Üslubiyyət və Nitq Mədəniyyəti
Nitq mədəniyyəti ilə üslubiyyat arasında qarşılıqlı əlaqə mövcuddur. Nitq üslublarının yaranması dilin inkişafı ilə bağlıdır. Üslublar dilin inkişaf səviyyəsindən asılı olaraq meydana gəlmişdir.
Dilin üslubi imkanlarını öyrənən elmə üslubiyyat deyilir. “Üslubiyyat – ünsiyyətin müxtəlif şəraitində ifadə etmək üçün dil vasitələrinin seçilməsi və işlədilməsi prinsiplərini öyrənən” (Stilistika sovremennoqo fransuzskoqo yazıka, M., 1960, səh.9) 84 dilçilik sahəsi kimi də başa düşülür. Üslubiyyatın əsas vahidi üslubdur. Üslub dil vasitələrindən məqsədyönlü istifadə üsuludur. Dil vahidlərindən məqsədyönlü istifadə ümumi, ictimai baxımdan funksional üslubların yaranmasında özünü göstərir. Milli təfəkkürün müxtəlif sahələrini əks etdirən funksional üslublar həmin sahələrin tələbi ilə özünəməxsus dil vahidlərinə əsaslanır.
Ədəbi dil üzərində inkişaf edib formalaşan funksional üslublar aşağıdakı kimi qruplaşdırılır: 1. Bədii üslub; 2. Elmi üslub; 3. Publisistik üslub; 4. Məişət üslubu; 5. Rəsmi-işgüzar üslub; 6. Natiqlik üslubu; 7. Epistolyar üslub.
Böyük yunan filosofu Aristotel hələ eramızdan əvvəl IV əsrdə üslub məsələsini nitq mədəniyyəti ilə əlaqələndirib yazırdı: “Üslubun qiyməti onun aydınlığındadır. Əgər nitq aydın deyilsə, deməli, natiq öz məqsədinə nail ola bilməmişdir. Üslub nitqin mövzusuna uyğun gəlməlidir”.
Bu gün dil üslubları rəngarəng və çoxdur: akademik üslub, dialoq üslubu, monoloq üslubu, realist üslub, romantik üslub, poetik üslub, şair və ya yazıçının fərdi üslubu və s.
Nitq mədəniyyəti və üslubiyyat hər biri öz mövzusu dairəsində sözlərin və qrammatik formaların nitqdə işlədilməsi keyfiyyətini və imkanlarını araşdırır. Dilin lüğət tərkibi, orfoqrafiya və orfoepiya məsələləri, sözlərin məna çalarları, üslubi rəngarənglik, sinonimlik və s. kimi məsələlər həm nitq mədəniyyəti, həm də üslubiyyatın öyrəndiyi sahələrdəndir. Lakin nitq mədəniyyəti üslubiyyatın bir sıra məsələlərini əhatə etsə də üslubiyyatdan fərqlənir, üslubların düzgünlüyünü qiymətləndirir. Nitq mədəniyyətini üslubi normalardan məqsədəuyğun istifadə və ifadəlilik məsələləri maraqlandırırsa, üslubiyyatI dil vahidlərinin leksik-semantik əlaqələri, üslubi imkanları, sözyaratma və söz işlətmənin normativliyi, funksional üslubların tam və geniş planda tədqiqi cəlb edir. Deməli, üslubiyyat dil və nitq üslublarını, nitq mədəniyyəti isə müasir ədəbi dil çərçivəsində söz və qrammatik formaların nitqdə işlədilmə imkanlarını,onların əlverişliliyini, uyğunluq, düzgünlük, səlistlik, ifadəlilik kimi keyfiyyətlərini, dil sisteminin emosional – ekspressiv çalarlarını, bədii ifadə və təsvir vasitələrinin formalaşması və təkmilləşməsinə təsir göstərən amillərin qarşılıqlı əlaqələrini öyrənir. Beləliklə, nitq mədəniyyəti üslubiyyatdan fərqlənir və onları eyniləşdirmək olmaz. Üslubiyyat təfəkkürlə bağlı sənət əsərlərinin, mədəniyyət sərvətlərinin bədii xüsusiyyətlərini və ifadə vasitələrini öyrənən elmdir.
Ümumxalq mədəniyyətinin ayrılmaz tərkib hissəsi olan nitq mədəniyyətinin etika, estetika və incəsənətlə də sıx əlaqəsi vardır. Mədəniyyət xalqın formalaşdığı dövrlərdə etika, estetika və incəsənətlə birgə əmək prosesində, insanların praktik fəaliyyətində meydana gəlmişdir.
Dostları ilə paylaş: |