Sərraf Şiruyə
56
DOSTU
Dar günümdü, üzün dönüb,
Gen günümün, a var dostu.
Dildə ilqar, iman deyib,
Qəlbdə altun, yatar dostu.
Dünənini bir yada sal,
Hünərini bir yada sal,
Dərin düşün, xəyala dal,
Ay bazarlıq, bazar dostu.
Dünən “bəli”, bu gün “yox”san,
Dünən hiylə, bu gün oxsan.
Keçmişinə dönüb baxsan,
A könlümün qübar dostu.
Dəyişdirmə üzlərini,
Vədlərini, sözlərini.
Yana çəkmə gözlərini
A dərd dostu, azar dostu.
Şiruyənin düz çörəyi,
Halal süfrə, duz, çörəyi,
Bir yox, beş yox, yüz çörəyi,
Qənim olub tutar dostu.
|