Zəlzələ və vulkanlar əsasən geosinklinal (dağlıq) ərazilərdə — litosfer tavalarının sərhəddində geniş yayılıb. Qədim platforma sahələrində (düzənliklərdə) zəlzələ və vulkanlara rast gəlinmir. Vulkanların bir növü olan palçıq vulkanları püskürdükləri lavanın temperaturunun az olması ilə fərqlənirlər. Lavanın tərkibində su çox olduğuna görə sıyıq palçığa oxşar gilli kütlə kimi axır və içərisindən qaz qabarcıqları çıxır. Bu vulkanlara ən çox neftli-qazlı sahələrdə rast gəlinir və onlardan müalicə məqsədi ilə istifadə edilir. Vulkan borusunun ətrafında toplanan kəsəkli palçıq-brekçi adlanır. Azərbaycan palçıq vulkanlarının ən çox yayıldığı ərazilərdəndir (xüsusilə Abşeron və Qobustanda). Vukan və zəlzələlərin yayıldığı bəzi ərazilərdə yeraltı sular adətən yüksək temperatura malik olur. Bu sularda çoxlu duz və qaz olduğu üçün onlar mineral sular adlanır. Suların isti olmasına səbəb Yer səthinə yaxın olan qaynar maqmanın təsiridir. Isti sular yerin daxilindəki çatlarla səthə çıxır, bulaq şəklində çay və dənizlərə tökülür. Bəzən yeraltı sular yüksək təzyiq altında səthə çıxaraq fəvvarə vururlar. Fəvvarə şəklində Yer səthinə çıxan isti bulaqlaraqeyzerlər deyilir. Qeyzerlər adətən müəyyən fasilələrlə fəvvarə vururlar. Hər 1 qeyzerdə su buxarının səthə çıxdığı dairəvi çökəkliyə qrifon deyilir. Qeyzer sularının tərkibində həll olmuş halda müxtəlif mineral birləşmələr, xüsusi ilə kükürdlü maddələr olur. Qeyzer qrifonlarının kənarında toplanan bu minerallar qeyzerit adlandırılan süxurlar yaradırlar.
Qeyzerlər ən çox — Islandiya, Kamçatka, Yeni Zelandiya və Sakit okean adalarında yayılıb. Yeraltı isti sulardan evlərin, istixanaların qızdırılmasında, mineral sulardan isə müalicə məqsədi ilə istifadə edilir.