Şəki şəhər Mədəniyyət və Turizm şöbəsi
Mərkəzləşdirilmiş Kitabxana sistemi
Metodika və biblioqrafiya şöbəsi
Novruz bayramı münasibətilə
Elimizin bayramı Novruz
(metodiki vəsait)
Şəki-2013
Tərtib edəni: Əhmədova Nəzakət - Metodika və biblioqrafiya şöbəsinin baş biblioqrafı.
Redaktor: İbrahimxəlilova Rahilə - MKS-nin Metodika və
Biblioqrafiya şöbəsinin boyük metodisti.
I. Bölmə
2010-cu ildə BMT 21 martı Beynəlxalq Novruz günü elan etdi. Belə bir xoş məqamı da qeyd etmək yerinə düşər ki, Azərbaycanda hər kəs tərəfindən ehtiramla yanaşılan, adı dünyada tanınan Heydər Əliyev Fondu milli mədəniyyətimizin inkişafı və tanıdılması istiqamətində neçə-neçə dəyərli layihələri həyata keçirilmişdir, saz sənətinin, muğamın Azərbaycanın mədəni sərvəti UNESCO-nun bəşəriyyətin qeyri-maddi mədəni irsi siyahısına daxil edilməsi, habelə Novruz bayramının eyni statusa sahib olması H. Əliyev Fondunun Prezidenti, UNESKO və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın təşəbbüsü, təşkilatçılığı və gərgin zəhməti sayəsində mümkün olmuşdur.
Novruz bayramı baharın gəlişi şərəfinə qeyd edilir və yeni ilin qarşılanmasını bildirir. Novruz bayramının tarixi kökləri çox qədim dövrlərə-zərdüşt peyğənbərin zəmanəsinə aiddir. Bu isə təqribən 3700-5000 il deməkdir.
Novruzdan əvvəlki axır çərşənbə ərəfəsində tonqallar yandırılır və yaşından, cinsindən aslı olmayaraq, hər kəs bərəkətli odun üstündən yeddi dəfə tullanmalıdır. Tonqal özü sönəndən sonra onun külünü yığıb evdən uzağa aparırdılar .
Su ilə təmizlənmə-arx üstündən tullanmaq ötən ildə edilmiş günahları yumaq deməkdir.
Ənənəyə görə, bayramın birinci günündə hər kəs öz evində olmalıdır. Xalq içində deyirlər: “Əgər Novruzun birinci günündə öz evində olmasan, yeddi il evinə həsrət qalacaqsan”. Keçmişdə Novruz bayramı günündə evin bayır qapısı, bir qayda olaraq, bağlanmırdı. Novruzun birinci günü bütün gecə işıq yanır, çünki işığın sönməsi bədbəxtlik əlamətidir.
Ənənəyə görə, Novruzun birinci günü bahar, ikinci günü yay, üçüncü günü payız və dördüncü günü qış hesab olunur. Əgər birinci gün hava küləksiz və aydın olsa, deməli, il məhsuldar olacaqdır.
Novruz-Azərbaycan xalqının milli-mənəvi dəyərlərini özündə əks etdirən bayramdır.
Novruzun canı Novruz Bayramı günüdür. O, çərşənbə axşamına düşməyə də bilər. Novruz bayramına ən yaxın son çərşənbə öz möhtəşəmliyinə görə martın 20-21-də keçirilən Novruz bayramından geri qalmır.
II.Bölmə. Novruz bayramı münasibətilə keçiriləcək tədbirlər.
Novruz bayramı münasibətilə kitabxanada tədbirlərin keçirilməsi vacibdir. Belə ki, Novruz bayramı münasibətilə kitabxanada sərgilər, ədəbi-bədii gecələr və sair tədbirlərin keçirilməsi vacibdir.İlk öncə kitabxanada kitab sərgiləri hazırlanmalıdır.Sərgi müxtəlif başlıqlarda da ola bilər: “Novruzum, yazım mənim”, “Ətir nəfəsli Novruz”, “Elimə bahar gəlir” və sair.(başlıqlarda)
“Novruz gəlir-yaz gəlir” adlı sərginin sxemini veririk:
1.Başlıq. “Novruz gəlir-yaz gəlir”
2.Mövzuya aid şəkillər.
3.Sitatlar.
4.Dövrü mətbuatda çap olunan məqalələr.
5.Kitablar(Novruz bayramına aid)
6.Şeir parçası.
Sitatlar:
“Böyük mənəvi gücə malik olan Novruz bayramı ulu əcdadlarımızın bizə verdiyi ən gözəl yadigar olub, Azərbaycan xalqının milli ruhunun və yadaşının, onun daxili aləmini bütün zənginliyi ilə yşadır”.
Heydər Əliyev
Azərbaycan xalqının ümummilli lideri
“Novruz bizim ümummilli bayramımızdır. Mən hesab edirəm ki, indi artıq müstəqil Azərbaycan üçün bu bayram dan əziz bayram da ola bilməz. Ona görə də bu bizim xalqımızın hamısını eyni dərəcədə həm sevindirməlidir, həm də birləşdirməlidir”.
Heydər Əliyev
Azərbaycan xalqının ümummilli lideri
Şeir parçası:
Bayramlar bayramı
Ulu Novruz,
Qədəmlərin mübarək!
Göy üzündən işıq saçan
Günəşinə salam olsun,
Ulu Novruz!
