ŞƏMİstan nəZİRLİ arxiVLƏRİn siRRİ AÇilir


Qarğalar qartala meydan oxuyur



Yüklə 2,48 Mb.
Pdf görüntüsü
səhifə34/41
tarix31.01.2017
ölçüsü2,48 Mb.
#7085
1   ...   30   31   32   33   34   35   36   37   ...   41

Qarğalar qartala meydan oxuyur
Sərçənin qırğını əyən vaxtıdır. 
Sıxılma, ürəyim, həyat belədir, 
Nadanın loğmana söyən vaxtıdır
 
Torpağımıza göz dikən namərd erməninin əsil-nəcabətini yaxşı tanıyan şair 
üçcə bəndlik şerində daşnaklara keçmişini elə ustalıqla xatırladır ki, erməninin 
ruhu da “incimir”. 
 
Mən çətin günlərdə görəndə sizi, 
Həmişə demişəm: “fağır erməni”. 
Daşımaqdan odun, kömür şələsi, 
Beliniz olmuşdu yağır, erməni. 
 

Şair Həvəskarın tərifə ehtiyacı yoxdur. Zənnimcə bunu oxucular da hiss 
edəcəklər. Şair eloğlumun yaradıcılığından bir neçə nümunəni oxuculara təqdim 
edirəm. 
 
Oktyabr, 1993-cu il. 
 
OLMUYA 
 
Mənim Yaradandan bir diləyim var, 
Bəxtim ola, taxtım-tacım olmuya. 
Əlimdən həmişə yaxşılıq gələ, 
Yamanlıqda hec əlacım olmuya. 
 
Min nemət yetişə yaz yağışımda, 
Məni sarsıtmaya qarlı qışım da: 
İstərəm heç kəsə ilk baxışımda 
Nə kədərim, nə də acım olmuya. 
 
Süfrəm çəmən ola, yerim dağ ola, 
Sərvətim sadəlik, canım sağ ola, 
Həvəskaram, saç-saqqalım ağ ola, 
Bir loqmana ehtiyacım olmuya
 
 
ERMƏNİ 
 
Mən çətin günlərdə görəndə sizi, 
Həmişə demişəm: “fağır erməni” 
Daşımaqdan odun, kömür şələsin. 
Beliniz olmuşdur yağır, erməni. 
 
Cibində olmurdu bir abbasın da, 
Qapında mal-qoyun, evdə hasın
68
 da. 
Səndən üz döndərib astavasın
69
 da, 
Mənim Allahımı çağır, erməni. 
 
Gələrdiniz Ağköynəyə, Çaylıya, 
Dilənməyə Salahlıya, Poyluya. 
Bir istərəm tutam salam toyluya 
70
 
Deyəm ki, acından çığır, erməni. 
 
                                                 
68
 Аllаh 
69 Еrmənicə çörək dеməkdir 
70
 Yəni tövləyə 
 

VAXTIDI 
 
Qarğalar qartala meydan oxuyur, 
Sərçənin qırğını əyən vaxtıdır. 
Sıxılma ürəyim, həyat belədir, 
Nadanın loğmana söyən vaxtıdır. 
Deyir ki, aliməm hər ağıldan səy, 
Laçına qıy vurur havada leylək, 
Dərə xəlvət olub, tülkülər də bəy, 
Çaqqalın döşünə döyən vaxtıdır. 
Həvəskar, ilham al obadan, eldən, 
Vüqarı dağlardan, qüvvəti seldən. 
Qızılquş yorulub düşübdür əldən 
Saxsağan özunü əyən vaxtıdır. 
 
 
Gəlmişəm 
 
Sizə deyiləsi sözüm var, dağlar, 
Hüzuruna bir minnətə gəlmişəm. 
Üzümü sürtməyə ocaq daşına, 
Qəbul eylə ziyarətə gəlmişəm. 
 
Ağlar qoydun gədiklərdə Kərəmi, 
Ələdin başına hicranı, qəmi. 
Günahkar sənmisən, yoxsa Lələmi
Sizdən sizə şikayətə gəlmişəm. 
 
Budur ehtiyacım, gəlmişəm vara, 
Varına yox demə, sən həvəskara. 
Qoluma qüvvətə, gözümə nura, 
Dizlərimə dəyanətə gəlmişəm. 
 
 
BİR ÖTƏRGİ QONAQ  
OLDU GƏNCƏDƏ 
 
Yolum Gəncəyə düşmüşdü. Qədim və ulu, adı özünə qaytarılan Gəncəyə. 
Şəhərin görməli yerlərində çoxlu şüarlar gördüm. Yaxşı ki, bunlar əvvəlkilərə 
bənzəmirdi. Heç biri könül bulandırıb, xəyal küsdürmürdü. Hər yerdə “Ulu adın 
mübarək, Gəncəm!”, “Xoş gəldin, Gəncəm!” - sözlərini oxuyanda adam fəxr edib 
sevinirdi. Nizami vüqarlı, Məhsəti ismətli şəhər adama əvvəlkindən doğma və əziz 
görünürdü. Uzun ayrılıqdan sonra ulu Gəncə adı istər-istəməz şair misralarını yada 
salırdı: 
 

Nənəm Məhsətinin öpdüm əlindən, 
Sevincdən gözlərim doldu Gəncədə. 
Nurani, pirani Nizami babam, 
Qolunu boynuma saldı Gəncədə. 
 
Fikrət Əhmədoğlu ilə şəhəri dörd dolandıq. Hamını sevinən, şadlanan 
gördük. Şəhər toy-bayram içindəydi. Gəncəçayın sağ sahilindən soluna keçəndə: 
- Gəl səni yeni bir gəncəli ilə tanış edim - dedi. Bizimlə üzbəüz gələn alcaq 
boylu, mavi gözlü bir kişi ilə səmimi görüşüb, hal-əhval tutdu. - Bu da indicə şerini 
zümzümə elədiyim şair Bəhmən Vətənoğlu. Kəlbəcərlilərdən zorla qopartmışıq. - 
Zarafatla: - bir də geri verdi yoxdu ha... Nizami torpağında yazıb-yaratmalıdı bu 
şair... Darıxmırsan ki?.. 
Şair isə fikirli-fikirli: 
- Hər şey yaxşı idi, bu gün Kəlbəcərdən aldığım məktub məni möhkəm 
tərpətdi - dedi. - Yadımdan çıxmayan dağlar yenidən gözümdə peyda oldu, tüstüm 
təpəmdən çıxdı. Bu gün əmioğlu İqbaldan nəzmlə yazılmış bir məktub almışam. 
Yazır ki: 
 
Kimdən küsdün... niyə küsdün bilmədik, 
Bu dağları qoyub getdin, a Bəhmən. 
Aynası mürəkkəb, lilparı çəmən, 
Bulaqları qoyub getdin, a Bəhmən. 
 
Səni qucağına alan Gəncənin. 
Nizamisiz gözü dolan Gəncənin, 
Etibarı min il olan Gəncənin, 
İlqarına uyub getdin, a Bəhmən. 
 
- Şair, - dedim, - adınızı, şerlərinizi həmişə toylarda aşıqların və tamadaların 
dilindən eşitmişəm. Xüsusilə, məşhur saz ustadımız Ədalət Nəsibov apardığı 
məclislərin hamısını sizinlə başlayıb, sizinlə də qurtarır. Mən bunun dönə-dönə 
şahidi olmuşam. Sizi göydə axtarırdım, yerdə əlimə düşmüsünüz. Allah rast 
gətirdi, görüşdük. 
Böyük şairimiz Səməd Vurğunun 1955-ci il iyunun 22-dən avqustun 8-dək 
Kəlbəcərdə olmağını yəqin ki, siz də bilirsiniz. Bir xatirədə oxumuşam ki, o vaxt 
siz də şairlə görüşüb ona “Dağlar” şerinizi oxumusunuz. Hətta “Unudulmaz 
günlər” adlı xatirənin müəllifi yazır ki, böyük şairlə axırıncı dəfə Keyti dağına 
səyahətə çıxdıq. Bu dəfə üç nəfər idik. Bəhmən Abbasov adlı bir gənc də bizə 
qoşuldu. Onun şer yazmaqda səriştəsi vardı. Bizə qoşulmuşdu ki, fürsət düşərsə, 
böyük şairdən müəyyən məsləhətlər alsın. Təzə tanış olmasına baxmayaraq, 
Vurğun onunla arabir zarafat da edirdi... 
Bura çatanda Bəhmən Vətənoğlunun məni axıra qədər dinləməyə səbri 
çatmadı. 
- Yalan şeydi, - dedi, - ay tövbə, elə şey olmayıb. O xoşbəxtliyi Allah mənə 
nə vaxt qismət elədi? Mən Səməd Vurğunun heç üzünü görməmişəm. 

