Adamın yanaqlarından iki damla göz yaşı axdı və böyük cüssəsi sarsılmağa başladı. Ona yazığım gəldi və:
− Əgər bu adamı xatırlamaq sənə əziyyət verirsə, hekayənin davamını anlatma.
− Ey bəxtəvər elçi, könlün rahat olsun! Bu sıxıntı göz yaşları, kapitanlığın dadını bilib onu öz əlləriylə yox edən bir insanın kibrinin göz yaşlarıdır. Bu kibri bəzən özünün və kapitanlığının yasını tutur. Bu, öldürücü ağzın hakimiyyətidir! Dişlərini yaşadan ruhun hakimiyyəti qarşısında qıcırdadır! İzin ver, qoy kibir ağlasın! Çünki o, bundan sonra başqa göz yaşı tapa bilməyəcək. İzin ver hakimiyyət dişlərini qıcırdatsın! Çünki yaxında o da dişlərini itirəcəkdir.
Eyib olsun gözlərimə! Onun ilahi halını ilk dəfə gördükləri zaman kaş ki, dumanlı olmasaydılar! Eyib olsun qulaqlarıma! İlahi alimliyi ilə onlara danışdığı zaman, kaş ki, dünyanın hikməti ilə dolmasaydılar! Eyib olsun dilimə! Ruhun özünə batırılmış olan dilinə qarşı gəldiyim zaman, kaş ki, dilimi arı sancsaydı! Lakin qürurum və qorxularım başıma bəla oldular. Yəqin ki, hələ də bəla olacaqlar.
Bərabər yeddi il keçirdik. Bu illər içində onu təvazökar, etibarlı, nəzakətli, sakit təbiətli, qabiliyyətli və yoldaşının ən kiçik bir istəyində belə özünü tamamilə onun istəyinə istinad edən biri kimi tanıdıq. Addım atıb gəzdiyi zaman elə bil havada süzülürdü. Bir kəlmə belə danışmırdı. Biz onun susma andı verdiyini sanmışdıq. Əvvəllər aramızdan bəziləri onu ələ salaraq səssizliyini pozmağa çalışdılar. Lakin o bütün bu hərəkətləri çox təmkinlə qarşıladı. Sonra artıq hər kəs onun səssizliyinə hörmətlə yanaşdı və onu narahat etməməyə çalışdılar. Ancaq onun səssizliyi, onunla yoldaşlıq edənlərin əksinə məni narahat edir, təmkinliyi isə məni qorxudurdu. Bir neçə dəfə onun səssizliyini və təmkinliyini pozmağa çalışdım. Lakin faydasız idi!
Adının Mirdad olduğunu dedi. Biz də elə çağırırdıq onu. Lakin kim idi, haralı idi, kimin oğlu idi, nədən xoşlanırdı − bunlar haqqında bizə heç bir şey anlatmamışdı. Amma bütün bunlara baxmayaraq onun varlığı bizə çox təsir etmişdi.
Mirdanın gəlişindən yeddi il müddətində bolluq içində yaşadıq. Çünki o illər ərzində gəminin gəliri yeddi qat artmışdı. Məhz bu illər ərzində də qəlbim ona uyğunlaşdı, hətta yoldaşlara onu bizdən biri kimi qəbul etmələrini belə xahiş etdim. Xüsusilə Tanrının təqdiri ilə onun aramıza gəldiyinə, məhz yoldaşımızın öldüyü vaxt gəldiyinə diqqət çəkdim.
Elə o vaxt, heç gözləmədiyimiz bir anda bir hadisə baş verdi. Heç kəs bunu təxmin edə bilməzdi. Xüsusilə də mən yazıq! Mirdad dodaqlarındakı möhrü sındırmışdı. Bununla da fırtına qopmuşdu. Güclü bir sel kimi gələn və bütün yoldaşları önünə alan səssizliyinin arxasında gizlətdiyi hislərini və düşüncələrini söyləməyə başlamışdı. Sona qədər onunla mücadilə edən Şəmadimdən başqa hər kəs bu selə uymuşdu. Mən kapitan səlahiyyətimin gücü ilə selin qarşısında durmaq, onun axarını tərsinə çevirmək istədim. Lakin yoldaşlar Mirdadın gücündən başqa bir güc qəbul etmək istəmədilər. Artıq o əfəndi olmuşdu, Şəmadim isə vəzifəsində yetərsiz qalmışdı. Doğru olmağım və ya təhdidlərim fayda vermədiyi zaman mən hiylə etdim, yaltaqlandım. Bəzi yoldaşların başını pul ilə aldatdım. Bəzilərinə isə böyük torpaq sahələri vəd etməklə yoldan çıxartdım. Əgər Mirdad bunu öyrənib işimi pozmasaydı, mən hər kəsi öz tərəfimə çəkəcəkdim.
Mirdadın müjdələdiyi inanc çox maraqlı və eyni zamanda çətin idi. Hamısı kitabda izah edilmişdi. Lakin onun haqqında danışmağım doğru olmaz. Buna təəccüb etməyin. Çünki Mirdad sizi qarın qatrandan daha qara olduğuna, qatranın da qardan daha ağ olduğuna inandıra bilərdi. Söylədiyi dəlillər elə qəti idi ki, onları inkar etmək mümkün deyildi. Danışma tərzi isə, canlı və axıcı idi. Axıcı danışma tərzim olmadığına və dəlil gətirə bilmədiyimə görə belə bir silaha nə ilə cavab verə bilərdim? Məndə gəminin möhründən başqa silah qalmamışdı. Onsuz da bu silahın da mənə faydası olmadı. Çünki yoldaşlar Mirdadın cazibəsinə və gözəl danışıq tərzinə məftun olmuşdular. Məni yazılacaq hər sənədi imzalamağa və gəminin möhrü ilə möhürləməyə məcbur etməyə başladılar. Beləliklə də, inanclı bir çox nəslin hədiyyə etdiyi geniş əraziləri hissə-hissə payladılar. Sonra isə Mirdad ətraf kəndlərdəki ehtiyac sahiblərinə hədiyyələr göndərdi. Gəmidə qeyd olunan iki festivaldan biri − Üzüm festivalı (ikincisi Gəmi festivalıdır) − qeyd edildiyi zaman Mirdad gəmidəki bütün hədiyyə və əşyaları çölə çıxarıb, toplanan insanlara paylamağı əmr etdi.
Bütün bunları bu günahkar iki gözümlə gördüm və yaşadım. Mirdada qarşı hiss etdiyim qəzəb və nifrətimdən partlayan qəlbimə yazdım bütün bunları. Əgər nifrət qılınc kimi kəsə bilsəydi, mən qəlbimdə qaynayan bu nifrətlə min Mirdad öldürə bilərdim. Lakin onun sevgisi mənim nifrətimdən çox böyük idi. Qürurum da yerin dibinə girib, ayaqlar altına düşdükdən sonra geri gəldi. Əslində Mirdad mənimlə güləşmədən məni yerlə bir etdi. Düzdür, mən olunla savaşdım, mücadilə etdim, ancaq bu savaş əslində mənim öz nəfsimlə idi. O çox çalışdı ki, tərtəmiz sevgisi və sonsuz səbri ilə gözlərimdəki qapqara pərdələri qaldırsın! Lakin mən gözlərimə daha qalın və daha da qara pərdələr axtardım. O mənimlə nə qədər mülayim davrandısa, mən onunla o qədər kobud oldum.
Mirdadla eyni sahədə savaşdıq. Lakin onun sanki nəhəng bir ordusu vardı. Mən isə köməkçisi olmayan yalnız bir insan kimi... Əgər yoldaşlarım mənə kömək etsələrdi, onu məhv edəcəkdim, qəlbini sinə-sindən çıxardıb, yeyəcəkdim. Əfsuslar olsun ki, yoldaşlarım ona tərəf oldular. Necə də xain idilər! Necə də qorxaqdılar! Mirdad! Mirdad! Nəhayət intiqamını məndən aldın!