Mən yüksəyə qalxmasam və uzağa getməsəydim sizi necə görə bilərdim?
Uzaq olmadan, həqiqətən yaxın olmaq mümkündürmü?
Bəziləriniz isə fikirlərini sözsüz bildirirdilər mənə:
“Ey Qərib, Qərib, ey əlçatmaz yüksəkliklərin vurğunu, nə üçün qartalların yuva qurduğu zirvələrdə yaşayırsan axı?
Niyə mümkünsüzü arzulayırsan?
Hansı fırtınanı öz toruna keçirmək istəyirsən?
Hansı əcaib quşu tutmaqdır məqsədin?
Gəl, bizə qoşul.
Aşağı en və bizim çörəyimizlə aclığını doyur bizim şərabımızla yatırt susuzluğunu”.
Qəlblərinin tənhalığında deyirdilər onlar bu şeyləri;
Lakin onların tənhalığı daha dərin olsaydı, onlar bilərdilər ki, mən yalnız sizin sevincinizin və ağrınızın sirrini axtarır, yalnız sizin göylərdə gəzən böyük məninizi ovlamaq istəyirdim.
Lakin ovçunun özü də ov idi;
Zira, oxlarımın çoxu öz sinəmi tapmaq üçün yayımı tərk edirdi.
Uçan, həm də sürünürdü;
Ona görə ki, qanadlarımı günəşdə gərəndə, onların kölgəsi yerə tısbağa kimi düşürdü.
Mən, həm imanlı, həm də şübhəli idim.
Zira, tez-tez barmağımı yaramın üstünə qoyurdum ki, sizə daha çox inanım və daha yaxşı tanıyım sizi.
Bu inam və bu biliklə də deyirəm:
Siz öz bədəninizin əsiri deyilsiniz və evlərə, yaxud tarlalarınıza bağlanmamısınız.
Sizin məniniz dağlardan yüksəkdə yaşayır, küləklərlə səyahət edir.
O, günəşdə qızınmaq üçün bayıra çıxan və özünü gizləmək üçün qaranlıqda yer eşən bir məxluq deyil.
O, nəsə azad bir şeydir, ruhdur, yeri saran və efirdə hərəkət edən.
Əgər bu sözlər anlaşılmazdırsa, onları aydınlaşdırmağa çalışmayın.
Bütün şeylərin əvvəli qarışıq və dumanlıdır, amma sonu yox.
Mən çox şad olaram, məni bir başlanğıc kimi xatırlasanız.
Həyat və bütün canlılar dumanlıqda yaranırlar, kristalda yox.
Kim bilir, bəlkə kristal durulmuş dumandır elə?
İstərdim ki, məni xatırlayanda yadınıza salasınız:
Sizdə sizə ən zəif və qarışıq görünən ən güclü və aydın olandır.
Məgər sümüklərinizi qaldıran və onları bərkidən nəfəsiniz olmadımı?
Məgər indi xatırlaya bilmədiyiniz yuxu qurmayıbmı şəhərinizi? Gördüyünüz bu cah-cəlalı o yaratmayıbmı?
Əgər siz, o nəfəsin qabarmalarını görə bilsəydiniz, gözünüzə başqa heç nə görünməyəcəkdi.
Əgər siz, o yuxunun pıçıltısını eşidə bilsəydiniz, başqa səslər qulağınıza yetişə bilməyəcəkdi.
Lakin siz nə eşidir, nə də görürsünüz. Və bu da yaxşıdır.
Gözlərinizi örtən pərdəni elə onu toxumuş əllər də qaldıracaqdır.
Qulaqlarınıza girmiş o palçığı da, onu qarışdıran barmaqlar çıxaracaqdır.
Bax, onda siz görəcəksiniz.
Bax, onda eşidəcəksiniz.
Lakin əsla korluğu tanımış olduğunuza görə heyfslənməyəcəksiniz və bir vaxtlar kar olduğunuza görə də peşmançılıq çəkməyəcəksiniz. Zira, həmin gün bütün şeylərin gizli mətləbləri açılacaqdır sizə.
Siz işığa şükür etdiyiniz kimi qaranlığa da şükürlər söyləyəcəksiniz.»
Bunları söyləyərək o, ətrafına baxdı və gəminin kapitanının sükanın yanında duraraq gah küləklə dolu yelkənlərə, gah da uzaqlara nəzər saldığını gördü.
O dedi:
«Gəminin kapitanı səbirli, çox səbirlidir.
Külək əsir və yelkənlər də çırpınır.
Hətta sükan belə istiqamət istəyir.
Bunlara baxmayaraq, kapitanım sakitcə susmağımı gözləyir.
Dostları ilə paylaş: |