Qanunun məqsədi Bu Qanunun məqsədi Azərbaycan Respublikası Konstitusiyasının 50-ci maddəsi ilə təsbit olunmuş məlumat əldə etmək hüququnun sərbəst, maneəsiz və hamı üçün bərabər şərtlərlə, açıq cəmiyyətin və demokratik hüquqi dövlətin prinsipləri əsasında təmin edilməsinin hüquqi əsaslarını müəyyənləşdirməkdən, həmçinin, ictimai vəzifələrin yerinə yetirilməsinə vətəndaşlar tərəfindən nəzarət olunmasına şərait yaratmaqdan ibarətdir.
Maddə 2. İnformasiya əldə etmək azadlığı 2.1. Azərbaycan Respublikasında informasiyanın əldə olunması azaddır.
2.2. Hər kəs özü birbaşa və ya nümayəndəsi vasitəsilə informasiya sahibinə müraciət etmək, informasiyanın növünü və əldə etmə formasını seçmək hüququna malikdir.
2.3. İnformasiya sahibinə müraciət edən hər kəs:
2.3.1. sorğu edilən informasiyanın informasiya sahibində olub-olmadığını öyrənmək, bu informasiya olmadıqda onu əldə etmək üçün yardımçı məlumatlar almaq;
2.3.2. informasiya sahibi sorğu edilən informasiyaya malik olduqda onu sərbəst, maneəsiz və hamı üçün bərabər şərtlərlə əldə etmək hüququna malikdir.
2.4. Fiziki şəxslərin özləri barəsindəki sənədləşdirilmiş informasiya ilə maneəsiz tanış olmaq, onu əldə etmək, bu informasiyada dəqiqləşdirmələr aparılmasını tələb etmək, informasiyadan kimlərin və hansı məqsədlə istifadə etdiyini öyrənmək hüququ vardır.
2.4-1. İnformasiyanın əldə edilməsinə o şərtlə icazə verilir ki, bu, Azərbaycan Respublikasının siyasi, iqtisadi, hərbi, maliyyə-kredit və valyuta siyasəti sahələrində maraqlarının qorunması, ictimai qaydanın, sağlamlığın və mənəviyyatın mühafizəsi, digər şəxslərin hüquq və azadlıqlarının, kommersiya və digər iqtisadi maraqlarının qorunması, məhkəmənin nüfuzunun və qərəzsizliyinin, cinayət işləri üzrə ibtidai araşdırmanın normal gedişinintəmin edilməsi məqsədlərinə zidd olmasın.[1] 2.5. İnformasiya sahiblərindən bu Qanunun tələblərinə uyğun olaraq əldə edilmiş sənədləşdirilmiş informasiyadan, digər məqsədlər, o cümlədən kommersiya məqsədləri üçün törəmə informasiya məhsulunun yaradılmasına bu şərtlə icazə verilir ki, törəmə informasiya yaradılarkən ilkin mənbəyə istinad edilsin.
Maddə 3. Əsas anlayışlar 3.0. Bu Qanunun məqsədləri üçün istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:
3.0.1. informasiya - yaranma tarixindən, təqdimat formasından və təsnifatından asılı olmayaraq istənilən fəaliyyət nəticəsində yaradılan, yaxud əldə olunan faktlar, rəylər, bilgilər, xəbərlər və ya digər xarakterli məlumatlar;
3.0.2. şəxsi və ailə həyatına dair məlumat (bundan sonra - fərdi məlumat) - şəxsiyyəti birbaşa və ya dolayısı ilə identikləşdirməyə imkan verən hadisələr, fəaliyyətlər, vəziyyətlər barədə faktlar, rəylər, bilgilər;
3.0.3. ictimai informasiya - qanunlarla və ya digər normativ hüquqi aktlarla müəyyənləşdirilən ictimai vəzifələrin yerinə yetirilməsi prosesində yaradılan və ya əldə edilən faktlar, rəylər, bilgilər;
3.0.4. informasiya xidmətləri - sorğu ilə müraciət edən hər kəsi informasiya ilə təmin etmək üçün göstərilən fəaliyyət;
3.0.5. informasiya sahibi - informasiya əldə etmək hüququnu təmin etmək üçün bu Qanunun 9-cu maddəsi ilə müəyyənləşdirilən dövlət orqanları, bələdiyyələr, mülkiyyət növündən asılı olmayaraq yaradılmış hüquqi şəxslər və fiziki şəxslər;
3.0.6. informasiya sorğusu - informasiya əldə etmək üçün yazılı və ya şifahi müraciət;
3.0.7. informasiya sorğusu verən (bundan sonra - sorğucu) informasiya əldə etmək üçün yazılı və ya şifahi şəkildə müraciət edən hüquqi və ya fiziki şəxs;
3.0.8. informasiyanın açıqlanması - informasiyanın sorğu verilmədən kütləvi informasiya vasitələrində, rəsmi nəşrlərdə, sorğu və ya məlumat kitabçalarında yayılması, İnternet informasiya ehtiyatlarında yerləşdirilməsi, brifinqlərdə, mətbuat relizlərində və ya konfranslarında elan edilməsi, rəsmi və ya kütləvi tədbirlərdə bildirilməsi.
Maddə 4. Qanunun tənzimləmə sahəsi 4.1. Bu Qanunla aşağıdakılar müəyyənləşdirilir:
4.1.1. informasiyanın əldə olunmasının şərtləri, qaydaları və formaları, habelə informasiya sahibinin bu cür informasiyanı təqdim etməkdən imtinasının əsasları;
4.1.2. ictimai informasiyanın əldə olunmasına qoyulan məhdudiyyətlər və həmin informasiyanın digər qanunlarla tənzimlənməyən hissəsinin açıqlanma və təqdim edilmə qaydaları;
4.1.3. informasiyanın əldə olunmasının təşkilinə nəzarətin həyata keçirilməsi qaydaları.
4.2. Bu Qanun aşağıdakılara şamil edilmir:
4.2.1. qanunla müəyyənləşdirilmiş dövlət sirri təşkil edən məlumatlara;
4.2.2. "Milli arxiv fondu haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq arxiv sənədləri ilə işləməyə buraxılmanın təmin edilməsinə;
4.2.3. "Vətəndaşların müraciətləri haqqında" Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənən təklif, ərizə və şikayətlərə;[2] 4.2.4. beynəlxalq müqavilələrlə müəyyən edilmiş məhdudiyyətlərə.
Maddə 5. İnformasiya əldə etmək haqqında Azərbaycan Respublikasının qanunvericiliyi 5.1. İnformasiya əldə etmək haqqında Azərbaycan Respublikasının qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından, bu Qanundan və bu Qanunun tələblərinə uyğun hazırlanmış digər normativ hüquqi aktlardan ibarətdir.
5.2. Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarında informasiyanın əldə olunması ilə bağlı bu Qanunun tələblərindən fərqli qaydalar müəyyənləşdirilə bilməz.
Maddə 6. İnformasiya əldə olunmasının əsas prinsipləri 6.1. İnformasiya əldə olunmasının əsas prinsipləri aşağıdakılardır:
6.1.1. informasiya sorğusunun sərbəst, maneəsiz və hamı üçün bərabər şərtlərlə təmin edilməsi;
6.1.2. informasiyanın əldə olunmasının qanuniliyi;
6.1.3. dövlət orqanlarının və bələdiyyələrin informasiyanı açıqlamaq vəzifəsi;
6.1.4. informasiyanın maksimum açıqlığı;
6.1.5. informasiya sorğusunun ən qısa zamanda və ən münasib üsulla təmin edilməsi;
6.1.6. informasiyanın əldə edilməsinin bu Qanunun 2.4-1-ci maddəsində nəzərdə tutulmuş məqsədlərə zidd olmaması;[3] 6.1.7. informasiya əldə etmək hüququnun dövlət tərəfindən qorunması, o cümlədən məhkəmə yolu ilə müdafiəsi;
6.1.8. bu Qanunla müəyyənləşdirilmiş hallar istisna olmaqla informasiyanın əldə edilməsinin ödənişsiz həyata keçirilməsi;
6.1.9. informasiya əldə etmək hüququnun pozulmasına görə informasiya sahiblərinin məsuliyyət daşıması;
6.1.10. informasiya əldə edilməsinə qoyulan məhdudiyyətin bu məhdudiyyəti doğuran əsaslardan daha artıq müəyyənləşdirilməməsi;
6.1.11. ictimaiyyətdə maraq doğuran hüquq pozuntuları barədə məlumatı açıqlamağa görə vəzifəli şəxslərin təqib olunmaması.
6.2. Əməliyyat-axtarış tədbirləri keçirilən hallar istisna olmaqla, şəxsin onun xəbəri olmadan və ya etirazına baxmayaraq kütləvi informasiya vasitələrinin nümayəndələri və başqa şəxslər tərəfindən izlənilməsi, video və foto çəkilişinə, səs yazısına və digər bu cür hərəkətlərə məruz qalması qanunvericiliklə müəyyən edilmiş məsuliyyətə səbəb olur.[4] Maddə 7. Sənədləşdirilmiş informasiya (sənəd) 7.1. Maddi daşıyıcıda mətn, səs və ya təsvir formasında qeydə alınan və identikləşdirməyə imkan verən istənilən rekvizitli informasiya mənbəyindən, saxlanma yerindən, rəsmi statusundan, mülkiyyət növündən, mənsub olduğu təşkilat tərəfindən yaradılıb-yaradılmadığından asılı olmayaraq sənədləşdirilmiş informasiya (bundan sonra - sənəd) hesab olunur.
7.2. İnformasiya sahibi sənədə malikdir, əgər:
7.2.1. informasiya sahibində mövcud olan sənəd digər informasiya sahibinə məxsus deyilsə;
7.2.2. digər informasiya sahibində mövcud olan sənəd informasiya sahibinə məxsusdursa.
Maddə 8. Sənədin saxlanması, komplektləşdirilməsi və mühafizəsi 8.1. Müvafiq icra hakimiyyəti orqanı sənədlərin saxlanmasına, komplektləşdirilməsinə və mühafizəsinə dair qaydalar müəyyənləşdirir.
8.2. İnformasiya sahibi malik olduğu sənədlərin bu Qanunun 8.1-ci maddəsində göstərilən qaydalara uyğun saxlanmasının, komplektləşdirilməsinin və mühafizəsinin təşkilinə görə məsuliyyət daşıyır.
8.3. İnformasiya sahibi fiziki şəxsin özü haqqında fərdi məlumatlarla tanış olması və lazım gələrsə onlarda dəqiqləşdirmələr aparılması üçün bu Qanunun və “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun qaydalar müəyyənləşdirir və bu qaydaların icrasını təmin edir. [5] Maddə 9. İnformasiya sahibləri 9.1. Aşağıdakılar informasiya sahibləri sayılır:
9.1.1. dövlət orqanları və bələdiyyələr;
9.1.2. ictimai funksiyaları yerinə yetirən hüquqi şəxslər (o cümlədən publik hüquqi şəxslər), həmçinin normativ hüquqi aktlarla və ya müqavilə əsasında təhsil, səhiyyə, mədəniyyət və sosial sahələrdə xidmət göstərən özəl hüquqi şəxslər və fiziki şəxslər. [6] 9.2. Bu Qanunun 9.1.2-ci maddəsində təsbit olunan hüquqi və fiziki şəxslərə informasiya sahiblərinin bu Qanunla müəyyənləşdirilmiş vəzifələri yalnız ictimai funksiyaların yerinə yetirilməsi, yaxud normativ hüquqi aktlarla və ya müqavilə əsasında təhsil, səhiyyə, mədəniyyət və sosial sahələrdə göstərilən xidmət nəticəsində yaranan və ya əldə edilən informasiyalar üzrə şamil olunur.
9.3. Aşağıdakılar informasiya sahiblərinə bərabər tutulur:
9.3.1. əmtəə bazarında hökmran mövqe tutan, xüsusi və ya müstəsna hüquqa, yaxud təbii inhisara malik olan hüquqi şəxslər - malların və xidmətlərin təklif edilməsi şərtlərinə və onların qiymətlərinə, həmin şərtlərdə və qiymətlərdə dəyişikliklərə aid informasiyalar üzrə;
9.3.2. tamamilə və ya qismən dövlət mülkiyyətində, yaxud asılılığında olan qeyri-kommersiya təşkilatları, büdcədənkənar fondlar, həmçinin dövlətin üzvü olduğu və ya iştirak etdiyi kommersiya birlikləri - dövlət büdcəsindən verilmiş vəsaitdən və ya onlara ayrılmış əmlakdan istifadəyə aid informasiyalar üzrə.
II fəsil