraqlı olmadığını dilə gətirmişdir. Baş Nazir enerji diversifikasiyası məsələsində mühüm yer tutan Cənub Qaz Koridoru layihəsi, həmçinin digər enerji mənbələrindən Bolqarıstana interkonnektorların çəkilişinin vacibliyinə toxunaraq, Ukrayana böhranı ilə əlaqədar ölkənin qaz təminatında yarana biləcək problemlərin mövcud olduğu indiki bir həssas dönəmdə bu məsələlərin həllində ABŞ-ın dəstəyini əsirgəməməsini xanın V.Nulanddan xahiş etmişdir.

Ukrayna ilə Rusiya arasında gərginlik şərq və qərblə tarixi əlaqələri olan Bolqarıstan cəmiyyətinin necə bölündüyünə bir daha işıq salmış, bu böhran Bolqarıstanda uzun tarixi olan Rus sevərlər və Rus düşmənləri arasındakı qarşıdurmaya yeni impuls vermişdir.

“Gallup” tədqiqat fondunun 2014-cü ilin aprel ayında Bolqarıstan vətəndaşları arasında apardığı Ukraynada Rus yönlü yoxsa Avropa yönlü qüvvələri dəstəkləyirsiniz sualı ilə bağlı sorğuda 43% sorğu iştirakçılarının bu sualı cavablandırmaqda çətinlik çəkdikləri aşkarlanmışdır. Tədqiqat iştirakçılarının 30%-inin Avropa yönlü, 27%-inin isə Rusiya yönlü olduqları müəyyənləşdirilmişdir.

Bolqarıstan Türkiyə arasında son zamanlar müşahidə olunan yaxın qonşuluq əlaqələri baxımından, 2014-cü il də özündən qabaqkı illərdən elə bir fəqlilik nümayiş etdirməmişdir. Osmanlı dövrünü nəzərdə tutaraq tarixin bir həyat müəllimi kimi, bəzi hallarda insanlara yaxşı nümunə göstərmədiyini qeyd edən Bolqarıstanın Milli Məclisinin keçmiş sədri M. Mikovun bu düşüncələrini tarixdən gələn və Bolqarıstanda Türkiyə ilə bağlı formalaşmış ümumi bir təəsürat kimi qəbul edildiyini vurğulamaqla yanaşı, son illərdə iki ölkə arasında münasibətlərin dinamik templə inkişaf etdiyini qeyd etmək lazımdır.

2014-cü ilin əvvələrində Bolqarıstanda rəsmi səfərdə olan Türkiyənin xarici işlər naziri Ə.Davudoğlu ölkə rəsmiləri ilə görüşü zamanı Cənubi Şərqi Avropa bölgəsinin inkişafı naminə Türkiyənin səylərini əsirgəməyəcəyini vurğulanmışdır. Türkiyə tərəfindən Bolqarıstana yatırılan sərmayə həcminin illik 2 milyard avro təşkil etdiyini bildirən Ə.Davudoğlu, coğrafi yaxınlığın və dost münasibətlərinin mövcudluğunun bu rəqəmin bir neçə dəfə artırılmasına imkan verdiyinə diqqət çəkmişdir.

Ölkənin Baş Naziri P.Oreşarski ilə görüşü zamanı iki ölkə arasında mövcud iqtisadi münasibətlərin uğurla inkişaf etdiyini bildirən Ə.Davudoğlu, bununla yanaşı, Bolqarıstanla Türkiyə arasında enerji, nəqliyyat, turizm, ticarət və sərmayə qoyuluşu sahələrində mövcud olan potensialın çox az hissəsindən istifadə edildiyini bildirmişdir. Ə. Davudoğlunun öz həmkarı BR-nın xarici İşlər naziri X. Vigenin ilə görüşü zamanı geniş sahəni əhatə edən məsələlər müzakirə edilmişdir. Belə ki, son zamanlar Yaxın Şərq ölkələri, Afrika və xüsusi ilə Suriyadan qaçqın axını ilə üzləşən və çox çətin bir vəziyyətə düşən Bolqarıstana, bu qaçqınların əksəriyyətinin Türkiyə sərhədindən qanunsuz şəkildə daxil olduğu üçün, birgə sərhəd nəzarət fəaliyyətlərinin həyata keçirilməsi məsələsi görüşdə müzakirə edilmişdir. X.Vigenin iki ölkə arasında 2013-cü il üçün siyasi və iqtisadi münasibətlərlə bağlı qarşıya qoyulmuş hədəflərə nail olmasını böyük məmnunniyyət hissi ilə qeyd edərək, Balkanlarda dayanıqlı sülhün bərqərar olması üçün NATO-nun üzvü olan hər iki ölkə arasında əməkdaşlığın daha da gücləndirilməsinin və dialoqun genişləndirilməsinin vacibliyindən danışmışdır. Səfərin yüksək səviyyədə keçməsi ilə yanaşı BR-nın parlamentində təmsil olunan və tez-tez anti Türkiyə çağırışları ilə fərqlənən milliyətçi “Ataka” partiyasının üzvləri, Ə.Davudoğlunun Bolqarıstanda belə yüksək səviyyələrdə qəbul edilməsini böyük narazılıqla qarşılamış, türkiyəli naziri Sofiya şəhərində hərəkət yolu boyunca izləməyə cəhd göstərərək, ”Türkiyə, biz səndən 500 illik soyqırım siyasətinə görə üzr istəməyi tələb edirik”; “Türkiyə, Trakiya əmlaklarına görə sən bizə 10 milyard dollar borclusan” sərlövhəli plakatlarla onun diqqətini cəlb etməyə çalışmışlar. Bütün bunların qarşısının alınması üçün səfəri boyunca türkiyəli nazir gücləndirilmiş mühafizə heyyəti ilə müşahidə olunmuş, onun Prezident aparatı və Nazirlər kabinetindəki görüşləri zamanı bu binaların giriş hissələrinin mühafizəsinə əlavə polis qüvvələri cəlb edilmişdir.