Yellər əsən uca göyüm
Aydın olsun
Ulu Novruz!
Duz-çörəkli, mərd ürəkli
Oğulların min yaşasın,
Ulu Novruz!
Ocaqların gur qalansın,
Ulu Novruz!
Meydanın mərkəzində hamı yığılıb halay qurublar. Qonaqları Novruz bayramının ən şux obrazları olan Kosa və Keçəl qarşılayır. Müxtəlif yaşlı, milli geyimli bayram əhval-ruhiyyəliadamlar Kosanı dövrəyyə alıb bir ağızdan deyirlər:
A kosa- kosa gəlsənə,
Gəlib salam versənə,
Çömçəni doldursana,
Bizləri güldürsənə.
Dövrədəki adamlardan biri yumorlu tərzdə üz-gözünü oynada- oynada oxuyur:
Ay uyruğu-uyruğu,
Saqqalı it quyruğu.
Gör necə erkən gəlib,
Belində örkən gəlib,
Dövrədəki adamlardan bir başqası məzəli-məzəli deyir:
Bu kosa hardan gəlib?
Qurtarıb dardan gəlib.
Yağ verin yağlansın,
Bal verin ballansın,
Çoxsa bilib allansın.
Birdən kosa durduğu yerdə səndələyib yıxılır. Guya ölür. Üstünə su atırlar.Diksinib oyanır. Dövrədəkilər onu sorğu-suala tuturlar:
-A Kosa gəldiyin hardan bəridir?
-Şərurdan.
-Nə gətirdin ordan?
-Alma.
-Almanı neylədin?
-Satdım.
-Pulunu neylədin?
-Pələng aldım.
-Pələngi neylədin?
-Təhvil verdim zooparka.
Kosa ovsunlanır. Adamlar gülüşüb bir səslə deyirlər:
Bu dərd səni yandırır,
Bu dərd səni öldürür.
Düşmənləri üstünə
Güldürür, ay güldürür.
Kosa yıxılıb bayılır.Adamlar su atıb bir ağızdan oxuyurlar:
Başın sağ olsun, kosa,
Canın sağ olsun, kosa.
Arşın uzun, bez qısa.
Kəfənsiz ölməz kosa.
Kosa ayağa qalxıb çömçəsini qabağa uzadıb pay istəyir:
Qurbanın olum yaşıl çuxalı,
Qonaq gəlirəm çillə çıxalı.
Nabat, noğul, badam ver gəlsin,
Yeyim dizlərimə kar gəlsin.
Dövrədəkilər:
-Beş yumurta payındı
Əksiyini almayasan.
Xurcunu yaxşı doldur,
Əli boşda qalmayasan.
Kosa:- Qalmaram, ağa qalmaram,
Sonra Kosa “Kosanın payın verin, balın verin, yağın verin”,-deyə-deyə çömçəsini irəli tutub oynayır. Hamı əl çala-çala növbəylə oxuyurlar:
Beşinci adam:
-Mənim kosam oynayır,
Gör necə dingildəyir.
Ona qulaq asanın,
Qulağı cingildəyir.
İkinci adam:
-Mənim kosam canlıdı,
Qolları mərcanlıdı,
Qarnına əl vurmayın,
Kosam ikicanlıdı.
Üçüncü adam:
-Köhnə motal başımda,
Qələm oynar qaşında.
Yüz əlli beş yaşında,
Gör nə cavandı kosam.
Kosaya pay verib, xurcununu doldururlar. Kosanın kefi lap kökəlir.
Kosam bir oyun eylər,
Quzunu qoyun eylər.
Yeyər bayram düyüsün,
Payızda toyun eylər.
Kosa oynaya-oynaya oxuyur:
Azam, ay azam,
Doldur gətir qazanı.
Payını artıq verin,
Yola salın Kosanı.
Kosa qabaqda, arxasınca da dövrəsindəkilər oxuya-oxuya, oynaya-oynaya meydana çıxırlar:
Ay kosa-kosa, kosa-kosa,
Saqqalı yoldurma gəl,
Xurcunu doldurma gəl,
Xonça-nabat bizdə-
Novruz oldu, durma gəl!..
“Kosa-kosa” tamaşası bitincə aşıqların çal-çağır başlanır. Onların proqrama uyğun havalar ifa edirlər...
El bilir ki, sən mənimsən,
Yurdum, yuvam məskənimsən,
Anam doğma vətənimsən,
Ayrılarmı könül candan?
Azərbaycan! Azərbaycan!
SON
İstifadə edilmiş ədəbiyyat:
1.Azərbaycanın xalq bayramı Novruz.-Bakı: Təhsil, 2011.-208s.
2.Azərbaycanda Novruz .-Bakı: Çıraq,2012.-271s.
3.Əhmədov Ə. Novruz süfrəsi.- Bakı: Azərnəşr,2011.-80s.
4.Novruz: Ənənə və müasirlik [Mətn]: Novruz bayramına həsr olunmuş Elmi Konfransının materialları.- Bakı: Nəşriyyat Poliqrafiya Mərkəzi, 2001.-Burax.1-96s.
5.Novruz bayramı ensiklopediyası.-Bakı: “Şərq-Qərb”.-2008.
6.T.Bünyadov.Novruz bayramının tarıxi kökləri.Novruz. Şeirlər, Xalq tamaşaları.
Dostları ilə paylaş: |