ŞƏMİstan nəZİRLİ arxiVLƏRİn siRRİ AÇilir


Hörmətlə: Qılman Musayev”



Yüklə 2,48 Mb.
Pdf görüntüsü
səhifə37/41
tarix31.01.2017
ölçüsü2,48 Mb.
#7085
1   ...   33   34   35   36   37   38   39   40   41

Hörmətlə: Qılman Musayev”. 
  
Bu qısaca, səmimi məktubun təsirindən məni kövrək hisslər bürüdü. Özüm 
də hiss eləmədən gözlərim yaş dumanı ilə doldu. Kapitan Stasenko isə mənə təsəlli 
verib, bir de görüm orda nə yazılıb, - deyə məndən əl çəkmədi. Mən Qılman 
müəllimin məktubunu bacardığım qədər rus dilinə tərcümə elədim. 
Kapitan maraqla soruşdu: 
- Bu yazıçı sənin nəyindir? 
- Şəxsi tanışlığımız yoxdur - dedim. 
- Əsərlərini oxumuşam... 

Kapitan: 
- Stranno, stranno - deyib duruxdu, - daje denqi vernul, i eşe obeşayut do 
kontsa slujbı... 
O çıxıb getdi. Yarım saat sonra özü gəlib məni qauptvaxtdan azad etdirdi. 
“O öküz-mayor, dedi, - səndən və sənin alicənab xalqından üzr istəməlidir. Ancaq 
neyləməli ki, o, rütbəcə məndən yüksəkdir”. 
Mən kapitan Stasenkonun tapşırığı ilə Qılman müəllimə təşəkkür məktubu 
yazdım. İki il yarım isə müntəzəm olaraq “Azərbaycan” jurnalını alıb mütaliə 
etdim. O iki il yarımda jurnalın səhifələrində İsa Hüseynovun “Tütək səsi”, 
Seyfəddin Dağlının “Kəcil qapısı” kimi maraqlı əsərlər oxudum. 
Hərbi xidmətim bitəndən sonra “Azərbaycan” jurnalının bütün nömrələrini 
və azərbaycanca olan kitablarımı hissəmizin kitabxanasına hədiyyə elədim. Yalnız 
iki nömrəsini (1965-ci il, 1,2) özümlə Vətənə gətirdim. Ona görə ki, bu iki 
nömrədə yazıçı Hacıağa Cümşüdlünün “Badisəba” sənədli povesti dərc 
olunmuşdu. Povest böyük ədəbiyyatşünasımız, görkəmli maarifçi Firidun bəy 
Köçərliyə və onun vəfalı həyat yoldaşı Badisəba xanıma həsr olunduğuna görə 
mənim üçün çox əziz idi. Düzü, bu iki nömrəni verməyə əlim gəlmədi. Jurnalın 
həmin nömrələrini indi də özümdə yadigar saxlayıram. 
Bu gün xalqımın inqilabdan əvvəlki maarifçi-ziyalıları haqqında apardığım 
araşdırmaların qəlbimə ilk ziyası o jurnalların mütaliəsindən keçib desəm, səhv 
etmərəm. Bunun üçün Qılman müəllimə minnətdaram. 
Aradan otuz il keçməsinə baxmayaraq, yenə məni kövrək hisslər ağuşuna 
alır. Və qeyri-ixtiyari olaraq fikirləşirəm ki, İlahi, görəsən indi də vəzifədə 
olanlardan Qılman müəllim kimi xeyirxah adamlar varmı? 
Qılman İlkin müsahibələrindən birində bu barədə çox gözəl deyir: 
“Biz o vaxt inzibati qaydaları güdməzdik. Axı, o yerdə ki, insan taleyi, insan 
müqəddaratı var, orada inzibati qadağanlara boyun əymək düz deyil”. 
Mənə belə gəlir ki, bu sözləri əlindən ancaq yaxşılıq gələn, xeyirxah, adam 
deyə bilər. Bu gün özümü xoşbəxt sanıram ki, belə bir insan mənim də xeyirxahım 
olub. 
Bəlkə də, Qılman müəllim mənə elədiyi xeyirxahlığı unudub. Adətən, yaxşı 
adamlar belə şeyləri danışmır və yaddaşında da saxlamır. Amma mən istərdim ki, 
möhtərəm oxucularımız bilsin ki, Qılman İlkin yaxşı yazıçı olmaqla bərabər, həm 
də gözəl və xeyirxah insandır. İki il yarım qürbətdə mən o jurnalları alanda necə 
sevinmişəm, onu bir Allah bilir... 
  
 
ÜRƏKDƏN GÜLƏN ADAM 
 
Yaradıcı adamlar ölmürlər, onlar ancaq dünyasını dəyişir. Çünki onların 
yaratdığı xalqa qalır. Xalq varsa, yaşayırsa, yaradıcı adamlar da yaşayır. Böyük 
şairimiz Səməd Vurğun nahaqdan demirdi ki, dünyada qalacaq yalnız yaradan. Bu 
mənada yazıçı Nəriman Qoca oğlunun bizim Azərbaycan nəsrində, xüsusilə uşaq 
ədəbiyyatında xüsusi yeri var. Bizdən sonra gələn nəsillər də onun dadlı-tamlı, 
ürəyə yatımlı hekayə və povestlərindən qidalanacaq. 

