Dərdlərdən qurtuluş
− Yolu bizə göstər! – Mikaster dedi.
− Budur sizi dərddən və kədərdən qurtaracaq yol:
Düşüncələrinizin bütün kainatın görə biləcəyi və oxuya biləcəyi şəkildə yer üzündə atəşdən olan hərflərlə yazıldığını düşünün. Əslində bu həqiqətən də belədir.
Sanki bütün dünya dediklərinizi eşidən bir qulaqmış kimi danışın. Əslində bu həqiqətən də belədir.
Bütün etdikləriniz sonda sizə dönəcəkmiş kimi çalışın. Əslində bu həqiqətən də belədir.
Sanki özünüzə arzu edirmiş kimi xahiş edin. Əslində bu həqiqətən də belədir.
Sanki Tanrınız sizin həyatınıza möhtacmış kimi həyatınızı yaşayın. Əslində bu həqiqətən də belədir.
− Nə vaxta qədər özünü bizdən gizlədəcək və bizi narahat qoyacaqsan? Sən bizimlə daha əvvəl heç bir insanın və kitabın danışmadığı bir dillə danışırsan, – dedi Himbal.
− Özünü bizə tanıt ki, biz də səni hansı qulaqla dinləməliyik, bilək. Əgər sən, gözlədiyimiz doqquzuncu yoldaşsansa, bizə bir dəlil göstər ki, inanaq, – dedi Bennun.
− Bir çox qulağınızın olduğunu etiraf etdiyin üçün sənə əhsənlər olsun, Bennun! Məhz buna görə də dinləyə bilmirsiniz. Əgər tək qulağınız olsaydı və eşitdiyinizi anlaya bilsəydiniz, heç bir dəlilə ehtiyacınız olmazdı.
− Gözlənilən doqquzuncu yoldaş ənənələrimizə görə dünyanı mühakimə etmək üçün gələcək. Biz gəmi yoldaşları mühakimə etmə kürsüsündə onunla bərabər oturacağıq. Bu cəza günü üçün indidən hazırlıqlara başlayaqmı?
“Gözlərin pıçıltısı”
kitabından
Ey dəniz
Yorulmadınmı, bir irəli çalxanırsan, bir geri,
nə istəyirsən?
Hara gedirsən duracaq bilmədən?
Sanki sən də mənim kimi
iki könüllüsən; kölə və azad.
Biri qaçmaq istəyir o birindən,
amma qaçmaq imkansız!
Söylə, ey dəniz!
Səndə həm xoş,
həm bəd niyyətmi var?
Sükunətində güvənmi var,
dalğalarında ürkəklikmi?
Qabarman asan, çəkilişin çətin,
Alçalışın zillət, yüksəlişin qürurmu?
Səssizliyində hüzün, coşqunda müjdəmi var?
Söylə, ey dəniz,
Səndə həm xoş,
həm bəd niyyətmi var?
Durdum, gecə zil-qara,
dəniz bir irəli, bir geri,
nə dəniz cavab verdi mənə,
nə torpaq.
Gecə ağarmağa başlayanda,
və dan yeri söküləndə,
bir çay zümzüməsi gəldi qulağıma:
kainat bükülmə və açılmadır
insanlar içində yaxşılar da var, pislər də
dənizdə də qabarma və çəkilmə var!
Qovğa
Qəlbimə bir şeytan girdi
və bir mələk gördü orada.
Göz açıb qapayıncayadək
bir qovğa başladı aralarında.
İkisi də bu ev mənimdir deyir.
Mən onlara şahidlik edirəm
və hərəkətə gəlirəm
Tanrımdan soraraq.
Kainatda başqa Tanrı varmı?
Onunmu əli yaratdı qəlbimi,
yoxsa Sənin əlinmi?
Bu günədək özümü
şübhə və çaşqınlıq içində gördüm
qəlbimdəki məlunmu,
yoxsa bir mələkmi, bilmirəm.
Dostları ilə paylaş: |