 
Deyirlər ki, ceyran olmaz dağlarda, 
O kürd qızı ceyran deyil, bəs nədir? 
Deyirlər ki, tərlan süzər səmada, 
O, yerdədir, tərlan deyil, bəs nədir? 
 
Bu misralarla başlanan şerimi bir gün Kəlbəcərin o vaxtkı raykom katibi 
Səfər Verdiyev şairə oxuyub. Deyilənə görə, Səməd Vurğun çox bəyənib. Axırıncı 
günü geri, Bakıya qayıdan Səməd Vurğun “Rus bulağında” dayanır. Bulaq başında 
şerdən, sənətdən söhbət düşür. Səməd Vurğun: 
- Ə, Verdiyev, - deyir - srağagün dediyin şeri bir də de! Yaman xoşuma gəldi 
kürd qızına yazılan şer. 
Səfər Verdiyev “Bəs nədir” şerimi böyük şairə bir də oxuyub. Səməd 
Vurğunla mən yox, şerim belə görüşüb. Onun vəfatı gününü yaxşı xatırlayıram. 
Yadımdadır, radioda onun nekroloqu oxunurdu. Hamı gözü yaşlı, kədərlə qulaq 
asırdı. Birdən Kəlbəcərə qara buludlar gəldi, elə bil dağları ildırım, gurşad 
döyürdü. Bir qarış qalınlığında dolu yağdı. Dolu kəsəndən sonra yer-göy dümağ 
idi... Onda ilk dəfə xalqımın Vurğunsuzluğunu hiss-edib Səməd Vurğuna şer 
yazdım. 
 
Mərd oğullar anasısan, 
Qoyma keçə uzun zaman. 
Qadan alım, Azərbaycan, 
Bir də yarat belə Vurğun! 
 
- Bəhmən müəllim, indi yazan çoxdu, xüsusilə şer. Tədqiqat göstərir ki, ötən 
əsrlərdə də belə olub. Bizim xalqın şerə,  poeziyaya  marağı  çox güclüdür. Hətta  
Nizami dövründə deyirlər,  guya qardaşı ondan da məşhur şair olub. Sizcə hər 
yazana şair demək olarmı? 
- Mənim aləmimdə şair o adamdır ki, onun özü və yaradıcılığı yada düşəndə 
təbiətin  də   hər   hansı   bir  lövhəsi xəyalınızda canlana bilsin. Bax, aşıq 
Ələsgərin şerlərini xatırlayanda elə bilirəm ki, çiçəkli bir yaylaq yolu ilə gedirəm. 
Hər tərəfim sonsuz laləzardır... 
Səməd Vurğun şerlərini xəyalıma gətirəndə isə gözümdə belə bir lövhə 
canlanır: Kəpəz dağı nəhəng bir kürsüdür. Anam Qarabağdan belə bütün aran 
düzlərində sonsuz insan axını var. Ağsaçlı Səməd Vurğun həmin kürsüdən çıxış 
edir. Dərdimizi, sərimizi danışır, ona məlhəm axtarır. 
Dədə Şəmşir şerlərində isə elə bilirəm ki, uzaqlarda, haradasa aşağılarda, 
meşəli talalarda yetişmiş taxıl görünür. 
- Ən çox sevdiyiniz şair?.. 
- Ölüsünü deyirsən, yoxsa dirisini? - zarafat elədi. - Hüseyn Arif 
yaradıcılığını çox sevirəm, çox mütaliə edirəm, - dedi. Səbəbi də odur ki, təbiətin 
verdiyi cılxaca istedadın gücünə şer yazır. Plan ödəmir Hüseyn Arif. 
 
Başı min bəlalar çəkən millətin, 

Bir şairin dilidi, Hüseyn Arif. 
Arif balasını yola salanda, 
Layla mürgülüdü Hüseyn Arif. 
 
Təhsil gücünə şair olmağın əleyhinəyəm. Elm, savad gücünə alim olmaq olar. Ən 
ləziz xörəyə bir çimdik duz atarlarki, ləzzət versin. Daha bir ovuc yox. 
- Bəhmən müəllim, bəs özünüzün təhsiliniz? Yeri gəlmişkən, şerləriniz el 
aşıqlarının dillərində, şer həvəskarlarının ciblərində gəzir. Mən özüm bunların 
şahidi olmuşam. Amma oxucular tərcümeyi-halınızdan çox “kasıbdırlar!”. 
- Dörd il Zərdabi adına KəndTəsərrüfatı İnstitutuna imtahan vermişəm, 
qəbul ola bilməmişəm. Dörd il aldığım dörd dənə “dörd”lə   məni konkursa 
salıblar. Beşinci ili cəsarət eləyib Bakıya getdim. İşlərimi Bakı Universitetinin 
tarix fakültəsinə verib dörd dənə “dörd”lə qəbul olundum. 
1932-ci il dekabrın otuz birində Kəlbəcərdə anadan olmuşam. Bəhmən - ilin 
son ayı deməkdir. Ona görə də dayım adımı belə qoyub. Ata babam İmamqulu şair 
təbli olub, çox az şerləri qalıb. O, Gədəbəyin Arıxdam kəndindən köçub Kəlbəcərə 
gəlib. İlk qoşmamı onuncu sinifdə oxuyanda yazmışam. 
 
Yaltaqlıq eyləyib girmədim qına, 
Arifim, Bəhməni istəsən sına, 
Düşüb ehtiyacın təmənnasına, 
Ruhumu min vara dəyişməmişəm. 
 
İlk şerlərim 1958-ci ildə rayon qəzetində dərç olunub. Bir gün onlardan 
birini dədə Şəmşirə oxuyublar. Şerin oxunuşu qurtaran kimi ustad aşıq deyib: 
- Bah, bah, bunun bir sözünün, kəlməsinin belə remonta ehtiyacı yoxdur. 
Bu, ustad Şəmşirin mənə “yazdığı” uğurlu yol oldu. İyirmi il Seyidlər 
kəndində müəllim işləmişəm. 
- Bəhmən  müəllim,  artıq bir ilə yaxındır  ki,  Gəncədəsiniz, ömrü boyu 
dağlar  mələyi  Kəlbəcərdə yaşadıqdan  sonra birdən-birə şəhər həyatı sizi 
darıxdırmır? Bəs, o yalçın qayalı dağlar, lilparlı bulaqlar yada düşmür? 
O, köksünü ötürüb dərindən nəfəs aldı. Körpünün məhəccərinə söykənib üzü 
qarlı dağlara həsrətlə baxa-baxa: 
- Bir oğlan - dedi - öz kəndindən üzü çöllərə fışqırıq çala-çala gedirmiş. 
Qabaqdan gələn kəndlisi soruşur: 
- Əyə, nə gəzirsən? 
- Olan-qalan bir danam var idi. Onuda itirmişəm, axtarmağa gedirəm. 
- Əyə, var-yoxunu itirmisən, kefi kök adam kimi bə bu nə fışqırıqdı çalırsan? 
- Canın üçün, ümidim o görünən dağın dalınadı, orda da dananı  tapmasam, 
ağlaşmamı, vay-şivənimi eşidərsən. 
İndi qışdı, yaz gəlsin, dağların lala vaxtı olsun, onda mənim Kəlbəcər 
ağlaşmama baxarsan. Axı, mənim əksər şerlərimin mövzusu dağlardır. İlhamı o 
dağlardan almışam. 
On doqquzuncu əsrin əvvəllərində bizim tərəflərdə olan bir alman səyyahı 
yazır ki, kim Tərtər vadisi boyunca gəzməyibsə, İsveçrənin gözəlliyinə yalnız o 

heyran ola bilər. Onu da deyim ki, Nizami yurdunun    ab-havası mənə düşür. 
Dostum Fikrət şahiddir, buraya gələndən xeyli yazıb-yaratmışam. Bu torpaqda 
həqiqətən müqəddəslik var. 
Şair əlini dostu Fikrət Əhmədoğlunun çiyninə qoyub: 
 
Qoy qayıdım o dağlara, qadası, 
Yada düşdü Dəlidağın lalası. 
Deməyin ki, kəlbəcərli balası 
Bir ötərgi qonaq oldu Gəncədə. 
 
Fikrət isə yarızarafat, yarıciddi dostunun qayıtmasına etiraz edirdi. O, 
Bəhmən Vətənoğlunun dadlı, duzlu şerlərindən vəfa, etibar haqqında olan bəndləri, 
bəzən də bütöv şeri əzbər deyirdi. İndi başa düşdüm ki, milis podpolkovniki Fikrət 
Əhmədoğlu ilə şair Bəhmən Vətənoğlunu belə səmimi dost edən məhz poeziyadır. 
Əl çəkməyən Fikrət: 
- Şair, - dedi, Qurban Şıxlı demişkən: 
 
Sözünə bələdəm, ay şair Bəhmən, 
Özünü görməyin marağındayam. 
Qoca Abdal kimi yollar üstündə 
Vəfalı dostların sorağındayam. 
 
- Bəs mənim cavabımı niyə demirsən, a Fikrət, - deyən Bəhmən Vətənoğlu 
1984-cü ildə şair Qurban Şıxlıya nəzmlə yazdığı məktubu əzbər dedi: 
 
Şirin sözlərinə qurban, 
Qurban, Qədir bilənlərin dodağındayam. 
Məni görmək elə müşkül iş deyil
Qocaman Murovun qucağındayam. 
 
Bəhmənəm, sakini cənnət məkanın, 
Körpə balasıyam Azərbaycanın. 
Dədə Ələsgərin, şair Qurbanın, 
Şəmşirin müqəddəs ocağındayam 
 
* * * 
Gəncədən Bakıya qayıdanda Bəhmən Vətənoğlu ilə görüşümüz haqqında 
düşünürdüm. Onun insan kimi sadəliyinə, səmimiliyinə və əvəzsiz yaddaşına 
heyran qalmışdım. 
Lakin bir fikir mənə rahatlıq vermirdi: görən ömrün bu çağında onu 
Kəlbəcərdən - dağlar qoynundan Gəncəyə köçməyə vadar edən nə olub? Görüş 
zamanı, etik baxımdan, ona bu sualı vermədim. Və görüşümü xatırladıqca bu 
sualın cavabı getdikcə mənə aydınlaşırdı. 
Bəli, uzun müddət Bakıdan uzaqda - kənddə-kəsəkdə yaşayıb yaradan şairi 
ədəbi ictimaiyyət “görmürdü”, qəzet-jurnal redaktorları isə onun çox zaman, necə 

deyərlər, qadağan olunmuş “baş ağrısı gətirən” mövzularda yazılmış şerlərini 
yaxına buraxmaq istəmirdilər. Ancaq bu “baş ağrısı gətirən” şerlərdə xalqın qara 
dərdindən başqa heç nə yox idi. Çünki Bəhmən Vətənoğlu xalqın içində, bu dərdin 
içində yaşayırdı. 
Yaşı əllini çoxdan ötmüş şairin indiyə kimi əl boyda bir kitabı çıxıb. Bu 
kitabdan da şair çox narazıdır. Özü demişkən, insafsız naşirlər çox şerləri “redaktə” 
ediblər və... evini yıxıblar. 
Məmməd Səid Ordubadi Üzeyir bəy Hacıbəyov haqqında xatirəsində yazır: 
“Səid! Təəccüb edirəm ki, nə üçün Ordubadda qapanıb qalmısan. Sən yığışıb 
Bakıya gəlsən, öz yazılarına çox geniş səhifələr tapa bilərsən, səninlə yaxından 
tanış olarıq, sənin irəli getməyin üçün imkan yaradarıq”. 
Təəssüf ki, Üzeyir bəylər az-az dünyaya gəlir. 
Bu misalı niyə gətirdiyimi izah etmək artıqdır. Bəlkə də kənd-kəsəkdə bu 
göz-könüldən iraqlıq, qayğısızlıq yorub Bəhmən Vətənoğlunu? Hansı ümidlə, 
hansı işığa söykənib Gəncəyə köçüb, görəsən şair Bəhmən? Bəlkə dostu Fikrət 
Əhmədoğluna pənah gətirib şair?  
Bakıya qayıdanda Fikrət Əhmədoğluna zəng eləmişdim. Arada şairin  də 
kefini soruşdum. Fikrət dedi ki, Kəlbəcərdən nəzmlə gələn məktubun ardı-arası 
kəsilmir. Hətta bir nəfər yazıb ki, Bəhmən Vətən oğlu deyil, daha biz ona    
Vətənsiz Bəhmən deyirik, Kəlbəcər kimi Vətənini atıb getdiyinə görə. Şair də   
cavab yazdı ki, mən Kəlbəcərdə də Vətən oğluyam, Gəncədə də... 
 
Deyirlər ki, dağlar məndən inciyib, 
Allah qoysa, barışaram, barışar! 
O dağların ayağına baş əyib, 
Əhvalını soruşaram, soruşar! 
 
Məni dağlar qoruyubdu əzəldən, 
Ürək dönməz o füsunkar gözəldən, 
Ölüm gəlsə... macal allam əcəldən, 
Torpağına qarışaram, qarışar! 
 
Gözü, könlü dağlarda olan şair Bəhmən Vətənoğlu bir ay keçər-keçməz 
üzünü dağlara tutub onlarla barışığa, əbədi və əzəli torpağı olan Kəlbəcərə köçüb 
getdi. Uçan quş yuvasına qayıtdı... 
Mart, 1990-cı il. 
  
 
GÜNYAZI  
XATIRLA  BARI... 
 
Görəsən torpağın varmı xəbəri 
Qoynunda Günyaz tək bir xəzinə var! 
Günyaz yerişinin dəniz ləngəri 
Qaldı yer üstündə, qaldı yadigar 

 
Məmməd Elli. 
  
- Uğur  olsun,   əmioğlu,   hara  belə, deyəsən səfər üstəsən? 
- İstəyirəm  ayaqüstü  Qazağa  dəyim, ordan Şıxlıya keçib Gami qayasından 
Kürə, o tay Qarayazıya tamaşa eləyim. Narahat olma, tez qayıdacam... 
- Yaxşı eləyirsən, sağ get, salamat qayıt - deyirdim,  daxili təlatümüm o 
gedib qayıdana kimi kəsmirdi, Fikrim, zikrim qalırdı onun yanında. 
Beləcə xəstəhal (iki dəfə infarkt keçirmiş) Günyaz Nəzirli ildə iki-üç dəfə el-
obaya səfər eləyərdi. Ləngərli yerişini saxlayıb bir-birinin dalınca papiros çəkə-
çəkə o tay Qarayazıya tamaşa eləməkdən doymazdı. 
“Tez qayıdacam, əmioğlu”. O, geriyə dönüb, gülümsünər, bu üçcə kəlməni 
deməkdən sanki ləzzət alardı. Bilirdi ki, onun xəstəliyinə görə evdə Aşa ana 
narahatdı, Seyid, Xalidə, Vaqif, Aydın və bütün qohumlar intizarda qalır. Bunları 
bilə-bilə el-oba istəyini saxlaya bilmirdi. 
Bəzən yarızarafat, yarıciddi onun “uzaq Qazax səfərindən” narahat olub 
deyərdim: 
- Ay əmioğlu,  nəyin  var orda,  niyə gedirsən, evin yox, ailən yox, nə var? 
- Ayə, - deyərdi, - a insafsız, heç nəyim  olmasa  da,  dolaylarda  uşaqlıq 
cığırlarım var, bunlar bəs döyülmü? - Sonra   gülümsünər, qoluma girib çox 
sevdiyi “Cığırlarım dolaylardan soruşar” şerindən asta, sakit səslə bir-iki bəndini 
oxuyardı. 
 
O dağlarda obasında qaldığım, 
Sinə dolu havasından aldığım... 
Bulaq üstə pərdə-pərdə çaldığım – 
Ürəkdimi, kamandımı, tardımı?! 
 
Sellər, sular kür çaylara qovuşar
Duman gələr dəyələrdən sovuşar! 
Cığırlarım dolaylardan soruşar: 
Günyaz adlı bir qonağın vardımı?! 
 
Xoşu gəlməzdi, kimsə onun şer yazmağını bilsin, ya da eşitsin ki, Günyaz 
şer oxuyur. Ən yaxın adamlarına, ürək qızdırdığı dostuna, özü demiş, şer qanana 
şer oxuyardı. Folklorçu-alim Elxan Məmmədova, Elməddin Əlibəyzadəyə, 
Cümşüd Hacıyevə, Vurğun Əyyubova, Məmməd Elliyə şer oxumaqdan ləzzət 
alardı. Onların irad və düzəlişlərinə də uşaq kimi əməl edərdi. 
Mənə yadigar qoyduğu qovluqlara Xəlil Rzanın, Elxanın, Vurğunun, Ağa 
Laçınlının qeydlərini də əlavə edib. 
Görkəmli şair Xəlil Rzanın 1979-cu ildə “Günaydın, əziz Günyazımız!” adlı 
dörd səhifəlik, od-alov saçan üsyankar məktubundan: 
“Mərdlik qanunları izin vermir ki, Sizin şəxsi fəzilətlərinizi Sizdən asılı 
olduğum bir məqamda açıb söyləyim. Yalnız bunu deməklə yetinirəm ki, 
ziyalılarımızın mühüm bir qismi Sizi Azərbaycanın pak, uca başlı və cəsur oğlu 

kimi tanıyır. Elə məhz buna görə də ürək qızdırıb Sizə məktub yazıram. 
“Heydərbabaya salam” dastanında ustad Şəhriyarın bir beyti var: 
 
“Burda bir şir darda qalıb bağırır, 
Mürüvvətsiz insanları çağırır!” 
 
Sonra Xəlil Rza insafsız nəşriyyat işçilərinin “Məqsud Şeyxzadə” kitabının 
çıxmasına mane olduqlarından, buqələmun vəzifəpərəstlərin yersiz iddialarından 
şikayətlənir və dostu Günyazdan kömək umaraq yana-yana yazır: 
“Yalnız bu kitabçanın işıq üzü görməsi deyil, ümumən Azərbaycan ləngiyir. 
Ümumbəşəri tərəqqidən nə qədər geri qaldığımızı yəqin, sən özün də bir 
Azərbaycanlı olmaq etibarı ilə sezirsən. Bunun səbəbi, məncə, işcil və qüdrətli 
oğulların azlığıdır. Alcaq və rəzil adamların müqavimətinə rast gəlirəm. Onlara baş 
qoşmağa vaxtım, macalım yoxdur. Domino və nərd oynayan ziyalıları görəndə 
məni gülmək tutur. Vaxta bax, imkana bax, məgər bu adamların ciddi bir işi 
yoxmu? 
...Doğrudanmı, Azərbaycanda şair fədakarlığını, elmi işçi qüdrətini 
qiymətləndirməyə qadir bircə nəfər də tapılmayacaq? Tərcüməçilik də, elmi işçilik 
də, şairlik də mənim üçün baş məqsəd deyil, vasitədir. Bunu dərk etməyə qadir 
Günyaz kimi beş-on oğul tapılarsa, mükafatımdır”. 
Eldə, obada Günyazın dostları, onu sevənlər çox idi. Xüsusilə, sənət 
adamları onun hörmətini daha çox saxlardı. Günyaz da onlara köməyini, qayğısını 
əsirgəmirdi. El aşığı Kamandar, Aydın Çobanoğlu, şair Həmid Abbas, Söhrab 
Tahir, Ağa Laçınlı, Ələmdar, Əhməd Həpo, İslam Sadıq, Kəmalə və oturub-
durduğu onlarca istedadlı gənclər bu gün də onun xatirəsini əziz tuturlar. 
10 may 1974-cü ildə Moskvadan şair Ağa Laçınlı yazırdı: 
 
“Unudulmaz və yaddançıxmaz böyuk 
qardaşım Gunyaz! 
 
Adam uzağa gedəndə, tək olanda, darıxanda ürəyinə yaxın əzizləri, istəkliləri 
yada düşür. İndi gecənin bu qəribanə dərinliyində Sizsiz darıxdığımı boynuma 
alıram. Çünki Siz yaxşı mənada qiyamət adamsınız. Mən Sizinlə hələ şəxsən tanış 
olmazdan qabaq bir çox adamlardan, o cümlədən əzizim, can-ciyərim Əhməd 
Həpodan haqqınızda xoş sözlər eşitmişdim. Budur, ilk tanışlığımızdan illər keçib, 
Sizi həmişə xeyirxah, səmimi, canıyanan görmüşəm. Təcrübə göstərir ki, ən böyük 
yaxşılıq çətin ayaqda, ən böyük vətəndaşlıq hissi çətin işdə üzə çıxır. Sağ olsun, 
çətin işləri asan edənlər. Sağ olsun, xalqı ilə quruluş arasında körpü salan 
ziyalılar... 
Bir də Sizin müdrik olmağınız təbiidir. Axı, elə gözəl şerlər müəllifi başqa 
cür ola bilməz. 
Əzizim, indi mən burda, Moskvada kursdayam. Ayrı otaq veriblər. İşləməyə 
imkan var. Allah qoysa, iyunun ortalarında Bakıya qayıdanda gəlib görüşəcəm. 
Xahiş edirəm, bu məktubu Sizə olan hörmətimin nişanəsi kimi qəbul edin və 

mənim salamımı istəkli dostlara, o cümlədən, Əhmədə, Hafizə çatdırın. Hafizə 
deyin ki, tapşırığı yadımdadır. Əhmədə zəng vuracam. 
 
Öpurəm Sizi: Ağa Laçınlı". 
 
Şair Vaqif Səmədoğlunun “Ulduz” jurnalına (1989-cu il, №11) verdiyi 
müsahibədən: 
- ...Və hətta senzuranın özündə, qlavlitdə, o dövrdə, o “durğunluq” 
dediyimiz dövrdə mənim “Bəxt üzüyü” pyesimi, açıq deyirəm, heç bir qlavlit, heç 
bir yerdə, lap Tallinin özündə də buraxmazdılar, bizim qlavlit buraxdı, o zaman 
bizim qlavlitdə Günyaz işləyirdi. Rəhmətlik Günyaz Nəzirli çox müsbət adam idi, 
mehriban adam idi... 
Bu gün yaşayıb-yaradan müasir şairlərin əksəriyyətinin qəlbində Günyaz 
Nəzirli ünvanına poetik çələng toxunub. Məmməd Elli, Mikayıl Məxfi, Mobil 
Quluzadə, aşıq Kamandar, Abbas Abdulla, Vurğun Əyyubov, İslam Sadıq, Qaçay 
Köçərli və başqaları Günyaz həsrətli şerlərin müəllifidir. 
 
Bir ulduz şığıdı göylərdən yerə, 
Bir niskil Günyazın niskilliyinə, 

Yüklə 2,48 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin