Qaranlıq haqqında
O səhər mən (Neruvenda) və Mikayyun dua etməyə getmədik. Əlbəttə ki, Şəmadim həm bundan, həm də gecə vaxtı Mirdadı ziyarət etdiyimizdən xəbər tutdu və çox əsəbləşdi. Lakin bu narahatlığını özünə uyğun bir mühit tapana qədər gizlətdi.
Lakin digər yoldaşlar bizim əməlimizə təəccübləndiklərini və bizi buna sövq edən səbəbləri öyrənmə arzularını gizlətmədilər. Bəziləri Ustadın, bizi duadan uzaqlaşdırdığını sanmışdılar. Bəziləri də, onun kim olduğunu onlara anlatması üçün bizi çağırdığını düşündülər. Lakin onlardan heç kəs onun doqquzuncu yoldaş olduğuna inanmadı. Bunun əvəzinə hamısı onu görmək və bir çox mövzuda sual vermək istəyirdi.
Ustad gəmidəki işini bitirdiyi zaman, boş vaxtını qaranlıq, dərin çuxurun kənarındakı – biz ona “Qartal yuvası” adını vermişdik- mağarada keçirdirdi. Şəmadimdən başqa hamımız onu günortadan sonra ora çağırdıq. O, dərin düşüncələrə qərq olmuşdu. Üzü ilahi bir işıqla parıldayırdı. Üzünü bizə doğru çevirdiyi zaman, üzü daha da parlaq bir hal aldı və:
− Nə tez evinizə gəldiniz! Bilin ki, Mirdad bu işdən çox məmnundur, dedi.
− Sadəcə gəmi bizim evimizdir. Bu mağaranın evimiz olduğunu necə deyə bilərsən? – deyə Ebimar cavab verdi.
− Gəmi də əvvəllər qartalların yuvası idi.
− Bəs bu gün?
− Bu gün isə, təəssüflər olsun ki, köstəbəklərin yuvası olub.
− Səkkiz köstəbəyin doqquzuncusu Mirdaddır?
− İnsanın anlamadığı bir şeyə lağ etməsi necə də asandır! Anlamağa çalışması isə nə qədər də çətindir! Bilin ki, lağ edən insan sadəcə özünə lağ etmiş olar. Ey Ebimar, niyə dilini səhv olan şeylərlə tərbiyə etməyə çalışırsan?
− Əslində sən bizə köstəbək deyərək bizə lağ edirsən. Bizdə nə gördün ki, bizə bu sifəti layiq görürsən? Nuhun atəşini söndürməyən biz deyilikmi? Bu mağaranı ki, daha əvvəllər bir ovuc dilənçinin sığındığı mağaradan başqa bir şey deyildi − hər hansı bir kralın sarayından daha zəngin bir saray halına gətirən biz deyilikmi? Sərhədlərini genişlədən biz deyilikmi? Burada nəhəng və geniş torpaqlara sahib bir krallıq meydana gətirən biz deyilikmi? Əgər biz köstəbəksək, heç olmasa qazmağı yaxşı bilirik.
− Doğrudur, Nuhun atəşinin bu günə qədər yanması lazim idi! Lakin sadəcə Minbərin üzərində. Qəlbləriniz yanacaq, siz də Minbər olmadığınız müddətcə onun sizə nə faydası ola bilər?
Bəli, gəmi bu gün qızıl və gümüş ilə zənginləşmişdir. Lakin o bu ağırlığına görə inləyir, bağırsaqları sarsılır və hardasa batmaq üzrədir. Halbuki, ana gəmi sadəcə həyat yüklü idi, özünə faydası olmayan yükləri daşımazdı. Buna görə də böyük dənizlər ona zərər verə bilmədi.
Dostlarım, daşınmağında xeyir olmayan yüklərdən çəkinin! Uluhiyyətinə tam mənada inanmış insan üçün heç bir ağırlığın hər hansı bir faydası yoxdur. Çünki o, hər hansı bir yük daşımadan bütün dünyanı onsuzda zatında daşıyır.
Mən sizə deyirəm ki, qızılınızı və gümüşünüzü dənizə atıb canınızı onlardan qurtarmalısınız, onlar sizi dənizin dibinə batırar. Çünki insan malının köləsidir. Əgər kölə olmaq istəmirsənizsə, əlinizdəkini sərbəst buraxın ki, başqası da sizi sərbəst buraxsın.
Heç nəyə dəyər yükləməyin! Ən kiçik bir şeyə belə dəyər yükləməyə gücünüz çatmaz. Bu gün siz bir dilim çörəyə dəyər yükləyirsiniz. Madam elədir, niyə görə günəşə, havaya, dənizə, aya, insan tərinə və insanın çörəyi bişirən zəkasına dəyər yükləmirsiniz?
Heç bir şeyə dəyər yükləməyin ki, sizin həyatınıza da dəyər yükləməsinlər. İnsana görə, öz həyatının bahalı saydığı şeylər qədər dəyəri yoxdur. Həyatınızı qızıl kimi ucuz tutmaqdan çəkinin!
Gəmi ilə aranızdakı məsafəni çox uzaqlaşdırdınız. Yer üzünün sərhədlərini öz sərhədləriniz etsəniz belə, yenə də həbsxana yalnızlığı çəkəcəksiniz. Lakin Mirdad sizdən ucsuz-bucaqsız olanı əhatə etmənizi istəyir.