Aİ-nın üzvü olduqdan sonra, zənn etdiyi iqtisadi zənginlikləri əldə edə bilməməsi, Bolqarıstanı bir çox alternativ yolların axtarışına vadar etmişdir. Məhz son illər Bolqarıstan Çin münasibətlərində hiss olunan yaxınlaşmaları bu aspektdən dəyərləndirən siyasi ekspertlər, son iki il ərzində yüksək vəzifəli Bolqarıstan məmurlarının Çinə səfərlərinə diqqət yetirirlər. Belə ki, 2013-cü ildə həm ölkənin Baş naziri P. Oreşarski, həm də Parlamentin sədri M. Mikovun Çinə səfərlərindən sonra, 2014-cü ildə BR –nın Prezidenti R.Plevneliev də Çin Respublikasında rəsmi səfərdə olmuşdur.

Səfər zamanı, R.Plevneliev Çin Prezidenti Xi Cinpinqlə görüşmüş və görüş zamanı qəbul edilmiş Bəyannamədə hər iki tərəf ölkələrin inkişaf yoluna hörmətlə yanaşacağını, əsas maraq dairəsinə toxunan məsələlərdə bir-birlərini dəstəkləyəcəklərini, kənd təsərrüfatı, infrastruktur quruculuğu, enerji, ticarət, mədəniyyət, təhsil və turizm sahələrində əməkdaşlığı gücləndirəcəklərini bəyan etmişlər. Hər iki tərəf regional və beynəlxalq məsələlərdə koordinasiya və əlaqələrin gücləndirilməsinə qərar vermişlər. Çinin Bolqarıstanın Asiyada ən böyük strateji partnyoru olduğunu bildirən R. Plevneliev, Çinin Bolqarıstanın geostratejik vəziyyətindən faydalanaraq geniş bazara malik olan Aİ-na daha asan daxil ola biləcəy ilə bağlı əvəllər də səsləndirdiyi fikrini təkrarlamışdır. Görüş sonrası dəniz nəqliyyatı və mədəniyyət mərkəzlərinin yaradılması ilə bağlı dörd sənəd imzalanmışdır.

Səfər zamanı BR-nın prezidenti cənab R. Plevnelievi 30 Bolqar şirkətinin 100 nəfərdən çox nümayəndəsi müşayiət etmişdir. 150 Çin və 30 Bolqar şirkətinin 300-dən çox nümayəndəsinin iştirak etdiyi Beynəlxalq Ticarətin Təşviqi üzrə Çin Şurasının Pekində keçirilmiş forumunda çıxış etmiş Prezident R. Plevneliev, ölkəsinin Çinlə ticarət və iqtisadi əlaqələrinin inkişaf etdirmək əzmini ifadə edərək, Çin şirkətləri ilə əsasən kənd təsərrüfatı və ərzaq emalı sahələrində əməkdaşlıqda, həmçinin, adı çəkilən şirkətlərin infrastruktur quruculuğu ilə bağlı iri layihələrə cəlb edilməsində maraqlı olduqlarını ifadə etmişdir.

Bir çox Çin şirkətlərinin Bolqarıstanda sənaye , kənd təsərrüfatı və bərpa olunan enerji sahələrinə sərmayələrin qoyulmasına diqqət yetirən, R.Plevneliev, Bolqarıstanın yeyinti məhsullarının xüsusi ilə ət və süd məhsullarının, həmçinin kənd təsərrüfatı məhsullarının Çinə ixrac ediləcəyi ilə bağlı prinsipial razılaşmanın əldə edildiyini qeyd etmiş və yaxın zamanlarda müqavilələrin imzalanacağını bildirmişdir. Kənd təsərrüfatı sahəsində Bolqarıstanın çox böyük potensiala malik olduğunu, lakin bu gün onun iflic vəziyyətdə olduğunu bildirən R.Plevneliev, bu sahənin inkişaf etdirilməsində, həm Çin tərəfindən həyata keçiriləcək sərmayə qoyuluşlarının, həmçinin, bu məhsulların Çinə ixracının böyük rol oynayacağına əminliyini ifadə etmişdir.

Bununla yanaşı iri Çin tikinti şirkətlərinin Bolqarıstanın geniş infrastruktur layihələrində iştirakı ilə bağlı planlarının mövcud olması və bunu Çinin on altı Mərkəzi və Şərqi Avropa ölkələri üçün vəd etdiyi 10 milyard ABŞ dolları həcmində olan fond çərçivəsində həyata keçirmək niyyətində olduqlarını qeyd edən Prezident R. Plevneliev, fondun maliyyə imkanlarından istifadə edilməsinin Avropa İttifaqının tələblərinə riayət edilməsi şərti ilə baş tutacağından söhbət açaraq, normativ maneələrin aradan qaldırılması istiqamətində aparılan işlərin hələlik bu layihələrin reallaşdırılmasını gecikdirdiyini qeyd etmişdir.

Çinin iki aparıcı tikinti şirkətinin yüksək səviyyəli Qara Dəniz avtomobil yolunu çəkmək üçün konkret təkliflə çıxış etdiyinə toxunan R.Plevneliev Bolqarıstanda iyirmi bir yeni müasir texnologiyalara malik sənaye bölgəsinin yaradılması üzərində işlər aparıldığını qeyd etmiş və bu bölgələrdə Çinə öz şirkətlərini qurmağa geniş imkanlar yaradılacağını söyləmişdir. Layihələr içərisində ən əhəmiyyətlilərindən hesab edilən- üç Avropa nəqliyyat dəhlizinin kəşisməsində yerləşən Stara Zagora kargo hava limanı və Bojurişte sənaye zonasının yenidən qurulmasının Çin şirkətlərinə həvalə edilən layihələr sırasında olduğuna diqqət çəkən cənab R.Plevneliev, digər böyük layihələrdən sayılan Nikopol bölgəsində Dunay çayı üzərində su elektrik stansiyasının tikintisinin, Şipka yüksəkliyinin altından keçəcək tunelin inşasının, Qara Dəniz və Dunay limanlarının güzəştli şərtlərlə işlətmələrinin Çin şirkətlərinə veriləcəyini bildirmişdir.

Həmçinin 2014-cü il Azərbaycan Bolqarıstan münasibətləri çərçıvəsində cərəyan etmiş hadisələr baxımından da yadda qalan olmuşdur. Belə ki, 2014-cü ildə həm Bolqarıstanın prezidentinin, həm də ölkənin baş nazirinin Azərbaycana səfər etmələri, bu səfərlər zamanı mühüm sənədlərin imzalanması iki ölkə arasında mövcud potensial imkanların istifadə edilməsi baxımından mühüm əhəmiyyət kəsb etmişdir. Bolqarıstanın prezidenti Rosen Plevneliev 2014-cü ilin 20 sentyabr tarixində Bakıda keçirilmiş “Cənub Qaz Dəhlizi”nin təməlqoyma mərasimdə iştirak etmişdir. Bolqarıstanın prezidentinin ölkəmizə səfəri çərçivəsində hər iki ölkənin Prezidentləri tərəfindən Azərbaycan-Bolqarıstan birgə bəyannaməsi imzalanmışdır.

Həmçinin səfər zamanı «Şahdəniz-2» layihəsi çərçivəsində hasil ediləcək təbii qazın Bolqarıstana çatdırılmasının diversifikasiyasının təminatı məsələləri müzakirə edilmişdir. Habelə ARDNŞ ilə “Bulqartransqaz” arasında Anlaşma Memarandumu və ARDNŞ ilə “Bulqarqaz” şirkəti arasında niyyət protokolu imzalanmışdır. Sözügedən Memaranduma əsasən Azərbaycan, Bolqarıstanda yerləşən “Çiren” qaz yatağının genişləndirilməsi layihəsində birgə fəaliyyət imkanlarının araşdırılmasında iştirak edəcəkdir. Niyyət protokolunda isə «Şahdəniz-2» layihəsi çərçivəsində hasil ediləcək təbii qazın 2016-cı ildə tikintisi başa çatacaq Yunanıstandakı birləşdirici kəmər vasitəsilə Bolqarıstana çatdırılmasına dair erkən danışıqların başlanacağı nəzərdə tutulur.

Bundan başqa 2014-cü il ərzində iki ölkənin bir sıra nazirlərinin və yüksək vəzifəli dövlət məmurlarının qarşılıqlı səfərləri həyata keçirilmişdir. Sofiya şəhərində Azərbaycan və Bolqarıstanın xarici işlər nazirlikləri arasında ilk siyasi məsləhətləşmələr keçirilmişdir.



MTSA, MRTİ



Yüklə 144,39 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin