Avropada (Fransada) ritorika «Mədəniyyətin başqa sahələrində olduğu kimi, antik ritorik sənət də Roma imperiyasına daxil olan ölkələrə Romadan keçmişdi. Belə ki, İspaniya, Italiya, Vizantiya, Fransa, müəyyən qədər İngiltərə və Almaniya antik mədəniyyətin bütün növlərini Roma vasitəsilə almışdılar. XIII-XIX əsrlərdə Avropanın mədəni ölkələrində akademik ritorikaya xüsusi önəm verilirdi. Məsələn, XII əsrdə İngiltərənin Oksford, XIII əsrdə Fransanın Sarboniya universitetində ritorikaya aid mühazirələr oxunurdu. Avropa ölkələri içərisində ritorikaya ən böyük önəm verən Fransa idi.
Fransada bəlağətli nitqin aşağıdakı mərhələləri qeyd olunur.
XV əsrə qədərki ritorika latın dilində olub, ruhani üslubda idi.
XV əsrdən başlayaraq fransız dili latın və italyan dillərinə qarşı öz hüquqlarını müdafiəyə qalxır. P.Fabri fransız dilində ilk ritorik əsər yazır.
XVII əsrdə (1671-ci ildə) antik dünya gorüşünə, mədəniyyətinə qarşı çıxış güclənir və əvvəlkilərdən imtina edilir.
XVIII əsrdə kilsə ruhani ritorikası artıq süquta varır, bunun əvəzində siyasi və akademik ritorika bərqərar olur.
Şərqdə ritorika Şərq ölkələrində: Çində, Hindistanda, Ərəbistanda ritorikanın inkişafı üçün şərait var idi. Bu ölkələrdə din xadimləri dini kitabların şərhini xüsusi bəlağətlə dinləyicilərə çatdırırdılar. Nəinki ritorika, habelə dilçiliyin özü dini kitabların şərhi əsasında yaranmışdır. VII əsrin axırlarında Xəlil İbn Əhməd Əl Fəraidi ərəb poeziyası üçün ritmik-melodik modellər kəşf etdi. Həmin modellər əsasında “Qurani-Kərimin”in ayələrini xüsusi avazla oxumaq mümkün oldu. Ərəb şeirinin vəzni olan əruz bu zəmində inkişaf etdi. Ümumiyyətlə götürdükdə, İslam dininin VII əsrdə meydana gəlməsi ərəb mədəniyyətinin inkişafına çox güclü təkan verdi. Ərəb ədəbiyyatı, ərəb musiqisi, ərəb elmi misli görünməmiş şəkildə inkişaf etməyə başladı. Bütün dini xütbələr ərəb dilində aparılırdı. Bu dövrün görkəmli natiqlərindən heç şübhəsiz, Məhəmməd Peyğəmbərin (570-632) adını xüsusi qeyd etmək lazım gəlir. Məhəmməd(əs) məclislərdə oxuduğu xütbələrə qədər özünə gələn vəhyləri adamlara çatdırır və onları Allahın birliyinə inanmaqda — möminliyə çağırırdı. İstər qüreyşlərin birliyinə inanmaqda, istər haşimilərin içərisində Məhəmməd (əs.) gözəl nitqi qarşısında həsəd və paxıllıqdan törənən ədavət də yaranırdı. Məhəmməd(əs.) Mədinəyə köçdükdən sonra müsəlmanlara özü İslam dini, Allahın əmrləri, Quranın hökmləri, öz şəriəti haqqında güclü bir natiq kimi çıxış edirdi.Koto Lombun yazdığına görə Məhəmməd(əs.) bütün dillərə vaqif imiş.