Sərraf Şiruyə
60
KORLADI
Göy titrəsə dağılmazdı bu dünya,
Hökmdarlar bu dünyanı korladı.
Tamahı qılıncdan iti olanlar,
Bu dövranı, bu zamanı korladı.
Haqsız əydi haqq deyənin qəddini,
Görməmiş gədələr aşdı həddini.
Seyid tamahına satdı cəddini,
Axund, molla din-imanı korladı.
Gördükcə yaşılbaş, qırmızı donlu,
Getdi qulluğuna xonçalı, xonlu.
Zinalıq eylədi ətəyi unlu,
Dəyirmançı dəyirmanı korladı.
Çoxu ac qurd kimi gəzdi dumanlıq,
Sevdi yarasatək zülmət-qaranlıq.
Əyyaşlar, dəyyuslar etdi haramlıq,
Namussuzlar təmiz qanı korladı.
Şiruyə pozmadı sədaqətini,
Söylədi hər yanda həqiqətini.
Satdı altunlara ləyaqətini,
Şux gözəllər gözəl canı korladı.
|