Qundaqdakı tanrı İnsan qundaqdakı bir Tanrıdır. Zaman qundaqdır, məkan qundaqdır, insanlar da qundaqdır. Hisslər də, hisslərin qəbul etdiyi hər şey də belədir. Ana qundağın ona sarılmış olan uşaqdan başqa birşey olduğunu bilir. Uşaq isə bunu heç vaxt anlaya bilməz.
İnsan hələ də qundağını dərin bir şəkildə hiss edir. Qundağı gündən-günə dəyişdiyi üçün, hissləri də eyni qalmaz. Bunun üçün, danışmaqla özünü ifadə edən, hisslərindən başqa bir şey olmayan “söz”ünün mənası da dəyişkəndir, göstərdiyi yol özü də dəyişir. Buna görə də, anlayışı dar və qarışıq olur. Buna görə də, həyatındakı tarazlığı itirmiş və həyatı qarma-qarışıq olmuşdur.
İnsanı hər zaman belə yardım istəyərkən eşidərsiniz. O, yalnız özündən yardım istəniləcək müqəddəs anlayış ruhundan başqa, hər şeydən yardım dilənir. Qəlbləri parçalayan insan fəryadı, hələ də dünyanın dərinliklərindən eşidilir. Atmosfer insan iniltiləri ilə doludur. Dəniz onun göz yaşları ilə şorlaşmışdır. Dünya onun məzarları ilə doludur. Səma isə onun dualarını ağır eşidir. Bütün bunlar insanın “mən”in mənasını bilmədiyinə görə baş verir. Çünki ona görə “mən” həm qundaq, həm də qundaqlanmış uşaqdır.
İnsan “mən” dediyində sözü iki hissəyə ayırır: biri “mən”i bürüyən qundaqdır; digəri isə, sonsuz olan Tanrının zatıdır. İnsan özündən başqa bir şey olduğunu və ya özünə düşman olduğunu zənn edərək varlığının zatı ilə savaşır.
Bir-birindən fərqli olan bu güclərin savaşında insan ətini parçalayar və çaylar kimi qanını tökər. Bu vaxt ata və ana olan Tanrı da bütün bunları şəfqətlə və sevgi ilə izləyər. Çünki Tanrı insanın qanını tökməsilə, ətini parçalaması ilə, əslində, sadəcə ağrısından azad olduğunu və Tanrı ilə olan bərabərliyini örtən pərdələri parçaladığını çox yaxşı bilir.
İnsanın mücadilə edib qan tökməsi, özünü itirməsi və sonda da özünə gəlib əti ilə “Mən”in əksiyini tamamlayıb, onu yenə qanına bürüməsi onun qismətidir.
Ey Rahiblər, “mən” sözünün çox istifadəsinin qadağan olmasının səbəbi budur. Çünki siz, onunla sadəcə uşağı deyil, həm uşağı, həm də qundağı nəzərdə tutduğunuz müddətcə və yenə o sizin üçün qazan deyil, bir ələk olduğu müddətcə, batil olanı ələyərsəniz və ələmənizdən də ölümdən – bütün dözülməz ağrıları və dərdləri ilə hər cür ölümdən – başqa bir şey əldə edə bilməzsəniz.