Şübhə yoxdur ki, dəniz, yer üzünü əhatə edən bir su damlasıdır. Lakin bütün yer üzünü əhatə edən bir damla! Dəniz harda, insan harda! Sahili olmayan o okean! Amandır, dənizlə insanı müqayisə edəcək dərəcədə axmaq olmayın və sərhədlərini də çəkdik deməyin!
Ebimarın dediyi kimi qazma işini yaxşı etmiş ola bilərsiz. Eynən qaranlıqda davamlı olaraq çalışan köstəbəklərin etdiyi kimi. Lakin unutmayın ki, köstəbəklər nə qədər çox yuva və yol düzəltsələr, günəşdən o qədər uzaqlaşmış olacaqlar.
Mən sizin tunellərinizi yaxşı bilirəm, Ebimar. Siz sənin sözünə görə, görüntüdə dünya zövqlərindən, təcrübələrindən yoxsun və Tanrıya sarılmış bir ovuc insansınız. Sizi dünyaya bağlayan yolların nə qədər ziqzaqlı və nə qədər qaranlıq olduğunu bilirsiz? Həm də o qədər çox ki! Mən sizin arzularınızın üsyanlarını eşitmirəm sanırsız, ya da bədənlərinizi, tapındığınız ilahi minbər üzərində sürünərkən və qıvranarkən görmədiyimi düşünürsünüz? Bəlkə sadəcə bir ovuc ola bilərsiniz, lakin böyük orduları əhatə edən bu bir ovuca əhsən!
Həqiqətən qazmağı yaxşı bacarsaydınız, indiyə qədər sadəcə yer üzündə deyil, tam əksinə günəşə və səmada üzən bütün planetlərə də yol açmış olardınız.
Çağırın köstəbəkləri. Pəncələri və dişləri ilə qaranlıqda tunellərini qazsınlar. Sizin isə krallığa gedən yolunuzu tapmaq üçün gözünüzü qırpmağa belə ehtiyacınız yoxdur. Siz bu yuvada oturarkən xəyal etməlisiniz. Çünki xəyal krallığınız olan sonsuz varlığın içində gizlənmiş mükəmməl xəzinəyə gedən ilahi rəhbərinizdir. Cəsarətsizliyi bilməyən o uca qəlblərinizlə rəhbərinizi izləyin! Harda ayaq izlərinə rast gəlsəz, çox uzaqlarda belə olsa, bilin ki, bu sizin köklərinizin orda olduğuna aid bir dəlildir. Çünki sizdə tapılmayanı və sizin bir hissəniz olmayanı xəyal edə bilməzsiniz.
Ağacın budaqları köklərinin şaxələnə bildiyi uzaqlıqdan daha uzağa çata bilər. Lakin insan sonsuza qədər gedə bilər. Çünki onun kökləri sonsuz və əzəlidir.
Özünüzə sərhəd qoymayın. Tam tərsinə, əlinizin çatmadığı bir yer qalmayana qədər gedin; bütün dünyanı əhatə edəcək şəkildə gedin; özünüzlə görüşdüyünüz yerdə Tanrı ilə qarşılaşana qədər gedin! Gedin! Gedin!
Qaranlığın görüşü əngəlləyən bir pərdə olduğu inancına qapılmayın! Əgər siz qaranlığın gözlərini örtdüyü insanlardan utanmırsızsa, heç olmasa gecə həşəratları və yarasadan utanın.
Dostlarım, mütləq mənada qaranlıq yoxdur. Lakin işığın dərəcələri vardır. Hər növ varlığın işığa olan ehtiyacı da müxtəlif dərəcələrdə olur. Əgər işığı həddindən artıq çox olarsa, onu kor edər, az olarsa yenə kor edər. Günün ortasında sizin üçün Finiks quşunun səhərindən başqa bir şey deyildir. Sizin gecə yarınız da, qurbağa üçün günün ortası kimidir. Demək ki, qaranlıq özü bir örtüyə ehtiyac hiss edərkən, başqa bir şey üçün necə örtü ola bilər?
Amandır! Bir şeyi ya da bir işi örtməyə cəhd etməyin. Çünki biri sizin sirrlərinizi deməzsə, sirrlərinizi sirrlərinizin pərdəsi deyər. Qazanın içindəkini bilən qazanın qapağı deyildirmi? Qapaqları qaldırıldığı zaman, içi qurd və ilanlarla dolu olan qazanlara yazığım gəlir!
Sizə deyirəm ki, ciyərlərinizdəki hər nəfəs içinizdəki bütün sirrləri havaya yayar. Hər bir nəzəriniz də, gözlərinizdəki arzuları və qorxuları, bütün ağlayışları və gülüşləri uzaqlara aparar. Qapınızı döyən hər xəyal bilin ki, bütün qapıları çalmışdır.
Bunun üçün özünüzə yüklədiyiniz yüklərə diqqət edin! Baxacağınız yerlərə diqqət edin! Qapılarınızı hansı xəyallara açacağınıza və hansılarına örtəcəyinizə diqqət edin! Lakin əgər, dərdsiz və kədərsiz yaşamaq istəyirsizsə, Mirdad sizə yolu göstərəcək.
Dostları ilə paylaş: |