SəRBƏst iŞ


İnsan hüquq və azadlıqlarının müdafiəsində demokratiyanın rolu



Yüklə 65,44 Kb.
səhifə5/5
tarix01.01.2022
ölçüsü65,44 Kb.
#50547
1   2   3   4   5
bextiyar xankisiyev huquq

İnsan hüquq və azadlıqlarının müdafiəsində demokratiyanın rolu

Demokratiya anlayışı bəşəriyyətin düşüncə tarixinə 2500 ildən artıq bir müddətdir ki, daxil olmuşdur. Demokratiya (demos - xalq, kratos - hakimiyyət) yunan sözü olub "xalq hakimiyyəti", yaxud "xalq üsul-idarəsi" deməkdir. Min illər boyu bəşəriyyətin ən yaxşı mütəfəkkirləri cəmiyyətin inkişaf tarixini başa düşməyə çalışmış, bundan ötrü fəlsəfi sistemlər yaratmış, ideal cəmiyyət mənzərəsini təsvir etmişlər. Elə bir cəmiyyət ki, orada hər bir kəs həm öz həyatını, həm də həmvətənlərinin güzəranını yaxşılaşdıra bilərdi. Dünya əhalisinin əksəriyyətinin yaşadığı 193 ölkədən 118-i demokratik inkişaf yolu tutmuş ölkədir. Demokratik ölkələr siyasi və vətəndaş azadlıqlarının bərqərar olduğu dövlətlər hesab olunur. (V.Ömərov, “Hüquq və siyasət”, Bakı – 2015. (səh. 15))

Demokratik dövlətin mahiyyəti vətəndaş cəmiyyətinə xidmət edən hüquqi dövlətin olmasındadır. Demokratik dövlət fərdi, milli, sinfi, mədəni ziddiyyətləri tənzim edir və sosial mənafeləri əlaqələndirmək vasitəsi kimi çıxış edir. Demokratik dövlət münaqişələri konsensus yolu ilə həll edir.

Politoloji ədəbiyyatda demokratiyanın prinsipləri müəyyən edilmişdir. Demokratiyanın əsas prinsiplərindən biri çoxluğun idarə etməsidir. O, xalq suverenliyi doktrinasının əsasını təşkil edir, xalq hakimiyyətin yeganə mənbəyi elan olunur. Demokratiyada çoxluq üç formada olur: milli demokratiya, sosial demokratiya (sinif, zəhmətkeşlər) və liberal demokratiya (şəxsiyyətin hüquqlarının muxtariyyətini elan edir. Xüsusi mülkiyyət, özünütənzimləmənin bazar mexanizmi və mənafelərin müdafiəsi liberal demokratiyanın əsasıdır).

Çoxluğun idarəsi prinsipi bilavasitə və nümayəndəli demokratiya formasında həyata keçirilir. Lakin çoxluğun idarəsi demokratiyanın mühüm prinsipi və şərti olsa da, azlığın hüquqlarının müdafiəsi təmin edilməyən yerdə həqiqi demokratiya ola bilməz. Demokratik sistemlər vətəndaşlara geniş siyasi və sosial-iqtisadi hüquqlar nəzərdə tutur və onlara təminat verirlər.

Demokratiyanın ən mühüm prinsiplərindən biri hakimiyyət funksiyalarının bölünməsidir. Buna əsasən, demokratik sistemlərdə qanunverici, icraedici və məhkəmə hakimiyyəti bir-birindən ayrılır və müstəqil fəaliyyət göstərir. Eyni zamanda, dövlət hakimiyyətinin başlıca qərarlarının, dövlət siyasətinin hazırlanmasında onlar birgə, əlbir fəaliyyət göstərirlər. Yuxarıda qeyd etdik ki, demokratiyanın mühüm prinsiplərindən biri aşkarlıqdır. Onun təmin edilməsində "hakimiyyətin dördüncü qolu" hesab olunan kütləvi informasiya vasitələri mühüm rol oynayırlar.

Demokratik idarə üsulu üçün çoxpartiyalılıq səciyyəvidir. Demokratik dövlət öz partiyalarını yaratmaq üçün bütün siyasi qüvvələrə şərait yaratmalıdır. Demokratiyanın mühüm prinsipi hakimiyyətin həddindən artıq mərkəzləşməsinin qarşısını almaq məqsədilə onun yerli özünüidarə orqanları arasında "paylaşdırılmasıdır". Demokratiya vətəndaşların yüksək siyasi fəallığını nəzərdə tutur. Lakin bu fəallıq mövcud dövlət quruluşunun dağıdılmasına deyil, onun möhkəmləndirilməsinə xidmət etməlidir.

Demokratiya güclü dövlət hakimiyyətinin olmasını tələb edir. Hakimiyyət ölkədə sabitliyi təmin etmək üçün xalqın gücünə möhtacdır. Bu, o deməkdir ki, xalq kütlələri demokratik idealları və sərvətləri qəbul etməli və onların tələblərinə əməl etməlidirlər. Bu mənada, demokratiya mübarizədir, fasiləsiz mübarizə, ancaq bu, qanun çərçivəsində gedən mübarizədir. (V.Ömərov, “Hüquq və siyasət”, Bakı – 2015. (səh. 16))

Demokratik sistem fikir və mövqe plüralizminə əsaslanır. Plüralizm cəmiyyətdə tolerantlığın (yad həyat tərzinə, davranışa, adətlərə, fikirlərə və s. dözüm deməkdir) olmasını nəzərdə tutur. XX əsrin ortalarına yaxın demokratiyaya üç əsas yanaşma işlənib hazırlanmışdır:

1. Hakimiyyət mənbəyi baxımından (demokratiya xalq hakimiyyətidir);

2. Hakimiyyətin məqsədləri baxımından (demokratiya insanlar naminə fəaliyyət göstərən hakimiyyətdir);

3. Nəhayət, hökumətin təşkili proseduru baxımından.

Demokratiya azadlığı müdafiə edən və prinsiplərin kompleks halında götürülməsi deməkdir. Demokratiya azadlığa qanuni status verilməsidir və deməli, demokratik prinsiplər aşağıdakı yerlərdə istifadə oluna bilər:

1. Dövlət münasibətləri sistemində;

2. İnsanların müxtəlif təşkilatlarının yaradılması və fəaliyyətində (ailə və məktəbdən tutmuş hər növ cərəyan və siyasi partiyalaradək);

3. Demokratiya insan hüquqi şəklində siyasi və sosial sərvət kimi mövcud ola bilər.

Demokratiya mürəkkəb proses olub tam mənada gerçəkləşən fenomen deyildir. V.Qavel dediyi kimi: "Demokratiya, sözün tam mənasında, həmişə idealdan başqa bir şey olmayacaqdır. Kimsə ona lap yaxınlaşa bilər, kimin üçünsə o, həmişə üfüqdə işıldayacaq, ona doğru aparan yollar yaxşı, yaxud pis olacaqdır, lakin ona tamamilə nail olmaq heç vaxt mümkün olmayacaqdır...".

Demokratiya yolunu tutmuş postsovet ölkələri kimi Azərbaycan Respublikasında da demokratiya özünəməxsus spesifik xüsusiyyətlərilə fərqlənir və uzunmüddətli prosesdir. Ulu Öndər Heydər Əliyev düzgün olaraq deyirdi: "Bəziləri belə hesab edirlər ki, Azərbaycanda demokratiya Böyük Britaniyada, Fransada, yaxud ABŞ-dakı kimi olsun. Biz bu səviyyəyə çatmağa çalışırıq. Demokratiyanı bir-iki gündə əldə etmək mümkün deyil. Demokratiya insanların şüurunda dəyişiklik deməkdir. Bu dəyişiklik heç bir inqilabla olmur, təkamül yolu ilə tədricən gedir".

Politoloqların fikrincə, Azərbaycan Respublikasının Konstitusiyasında əksini tapmış demokratiyanı siyasi praktikada həyata keçirmək lazımdır: hüquqi dövlətin prinsiplərini, onun demokratik əsaslarını həyata keçirmək, insan hüquqları və azadlıqlarını ali dəyərlər kimi qorumaq və ona əməl etmək; hakimiyyətin qanunverici, icraedici və məhkəmə hakimiyyətini, habelə, digər konstitusion hüquqları həyata keçirmək. Çünki məhz onlar sayəsində cəmiyyət azad ola və demokratiyanın üstünlüklərini hiss edə bilər.

Demokratiyaya keçid məqsəd deyil, sivilizasiyalı müasir sistemin - insanın normal həyatı üçün bütün zəruri şəraiti yaradan və özü inkişaf edən, stabil sistemin yaradılması üçün yoldur. Ölkə üçün demokratiya problemi elə siyasi sistemin formalaşmasıdır ki, o, xalqın iştirakilə cəmiyyətin idarə edilməsini təmin etmiş olsun, insanların hüquq və azadlıqlarına riayət edilməsinə və qorunmasına təminat versin. Demokratiya problemi - cəmiyyətin iqtisadi və siyasi reallıqlara əsaslanan dövlət və sosial quruluşunun formaları problemidir.

Azərbaycan demokratiyası plüralist, daha dəqiq desək, kompleksliliyi (nümayəndəliliyi və birbaşa olması) baxımından inteqrativdir. Demokratiyanın nümayəndəli xarakteri ümumsivilizasiyalı başlanğıcdır. Müasir Qərb demokratiyası əsas etibarilə nümayəndəlidir. Azərbaycan Respublikasının Konstitusiyasında deyilir ki, Azərbaycan vətəndaşları dövlət işlərinin idarə olunmasında birbaşa və öz nümayəndələri vasitəsilə iştirak etmək hüququna malikdir. Nümayəndəli demokratiya parlamentarizmin və prezident üsul-idarəsinin inkişafilə reallaşdırılır. Bu reallaşma, hər şeydən əvvəl, yerli özünüidarəetmə vasitəsilə baş verir. Yerli özünüidarəetmə özündə nümayəndəli demokratiya orqanlarını (vəzifəli şəxslərin seçilməsi) və vətəndaşların ictimai funksiyaların yerinə yetirilməsində (yığıncaqlar, yerli hakimiyyət orqanlarının fəaliyyətinə nəzarət edən komissiyalarda iştirak) bilavasitə iştirakını birləşdirir. Burada əmək kollektivlərinin, müxtəlif ictimai təşkilatların hakimiyyət fəaliyyəti üçün geniş meydan açılır. Birbaşa demokratiyanın effektivliyi onun bütün hakimiyyət və idarəetmə səviyyələrinə yayılması ilə ölçülür. (V.Ömərov, “Hüquq və siyasət”, Bakı – 2015. (səh. 19))

Bəzi politoloqlar demokratiyanın reallaşması üçün aşağıdakı yolları göstərirlər:

- demokratik təsisatlar səmərəli fəaliyyət göstərməlidir;

- vətəndaş cəmiyyəti formalaşmalıdır;

- başlıca siyasi qüvvələr əsas dəyərlər üzrə razılığa gəlməlidir;

- siyasi qruplaşmalar arasındakı münaqişələr qanunla tənzimlənməlidir.

Akademik R.Mehdiyev demokratik idarəçilik üçün yeni dövrün idarəetmə qrupunun aşağıdakı formalaşma yollarını tövsiyə edir:

- milli mənlik şüurunu qorumağa və Azərbaycan cəmiyyətinin milli ideyasını formalaşdırmağa imkan verən baxışların saxlanması və çoxaldılması;

- siyasi liderliyin institusionallaşması və peşəkarlaşması, rasional elitar bürokratiyanın formalaşması;

- vətəndaş cəmiyyətinin qorunub-saxlanması və inkişaf etdirilməsi, dövlət idarəçiliyi sisteminin maksimum demokratikləşməsi və şəffaflığı;

- qanunun tələblərinin həm hakimiyyət orqanlarının özləri və onların ayrı-ayrı nümayəndələri tərəfindən yerinə yetirilməsi, həm də vətəndaşlar tərəfindən qanuna tam əməl olunması;

- "nəyin bahasına olursa-olsun" ideyasından imtina edilməsi, demokratiyaya zidd norma və prinsiplərin qəbul edilmədiyi sivil cəmiyyət üçün təbii mühitin yaradılması;

- plüralizmin, ümumən demokratiyanın, yerli özünüidarənin və vətəndaş cəmiyyəti tərəfindən hakimiyyətə nəzarətin başqa formalarının inkişaf etdirilməsi.



Ədəbiyyat siyahısı

  1. E.M.Nəsibov, “Dövlət və siyasət fəlsəfəsi”, Bakı – 2015.

  2. V.Ömərov, “Hüquq və siyasət”, Bakı – 2015.

  3. http://www.anl.az/down/meqale/ses/2015/oktyabr/458135.htm

Yüklə 65,44 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin