Diplomatik xidmət orqanlarının əsas vəzifələri Diplomatik xidmət orqanlarının əsas vəzifələrinə aiddir: Azərbaycan Respublikasının xarici siyasətinin konsepsiyası və əsas istiqamətləri üzrə təkliflərin hazırlanması və Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına təqdim edilməsi; Azərbaycan Respublikasının xarici siyasətinin həyata keçirilməsinin təmin edilməsi; Azərbaycan Respublikasının digər dövlətlərlə və beynəlxalq təşkilatlarla münasibətlərində vahid siyasət xəttinin həyata keçirilməsinin təmin edilməsi məqsədilə digər müvafiq icra hakimiyyəti orqanlarının fəaliyyətinin əlaqələndirilməsi; Azərbaycan Respublikasının suverenliyinin, təhlükəsizliyinin, ərazi bütövlüyünün və sərhədlərinin toxunulmazlığının, onun siyasi, iqtisadi və digər sosial maraqlarının diplomatik üsul və vasitələrlə təmin olunması; beynəlxalq sülhün və təhlükəsizliyin qorunmasına diplomatik üsul və vasitələrlə kömək göstərilməsi; Azərbaycan Respublikasının, onun vətəndaşlarının və hüquqi şəxslərinin xaricdə hüquq və maraqlarının müdafiə olunması; Azərbaycan Respublikasının digər dövlətlərlə və beynəlxalq təşkilatlarla diplomatik və konsul əlaqələrinin həyata keçirilməsi; Azərbaycan Respublikası dövlət protokolunun təmin edilməsi və s. Diplomatik xidmət orqanlarında diplomatik vəzifə tutan şəxslər diplomatik xidmət əməkdaşlarıdırlar. Diplomatik xidmət orqanlarının inzibati-texniki xidmətini həyata keçirən şəxslər diplomatik xidmət əməkdaşlarına aid deyildirlər. Həmin şəxslərin hüquqi statusu və ixtisas dərəcələri Azərbaycan Respublikasının digər sahəvi qanunvericilik aktları ilə tənzimlənir. Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərində və konsulluqlarında işləyən diplomatik xidmət əməkdaşları üçün aşağıdakı vəzifələr müəyyən edilir: Fövqəladə və səlahiyyətli səfir, Azərbaycan Respublikasının beynəlxalq təşkilatlardakı daimi nümayəndəsi; • səfir müavini, daimi nümayəndənin müavini, baş konsul; • müşavir-elçi; • müşavir; • konsul; • birinci katib; • vitse-konsul; • ikinci katib; • üçüncü katib; • attaşe. Azərbaycan Respublikasının ərazisindəki diplomatik xidmət orqanlarında işləyən diplomatik xidmət əməkdaşlarının vəzifələri Azərbaycan Respublikasının müvafiq qanunvericilik aktları ilə müəyyən edilir. Diplomatik xidmət əməkdaşları diplomatik xidmət orqanlarından Azərbaycan Respublikasının digər dövlət orqanlarına vəzifəyə keçirildikdə, onlar Xarici İşlər Nazirliyinin ehtiyatına daxil edilirlər. Ehtiyata daxil etmə ilə bağlı qaydalar Xarici İşlər Nazirliyi tərəfindən müəyyən edilir. Diplomatik vəzifələrə ali təhsilli və üzərinə qoyulmuş vəzifələri yerinə yetirmək üçün müvafiq işgüzar, mənəvi, peşəkar keyfiyyətlərə, sağlamlıq vəziyyətinə malik olan və Azərbaycan Respublikasının dövlət dilini sərbəst bilən Azərbaycan Respublikasının vətəndaşı təyin edilə bilər. Diplomatik xidmət orqanlarında vəzifələrə təyin edilmə və vəzifələrdən azad edilmə qaydaları, habelə vəzifə tutan şəxslərə dair tələblər Azərbaycan Respublikasının Konstitusiyası, qanunları və digər normativ hüquqi aktları ilə, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə müəyyən edilir. Xaricdə işlədikdən sonra Azərbaycan Respublikasına qayıdan diplomatik xidmət əməkdaşı, xaricdə tutduğu vəzifə nəzərə alınmaqla, diplomatik xidmət orqanlarında müvafiq vəzifəyə təyin edilir. Diplomatik xidmət əməkdaşlarına, tutduqları vəzifə və ixtisasları nəzərə alınmaqla, aşağıdakı diplomatik rütbələr verilir: - Fövqəladə və Səlahiyyətli Səfir; - birinci dərəcəli Fövqəladə və Səlahiyyətli Elçi; - ikinci dərəcəli Fövqəladə və Səlahiyyətli Elçi; - birinci dərəcəli müşavir; - ikinci dərəcəli müşavir; - birinci dərəcəli birinci katib; - ikinci dərəcəli birinci katib; - birinci dərəcəli ikinci katib; - ikinci dərəcəli ikinci katib; - üçüncü katib; - attaşe. Fövqəladə və Səlahiyyətli Səfir, birinci və ikinci dərəcəli Fövqəladə və Səlahiyyətli Elçi diplomatik rütbələri Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 24-cü bəndinə müvafiq olaraq verilir. Digər diplomatik rütbələrin verilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Diplomatik xidmət əməkdaşının diplomatik rütbəsi, bir qayda olaraq, diplomatik xidmətdə tutduğu vəzifəyə uyğun olmalı, yaxud ondan bir pillə yuxarı və ya aşağı olmalıdır. Diplomatik rütbələrin verilməsi barədə əmək kitabçasında (xidmət siyahısında) müvafiq qeyd aparılır. Bu Qanunun 11-ci maddəsinin müddəaları nəzərə alınmaqla, diplomatik rütbələr ömürlük verilir. Diplomatik xidmət əməkdaşları üçün diplomatik rütbələrdə olmanın aşağıdakı müddətləri müəyyən edilir: attaşe, üçüncü katib, ikinci və birinci dərəcəli ikinci katib üçün - 2 il; ikinci və birinci dərəcəli birinci katib, ikinci dərəcəli müşavir üçün - 3 il; Birinci dərəcəli müşavirdən başlayaraq yuxarı diplomatik rütbələrdə olma müddəti müəyyən edilmir. Diplomatik xidmət əməkdaşlarının diplomatik rütbələrdə olma müddətlərinə aşağıdakılar daxildir: müvafiq icra hakimiyyəti orqanında və onun yardımçı təşkilatlarında iş; Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərində və konsulluqlarında iş; keçmiş SSRİ-nin və müttəfiq respublikaların xarici işlər orqanlarında iş; beynəlxalq təşkilatlarda iş; müvafiq icra hakimiyyəti orqanının ali təhsil və elmi müəssisələrində elmi və pedaqoji fəaliyyət müddəti; müvafiq icra hakimiyyəti orqanının göndərişi əsasında həyata keçirilən əlavə təhsilin müddəti; ali təhsil müəssisələrinə, aspiranturaya (doktoranturaya) müvafiq icra hakimiyyəti orqanı tərəfindən göndərilənlərin təhsil müddəti. Diplomatik xidmət əməkdaşlarının rütbələri, işlərində mühüm nailiyyətlərin və ya xüsusi xidmətlərin olduğu hallarda, müəyyən edilmiş müddətin başa çatmasından əvvəl və ya növbədən kənar artırıla bilər. Xidməti vəzifələrinin kobud şəkildə pozulmasına və ya diplomatik xidmət ilə bir araya sığmayan hərəkətlərə görə, habelə Azərbaycan Respublikasının və olduqları dövlətin qanunvericiliyinə görə məsuliyyət doğuran əməllər törətməkdə təqsirli bilindikdə, diplomatik xidmət əməkdaşlarının rütbələri aşağı salına və ya onlar öz rütbələrindən məhrum edilə bilərlər. Diplomatik xidmət əməkdaşının rütbədən məhrum edilməsi və ya onun rütbəsinin aşağı salınması, rütbənin verilməsi üçün müəyyən edilmiş qaydada həyata keçirilir. Diplomatik xidmət əməkdaşının əvvəlki rütbəsinin bərpa olunmasına yalnız həmin əməkdaş qanunvericiliklə müəyyən edilmiş qaydada xidməti attestasiyadan keçdikdən sonra yol verilir. Diplomatik xidmət əməkdaşlarının və diplomatik xidmət orqanlarının inzibatitexniki xidmətini həyata keçirən şəxslərin vəzifə yerdəyişmələri ixtisas, peşə hazırlığı və rotasiya prinsipləri nəzərə alınmaqla, xidməti zərurətlə əlaqədar həyata keçirilir. Vakant vəzifələrin əvəz edilməsi Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun həyata keçirilir. Diplomatik xidmət orqanlarında əməkdaşların rotasiyası Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi tərəfindən həyata keçirilir. Rotasiya çərçivəsində diplomatik xidmət əməkdaşları, və diplomatik xidmət orqanlarının inzibati-texniki xidmətini həyata keçirən şəxslər peşəkar hazırlıqları və ixtisasları nəzərə alınmaqla, Azərbaycan Respublikasının diplomatik nümayəndəliyinə və ya konsulluğuna işə təyin oluna və ya öz fəaliyyətlərini müvafiq icra hakimiyyəti orqanında həyata keçirə bilərlər. Azərbaycan Respublikasının diplomatik nümayəndəliyində və ya konsulluğunda fəaliyyəti başa çatmış diplomatik xidmət əməkdaşı və diplomatik xidmət orqanlarının inzibati-texniki xidmətini həyata keçirən şəxs yenidən diplomatik nümayəndəliyə və ya konsulluğa işə təyin olunmazdan əvvəl müvafiq icra hakimiyyəti orqanında, bir qayda olaraq, azı bir il işləməlidir. Azərbaycan Respublikasının diplomatik nümayəndəliyinin başçısı təyin olunmuş şəxsin müvafiq dövlətdə və ya beynəlxalq təşkilatda fasiləsiz iş müddəti, bir qayda olaraq, beş ildir. Səfir müavini, daimi nümayəndənin müavini və ya baş konsul təyin edilmiş şəxsin xaricdə fasiləsiz iş müddəti dörd ildir. Bu müddətlər Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən uzadıla bilər. Digər diplomatik xidmət əməkdaşlarının və diplomatik xidmət orqanlarının inzibati-texniki xidmətini həyata keçirən şəxslərin müvafiq diplomatik nümayəndəliklərdə və ya konsulluqlarda fasiləsiz iş müddəti üç ildən artıq olmamalıdır. Bu müddət, xidməti zərurətlə əlaqədar və diplomatik xidmət əməkdaşının və diplomatik xidmət orqanlarının inzibati-texniki xidmətini həyata keçirən şəxslərin razılığı ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən bir ildən artıq olmayan müddətə uzadıla bilər. Diplomatik xidmət əməkdaşının və diplomatik xidmət orqanlarının inzibati-texniki xidmətini həyata keçirən şəxslərin Azərbaycan Respublikasının diplomatik nümayəndəliyinə və ya konsulluğuna işə getməkdən üzürlü səbəblər olmadan imtina etməsi intizam pozuntusu hesab edilir və intizam tənbeh tədbirinin tətbiqi üçün əsasdır. Diplomatik nümayəndəliyə və ya konsulluğa işə təyin olunmuş diplomatik xidmət əməkdaşları və diplomatik xidmət orqanlarının inzibati-texniki xidmətini həyata keçirən şəxslər xidməti attestasiyanı Azərbaycan Respublikasına qayıtdıqdan sonra keçirlər. Xidməti attestasiyanın keçirilməsi qaydaları Azərbaycan Respublikasının müvafiq qanunvericilik aktları ilə müəyyən edilir.
NƏTİCƏ Azərbaycan Respublikası öz müstəqilliyini bərpa etdikdən sonra, ölkəmizdə diplomatik fəaliyyətin təşkili üçün kifayət qədər dolğun hüquqi əsas, baza yaradılmışdır. Azərbaycan Respublikasının Konstitusiyası, diplomatiya hüququ sahəsində qanunları və hökumət qərarları xarici siasi fəaliyyətin və diplomatik xidmətin hüquqi təminatı üçün münasib şərait yaratmışdır. Lakin bu sahədə qəbul edilməsi zəruri olan bir sıra digər qanunvericilik aktlarına da ehtiyac vardır. Məsələn, respublikamızın ərazisində xarici dövlətlərin diplomatik və konsul nümayəndəlikləri haqqında heç bir normativ hüquqi akt mövcüd deyildir. Belə ki, bir sıra dövlətlərin praktikasında xarici dövlətlərin onların ərazisindəki diplomatik, konsul və s. nümayəndəlikləri tərəfindən funksiyalarının həyata keçirilməsi rejimini diplomatiya hüququnun əsas prinsip və normalarına uyğun olaraq müəyyən edən daxili qanunların qəbul edilməsi geniş yayılmışdır. Diplomatiya hüququnun ümumtanınmış prinsip və normalarına əsaslanan bu rejim, məsələn, qarşılıqlıq prinsipi əsasında daha da geniş immunitet və imtiyazlar müəyyən edə bilər.Xarici əlaqələrin həyata keçirilməsində dövlətdaxili orqanlar özünəməxsus yer tutur. Diplomatiya və xarici siyasət dövlət başçısının fəaliyyətinin mühüm sferalarından biridir. Xarici əlaqələrin həyata keçirilməsinin mühüm vasitələri – kəşfiyyat orqanları, böyük həcmli informasiyanın təhlili vasitələri; qəbul olunmuş qərarlar həyata keçirmək iqtidarında olan aparat və nəhayət, birbaşa diplomatik və xarici dövlətlərlə digər əlaqə kanalları məhz dövlət başçısının sərəncamındadır. Konstitusiya və Azərbaycan Respublikasının digər qanunverici aktları ilə prezidentə verilmiş xarici əlaqələr sahəsində səlahiyyətlər, təbii ki, beynəlxalq hüquqla dövlət başçısına verilmiş bütün imkanları əhatə etmir. Bununla yanaşı, təkcə ayrı-ayrı səlahiyyətləri və ya onların cəmini deyil, bütövlükdə prezidentin hakimiyyətindən irəli gələrək real imkanları nəzərə almaq vacibdir. Prezidentin səlahiyyətləri bir qayda olaraq onların realizəsi prosesində daha aydın ortaya çıxır.