ŞƏMİstan nəZİRLİ arxiVLƏRİn siRRİ AÇilir


Alışdı zirvələr, yandı dağ-dərə



Yüklə 2,48 Mb.
Pdf görüntüsü
səhifə35/41
tarix31.01.2017
ölçüsü2,48 Mb.
#7085
1   ...   31   32   33   34   35   36   37   38   ...   41
Alışdı zirvələr, yandı dağ-dərə, 
Bir küskün Günyazın küskünlüyünə. 
 
Qoyuldu məzara gözəl şəxsiyyət, 
Oyuldu gözlərdə xoş səmimiyyət, 
Yazıldı ülviyyət, həm əbədiyyət, 
Bir yetkin Günyazın yetkinliyinə. 
 
Aşıq Kamandar 
* * * 
 
Bir qoşmanın iki sözü, 
Bir ocağın qoşa közü, 
Qardaşıdı Günəş özü, 
Günyaza bax, Günyaza sən. 
 
İslam Sadıq 
* * * 
 
Gözü yoxdur yad aşında Vurğunun, 
Torpağında, ya daşında Vurğunun, 
Bir ad yaşar yaddaşında Vurğunun, 
Günyazındır, Günyazındır, Günyazın. 
 
Vurğun Əyyubov 
 

* * * 
 
Yox, Günyaz yaşayır, ölməyib hələ, 
Min Günyaz olsa da, bu azlıq edər, 
O gərək təzədən qayıdıb gələ, 
Bizim aramızda knyazlıq edə. 
 
Mobil Quluzadə 
  
Şair Vaqif Cəbrayılzadə: 
- Heç kəsə göstərmədiyi, hər cür imkanı ola-ola çap etdirməkdən çəkindiyi 
şerləri onun övladlarıydı... Şerləri onu sinəsində dərd balalayan, dərdlə canbir olan, 
ayrılıq sazını özü çalan, səhralarda Məcnun kimi öz bəxtiylə yarışan, fələklə 
dağların oyununa baxmaq üçün bu dünyaya gələn, budaqlar çiçəkdən bar alan kimi 
torpağı canından baralan Günyazı ata kimi tanıyırdılar. 
Biz isə onu vaxtsız ağarmış, ancaq şuxluğunu, gəncliyini saxlayan 
saçlarından tanıyırdıq. Dünyanın hər şeyini bilə-bilə adamlara diqqətlə və səbrlə 
qulaq asardı, belə diqqət, belə səbr ancaq Günyaz müəllimdə ola bilərdi. 
Şerimizdə Araz mövzusu haqqında dediyi sözlər heç vaxt yadımızdan 
çıxmayacaq. 
-  Dünyanın işini bilmək olmaz. Bəlkə yüz il, iki yüz il bundan sonranın 
adamları bu xalqın Araz adlı yarası olduğunu ancaq şairlərin şerlərindən bildilər. 
Araz mövzusunun vacibliyi haqqında bəlkə heç kəs bu dəqiqliklə söz 
deməyib. 
 
 
...bizdədi, 
Şəki, Şirvan bizdədi. 
Günyaz özü bu tayda - 
Ürəyi Təbrizdədi. 
 
... bizimdi, 
Şimal, Cənub bizimdi. 
Azərbaycan gözlərim - 
Giləsi Təbrizimdi. 
 
Günyaz Nəzirli poeziyasının mövzusu əsasən məhəbbətdir. Açıq, saçıq 
məhəbbət və olub-olacaq məhəbbət. Kimsə bu şerləri oxuyanda dinləyici istər-
istəməz diqqət kəsilir. Məhəbbətin ülviliyi odunda bir an, bir saat da olsa qovrulur, 
qeyri-ixtiyari özünün ilk sevgisini xatırlayır. Ona görə də Günyaz şeri hələ çap 
olunmamış dillərdə oxunur, ciblərdə qat kəsmiş kağızlarda gəzir. Belə “dərc yolu” 
Günyazın dostlarının, onu sevənlərin xidmətidir. 
 