Nəriman müəllim maarifçi ailəsində böyüyüb tərbiyə almışdı. Ona görə də, 
onun danışığında, davranışında yüksək bir ziyalılıq vardı. Onun atası Qoca bəyin 
yaratdıqları bu gün də yaşayır. Qoca bəy Qori Müəllimlər Seminariyasını 
bitirəndən sonra xeyli Bakıda işləmiş və sonralar bizim Körpülü kəndində məktəb 
açmışdı. Rəhmətlik anam Güllü həmişə iftixarla danışardı ki, Qoca bəy atana da, 
mənə də dərs deyib. İyirminci illərin sonunda Qoca bəy bizim Körpülüyə maarif 
işığı gətirəndə kənddə beş, ya da altı təhsilli adam olar, ya da olmazdı. Əllinci 
illərdə kəndimizin ən bilikli, savadlı maarifçisi sayılan Nadir Əsgər oğlu Nəzirov 
və onlarca müəllimi Qoca bəyin tələbəsi, yetişdirməsi olmağı ilə fəxr edərdi. Bütün 
bunlar mənim uşaqlıq yaddaşımda yaşayırdı. Sonralar “Qoridən gələn qatar” 
sənədli povestimi yazanda, tez-tez Qori şəhərinə gedir, Gürcüstan Maarif 
Muzeyində əsərim üçün araşdırmalar aparırdım. 1986-cı ilin yayında Qori 
Müəllimlər Seminariyasının arxivində işləyəndə Qoca bəyin sənədləri ilə 
maraqlanıb sifariş verdim. Onun şəxsi işilə tanış oldum və gördüm ki, 1893-cü ildə 
qəbul olunan Qoca bəy 1897-ci ilə qədər orada təhsil alıb. Qoca bəy məşhur 
maarifçi-şair Hacıkərim Sanılı, Üzeyir bəy Hacıbəyovun qaynı Məmmədhənifə 
Terequlovla, Əsgər bəy Eyvazov və başqa görkəmli şəxslərlə birgə oxuyub. Qoca 
bəyin qiymətlərinin isə hamısı “əla” idi. 
1993-cü ildə “Azərnəşr”də nəşr olunmuş “Qoridən gələn qatar” povestimin 
“Gələcəyin şəfəqi” fəslində “Həmid bəy” kimi yaratdığım obraz əslində Qoca 
bəydir. Mən Qoca bəyi çox qoca yaşlarında görmüşdüm. Balacaboy, göyçək kişi 
idi. Ona görə də kitabımın 166-cı səhifəsində belə bir cümlə yazmışam: “Fəxri 
əsgər kimi düz yeriyən sıx qara saqqallı, balacaboy Həmid bəy bu kəndə 
gimnaziyanı qurtarandan sonra gəlmişdi...” 
Yaradıcılıq yollarımda İsmayıl Şıxlı, Əhməd Cəmil kimi Nəriman Qoca oğlu 
da mənim xeyirxahım olub. 
1976-cı ildə böyük şair Səməd Vurğunun Muğan səfərindən “Arabaçı” adlı 
sənədli bir hekayə yazmışdım. Onu “Azərbaycan gəncləri” qəzetinə vermişdim. 
Beş-on gün sonra Nəriman müəllim axşam bizə zəng elədi. Kənddən qohumları 
soruşandan sonra, ötəri Səməd Vurğün haqqında axtarışlarımla maraqlandı. Nə 
yazıram, Səməd Vurğunla bağlı kimlərlə görüşmüşəm, haralarda olmuşam və 
başqa suallar vardı. 
- A Şəmistan-dedi, - sən bu işə təzə-təzə başlayanda elə bilirdim, ötəri 
hisslərdi, bir-iki məqalə yazıb qurtaracaqsan. Bu yaxınlarda “Ulduz” jurnalında 
“Vurğun keçib bu yerlərdən” silsiləni oxudum, bitkin bir iş görübsən... Xüsusilə, 
Mixail Şoloxovla görüşünü... 
  
Təxminən iki-üç həftə keçdi. Bir şənbə günü qəzet aldım. Gördüm ki, 
hekayəmə Nəriman müəllim əla bir “Uğurlu yol” yazıb. Ömrüm boyu bəlkə də elə 
sevinməmişdim. İki-üç abzaslıq bu “Uğurlu yol”u Nəriman müəllim necə səmimi, 
necə böyük məhəbbətlə yazmışdı. Burada nə təmtəraq vardı, nə də yersiz tərif... 
Təngnəfəs evə gəldim. Zəng eləyib təşəkkürümü bildirdim. Nəriman 
müəllim sözümü kəsib: “Aya, bir de görüm, orda gənc nasir Şəmistan Nəzirli 
sözləri qalıbmı, yoxsa çıxardıblar”. 
Mən sevinclə: 
- Var, - dedim, - qalıb... 

- Bir o yeri oxu görüm. 
Oxudum. Sonra dedim: 
- Nəriman müəllim, tərifin dozası bir az çoxdu. Qorxuram bizim 
qohumluğumuzu bilənlər desinlər ki, Nəriman Süleymanov öz qohumunu 
tərifləyib göylərə qaldırıb... 
- A Şəmistan, düzü, tərifin dozası sən oxuyandan da çox idi. Onun belini 
mənim yanımdaca bir adam qırdı. Amma and verdi ki, gənc nasir sözləri qalacaq. 
Sağ olsun ki, onusa saxlayıb... 
Mən bundan sonra özümə söz verdim ki, daha böyük məsuliyyətlə 
işləyəcəyəm. Çunki ağır təbiətli, saf insanın etimadını doğrultmalıyam. Zarafat 
deyildi, Nəriman Süleymanov kimi zərif qələmli, az və mənalı yazan yazıçı məni 
nasir adlandırmışdı. O, hər iki gündən bir bəziləri kimi kiməsə “Uğurlu yol” yazan 
nasirlərdən deyildi... 
  
Bir dəfə yazıçı Konstantin Paustovskidən bir sənədli hekayə tərcümə 
eləmişdim. Məqsədim tərcüməçi olmaq deyildi. Sadəcə olaraq tərcümədə özümü 
sınamaq istəyirdim. O vaxt indiki İstiqlal küçəsindəki iş yerindən pilləkənlərlə 
düşəndə üzbəüz gəldik. 
- Bizim jurnala verməyə bir şeyin varmı? Bəlkə Səməd Vurğunun uşaqlıq, 
gənclik illərini yazasan, biz də dərc edək... 
Mən ani olaraq duruxdum. Və özümü danladım ki, doğrudan da bu mövzunu 
indiyədək niyə yazmamışam... 
- Nəriman müəllim,  - dedim,  -  bu barədə bolluca faktlarım var, yazaram, 
amma bir az vaxt verin... 
- Onu yazana kimi bizə hazır nəyin var, ver... 
- Tərcüməm var Paustovskidən... 
- Sabah gətir baxım... Gətirdim. Bir az sonra yenə “Azərbaycan gəncləri” 
qəzeti redaksiyasına gəlmişdim. Təsadüfən orada görüşdük. Dedi ki, tərcümən 
mətbəədə yığılıb gəlib, vaxtın varsa gedək, oxu, düzəlişlərini elə. 
Tərcüməni oxuya-oxuya gördüm heç mənim cümlələrimə oxşamır. Orijinala 
baxdım. Gördüm ki, mənim tərcüməmdən əsər-əlamət yoxdur. Nəriman müəllim 
onu böyuk səy və zəhmətlə əməlli-başlı yenidən işləmişdi. 
Özumə söz verdim ki, daha tərcumə ilə məşğul olmayacağam. Bu, mən 
bacaran iş deyil. Amma Paustovskidən elədiyim tərcumə dərc olundu... 
...Bir dəfə televiziyada çıxışımda igid təyyarəçi Hüseynbala Əliyevdən 
danışırdım. Çıxışımda dedim ki, Moskvanın “Molodaya qvardiya” nəşriyyatında 
“Əbədiyyət qabaqladı ölümü” adlı kitab çıxıb. Əsər bütövlükdə eloğlumuz 
Hüseynbalaya həsr olunub. Təəssüf ki, ana dilimizə bu əsər tərcümə olunmadığına 
görə gənclərimiz onu oxumayıblar. 
O vaxtlar Nəriman müəllim tez-tez televiziyanın uşaqlar üçün verilişlər 
redaksiyasına çıxışa gələrdi. Foyedə görüşdük. Xoş-beşdən sonra: 
- O gün Hüseynbala Əliyev haqqında çıxışına baxdım. Kitabdan danışdın, 
gəlsənə onu tərcümə eləyəsən, bizim jurnalda hissə-hissə verək. 
- Nəriman müəllim, - dedim, - kitab həqiqətən əla və şirin dillə yazılıb. 
Amma mən tərcümə eləyəmmərəm. Andım var... 
- Niyə? O nə anddı elə? 

- Konstantin Paustovskidən sonra Sizə zəhmət vermərəm. Tərcümə çətin 
işdi. Mən bacaran döyül... 
Rəhmətlik ləzzətlə güldü. Pəncərəyə dirsəklənib dalbadal papiros   çəkə-
çəkə: - Aya, - dedi, - hamı elə başlayıb, hamı elə çətinliklə ədəbiyyata gəlib. Mirzə 
İbrahimov yazıçı ola-ola ayda bir əsər tərcümə eləyir. Elə bilirsən, ilk vaxtlar 
elənən tərcümələrin kimsə ustundə şum aparmayıb?  Gözləyəcəyəm, sabahda-
zadda gəl, kitaba bir mən də baxım, sonra başla     tərcüməyə.... Bilirsən, Şəmistan, 
sənin üzünə demək olmasın, yazı dilin şirindi, tərcumə ilə məşğul ol ki, həm biliyin 
artsın, həm də yazı dilin daha da cilalansın. Rus yazıçılarından başqa dilə ən çətin 
tərcumə olunan Konstantin Paustovskidir. Onun əsərləri təmiz və qəliz rus dilində 
yazılıb. Sən onu tərcümə eləməyə başlamısansa, demək səndə bu sahədə bacarıq 
var... Mən sənin Paustovskidən tərcümənə heç nə eləməmişdim. Onu ancaq jurnal 
üçün işləmişdim... Gəl, gözləyəcəyəm. 
Başa düşürdüm və anlayırdım ki, Nəriman müəllim ancaq və ancaq məni 
həvəsləndirirdi. Fikirləşdim ki, Hüseynbala haqqında kitabı aparacağam, amma 
tərcüməni boynuma götürməyəcəyəm. 
Kitabı aparıb getdim. Xeyirxah Nəriman müəllim məni necə dilə tutdu, ərklə 
nə dedisə razılaşdım. “Əbədiyyət qabaqladı ölümü” sənədli povesti “Pioner” 
jurnalında mənim tərcüməmdə hissə-hissə dərc olundu. 
1985-ci ildə isə “Gənclik” nəşriyyatında həmin kitab mənim tərcüməmdə 
nəşr olundu. Əlbəttə, bu xeyirxahlıq da unudulmaz ustadım, mehriban qohumum, 
qayğıkeş yazıçı Nəriman Süleymanovun sayəsində oldu. 
 
* * * 
Nəriman Qocaoğlu 1956-çı ildə kiçik bir hekayə ilə yaradıcılığa başlayıb. Bu 
kiçik hekayə sonralar “Balaca atlı” adlı, cəmi 34 səhifəlik kitab oldu. Onda o kiçik 
kitab əllərdə gəzirdi. Kəndimizin ilk yazıçısının ilk nübarına, nemətinə hamı 
sevinirdi. Biz uşaqlar o kiçik kitabı çöldə quzu otaranda da çantamızda “Ana dili”, 
“Hesab” kitabları ilə yanaşı gəzdirib oxuyurduq. 
Yazıçı Nəriman Süleymanov bundan sonra kəndimiz Körpülüyə gələndə ona 
heyrətlə, həsədlə baxırdıq. Baxırdıq və təəccüb edirdik ki, bu nə təhər yazıçıdı, bu 
da elə bizim kimi danışır. Heç dilini dəyişməyib. İlxıçı Həmidlə, traktorçu 
Ayvazla, naxırçı Usufnan deyib-gülür. Heç sərçə Səməd kimi özünü dartıb demir 
ki, aya, bir az məndən aralı dur, şalvarımın ütüsünü pozarsan, a zalım. 
Kəndimizdəki belə obrazlar yazıçı Nəriman Süleymanovun əsərlərinin 
“qəhrəmanı”dır. 
Nəriman müəllim belə məzəli söhbətləri eşitməkdən ləzzət alardı: 
- Aya, - deyərdi, - Batdaxlı bulağında Mehralı kişi kimin üçün gəmi tərsanəsi 
düzəltmək istəyib?.. 
Belə söhbətlərə cavab alanda Nəriman müəllim gülərdi, sinəsi atdana-atdana 
gülərdi. Ürəkdən gülərdi. Təmiz insan kinsiz-küdurətsiz gülərdi. 
Sonrakı əsərlərində mənə məlum oldu ki, Nəriman Süleymanov saatlarla 
kəndçilərimizdən söhbət edəndə “Lal”, “Qaraçı qızı”, “Dağ havası”, “Quşlar 
yuvalarını unutmurlar”, “Yetər nənə” və başqa əsərlərinə mövzu, obraz 
toplayırmış. 

Yanvar, 1996-cı il  
 
Mərdəkan. 
  
 
BİR ŞƏKLİN TALEYİ 
  
İyirmi ilə yaxındır ki, bir nadir fotoşəkli şəxsi arxivimdə saxlayıram. Onu 
mənə sənətkar dostum Seyfəddin Məmmədvəliyev verib. O vaxt çox çalışdım ki, 
qəzetlərin birində dərc etdirim, mümkün olmadı. Bir bolşevik jurnalist “dostum” 
şəkli iki aydan çox redaksiya qovluğunda saxlayıb özümə qaytardı. -  
Buradakıların əksəriyyəti Sovet hökumətinin düşmənləri olub, - dedi - dərc 
etsək, sənin də başın ağrıyar, bizim də. At getsin... 
Mən isə “tənbəllik” elədim, atmadım. Saxladım. Ona görə saxladım ki, bu 
nadir şəkildə xalqımızın çox qiymətli oğulları təsvir olunub. Bu günlərdə basırıqda 
qalmış qovluqlarımdan birini açanda yenidən həmin şəkillə üzbəüz gəldim. Sanki 
şəkildəki qırx bir adam birdən dilə gəldi: “Nə oldu, ay oğul, bolşevik hökuməti də 
yıxıldı. Biz yenə də oxucu üzü görməyəcəyikmi?” 
O illərdə professor Fatmaxanım Vəkilova ilə tez-tez görüşərdim. Bu səmimi 
ana ilə söhbətimiz çox vaxt Səməd Vurğundan, Firidun bəy Köçərlidən, atası 
İsmayıl ağa Vəkilovdan, general Əliağa Şıxlinskidən və başqa görkəmli maarif, 
elm xadimlərindən olurdu. Bir dəfə onun ev albomundan Səməd Vurğunun 
Moskvada azərbaycanlı ziyalılarla birgə çəkilmiş nadir bir şəkli çıxdı. Onu alıb 
“Sovet kəndi” qəzetində dərc etdirdim. Görüşlərimizin birində qırx bir ziyalının 
təsvir  olunduğu bu şəkli də apardım ki, onları tanımaqda mənə kömək etsin. 
Eynəyini taxıb şəklə baxan Fatma xanım kövrələ-kövrələ: 
- Bunların əksəriyyəti mənim müəllimlərim olub - dedi. 1927-ci ildə Bakı 
Darülmüəllimatında oxuyanda Mədinə xanım Qiyasbəyli, Atababa Musaxanlı, 
Hüseyn Cavid, Şəfiqə xanım Əfəndizadə, Abdulla Şaiq, Böyükağa Talıblı, Əhməd 
Cavad, Soltan Məcid Qənizadə, Cabbar Əfəndizadə mənə dərs deyiblər. 
Fədakar tədqiqatçımız Salman Mümtazın şəxsi arxivində mühafizə olunan 
bu şəkli 1924-cü ildə Əlibəy Hüseynzadə çəkib. Bir qrup Azərbaycan yazıçı və 
şairləri Darülmüəəlimatın tələbələri ilə görüşə gəliblər. 
Fatmaxanım Vəkilovanın köməkliyi ilə aşağıdakıları dəqiqləşdirə bildik: 
Soldan oturanlar Mirzə Əbdülbaqi Əraqi, Əliağa Vahid, Əli Hüseynzadə, Adil 
Əfəndiyev, Əhməd Cavad, Cabbar Əfəndizadə, Atababa Musaxanlı, Mikayıl 
Rəfili, şair Həmmal, Xəlil... 
İkinci cərgədə Fəna Mirzə Rəhim, Səməd Mənsur, Azər Buzovnalı, Mədinə 
xanım Qiyasbəyli, Həbib Cəbiyev, Fuad Köprülüzadə, Böyükağa Talıblı, Şəfiqə 
xanım Əfəndizadə, Nəcəf bəy Vəzirov, Əbdürrəhim bəy Haqverdiyev, Cəlil 
Məmmədzadə, Ağadadaş... (?), Mirzə Cəlal Yusifzadə, Bədrəddin Seyidzadə, 
Salman Mümtaz, Süleyman Sani Axundov, Abdulla Şaiq, İsmayıl Hikmət, Hüseyn 
Cavid, Əli Kərimov, Qulam Mirzəzadə, Soltan Məcid Qənizadə, Əhməd Pepinov, 
Cəfərov, Seyid Hüseyn. 

Şəkildəki ziyalılarımızın əksəriyyəti 37-ci ilin qara günlərində bolşevik-
kommunist rejiminin haqsız qurbanları olmuşlar.  
Tariximizin bir çox qatları kimi fotolara köçürülmüş məqamları da 
qaranlıqdır. Dünənə qədər bəzi adamların qoruyub saxladıqları belə nadir şəkillər 
mətbuat, kitab səhifələrinə çıxarıla bilməyib. “Düşmənlərimizin” özləri kimi 
şəkilləri da repressiyaya uğrayıb. Təbiidir ki, tariximizlə bağlı nadir şəkillər 
əvəzsiz sərvətdir. 
 
10 fevral 1992-ci il. 
 
 
UNUDA  BİLMƏRƏM 
 
Mən İsmayıl Şıxlının yoxluğuna inanmıram. O, cismən aramızdan getsə də 
ruhən həmişə, hər an bizimlədir. Necə ki, “Dəli Kür” var, onun səhifələrindən sərt 
baxışlı Cahandar ağanın zəhmli səsi gəlirsə, İsmayıl Şıxlı yaşayır və yaşayacaqdır. 
Məgər onun biz gənclərə 70-ci illərdə elədiyi köməklikləri, yaxşılıqları 
unutmaq olarmı? Mənim cızma-qaralarımı səbr və təmkinlə oxuyub verdiyi ağıllı 
məsləhətlərdən, göstərdiyi doğru yoldan qazandığım nailiyyətlərin sevincini unuda 
bilərəmmi? 
O, qızıldan qiymətli vaxtını təkcə mən arxasıza, köməksizə yox, 
Azərbaycanın onlarla gəncinə sərf etmişdir. Mənim kimi onlarla azərbaycanlı indi 
iftixarla deyir ki, ədəbi aləmdə mənim müəllimim İsmayıl Şıxlı olmuşdur. Onun 
yetirmələrinə heç kəs irad tutub şübhə ilə baxa bilmir. Çünki İsmayıl Şıxlı adı 
saflıq, təmizlik mücəssəməsidir. 
Bu gün şəxsi arxivimdə saxladığım onun mürəkkəbli qələmlə yazdığı 
qeydlərinə baxır və istər-istəməz kövrəlirəm. Onun ağayana, zəhmli səsi varlığımı 
titrədir: “Burda cızığından çıxdın”, “Uydurmusan”, “Yenə deyirəm, obraz 
şişirdilib, özü də üfürtməli danışır”, “Qız, qadın yanında Səməd Vurğun belə 
danışa bilməzdi”. Onun bu qeydləri tənqid yox, mənim üçün iftixar idi, baş ucalığı 
idi. Hələ neçə il əvvəl telefonda İsmayıl Şıxlının dediyi sözlər mənim üçün nə 
qədər əziz və doğmadır: “Oxudum əsərini, sabah səhər saat 12-də gəl kafedraya, 
bir neçə məsələdə “dərsini verim”. Bəli, elə bu dərslər məni böyük şairimiz Səməd 
Vurğun, məşhur generalımız Əliağa Şıxlinski və Azərbaycan generalları haqqında 
kitabların müəllifi elədi. Bütün bunlar üçün ancaq və ancaq xeyirxahım İsmayıl 
Şıxlıya ömürlük minnətdaram. 
Ötən ilki - 1994-cü il söhbətlərimizin birində deyəndə ki, İsmayıl müəllim, 
general Əliağa Şıxlinskinin hərbi elmi əsərlərini çapa hazırlayıram, kitabdan nələri 
verəcəyimi dinləyəndən sonra sevinə-sevinə öz təkliflərini də əlavə etdi. Bu xoş 
xəbərdən xəstəliyini belə unutdu. Onda kimlərin söhbətlərini xatırlamadı, atası 
Qəhrəman əfəndinin, dayısı Qiyas bəyin, Alay bəyin və nüfuzlu Şıxlinskilərin bir 
çoxunun... Mənim sevincimin üstünə bir sevinc də əlavə etdi İsmayıl müəllim: 
“Allah qoysa, ayağa durum, yaranalın (bu sözü deməyi yaman xoşlardı) kitabına 
müqəddiməni özüm yazacağam”. 

Ümidəxanım: “İsmayıl, çay buza döndü”. Qalın qaşlar gah çatılır, gah da 
yarğan kimi yarılırdı. Sanki yaraşıqlı üzündə Kür nəhri axırdı. Bu anlarda adam 
ona baxmaqla doymurdu... Xəyal İsmayıl Şıxlını hara aparmışdı, onu bir Allah 
bilirdi... Mən də başımızın tacı, ömrümüzün varlığı İsmayıl Şıxlını sevindirə 
bilməyimlə özlüyümdə fəxr edirdim. Handan-hana əlini kreslonun dirsəyinə vurub: 
- Nə gözəl fikrə düşübsən. Generalın kitabını bu gün eləməsək, gələcəkdə 
heç kəs nəşr etdirməyəcək. 
Bundan sonrakı söhbətlərimizdə, telefon zənglərində ilk sorğusu general 
haqqında olardı. 
- Yaranalın kitabı nə yerdədi? - deyə soruşardı   -  tələs, bir az tələsmək 
lazımdı, mən o kitabı görmək istəyirəm... 
Ürəyinə nəsə daman İsmayıl Şıxlının “tələsmək lazımdı” sözlərində dərin bir 
kədər vardı... 
İyul, 1995-ci il. 
  
 
KİŞİ SÖZÜ 
 
Heç də təsadüfi deyil ki, şerimizin ölməz klassiki Səməd Vurğunun 
böyük istedadını haqsız hücumlardan müdafiə edənlərdən biri, bəlkə də ən 
birincisi Əli Vəliyev olmuşdur. O da məlumdur ki, Əli Vəliyevi inandığı 
fikrindən çəkindirmək çətin işdir: “Belədir, vəssalam!” 
İlyas ƏFƏNDİYEV 
 
Qazaxda keçiriləcək gənc aşıqların festivalına getmək xəbərini eşidəndə həm 
sevindim, həm də təəccüb elədim. Sevindim ona görə ki, mən aşıq sənətinin hədsiz 
dərəcədə vurğunuyam. Saz səsi eşidəndə əlimdəki ən vacib işi belə buraxıb ona 
diqqət kəsilirəm. Yanımda top atılsa, bəlkə də onu eşitmərəm. Təəccüb elədim ona 
görə ki, görəsən bu xeyirxahlıq kimdən keçib? 
Az sonra öyrəndim ki, məni bu festivala sevimli şairimiz Əhməd Cəmilin 
məsləhəti ilə nümayəndə göndərirlər. 
“Ulduz” jurnalı redaksiyasında yazıçı Sabir Azəri ilə nə vaxt yola düşmək 
barədə məsləhətləşirdik. Bu vaxt Əhməd müəllim içəri girdi: 
- Nə baş-başa veribsiniz? - dedi. -Yenə nəyisə planlaşdırırsınız? Yəqin 
Səməd Vurğun haqqındadır? 
Sabir Azəri: 
- Əhməd müəllim, Qazağa, gənc aşıqların festivalına getmək haqqında 
fikirləşirik, - dedi. 
- Hə, bu tədbirin planı tutulanda mən də orda idim. Alı Qaraoğlu Sabir Azəri 
adını eşidəndə bizi bir kupeyə yazın, - dedi. Sabir rahat adamdı, onunla yolyoldaşı 
olmaq mənə xoşdur. Mən Şəmistanı da sizin kupeyə yazdırdım. - Üzünü mənə 
tutub - Belə səfərlərin sənə çox xeyri var, aşıq Şəmşir də gələcək, onunla 
görüşərsən, bəlkə Vurğunun ayrı bir dostunu da tapa bildin. 

İş elə gətirdi ki, Sabir Azəri, rəssam Elmas və mən maşınla getməli olduq. 
Gecəni Ağstafada - Sabir Azərinin qohumu gildə qalıb, səhər saat doqquzda Qazax 
rayon Mədəniyyət evinə gəldik. 
Nümayəndələrin hamısı burda idi. Hamı ağsaqqal Əli Vəliyevin başına 
toplaşmışdı. O, əziz dostu Səməd Vurğundan danışırdı. Biz bir epizod eşidər-
eşitməz festivalın başlanmasını bildirdilər. Hamı kluba axışdı. 
Nahar fasiləsində yenə Əli müəllimin başına toplaşan çox idi. Söhbət yenə 
Səməd Vurğundan gedirdi. Şairin yetmiş illik yubileyinə az qalmışdı. Əli müəllim 
dedi ki, altmış illiyində Səməd haqqında sözümün hamısını deyə bilmədim. İndi 
ürəyimi boşaldacam. Xalqımızın qəlbində əbədi heykələ dönən Səməd Vurğun 
haqqında daha məqalə yox, kitab yazmaq lazımdır. Bizim dostluğumuzun tarixi 
məqaləyə sığmaz: 
- 1937-38-ci illərdə Yazıçılar İttifaqında işləyəndə daha yaxın dost olduq. 
Səmədlə ağlı-qaralı günlərimiz çox olub. Ona hücumların, özü də yersiz 
hücumların şahidiyəm. 
Əli müəllim “Kommunist” qəzetində işlədiyi illəri xatırladı. Səməd Vurğun 
böyük bəstəkarımız Üzeyir Hacıbəyova yazdığı “Bəstəkar” şeri və “Bakının 
dastanı” poeması qəzetdə çap olunandan sonra bədxahların şairə hücumunu yada 
saldı. Səməd, - dedi - elə bir güclü istedad idi ki, qabağına çıxan çətinliyi az vaxtda 
dəf edə bilirdi. Kəlbəcər səfərindən, şairin zəif yeyib-içməyindən yana-yana 
danışdı. 
Sabir Azəri: 
- Əli müəllim, - dedi, - bizim “Ulduz” jurnalında silsilə yazılar  veririk. 
“Vurğun keçib bu yerlərdən”, heç vaxt tapıb onları oxuya bilirsinizmi? 
- Balam, Sabir, böyük və xeyirxah iş görürsünüz. Mən Əhmədə (Əhməd 
Cəmil) neçə dəfə təşəkkürümü bildirmişəm. Bu, çoxdan olmalı idi. Bu yaxşı adam 
kimsə, çox gözəl iş görür. Dəmir çarıq geyinib, dəmir əsa götürən müəllif 
xatirələrin izi ilə gör nə qədər el-oba gəzir. 
Sabir Azəri əlini çiynimə qoyub: 
- O xeyirxah adam budu, Sizin qarşınızdadır, yəqin tanımırsınız, özünü 
Vurğun yolunda fəda eləyən Şəmistan Nəzirli budur. 
Əli müəllim təəccüb dolu nəzərlərlə mənə baxıb, əlini irəli uzatdı: 
- Gəl, təzədən görüşək, - dedi, - mən elə bilirdim, sən ağsaqqal  adamsan. 
Cavan imişsən ki... Qazaxda yaşayırsan? 
- Xeyir, - dedim, - Bakıda. 
- A bala, Səməd haqqında bu qədər yazdın, çox sağ ol. Bunları niyə 
vermirsən nəşriyyata bir kitab olsun... 
- Vermişəm, Əli müəllim. 
 - 
Yubileyə çıxacaqmı? 
- Yox, nə yubiley, heç yubileydən sonraya da ümidim yoxdur. Hər il deyirlər 
ki, gələn ilin planına daxil edəcəyik, amma hələlik ortada bir şey yoxdur. 
- Hansı nəşriyyatdadır? 
- “Gənclik”də. 
- Əzizə xanımın yanında olmusanmı? 
- Xeyir. Şöbənin işçiləri, bir də baş redaktor söz verir. 

- Boş şeydir, papağı nahaqdan günə yandırmısan. Nə vaxt Bakıya 
qayıdacaqsan? 
- Burdan kəndimizə gedəcəm, anamın yanına. Yaxındır, bir-iki gün qalacam, 
uzağı ayın 26-da Bakıya qayıdacam. 
- Ayın iyirmi altısında axşam mənə zəng elə, qalanı ilə işin olmasın. - Sonra 
səsinin avazını bir az qaldırıb, yanıqlı, həm də təəssüflə: - yaxşı, o nəşriyyat Səməd 
Vurğun haqqında kitabı çap eləmirsə, bə nə iş görür?.. Qayıdanda mənə zəng elə. 
Sənə bir adam deyəcəm. Mirqasım Əfəndiyevi tanıyırsanmı? 
- Bəli, - dedim, - tanıyıram. 
- Bəs Səmədin  Mirqasımdan yaxın dostu var? Mirqasımnan Səməd Vurğun 
dostluğunu niyə yazmamısan? Yoxsa yazmısan, mən oxumamışam? 
- Əli müəllim, yazmışam, hələ çap elətdirməmişəm. 
- Sən Mirqasım Əfəndiyevdən möhkəm yapış. Ondan çox şey öyrənə 
bilərsən. Səməd Vurğuna Mirqasımdan yaxın ikinci bir adam olmayıb. Heç qardaşı 
Mehdixana açmadığı sirri Səməd Mirqasıma deyib. Bunu   Mehdixan özü də 
mənim yanımda dönə-dönə etiraf edib. 
Bu vaxt Qazax rayon qəzetinin fotoqrafı Ələddin İbrahimov yaxınlaşıb Əli 
müəllimə dedi: 
- Əli müəllim, icazə verin, bizim qəzet üçün şəklinizi çəkim. 
- Elə tək mənimmi? - deyə Əli müəllim təccəüblə soruşdu. 
- Bəli, tapşırıq belədi. 
  
- Niyə tək mənim, bax burada oturacam. Bu cavanlarla mənim şəklimi birgə 
çək, - deyib uca qovaq ağacının altındakı skamyada oturub hamımızı yanına 
çağırdı. 
Bu şəkml 1975-ci ilin mayında belə yarandı. 
Əli müəllimə söz verdim ki, qayıdanda zəng eləyəcəm. Düzü, çox könülsüz 
söz verdim. Nədənsə, onun köməyinə heç ümidim yox idi. Ona görə ki, çoxları 
mənə dönə-dönə: “sənin kitabını özüm plana saldıracam, özüm də redaktoru 
olacam” - demişdilər. Bu vədlərin hamısı da havadan asılı qalırdı. Yalnız bircə 
adam canidildən çalışırdı ki, mənim kitabım çap olunsun. O da sevimli şairimiz 
Əhməd Cəmil idi. 
Heç yadımdan çıxmaz. Bir dəfə Əhməd Cəmil məni yüksək vəzifəli bir 
şəxsin yanına apardı. Səməd Vurğun xatirəsindən, onun poeziyamızda əvəzsiz 
xidmətindən, bəşəri insani keyfiyyətlərindən söhbət açan Əhməd müəllim: 
- Bax, bu cavan bir xeyirxah izə düşüb, - dedi, - Vurğunun eldə-obada itib-
batmaqda olan xatirələrini toplayır. Bacardığı qədər məqalələr, sənədli hekayələr 
yazır, oxucular da pis qarşılamır. Bizim jurnal bu yazıları dərc eləyəndən sonra 
Vurğunla bağlı xeyli məktub alıb. Bu yaxınlarda Masallıdan da bir nəfər yazmışdı 
ki, mən Novorossiyskdə Səməd Vurğunla görüşmüşəm. Xahiş edirəm, Vurğun 
haqqında yazan müxbiri göndərin mənimlə görüşsün. Bu cavanı göndərdik getdi, 
yaxşı da material gətirib, hazırdı, yaxın nömrələrin birində dərc edəcəyik. İndi 
gəldim ki, Sizdən xahiş edim, Şəmistanın kitabını plana salmağa kömək edəsiniz. 
Bu, məncə Vurğun xatirəsinə dərin ehtiram olardı. 
  
Əhməd müəllim danışdıqca bu yüksək vəzifəli şəxsin etinasızlıqla əlində 
qələm oynatmağı, bəzən də dodaq büzüb, qaşının birini qaldırıb, o birini salmağı 

mənim heç xoşuma gəlmirdi. Əhməd müəllimin böyük ümidlə danışmağına 
baxmayaraq, ürəyimə dammışdı ki, indicə bu “ali” şəxs onun qanını qaraldacaq. 
Fikirləşirdim ki, ya da sonugörünməz bir vəd verəcək: “Hə, gələr yanıma, zəng 
vurub tapşıraram”. Ancaq belə olmadı, vəzifəli şəxs çox kəsə, həm də kobud 
danışdı. 
- Yox, mümkün deyil, - dedi. - Rəhmətliyin  oğlu, öz  kitablarımız  plandan 
kənarda qalıb, özümüzə gün ağlaya bilmirik... Buna nə var, bu cavandı, hələ qoy 
işləsin, baxarıq... 
Bircə dəfə ötəri Əhməd müəllimin sifətinə baxa bildim. Bu xəstəhal insan 
necə də sarsılmışdı. Hiss elədim ki, mən yanında olduğuma daha çox xəcalət çəkir. 
İndicə pilləkanı çıxa-çıxa bu yüksək vəzifəli şəxsi tərifləyən Əhməd müəllim, 
böyük bir ümidlə gəlirdi. Qapıya baxdım, bir bəhanə eləyib çıxmaq istədim. Nə 
deyim, nə bəhanə gətirim, deyə fikirləşirdim. Birdən ağlıma yalançı-qəfil fikir 
gəldi. 
- Əhməd müəllim,  - dedim,  - indi yadıma düşdü. Səyavuş Sərxanlı rayona 
telefon sifariş verib, danışacığımız adam məni tanıyır, Səməd Vurğun haqqında... - 
O, heysiz əlilə mənə dayan işarəsi verdi. Kişi özünü    elə itirmişdi ki, mənə elə 
gəldi, o udqunur, söz tapa bilmir, nəfəsi təngiyir, başa düşə bilmirdim. Araya dibi 
görünməyən qaranlıq kimi çox   ağır bir sükut çökmüşdü. - Əhməd müəllim, - mən 
gedim, - deyib dözə bilmədim. Qapıya yaxınlaşdım. Qapıya gedə-gedə Əhməd 
müəllimin səsini eşidirdim: 
- Bu kitab Səməd Vurğun haqqındadır... Sağlığında onu çox incitdiniz... 
Neçə ildi ölüb, yenə şöhrətindən qorxursunuz... 
Ordan birbaşa işə gəldim. Bir müddət “Ulduz” jurnalı redaksiyasına 
getmədim. Yersiz incidilmiş bu saf adamla - Əhməd müəllimlə üz-üzə gəlməyə 
xəcalət çəkirdim. Onun sözünün yerə düşməyi mənə çox ağır təsir eləmişdi. 
İndi fikirləşirdim ki, Əli müəllim bir söz idi dedi. İlan vuran ala çatıdan 
qorxan kimi, mən də verilən vədlərin hamısından qorxurdum. Daha doğrusu, heç 
birinə inanmırdım. O günləri fikirləşəndə indi şükür edirəm ki, yaxşı ki, bu 
inamsızlıq yazı-pozuma, daha doğrusu, işləməyimə təsir etməyib. Mən başıaşağı 
topladığım materialları bacardığım kimi işləyirdim. 
Bakıya qayıdanda əvvəlcə Mirqasım Əfəndiyevə zəng elədim. Əli Vəliyevlə 
Qazaxdakı söhbətimi təfsilatı ilə danışdım. Dedim ki, mənə belə bir vəd verdi. 
Düzü, heç inamım yoxdu. Bu boyda yazıçının vaxtı hardandı, mənim kitabımla 
məşğul ola. Zəng eləyib, narahat etmək istəmirəm. 
Mirqasım əmi Əli Vəliyevi bolluca təriflədi: 
- Yox, - dedi, - mütləq zəng elə, o çətin illərdə hamı qorxusundan qaçıb 
dağılanda Səmədə dayaq olan Alı Qaraoğlu oldu. Alı Qaraoğlu sözü təmiz sözdü, 
oğul. O, vicdanlı və dönməz insandır. Ölər, dediyindən dönməz. Yenə deyirəm, o 
çətin illərdə Səmədə görə nə qədər döyüldü, söyüldü, başı ağrıdısa, yenə Alı 
Qaraoğlu Səməddən dönmədi. 
  
Mənim də heç ağlıma galməyib Alı Qaraoğluna ağız açmaq. Elə bu saat 
mənnən danışıb qurtaran kimi ona zəng elə... 
Zəng elədim. Dəstəyi Əli müəllim özü götürdü. Adımı deyən kimi: 

- Hə, gəzib gəldinmi? Yaxşı eləyib, xoşca da gəlmisən. Sabah saat on ikinin 
yarısında Əzizə xanımın otağında səni gözləyirəm. Danışdıq, vəssalam! 
Dəstəyi yerə qoyandan sonra məni təəccüb bürüdü. Heç mən demədim nəyə 
görə zəng eləmişəm. Heç kitab söhbəti olmadı. Heç aman vermədi deyəm ki, Əli 
müəllim, demişdiniz zəng elə, kitabının plana düşməyinə kömək edərəm. 
Yəni, bu beş-altı gündə mənim kitab məsələm Əli müəllimin yadından 
çıxmayıb. Mənə elə gəldi ki, bu beş-altı gündə bu adam ancaq mənim haqqımda 
fikirləşib. 
... Katibənin yanında heç kəs yox idi. O, başı aşağı makinada nəsə yazırdı. 
Yaxınlaşıb Əli müəllimin buraya gəlib-gəlmədiyini soruşdum. Katibə əl saxlayıb: 
- Siz kimsiniz,  - dedi,  -  adınız nədir? 
Mən adımı deyən kimi o, durub direktorun kabinetinə getdi. Katibədən əvvəl Əli 
müəllim özü çıxdı. Sol qolunu irəli uzadıb, gülə-gülə: 
- Hardasan, - dedi, - gör neçə dəqiqə gecikmisən, - saatını pəncərə işığına 
tutub - nə az, nə çox, önca dəqiqə, üzün ağ olsun, gəl içəri görüm. Heç nə 
demədim. Əslində deməyə sözüm də yox idi. Mən sadəcə olaraq Əli müəllimin bu 
qədər dəqiq adam olduğunu bilmirdim. Qeyri-ixtiyari Mirqasım əminin sözlərini 
xatırladım: “Alı Qaraoğlu sözü bütöv insandır, dəqiq adamdır”. 
  
Ağlım bəzi böyük adamların çağırışına getmişdi. Gəl, deyib saatlarla qapıda 
gözlədənlərə, katibəyə “mən yoxam” deyib dal qapıdan çıxıb gedənlərə. 
- Əzizə xanım, sənin yanına bu cavanın kitabı üçün xahişə gəlmişəm. Gərək 
işi ancaq və ancaq Səməd Vurğunun xatirəsinə ehtiram olaraq düzəldəsən. Bu 
cavanın zəhmətini   batırmaq   da   insafsızlıq olardı. 
Əzizə xanım: 
- 1979-cu   ilin   planında   nəzərə alaram, - dedi, - üzünü   Əli müəllimə 
tutub: - özünüz bilirsiniz ki, yubileyə artıq gecdir. 
Əli müəllim fikrə getdi. Gah mənim üzümə baxdı, gah da Əzizə xanımın. - 
Bu kişinin əsəri hazırdır, - dedi, niyə çox uzağa salırsan? Bəlkə mənim xatirimə bir 
il qabağa çəkəsən, qoy 1978-ci il olsun. 
- Onu da eləyərəm, ancaq beşcə çap vərəqinə zorla imkan var. Şəmistanın 
əsəri isə səkkiz çapdan çoxdur. 
Əli müəllim yenə əli çənəsində susdu. 
- Rəhmətlik Səməd demişkən, sən həmişə arxasız cavanlara arxa olmusan, 
ay Əzizə xanım, indi nə oldu ki, bu cavana üçcə çapı qıymadın. 
Əzizə xanım mehriban, xoş təbəssümlə gülümsünüb: 
- Olan yerdən Əli müəllim, - dedi, mənim özüm də Şəmistanın axtarışlarını 
izləyirəm... 
Mən buna da razı idim. İstəyirdim deyəm ki, Əli müəllim, elə beş çap da bəs 
eləyər, amma işin sonunu gözləyirdim. Fikirləşirdim ki, bəlkə artdı. 
Əli müəllim: 
 - Eybi yoxdu, qoy beş olsun, - dedi, üzünü mənə tutub - fikir eləmə, yaxın 
vaxtlarda yeni “Yazıçı” nəşriyyatı açılacaq, onda sənin   əsərini   özüm   bütöv  çap  
elətdirəcəm. 
Çıxdıq. Pilləkənləri düşə-düşə Əli müəllim mənə axtarışları davam etdirməyi 
tövsiyyə edirdi. 

