Sərraf Şiruyə
52
İTİRDİK
Zamanın təkanı bizə nə verdi?
Var-dövlət qazandıq, ülfət itirdik.
Göylərin qatına karvan göndərdik,
Yerdə neçə-neçə nemət itirdik.
Quru şüarlara əl-ayaq olduq,
Özgələr yoluna bir mayaq olduq,
Xətir-hörmət qoyduq, həm dayaq olduq,
Havayı tər tökdük, zəhmət itirdik.
Əslimizi, kökümüzü unutduq,
Parçalandıq, təkimizi unutduq,
Yolda qalan yükümüzü unutduq,
Güc-qüvvə itirdik, vəhdət itirdik.
Bağ əkdik, barını yeyə bilmədik,
Əyirdik, toxuduq geyə bilmədik,
Çəkindik, haqq sözü deyə bilmədik,
Yaltaqlıq öyrəndik, cürət itirdik.
Dünəni, sabahı yada salmadıq,
Səvabı, günahı yada salmadıq,
İmamı, Allahı yada salmadıq,
Şəriət, təriqət, mərifət itirdik.
Yetən üstümüzə kəsildi ağa,
Verdik başımızı özgə qoltuğa,
Uyduq yad adətə, döndük sırtığa,
Abır-həya, ismət, qeyrət itirdik.
|