* * * 
 

Bir günorta üstü redaksiyamıza cavan bir oğlan gəldi. Tanış olduq. Sovet 
İttifaqı Qəhrəmanı Mərdan Musayevin oğlu idi. Atası haqqında veriliş hazırlamağı 
planlaşdırdıq. Birdən zəndlə dönüb mənə baxdı. 
- Siz Günyaz Nəzirlinin qohumu deyilsiniz? - deyə soruşdu. Məndən  “hə”  
cavabı  alandan  sonra dərindən köks ötürüb: 
- Məndə - dedi - mərhumun öz əlilə yazıb bağışladığı şerləri var. Biz yaxın 
dost idik. 
- Hansı şerlərdi, yadında varsa... 
 - 
Niyə yadımda deyil, onun şerlərini unutmaqmı olar, mənim üçün onları 
bir-iki dəfə eşitmək, ya da oxumaq kifayətdir, - deyən Tariyel Günyazın 
“Görmüşəm”,  “O mənəm,  o sənsən”,  Qayıtmaz daha” və başqa şerlərini bir 
nəfəsə əzbər söylədi. 
- Günyazın - dedim, - bütün külliyyatı məndədir, onun öz əlilə bağladığı şer 
çələngində   sizin   dediyiniz   şerlər yoxdur.   Görüşək,   mən   onların   üzünü 
köçürüb kitabına daxil edim. 
- Mən onları cib dəftərçəmə köçürmüşəm, yaddaşıma isə əbədi həkk 
etmişəm. Əlyazmalarını sizə məmnuniyyətlə qaytara bilərəm. 
Səhərisi, dediyi vaxtda Tariyel Musayev həmin şerlərin əlyazmasını da 
gətirdi. 
 
* * * 
 
Günyaz öz əlilə tərtib etdiyi poeziya çələnginə 15 may 1958-ci ildə yazdığı 
ilk şeri “Sənsiz” dən başlayıb. Şerə bircə çümlə də izahat verib: “Cavanlığımda bu 
qoşmanı kimə oxuyurdum, deyirdilər, guya M.P.Vaqifdən oğurlamışam...” 
 
Sənsən ilk rübabı sinəmdə sazın, 
Sənsən ilk müjdəsi baharın, yazın! 
Eşqinlə yaşayan - sənin Günyazın 
Bircə an, bircə gün yaşarmı sənsiz? 
 
Günyaz Nəzirlini həmişə məhəbbətlə, yana-yana xatırlayan şair Məmməd 
Aslan deyir ki, Günyazın gözündə, xəyalında bir qızın əbədi sevgisi yaşardı. O qız 
kim idi, bizə məlum deyildi. Bəlkə də çirkin idi, bəlkə də elə-belə az-çox gözəlliyi 
vardı. Amma Günyaz bütün qızlardakı gözəlliyi o qızda - öz sevgi ilahəsində 
cəmləşdirmişdi. Başqa bir qızdakı gözəl birçəyi, ilahi gözləri, aypara qaşı öz 
gözəlində təsvir edirdi, ona poetik nəfəs verirdi. Bizim tanıdığımız qızlardakı yaxşı 
keyfiyyətləri də Günyaz öz poeziya gözəlinə məharətlə köçürə bilirdi. Biz də 
Günyaz poeziyasının gücü ilə o qızı tanısaq da, tanımasaq da sevirdik. 
Günyaz şəxsiyyəti, Günyaz təmizliyi... 
İnsanın üzündə nə qədər nur olarmış, İlahi? Günyaz başdan-başa nur 
yağışında xəyalımda, huşumda yaşayır və həmişə də yaşayacaq... 
1928-ci ildə Qazax rayonunun Muğanlı kəndində dünyaya gələn Günyaz 
Osman oğlu Nəzirli 1987-ci il yanvarın səkkizində çıraq kimi qəfil söndü. O, Kür 
qırağındakı Şıxlı kəndinin qədim qəbiristanlığında qara torpaqa qovuşdu. 

 
Künyaz, ölüm nədir - gətirdin yada, 
Yaşamaq gözəldi - ölüm olsa da! 
Neçə ki, gözəl var gözəl dünyada- 
Bulud tək boşalıb-dolmağa dəyməz! 
 
Günyaz Nəzirlinin imzası ədəbiyyat aləmində çox az tanınırdı. O, lirik 
qoşma, gəraylı və müxəmməslər müəllifi idi. Ara-sıra qəlbini qəm çulğayanda 
bayatılar da qoşardı. Mətbuatda ilk qoşmaları Cənubi Azərbaycan üçün çıxan 
“Səhər” jurnalında (№ 8, mart 1984) dərç olunub. Bizə yadigar qoyduğu dörd 
qovluq külliyyatından əl boyda bir vərəq və iki səhifəlik vəsiyyət çıxdı. Vərəqdə 
“baş daşıma yazılsın” sözlərindən sonra üç bənd bayatı yazıb: 
 
Aylar, illər ötəndi, 
Ömür sona yetəndi. 
Torpağına baş qoydum - 
Vətən yenə Vətəndi. 
 
Sinə daşı - baş daşı, 
Necə tapıb daş-daşı! 
Gəlmiş idim, qayıtdım - 
Nəyə gərək göz Yaşı! 
 
Ağlamışam, gülmüşəm - 
Elə bilmə ölmüşəm! 
Sinəm dərdlə dolmuşdu 
Bu torpaqla bölmüşəm. 
 
“Seçmələr” adlı şer dəftərinin ilk səhifəsində Günyaz Nəzirli “Etiraf” adlı ön 
sözündə özü haqqında təfsilatı ilə məlumat verir. Onu olduğu kimi oxuculara 
təqdim edirəm: 
“Nə aşıq olmuşam, nə şair. Adicə şer hevəskarı idim. Uşaqlıqdan sazı 
sevmişəm, amma çala bilməmişəm. 
Çox erkən - on-on iki yaşımdan şer yazmışam, daha doğrusu, uydurmuşam. 
Yazdıqlarım özümü qane etmədiyindən bu həvəsimdən uzaqlaşmağa çalışmışam; 
arabir pyesə əl atmışam, rəsm çəkmişəm, səhnəyə çıxmışam, orta məktəbdə.  
Jurnalist təhsilim var. Qəzet-jurnal səhifələrində ara-sıra imzam görünüb. 
Lakin poeziyaya olan məhəbbətim bütün arzularıma üstün gəlib. Di gəl, cəsarət 
etməmişəm. Bir müddət susmuşam. Nəhayət, qırx-qırx beş yaşlarında yenə şerə üz 
tutmuşam... Ona görə belə deyirəm ki, “üz tutmaq” hələ şerdən “üz görmək”deyil. 
Gözəlliyi çox sevirdim. Bəlkə də bu səbəbdən qələmim qoşma yazmağa 
öyrəndi. Axı, məndə bu həvəsi M.P.Vaqifin şirin qoşmaları oyadıb. Onun kimi 
yazmağa çalışmışam, amma onun kimi deyə bilməmişəm... 
Şerlərimdə bəzən həyatımdan “şikayətim” də olub, necə deyərlər, 
“sızıldamışam” da. Əslində bu “şikayət-sızıltılar” mənim deyil, danışdığım dilim 

zəngin leksikonunun - sözün məna çalarlarının “sızıltıları”dır. İstəmişəm, sözləri 
“sevindirdiyim” kimi, bir az da “kövrəldim”. Söz də insan kimi qəmlənsin. Sevinc 
olan yerdə kədər də olur... Məndən soruşsalardı: poeziyaya necə baxıram? 
Deyərdim: gözəl şerdən əvvəl gözəl şair yaranır. Deməli, yaranan özü həm də 
yaradan olur. Yaradan isə yaratdığını heç vaxt şikəst istəməz. Şer gözəllikdir, gəlin 
kimi sığal sevir. Bu fikri qoşmalarımın birində belə demişəm: “Şairsən - sığal ver 
gözəl sözə sən”. 
Günyaz Nəzirlinin şerlərinə və şəxsiyyətinə yaxşı bələd olan mərhum xalq 
şairimiz Osman Sarıvəlli 1979-cu ildə ona həsr etdiyi “Bizim Günyaza” adlı 
şerində yazır: 
 
... Lakin mən dediyim ayrı Günyazdır, 
Misli-bərabəri onun çox azdır. 
Biz eyni iqlimdə tapdıq pərvəriş, 
Onun qışı qışım, yazı yazımdır. 
Başqa Günyazlarla yoxdur oxşarı - 
O mənim öz dostum, öz Günyazımdır. 
        
İşıqlı dünyamızdan vaxtsız gedən, dostlarının zarafat-doğru “yaxşı adamların 
yaxşısı” - deyə qiymətləndirdiyi Günyaz Nəzirlidən bizə çoxlu şerlər, qoşmalar, 
bayatılar, mahnı mətnləri, publisistik yazılar, iki səhnə əsəri qaldı. 
Amma bu bir həqiqətdir ki, elini-obasını dünyalarca sevən şair ölmür. Bunu 
Günyaz özü də deyib şerlərinin birində: 
 
Bu dünyadan köçməyimə baxma sən – 
Əbədiyəm, ölməmişəm, sağam mən! 
İstəmişəm yağış olub, sən gəzən 
O yerlərə göz yaşımla yağam mən! 
 
Günyazın həmişəyaşar qoşmaya, lirik şerə müraciət etməsi təsadüfi deyildi. 
O, ulu həmkəndlisi Molla Vəli Vidadinin, Mustafa ağa Arifin və Kazım ağa Salik 
Şıxlinskilərin poeziyasından qidalanıb. 
Bizdən ayrılıb haqq dünyasına qovuşan Günyazın haqqında düşünürəm, 
onun bu dünyamızda nəyi qaldı: oğlumu, qızımı, nəvə-nəticəsimi?.. Təəssüf ki, 
Günyazımıza tale bunun heç birini qismət eləmədi. Amma təsəllimiz də var ki, onu 
bu dünyada heç vaxt unutmayan dostları qaldı. Saf bir ömür yaşayan Günyazımızı 
dostları ülvi bir məhəbbətlə hələ də yad edirlər. 
 
13 fevral, 1987-ci il. 
  
“AY ÇİÇƏK”  
MÜƏLLİFİ İLƏ GÖRÜŞ 
 
Artıq ötüb keçmiş illər o gündən, 
Neçə yol açmışdır güllər o gündən. 

Demə ki, yadımdan çıxdın, ay Çiçək, 
Niyə gülümsəyib baxdın, ay Çiçək? 
 
Bu mahnını dəfələrlə eşitmişəm. Hər dəfə mənə elə gəlib ki, müəllif 
Gəncənin, Göyçayın məşhur çinarlarını tərənnüm edib. Mənə elə gəlib ki, yel əsdi, 
titrədi, səsləndi şamlar, - yazan müəllif məhz ulu Şirvanı və onun əsrarəngiz 
təbiətini nəzərdə tutub. Lap bu yaxınlarda bildim ki, şerdə Şirvan yox, onun ulu 
qardaşı Muğan tərənnüm olunur. Hadisə də bu torpağda olub, şer də bu torpaqda 
boy atıb cücərib, dillər əzbəri olub. Amma heç vaxt ağlıma gəlməzdi ki,  “Ay 
çiçək” şerinin müəllifi Ukrayna şairidir. İki il əvvəl xalq şairi Nəbi Xəzrinin Petro 
Qoretskinin kitabına yazdığı müqəddimədə bu fakta rast gələndə təccübləndim və 
tərcümənin məharətinə heyran qaldım. Respublikamızda xalq mahnısı kimi şöhrət 
tapmış “Ay Çiçəy” in demə müəllifi varmış... 
 
*** 
 
Qeydiyyatdan sonra Truskavetsin əsrarəngiz təbiətində gəzmək istədim. 
Qərbi Ukraynanın bu guşəsinə təbiətin fusunkar gözəlliyi səxavətlə bəxş olunub. 
Hara gedirsən, nəyə baxırsan könülaçan mənzərənin şahidi olursan. Bir-birinə arxa 
olan Karpat dağlarının yam-yaşıl ormanları insanı valeh edir. 
Axşamüstü toran qovuşanda dəmir darvazanı açıb pansionatın sakit guşəsinə 
daxil oldum. Cəmi on dörd yazıçının istirahət edib, müalicə olunduğu “Naftusiya” 
pansionatında nəinki həmyerlimiz, heç Zaqafqaziya respublikalarından belə 
nümayəndə yox idi. 
- Siz Bakıdan gəlmisiniz? 
Alaqaranlıqda eşitdiyim səsə geriyə döndüm.  Dərhal da “bəli” deyə çavab verdim. 
- Görüşək - dedi, - biz “həmyerliyik”, Petro İqnatyeviç Qoretski - çox şadam 
ki, “həmyerlimə” rast gəldim. 
- Familiyanız - dedim, - nəsə mənə tanış gəlir, amma harada, nə vaxt 
tanış... 
- Biz elə indi tanış oluruq. Görünür, siz   mənim   familiyama   1984-cü   ildə 
Azərbaycanda çıxan “Ay çiçək” kitabımda rast gəlmisiniz. 
- Hə, xatırladım, demək “Ay çiçəy”in müəllifi sizsiniz? 
- Bəli, bəs yox yerdən demirəm ki, biz “həmyerliyik”. Azərbaycanlı   
görəndə, onunla söhbət edəndə elə bilirəm ki... 
 
Nəğmə dinləyirəm Odlar elində, 
Könül belə yerdə gəlməzmi cuşa? 
Muğan cöllərində köhlən belində 
Yenə də Vurğunla səkirik qoşa... 
 
Petro Qoretski 1919-cu ildə Ukraynanın Marinski rayonunun 
Maksimyanovka kəndində doğulsa da, Azərbaycanı özünə Vətən sayır. O, 1939-cu 
ildə Ordu sıralarına çağrılanda Prişib sərhəd zonasında hərbi xidmətdə olub. 

İmişlinin Qaradonlu kəndindəki komendaturada siyasi şöbə rəisi müavini işləyən 
Qoretski bu yerin adamlarını indi də hörmət və məhəbbətlə xatırlayır. 
Qaradonluda xidmət edəndə bizim komendaturanın yanında poçt idarəsi 
vardı. Atası poçtalyon işləyən Fatma
71
 adlı bir qız çox vaxt atasının əvəzində poçtu 
aparmağa gəlirdi. Mən də hər gün hissəmizə aid olan məlumatları orda qəbul 
edərdim. 
On dörd - on beş yaşlı Fatma rus dilini zəif bilsə də çox zərif və lətafətli 
danışardı. Onun kənd qızlarına məxsus dağınıq birçəkləri həyalı yanağını tül kimi 
örtərdi. Bu lirik təəssüratın gücü ilə, çiçəklərin timsalında, 1943-cü ildə 
Azərbaycan qızı Fatmanın obrazını yaratdım. İndi illər keçsə də, Muğanı və onun 
gözəlliklərini xatırlayanda istər-istəməz Fatmanı da yada salıram. 
Petro İqnatyeviç, - dedim dostunuz Nəbi Xəzri haqlı olaraq yazır ki, 
Ukrayna şairinin sədaqət və məhəbbət mahnısı Azərbaycan xalqının ürəyində 
isinərək səmimi və şirin bir nəğməyə çevrilib dillərdə səslənir. Bu, əsl dostluq 
nəğməsidir. 
- Əlbəttə, bir müəllif kimi mən buna çox şadam. Şerimin Azərbaycanda belə 
şöhrət tapmasında şair dostum Nəbi Xəzriyə və həvəskar bəstəkar Xaləddin 
Xəlilova, bir də onu ifa edən müğənni Ramiz Hacıyevə, Qulu Əsgərova 
minnətdarlığımı bildirirəm. 
- Azərbaycanda neçə il hərbi xidmətdə olmusunuz? 
- Dörd il. Sonra cəbhə yollarından keçdim. Bir müddət ölkəmizin müxtəlif 
şəhərlərində xidmətdə  oldum.. Astaralı Həsənlə mənim Ukraynam uğrunda çiyin-
çiyinə vuruşduq. 1956-cı ildə yaradıcılıq ezamiyyətinə Azərbaycana getdim. Nə 
gizlədim, doğma Muğanın qonaqpərvər və mehriban adamları üçün yamanca 
darıxmışdım. Bir vaxt qulluq elədiyim yerləri gəzdim, dostlarımla görüşdüm. 
Bakıda Nəbi Xəzri ilə görüşdüm, tanış oldum. Nəbi mənə dedi ki, bəlkə 
Azərbaycan haqqında şeriniz var? O vaxtlar Nəbi “Azərbaycan” jurnalında 
işləyirdi. “Ay çiçək” şerimi ona verdim. Şer jurnalın onuncu nömrəsində dərc 
olundu. İkinci dəfə gələndə Nəbi dedi ki, Petro, sənin şerinə mahnı yazılıb, indi sən 
Azərbaycanda məşhursan. 
Ukraynanın Rusiyaya birləşməsinin 300 illiyi yubileyində Azərbaycanda 
Ukrayna ədəbiyyatı həftəliyi keçirilirdi. Orada bizim məhşur söz ustalarımızdan 
Leonid Vışeslavski, Aleksandr Pitsuxa, Dmitri Belorus, İqor Muratov və başqaları 
iştirak edirdilər. Azərbaycan Elmlər Akademiyasında keçirilən poeziya axşamında 
ilk sözü mənə verdilər. Bu görkəmli şairlərin arasında ilk sözün mənə verilməsi 
böyük fəxr idi. Dmitri Belorus zarafatla dedi ki, ilk sözü Petroya ona görə veririk 
ki, bizim Ukrayna hamı onu Azərbaycan şairi kimi tanıyır. Mən yolda yazdığım 
“Salam, Bakı” şerimi oxudum. 
 
Sənin hər bir küçən, hər bir meydanın, 
Musiqiylə dolu, axarla dolu. 
                                                 
71
  Əlli ildən sоnrа P.Qоrеtskinin “Аy çiçək” şеrini həsr еtdiyi Fаtmа Таlıbоvаnı ахtаrıb tаpdım. Şаiri 
rеspublikаmızа dəvət еtdim. Sаbirаbаd rаyоnunun Əbdülyön kəndində yаşаyаn səkkiz uşаq аnаsı Fаtmа ilə şаiri 
görüşdürdüm. P.Qоrеtski bu аilədə çох mеhribаn qаrşılаndı - müəl. 
 

 
Bakı, sənin ruhun, sənin lisanın, 
Sabirin ruhudur, Vurğunun dili. 
 
Şerim qartal kimi havalan bu an,. 
Dostun ümmanına qarış, ilhamım. 
Bakı, mənim sənə, bil, Ukraynadan 
Çox-çox salamım var, 
qardaş salamım. 
 
- Petro İqnatyeviç, tərcümə ilə məşğul olursunuzmu və Azərbaycan 
şairlərindən kimləri tərcümə etmisiniz? 
- Təkcə Azərbaycan yox, rus və belorus şairlərinin şerlərini də Ukrayna 
dilinə çevirmişəm. 
1954-cü ildə Bakıda olanda Səməd Vurğun, Mehdi Hüseynlə, Mirzə 
İbrahimovla və Süleyman Rüstəmlə tanış oldum. Özümlə gətirdiyim “Colten” / 
“Oktyabr”/ jurnalında Səməd Vurğunun “Səadət nəğməsi” şerini Ukrayna dilinə 
tərcümə etmişdim. Onu böyük şairə təqdim etdim. Səməd Vurğun: “Oxuyun, 
görüm - dedi - Ukrayna dilində necə səslənir?” Oxudum. Şair təşəkkür edib 
razılığını bildirdi. 
- Daha hansı Azərbaycan şairlərinin şerlərini Ukrayna dilinə tərcümə 
etmisiniz? 
- Süleyman Rüstəmin, Əhməd Cəmilin, Mirvari Dilbazinin, Rəsul Rzanın, 
Zeynal Cabbarzadənin, Bəxtiyar Vahabzadənin poeziyasından numunələri tərcümə 
etmişəm. 
1981-ci ildə Nəbi Xəzrinin “Şerlər” kitabını çap etdirdim. İş elə gətirdi ki, 
həmin il özümün də şerlər kitabım tematik plana düşdü. Nəşriyatda mənə dedilər 
ki, bir ildə həm tərcümənizi, həm də şerlər kitabınızı çap edə bilmərik. İkisindən 
biri qalmalıdır. Onda mən öz kitabımı geri götürdüm. Dedim, qoy dostum Nəbinin 
kitabı çıxsın. Öz kitabım isə 1982-ci ilə qaldı. 
Bir neçə il əvvəl Minskdə Yanka Kupalanın 90 illik yubileyində Nəriman 
Həsənzadə ilə tanış oldum. O, mənə şerlər kitabını bağışladı. Nəriman şerlərinin 
axıcılığı, onlardakı hiss-həyacan məni bir şair kimi valeh etdi. Özünü isə səmimi 
bir insan kimi sevdim, vuruldum ona. Artıq Nərimanın dörd şerini tərcümə 
etmişəm Ukrayna oxucularını onun ürəyə yatımlı şerləri ilə sevindirəcəyəm, ayrıca 
kitabını hazırlayıram. 
- Azərbaycan mövzusunda gələcək planlarınız? 
- Bəxtiyar Vahabzadənin şerlər kitabı artıq hazırdır. Nəşriyata təqdim 
etmişəm. Nəbi Xəzrini bizim Ukraynada sevir və maraqla oxuyurlar. Altı il əvvəl 
çıxan kitabı az bir vaxtda satıldı.Ona görə də yeni, daha samballı nəşrini 
hazırlayıram. 
- Bütün bunlarla yanaşı, mənə Ukraynam qədər doğma olan Azərbaycanı 
tərənnüm etməkdən nə yoruluram, nə də doyuram. akılılar  haqqında  silsilə   şerlər 
üzərində işləyirəm. 
- Azərbaycanda sonuncu dəfə nə vaxt olmusunuz? 

- Son üç ildə iki dəfə getmişəm. 1986-ci ilin payızında və 1986-cı ilin 
yazında. Mən Azərbaycanın bütün fəsillərini görmüşəm və sevmişəm. Hər dəfə 
gələndə Muğanı,  Qaradonlunu,  Biləsuvarı, Xan Arazın sahillərini qarış-qarış 
gəzirəm. Bunun də səbəbi var. Məqsədim ötən illərdə olduğum Muğanı elə-belə 
gəzmək deyil. Muğan haqqında roman yazmaq istəyirəm. Azərbaycana, onun 
füsünkar təbiətinə yüzdən çox şer yazmışam, yenə də ürəyim soyumur. Mənə belə 
gəlir ki, sözümün hamısını deyib qurtarmamışam. 
Mənim Muğanda olmağım müharibənin ilk illərinə təsadüf edir. O illərdə 
Azərbaycan xalqının cəbhəyə köməyini, ağır pambıq işində gecəli-gündüzlü əzmlə 
çalışanların şahidi olmuşam. Bu sadə zəhmət adamları necə də cəsur idilər. 
Romanda hünərvər Muğan camaatının güzaranını təsvir edəcəyəm. Sərhəddə olan 
hadisələr də burada öz əksini tapacaq. Muğanlıların min bir əziyyətlə qazandıqları 
çörəyi öz boğazlarından kəsib cəbhəyə göndərmələrinin mən şahidi olmuşam. 
Bəzən yuxum ərşə çəkilir, yata bilmirəm. Yadıma bilirsiniz nə düşür? 
Yazbaşı Qaradonludan Biləsuvara qədər olan çöldə qanqırmızı lalələrin Xan 
Arazdan əsən mehdən azacıq titrəməsi. Cəmi on-on beş gün bizim zastavanın dörd 
yanı lalələrdən cənnət olardı. Sonra ulu Muğanın tamam yeni bir mənzərəsi peyda 
olardı. 
 