- Kitaba görə ruhdan düşmə, gec-tez çap olunacaq, - dedi. İşin başlanğıcı 
həmişə çətin olur. Onu da sənə məsləhət görürəm  ki,   çağırılan  yerə  vaxtında 
gəlməkdən    çəkinmə.    Çağrılmısansa, demək burda utanmağın, çəkinməyin yeri 
yoxdu. Birdən mən hövsələli olmayaydım, olardı    hövsələsizin    biri,    çıxıb 
gedərdi. Başqa bir idarədə də sənin kimi işi düzəlməyənin biri məni gözləyir. O 
yazığa da söz vermişəm... 
Bu sözlərdən hiss elədim ki, Əli müəllim mənim kimi hansı arxasızınsa 
köməyinə gedir. 
Xəcalət çəkə-çəkə üzr istədim. Daha deyə bilmədim ki, inamsızlıq məni 
gecikdirmişdi. 
Kitabım 1978-ci ilin tematik planına daxil oldu. Aradan üç, ya da dörd ay 
keçmişdi. Nəşriyyatda işləyən yaxın dostum bir dəfə məni görüb dedi: 
- Sənə bir sirr deyəcəm, amma gərək öz aramızda qala. Mən dəqiq 
öyrənmişəm.Sənin kitabını Mətbuat Komitəsində plandan çıxardıblar. Hələ gec 
deyil. Bircə çarəsi var. Üç-dörd günə kimi o kişini  tapıb  desən   işin   bəlkə  də 
düzələr. Əli Vəliyevsiz heç nə eləmə, heç oralara   hərlənib   demə    ki,    mənim 
kitabımı plandan niyə çıxartmısınız. 
Getməyin işi daha da korlaya bilər. 
Yazıçılar İttifaqına gəldim ki, bəlkə Əli müəllimi tapıb dərdimi deyəm. 
Dedilər ki, o, yarım aydan çoxdu Kəlbəcərdə istirahət edir. Elə bil qol-qanadımı 
qırdılar. Bikef, fikirli evə gəldim. Birdən ağlıma gəldi ki, qoy zəng eləyim, bəlkə 
gəlib, evdədi. 
- Əli müəllim, yaxın bir dostum dedi ki, kitabın başı üstündə qara buludlar 
oynaşır. Deyəsən... 
- Əyə, kəsə de, görüm nə olub? 
- Kitabı plandan çıxardıblar. 
- Bu,  başqa  məsələ. - Ani  olaraq duruxdu. - Hə... sən belə elə, sabah saat 
altı tamamda mənə zəng elə. Mən hər şeyi öyrənərəm... 
- Bəs, mənim gəlməyim lazım deyil? Lazımamsa gəlim, indi 
gecikməyəcəyəm... 
Gülə-gülə: 
- Yox, lazım deyilsən. Sabah zəng elə, cavabını al, vəssalam. 
Onun dediyi vaxtda zəng elədim. 
- Ə,   Şəmistan, - dedi, - sənin kitabını   plandan   çıxardanın   gərək yeddi 
başı olsun. Çox sağ ol ki, vaxtında demisən, bir az da gec desəydin, doğrudan 
qanın batmışdı. Get, o dostun kimdisə, ona  yaxşı bir   qonaqlıq ver. O düz 
deyirmiş. Dediyin   buludları   pərən-pərən elədim. 
Bəli, yaxşıların yaxşısı olan, xeyirxah insan Əli Vəliyevin köməkliyi və 
qayğısı sayəsində mənim ilk “Vurğun keçib bu yerlərdən” kitabım 1978-ci ildə çap 
olundu. Mən heç vaxt, heç bir qohumumun, doğma adamımın belə mənə eləyə 
bilmədiyi Əli Vəliyev yaxşılığını unuda bilməyəcəyəm. İndi səkkiz kitabın 
müəllifiyəm. Amma nədənsə, ilk kitabım mənə ilk övladım qədər əziz və 
doğmadır. Bu doğmalıq üçün də Əli Vəliyevə minnətdaram. Hər dəfə irili-xırdalı 
məclislərdə olanda, kitabdan, qayğıdan söhbət düşəndə Əli Vəliyevin mənə elədiyi 
bu təmənnasız yaxşılırı fəxrlə danışıram. Hamı heyranlıqla, təlaşla qulaq asır. Yer-

yerdən təkcə mənə yox, onlarla gənc şair və yazıçıya əvəzsiz qayğı göstərən Əli 
Vəliyevə rəhmət oxuyurlar.  
Gənc şair dedim, yadıma bir əhvalat düşdü. Bu da Əli müəllimlə bağlıdır. 
1978-ci ilin mayında işimlə əlaqədar Cəbrayıl rayonuna ezam olunmuşdum. 
Azərbaycan müəllimlərinin altıncı qurultayı münasibətilə gənc şair, Böyük 
Mərcanlı kənd orta məktəbinin müəllimi İsmayıl İmanovdan televiziya oçerki 
yazmalı idim. 
Bizim gəlişimizə axşam İsmayıl bir qonaqlıq düzəltmişdi. Qonaqlıqda 
müəllimlərdən biri mənim Səməd Vurğun haqqında yenicə çıxan kitabımı təriflədi. 
- O gün olsun, - dedi, - İsmayılın da belə bir kitabı çıxsın. 
İsmayılın “dərdi” açıldı. 
- Yox qardaş, - dedi, - bu mümkün deyil. Gedib-gəlməkdən daha cana 
doymuşam. Mətbuat   Komitəsində,   nəşriyyatlarda mənə nə qədər vəd verirlər, 
amma bir şey çıxmır.  Gedib-gəlməkdən özüm də xəcalət çəkirəm... 
Mən gördüm yeridi, Əli Vəliyevin mənə köməyini təfsilatı ilə danışdım. 
Müəllimlərdən biri: 
- İsmayıl, - dedi, - götür sən də o kişiyə bir məktub yaz, kömək istə, lap 
şerlərini də göndər. Nə olar, olar... 
Elə oradaca İsmayıl kağız-qələm götürüb, Əli müəllimə bir məktub yazdı. 
Şerlərindən bir neçəsini də məktuba əlavə elədi. 
Mən Bakıya qayıdandan iyirmi gün sonra İsmayıl da gəldi. Əli müəllim ona 
məktub yazmışdı ki, şerlərini də götür gəl. 
1980-ci ildə İsmayıl İmanovun da “Səni soraqlaram” adlı ilk şerlər kitabı Əli 
Vəliyevin qayğısı sayəsində çap olundu. 
Sevimli xalq yazıçımız Əli Vəliyev sözündə belə düz adam idi. 
 
Yüklə 2,48 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin