Susma, ürək…
185
GÜMANA BAX, GÜMANA
Hər baxışı od qoyubdu sinəmə,
Sən bir qaşı kamana bax, kamana,
Əldən alıb qərarımı, səbrimi,
Başımdakı dumana bax, dumana.
İstəyirəm canı oda qalayam,
Qollarımı gərdəninə dolayam,
Bal bələnmiş dodağını yalayam,
Könlümdəki gümana bax, gümana.
Şiruyəyəm, bizi sayə salmayır,
Salam verrəm, salamımı almayır.
Can deyirəm, cana qail olmayır,
Məndən şeir umana bax, umana.
BALDI
Baxışlar birləşdi bir axşam çağı,
Mən dedim – sevincdi, sən dedin – qaldı.
Məhəbbət bağladı dili, dodağı,
Mən dedim – sevdadı, sən dedin – aldı.
Mən dedim – düz olsun əhdin, ilqarın,
Sən dedin – get axtar, özgədi yarın.
Mərmər sinən üstə cüt qoşa narın,
Mən dedim – dəymişdi, sən dedin – kaldı.
|