Susma, ürək…
179
QAYIT, GÜLÜM, QAYIT ON BEŞ YAŞINA
Düşünməzdin nə rütbə var, nə sərvət,
İstəməzdin yersiz şərəf, nə şöhrət.
Hey deyərdin – yaşa ilqar, sədaqət,
Bu hərislik hardan gəldi başına?
Qayıt, gülüm, qayıt on beş yaşına.
Şan-şöhrətdi həya, ismət – deyərdin,
Xəzinədi yaxşı hörmət – deyərdin.
Ucalıqdı namus, qeyrət – deyərdin,
Dövran, zaman nə gətirdi başına?
Qayıt, gülüm, qayıt on beş yaşına.
Sən vermisən, saçımdakı dəni, sən,
Başımdakı dumanı sən, çəni sən,
Bircə günü görməsəydin məni sən,
Güc verərdin gözlərinin yaşına,
Qayıt, gülüm, qayıt on beş yaşına.
Hər ötən gün kamalını aldımı?
Şöhrət səni girdabına saldımı?
O vəfadan bir nişanə qaldımı?
Tale niyə zəhər qatdı aşına?
Qayıt, gülüm, qayıt on beş yaşına.
O ismətli yanaqların bəs hanı?
O titrəyən dodaqların bəs hanı?
İstək dolu o çağların bəs hanı?
Ləkə sürtdün kirpiyinə, qaşına,
Qayıt, gülüm, qayıt on beş yaşına.
|