Əriyib getsə də illər uzaqda... 
Ancaq xatirimə gəlir ki, bu dəm: 
O Qaradonluda, elə bu çağda, 
Yasəmən ətrindən şərbət içmişəm. 
 
Yaşıl, taravətli çinarsa, fəqət, 
Yenə də oxuyur əvvəlki kimi. 
Şerimdə, nəğməmdə bir 
kövrək həsrət, 
Yandırır, dindirir bu gün qəlbimi. 
 
- Petro İqnatyeviç, bəs Ukraynada necə, sizin şerlərinizə musiqi yazılıbmı? 
- Əvvala onu deyim ki, Ukrayna mərkəzi mətbuatında ilk şerim 1937-ci ildə 
çap olunub. “Boqatır haqqında mahnı” şerim məhşur xalq qəhramanı Nikolay 
Şorsa həsr olunub. Bəstəkar isə bu mahnıya “Sıx ağcaqovaq altında” adı verib. 
Azərbaycanda “Ay çiçək” xalq mahnısı olub, bu da Ukrayna xalq mahnısı kimi 
şöhrət tapıb. Hər iki mahnıda adım çəkilməsə də xoşbəxtəm ki, hər iki xalqın 
qəlbində, dilində sözlərim mahnıya çevirilib, dillər əzbəri olub. Məni düzgün başa 
düşün, bunu təsəlli üçün demirəm. Hələ altmışıncı illərin əvvəlində dostum Nəbi 
Xəzri deyəndə ki, Petro, şerinə musiqi yazılıb, sən Azərbaycanda məşhursan, bu 
sözlər qəlbimin dərinliyində hələ də şirin bir laylay kimi yaşayır. 
İllər keçdi, yaşımın üstünə yaş gəldi. Yetmişi haqlayıb qocaldım. Amma əlli 
il əvvəl Muğanın qoynunda gördüyüm çiçəkləri, qan-qırmızı lalələri hələ də unuda 
bilmirəm. Mən ölkəmizin elə bir guşəsi yoxdur ki, orada olmayım. Qarlı Sibirdən 
tutmuş günəşli Azərbaycana, Ukraynaya qədər gəzib görmüşəm, çox yerlərdə hərbi 
xidmətdə olmuşam. Hər yerin gülünü, çiçəyini görmüşəm, ətrini dadmışam. Nə 

gizlədim, Muğanda bitən nadir və gözəl çiçəkləri heç yerdə görməmişəm. Ona görə 
də Azərbaycan çiçəyinə şer yazmışam. 
 
Truskovetsk-Bakı  
1988-ci il 
  
 

ETİRAF EDİRƏM QƏLBƏN
”... 
  
Bir səhvimi yadıma salanda heç vaxt özümü bağışlaya bilmirəm. Bu səhv on 
altı ildir qubar olub ürəyimi didir, parçalayır. Elə bir tarixi şəxsiyyətin, əvəzsiz 
insanın yaradıcılığında səhv iş tutmuşam ki, yadıma düşəndə məni od götürür. Mən 
bununla gələcək tədqiqatçıları da çaş-baş salıb onları pis vəziyyətdə qoya bilərəm. 
Ona görə də fikirləşdim ki, neçə ki, sağam, möhtərəm oxucular qarşısında, Səməd 
Vurğunun pak olan ruhu naminə bu səhvimi etiraf eləməliyəm. 
1976-cı ildə böyük şairin uşaqlıq və seminariya dostlarını dinləmək üçün 
Qazağa getdim. Mərhum Mirqasım Əfəndiyev kimlərlə mütləq görüşməyi qeyd 
dəftərçəmə bir-bir yazdırdı. 
- Bir başa Qazax rayon Partiya Komitəsində üçüncü katib işləyən Qəmbər 
Orucovun yanına get, - dedi, - ona sənin haqqında demişəm. Nə çətinliyin olsa 
sənə kömək edəcək... 
Qəmbər müəllimin doğrudan da şairin dost və qohumları ilə görüşməkdə 
mənə çox böyük köməyi oldu. 
İşimi qurtarıb Qəmbər müəllimə təşəkkür eləməyə getdim. Bir ağsaqqal, 
xeyirxah adam kimi ona minnətdarlığımı bildirdim. Məni diqqətlə dinləyən 
müsahibim: 
- Bir de görüm, kimlərlə görüşdün? - deyə, məndən soruşanda şairin bibisi 
qızı Qızxanım Axundovanın, uşaqlıq dostu meşəbəyi Cəfəroğlu Mahmudun, əmisi 
oğlu Rüstəmağa Vəkilovun, müəllimi Əli Əliyevin, Abdulla Babanlının, 
seminariya dostu Hüseyn Nəsibovun, Əhməd Əhmədovun, Əsgər 
Xasməmmədovun, həmkəndlisi Mahmud Alıoğlunun, aşıq Məhəmməd Şıxlının və 
başqalarının adını çəkdim. 
Bəs Mirpaşa Nəsibov? Onunla görüşmədin? 
- Yox, - dedim, - o tay Saloğluda yaşayır, yolu uzaqdı, ismarıc da göndərdik 
gəlmədi. Bizim maşının da benzini yoxdu, qalsın gələn dəfəyə. Bir də... 
Qəmbər müəllim: 
- İnanıram ki, Mirpaşa müəllimə xəbər çatmayıb. O, Səməd Vurğunun adını 
eşitsə mütləq gələrdi. Nə danışırsan, - dedi. - O tay Qarayazıdan bu yağışda, 
qiyamətdə səksən beş yaşlı ağsaqqal Cəfəroğlu Mahmud Səməd Vurğunun adını 
eşidən kimi dilbozunu minib, haray-həşirlə axan Kürü keçib gəlib. (Dörd gün ara 
verməyən yarışlara görə o tay Qarayazıya gediş-gəliş tamam kəsilmişdi.) Yox, sən 
Mirpaşa müəllimlə mütləq görüşməlisən, yoxsa heç yerə, Bakıya-zada buraxan 
deyiləm. Qal, sabah maşını mən özüm təşkil edəcəm, axşam da yola salacam 
Bakıya... 

Əslində xeyirxah Qembər müəllimin təklifi ürəyimcə idi. Bu maraqlı adam 
haqqında çox eşitmişdim, amma onunla söhbət eləmək qismət olmamışdı. 
Uzaqdan-uzağa elə-belə tanıyırdım ağsaqqalı. Rayonda ona hamı Səməd Vurğunun 
yaxın dostlarından biri kimi hörmət və ehtiram göstərirdi. Toy məclislərində 
Mirpaşa müəllim mütləq Səməd Vurğunun və özünün yazdığı şerlərlə sağlıq 
deməyi xoşlardı. 
Səhər tezdən komsomolun birinci katibi Qasım Əliyevlə birgə o tay 
Saloğluya Mirpaşa müəllimin görüşünə getdik. 
 Mirpaşa Nəsibov söhbətinə çox-çox uzaqlardan başladı: Qazağın qədim 
tarixindən, görkəmli maarifçi Əhmədağa Mustafayevdən, şairin ulu babalarından 
bildiyini, eşitdiyini bizə söylədi. Nəhayət, mən söhbətin yönünü dəyişib seminariya 
illərinə gətirdim. Onda Mirpaşa müəllim fəxrlə dedi ki, məndə Səməd Vurğunun 
heç yerdə dərc olunmamış bir şeri var. 
- Nə vaxt yazıb? - deyə soruşdum. 
- Seminariya illərində, Dürrəyə dəlicəsinə vurulan vaxtı. Amma şeri Sizə 
verməyəcəm. Yetmiş illik  yubileyidi, özüm dərc etdirəcəm. 
- Nə  olar  -  dedim,  özünüz bilən məsləhətdir. 
Seminariya illərindən maraqlı epizodlar danışan Mirpaşa müəllim birdən nə 
fikirləşdisə: 
- Yaz - dedi, - şeri də deyim, yaz. Bu əhvalatdan sonra da şeri dərc etdirmək 
yerinə düşər. (Mirpaşa Nəsibovun danışdığı əhvalat inandırıcı olmadığına görə 
“Ulduz” jurnalının redaktoru Əhməd Cəmil ixtisar eləyib ancaq şeri saxladı, - 
Ş.N.) 
Mən şeri da yazıb götürdüm.  
Yüklə 2,48 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin