Böyük dənizlərin xorunu dinləmiş bu dənizçilər də səbirlə dinlədilər məni. Az qalıb gözləmələrinə. Mən hazıram.
Çay dənizə yetişdi artıq və ulu ana oğlunu öz bağrına basır indi.
Əlvida, Orfalesin camaatı.
Bugün öz sonuna yaxınlaşdı artıq.
O, su zanbağı sabahkı gün qarşısında yumulan təki sağollaşır bizimlə.
Bizə burda verilənləri qorumalıyıq.
Əgər bütün bunlar az olmuş olsa, yenə bir yerə yığışar və birlikdə uzadarıq əllərimizi Verənə doğru.
Unutmayın ki, mən qayıdacağam sizin yanınıza.
Bir az keçsin və mənim həsrətim yeni bədən üçün bir qədər toz və bir qədər köpük yığacaqdır.
Bir az da keçsin, küləkdə bir an dincəlim və başqa bir qadın doğacaqdır məni.
Əlvida, Orfales camaatı və sizinlə keçirdiyim gəncliyim.
Yuxuda görüşdüyümüz sanki dünən idi.
Siz nəğmə oxuyurdunuz mənə mənim tənhalığımda, mənsə qala ucaldırdım göydə həsrətinizdən.
Lakin budur, yuxu gözümüzdən qaçmış, yuxular bitmiş və gün çıxmışdır artıq.
Gün günorta olmuş, yarıoyaqlığımız aydın sabaha çevrilmişdir və biz ayrılmalıyıq.
Əgər yaddaşın alatoranlığında bir daha görüşəsi olsaq, yenə söhbətləşərik və siz mənə daha dərin bir nəğmə oxuyarsınız.
Əgər əllərimiz başqa bir yuxuda yenidən görüşərsə, yeni bir imarət ucaldarıq göylərdə.»
Bunları söyləyərək o, dənizçilərə işarə verdi.
Onlar ləngimədən lövbəri qaldırdılar, gəmini sahilə bağlayan ipləri açaraq Şərqə doğru istiqamət aldılar.
Camaatdan vahid bir ürəkdən ayrılan təki bir qışqırıq qopdu. Nəhəng şeypurun səsi kimi bu səs alatoranlığa yüksələrək dənizin üzərinə yayıldı.
Yalnız əl-Mitra susurdu. Gəmi dumanda gözdən itənədək ötürdü onu gözləri ilə.
Camaat dağılandan sonra da o, sahildə tək tənha dayanıb ürəyində onun sözlərini təkrarlayırdı:
“Bir az da keçsin, küləkdə bir an dincəlim və başqa bir qadın doğacaqdır məni”.
İblis
Camaat huri Samaana ruhani və dini məsələlər üzrə böyük nüfuz sahibinə baxan kimi baxırdılar. Zira, günahların səbəbləri, cənnət, cəhənnəm və qır qazanı haqqında heç kim ondan çox bilmirdi.
Onun işi Şimali Livanın kəndlərini gəzmək və moizələr oxumaqla camaatın nəfsini günahlardan çəkindirmək və iblisin qurduğu tələlərdən onları xəbərdar etməkdən ibarət idi. İblis hurinin ən qatı düşməni idi və Samaan gecə-gündüz onunla müharibə aparırdı.
Fəllahlar huri Samaana hörmət edir, onun moizə və dualarının müqabilini böyük həvəslə qızıl və gümüşlə ödəyirdilər; yığılan məhsulda da Samaanın öz payı vardı.
Payız günlərinin birində huri Samaan səhralıqdan keçərək ucqar bir kəndə doğru yollanarkən qəfildən həzin bir inilti eşitdi. Ətrafına boylanaraq baxanda yolun kənarında, otun üzərində uzanılı halda çılpaq bir kişi gördü. O, ağır yaralanmışdı, yarasından hələ də qanın sızdığını görmək olurdu. “Mənə yazığın gəlsin, – deyə yaralı yalvardı, – məni xilas elə, ölürəm!”
Huri Samaan qətiyyətsiz şəkildə yaralıya baxdı və öz-özünə fikirləşdi: “Yəqin quldurdur, yoldan keçəni soymaq istəyib, əvəzində özü zərər çəkib... Onun artıq son nəfəsidir, məni onun yanında görsələr elə biləcəklər ki, mən öldürmüşəm onu”.
O öz yoluna davam etmək istəyəndə yaralı bir də dilləndi:
“Tək qoyma məni burda, sən getsən, mən yəqin öləsiyəm”.
Huri Samaan yenə düşündü, yaralıya kömək etmək istəmədiyini anlayınca sarsıldı və rəngi ağarmış halda dodaqları əsə-əsə öz-özünə: “Bu, yəqin kimsəsiz dağlarda sərgərdan gəzən dəlilərdən birisi olacaq,” – deyə pıçıldadı. “Onun yarası dəhşətlidi. Mən nə edə bilərəm axı? Qəlblərin həkimi bədən xəstəliklərini sağalda bilməz”.
Yoluna düzəlmək istəyəndə yaralı dağı-daşı əridə biləcək səslə çağırdı: “Yaxın gəl, biz səninlə uzun zamandan bəri dost olmuşuq. Sən huri Samaan, müqəddəs atasan, mən isə nə quldur, nə də ki, dəliyəm. Qoyma məni bu kimsəsiz yerdə ölüm, yaxın gəl, mən sənə kim olduğumu deyəcəm”.
Huri Samaan can verənə yaxınlaşıb ona sarı əyildi. O, qarşısında tanış olmayan, ziddiyyətli bir sifət gördü. Bu üzün cizgilərində sanki ağılla biclik, eybəcərliklə gözəllik, məkrlə yumşaqlıq birləşmişdi. O dikələrək səndirlədi: “Sən kimsən?”– deyə soruşdu. Can verən zəif səslə cavab verdi: “Qorxma, mənim atam, biz səninlə çoxdan dostuq. Kömək elə mənə qalxım, yaxındakı bulağa çatdır məni. Yaralarımı yu və öz yaylığınla bağla”.
Dostları ilə paylaş: |