Izoseyslər- seysmik xəritələrdə –eyni güclü seysmik təkanların hiss olunduğu məntəqələri birləşdirən xəttlərdir. Mantiyanın yuxarı hissəsindəki ərimiş maddələr – maqma yüksək təzyiq altında daxili proseslər nəticəsində Yer qabığında əmələ gəlmiş çatlarla yuxarıya doğru hərəkət edir. Maqmanın bir hissəsi Yer səthinə çatmamış soyuyub Yer qabığının müxtəlif hissələrində qalır, digər hissəsi isə yüksək təzyiq altında səthə çıxaraq sel kimi axır. Səthə çıxmış maqma – lava adlanır. Lava soyuduqdan müxtəlif hündürlüklü təpələr əmələ gətirir ki, buna vulkan deyilir. "Vulkan" qədim romalılarda od allahıdır. Vulkan lavası sıyıq olduqda qalxanvari relyef forması (Havay tipli vulkanlar) yaradır. Lava qatı olduqda əsl konus yaradır.(Stratovulkan). Maqmanın Yer səthinə çıxdığı kanala vulkan boğazıdeyilir. Vulkan püskürməsi zamanı əmələ gəlmiş təpənin zirvəsindəki çökəkliyə krater deyilir. Kraterdən yer səthinə çoxlu miqdarda qaz, su buxarı, vulkanik toz, kül və lava cıxır. Diametri 1,5 km-dən böyük olan krater kaldera adlanır. Eroziya və denudasiya prosesləri vulkan dağını aşındırır, lakin vulkan boğazında qalıb, soyuyaraq bərkimiş lava-nekk adlanan qayalı relyef əmələ gətirir. Boğaz və krater vulkanın elementləridir.
Vulkanlar — fəaliyyətdə olan və sönmüş vulkanlara bölünürlər. Püskürməsi bəşəriyyətin yaddaşında qalan vulkanlar fəaliyyətdə olan vulkan adlanır. Dünyada 817 fəaliyyətdə olan vulkan mövcuddur ki, onların 620 — si yaxın keçmişdə püskürüb. Bu vulkanların 75%-i Sakit okeanın "odlu həlqəsində" (məs. Klyucevskaya Sopka, Fudziyama və s.) və Indoneziya adalarındadır. Bundan başqa Cənubi Avropa və And dağlarında da çoxlu fəaliyyətdə olan vulkan mövcuddur. Fəaliyyətdə olan vulkanlardan — Vezuvi, Etna, Stromboli (Italiya), Hekla (Islandiya), Kamerun (Afrika), Fudziyama, Azo (Yaponiya), Klyuçevskaya Sopka (Rusiya), Orisaba, Taxamulko, Popokatepeti (Şimali Amerika) — Şimal yarımkürəsində; Kilimancaro (Afrika), Kotopaxi, San-Pedro, Ruis, Lyulyalako (C. Amerikada), Erebus (Antarktida), Krakatau (Indoneziya) -Cənub yarımkürəsində yerləşir. Dünyada fəaliyyətdə olan ən yüksək vulkan Cənubi Amerikadakı Lyulyalako (6723 v) dağıdır. Yer kürəsində fəaliyyətdə olan vulkanlara nisbətən sönmüş vulkanlar daha çoxdur. Onların püskürməsi haqqında heç bir tarixi məlumat yoxdur. Qafqazın ən hündür zirvələri Elbrus, Kazbek, Azərbaycandakı — Böyük Işıqlı, Qızılboğaz, Savalan sönmüş vukanlardır.