Xidmətçi və əfəndi
Mirdad Şəmadimin yeganə xidmətçisi deyildi. Sən xidmətçilərini saya bilərsənmi Şəmadim? Dünyada Şəmadimə xidmət etməyən bir quzğun, qartal, sidr ağacı, bir palıd, bir dağ, ulduz, dəniz, okean, mələk və bir kral varmı? Bütün dünya Şəmadimin xidmətində deyilmi?
Xeyir, Mirdad da Şəmadimin yeganə əfəndisi deyil. Şəmadim, əfəndilərini saya bilərsənmi?
Şəmadimin xidmət etmədiyi bir həşərat, bit, bir bayquş, bir tikan, bir qıl, su çöküntüsü, bir odun, bir oğru və dilənçi varmı? Şəmadim dünyadakı hər şeyin qulluğunda deyilmi?
Dünya öz işini görüncə, sənin işini də görər. Onda, sən öz işini gördüyün zaman, dünyanın işini də görmüş olmayacaqsanmı?
Bəli, baş qarının əfəndisidir. Ancaq qarın da, əfəndi olmaqda başdan geri durmur.
Bir şeyin ona qulluq etmədən qulluğunda durması mümkün deyildir. Özünə qulluq edənin qulluğunda durmadan qulluq etmək mümkün deyildir?
Şəmadim, sənə və hər kəsə deyirəm ki, xidmət edən əfəndinin əfəndisidir. Əfəndi də xidmət edənin xidmətçisidir. Xidmətçi əsla başını önünə əyməsin! Əfəndi də başını əsla yuxarı qaldırmasın! Ən yaxşısı, əfəndinin içindəki öldürücü əfəndilik qürurunu əzməsi, xidmətçinin də etibarını zədələyən yazıqlığın köklərini özündən qoparıb atmasıdır.
Bilin ki, söz təkdir. Siz sözdəki hecalar kimisiz. Həqiqətdə hamınız eynisiz. Çünki, bir heca digər hecadan daha hörmətli və ya daha əhəmiyyətli deyildir. Bir çox heca da tək bir hecadır ki, o da “söz”dür. Hər kəsi və hər şeyi sevmək və özünü sevmə xoşbəxtliyindən də uca bir səadəti dadmaq istəyirsizsə, tək hecanın sözləri olmalısınız.
Sözü tək heca olan insan əfəndi olmağa müvəffəq olmuşdur. Çünki o, artıq özünün əfəndisidir. Yer və səma belə bir insanın əmrlərini yerinə gətirmək üçün bir-birilə yarışır. Lakin əfəndiliyi belə olan insan da heç vaxt özünü əfəndi olaraq görməz.
İndi mən də səninlə, əfəndinin xidmətçisi ilə və ya xidmətçinin əfəndisi ilə danışdığı kimi danışmıram. Mən səninlə qardaşın qardaşla danışdığı kimi danışıram. O zaman, niyə görə mənim sözlərim sənə iztirab verir?
Əgər istəyirsən məni qəbul etməzsən. Lakin, mən səni qəbul edəcəyəm. Bir az əvvəl sümüklərimdəki ətin sənin sümüklərindəki ətdən başqa bir ət olmadığını deyən sən deyilmiydin? O zaman mən özümü yaralamadan səni necə yaralaya bilərəm? Buna görə sənə deyirəm ki; qanını tökmək istəmirsənsə, dilinə sahib ol. Qəlbini bütün kədərlərə bağlamaq istəyirsənsə, qəlbini mənə açıq tut.
İnsan bütün sözləri tələ və tikanlı olan bir dilə sahib olacağına dilsiz olsaydı çox daha yaxşı olardı. İnsanların sözləri özləri üçün tikan və tələ olmağa davam edəcəkdir. Ta ki, anlayış, onların dillərini təmizləyib, bir neçə hecadan ibarət olan sözlərini tək bir hecaya endirənə qədər.
Ey rahiblər, qəlblərinizi araşdırın. Ordakı bütün maneə və barrikadaları yıxın! “Mən”inizin qundaqlanmış olduğu qundaqları atın ki, onu Tanrının sözünə bənzər və kainatda ondan meydana gələn hər şeylə əmin-amanlıq içində olacaq şəkildə tək hecalı görəsiz.
Nuha belə öyrətmişdim.
Sizə də belə öyrədirəm.
Mirdad susdu və oradakıları son dərəcə böyük təəccüb içərisində qoyaraq öz otağına getdi. Narahat edici bir səssizlikdən sonra, yoldaşlar da otaqlarına getdi və hamı Mirdad haqqında fikirlərini şərh etdilər.
− O, krallıq tacını xəyal edən bir dilənçidir. – dedi Şəmadim.
− Nuha öyrətmişdim demədimi? – dedi Mikayyun.
− Düyünlü bir iplik çarxı kimidir sanki. – dedi Ebimar.
− Bizim dünyamızın xaricində olan bir ulduzdur. – dedi Mikastər.
− Mükəmməl fikirləri var, lakin ziddiyyətlər içində itib-batmışdır. – dedi Bennun
− Bilmədiyimiz bir açarla köklənmiş bir gitar. – dedi Zemura.
− Dost bir qulaq axtaran bomboş sözlər. – dedi Himbal.
Dostları ilə paylaş: |