Şəki şəhər Mərkəzləşdirilmiş Kitabxana sistemi
Metodika və biblioqrafiya şöbəsi
Metodik vəsaitlər
|
Şəki şəhər Mədəniyyət və Turizm şöbəsi
Mərkəzləşdirilmiş Kitabxana sistemi
Metodika və biblioqrafiya şöbəsi
Şair İ.Səfərlinin 90 illiyi münasibətilə
Zərif duyğular şairi.
(metodik vəsait)
Şəki-2013
Tərtib edəni: Əhmədova Nəzakət - Metodika və biblioqrafiya şöbəsinin baş biblioqrafı.
Redaktor: Nəsrullayeva Zibar - MKS-nin Metodika və
Biblioqrafiya şöbəsinin müdiri.
İ. Səfərlinin 90 illik yubleyinin keçirilməsi haqqında
Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı
2013-cü idə Azərbaycan ədəbiyyatının tanınmış nümayəndəsi, şair və dramaturq İ. Səfərlinin 90 illiyi tamam olur.
Azərbaycan ədəbiyyatının inkişafında özünəməxsus xidmətləri olan şair və dramaturq İ. Səfərlinin 90 illik yubleyinin keçirilməsini təmin etmək məqsədilə Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1.Azərbayca Respublikasının Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Yazıçılar Birliyinin təkliflərini nəzərə almaqla, İ. Səfərlinin 90 illik yubleyinə dair tədbirlər planını hazırlayıb həyata keçirsin.
2.Azərbaycan Respublikasının Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti.
Bakı şəhəri, 6 avqust 2013-cü il.
Bölmə I.Həyat və yaradıcılığı
İslam Əhməd oğlu Səfərli 1923-cü il fevral ayının 12-də Naxçıvan Muxtar Respublikası Babək rayonunun Şəkərabad kəndində anadan olmuşdur. Naxçıvandakı 1 saylı məktəbi (hazırda məktəb şairin adını daşıyır) bitirmişdir. Yaradıcılığa da bu dövrdə başlamışdır. Onun “Nizami yurdunda” adlı ilk şeri “Ədəbiyyat qəzeti”nin 1940-cı il saylarında dərc olunmuşdur. 1941-ci ildə Azərbaycan Dövlət Pedoqoji institunun Naxçıvan filialına daxil olmuşdur. Bir il sonra könüllü olaraq Böyük Vətən müharibəsində 456-cı il Qızıl Bayraqlı atıcı diviziyasında kəşfiyyatçı olmuşdur. “Qızıl əsgər” və “Qırmızı bayraq” cəbhə qəzetlərində oçerk, məqalə və şeirlərini çap etdirmişdir.
Döyüşlərdə ağır yaralandıqdan sonra ordudan təxis olunmuş, sonra “Şərq qapısı” qəzetində ədəbi işçi, Naxçıvan radio komitəsində əməkdaş, eyni zamanda “Azərbaycan gəncləri” qəzetinin xüsusi müxbiri işləmişdir.
1946-1951-ci illərdə Azərbaycan Dövlət Unversiteti filologiya fakultəsinin jurnalistika şöbəsində təhsilini davam etdirmişdir. Şeir və poemaları dövrü mətbuatda çap olunmuşdur. 1951-1952-ci illərdə “Ədəbiyyat qəzeti”ndə poeziya şöbəsinin müdiri olmuşdur.
İslam Səfərli oçerk, novella, libretto və kinossenari, dramaturq, məqalələr müəllifi kimi də tanınmışdır. İslam Səfərli tərcüməçilik fəaliyyəti ilə də məşğul olmuşdur.O, A.S.Puşkin, M.M.Svetlov, S.Marşak, M.Rəhim, M.Tursunzadə, R.Koladze, Y. Dolmatovski və başqa tanınmış sənətkarların əsərlərindən müvəffəqiyyətlə tərcümələr etmişdir.
Yüzlərlə şeirinə musiqi bəstələmiş, mahnıları dillər əzbəri olmuş, indinin özündə də sevilə-sevilə dinlənilir.
İslam Səfərlinin adını əbədiləşdirmək məqsədi ilə Xəzər dənizində üzən gəmilərin birinə “İslam Səfərli” adı verilmişdir. Bakının mərkəzi küçələrindən biri şairin adını daşıyır. Bakıda yaşadığı binaya (H.Seyidbəyli-30) onun barelyefi –xatirə lövhəsi vurulmuş, Naxçıvanda oxuduğu 1saylı məktəbə onun adı verilmişdir.
İ.Səfərlinin 18 kitabı işıq üzü görmüşdür. Xidmətlərinə görə üçüncü dərəcəli “Şərəf nişanı ordeni” və dörd medalla təltif edilmişdir. Azərbaycan SSR Ali Sovet Rəyasət Heyətinin 1973-cü il 21 mart tarixli Fərmanı ilə “Əməkdar incəsənət xadimi” adına layiq görülmüşdür.
Cəmi 51 il ömür sürən İ. Səfərli 1974-cü il noyabrın 6-da vəfat etmiş, Fəxri Xiyabanda dəfn edilmişdir.
Dostları ilə paylaş: |